Icma.az
close
up
RU
Bir gün hamımız yaşlanacağıq Ahıllar evindən REPORTAJ

Bir gün hamımız yaşlanacağıq Ahıllar evindən REPORTAJ

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Buraya gələndə çox pis oldum, ağladım, amma mənə dedilər ki, bu gündən sonra sənin yeni həyatın başlayacaq... Çox şükür, min şükür bu günümə. Heç nə istəmirəm, bir cansağlığı, bir də sakitlik olsun, bəsimdir".

Oxu.Az-ın əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bilgəhdə yerləşən ahıl şəxslər üçün müəssisəyə təşkil etdiyi mediatur zamanı burada yaşayan ahıllarla söhbət edib, onlar üçün yaradılan şəraitlə tanış olub.

Buraya gəlişimiz Yel çərşənbəsinə təsadüf edir. Yaz günəşi və sərin külək torpağı oyatdığı kimi, insanların əhvalını da yüksəldir. Yolboyu isə məni bir sual düşündürür: Bizim əhvalımız xoş ola bilər, bəs görəsən, doğmalarından, əzizlərindən ayrı düşənlərin əhvalı necədir, özlərini necə hiss edirlər?

Budur, artıq çatmışıq - ahıllar evindəyik. İlk işim elə sualıma cavab tapmaq olacaq. Müəssisənin həyətinə daxil olar-olmaz səliqə-sahman diqqətimi çəkir. Deyəsən, yazın gəlişi üçün burada da hazırlıq işləri görülüb, hər yan səliqəyə salınıb. Həyətdə bir-iki nəfər gözümə dəyir. Sanıram, onlar da bu gözəl havanı yaxşı dəyərləndirmək istəyirlər. Yaxınlaşıb hal-əhval tuturam, həssaslıqla bir az da həyat hekayələri ilə maraqlanmağa çalışıram. İlk həmsöhbətim Rüxsarə Qasımova olur.

Onun sarı rəngə boyanmış saçına külək sanki şıltaqlıqla əl çəkib, bir az dağınıqdır. Gözlərinə baxanda adamı özünə çəkir. Baxışlarında yorğunluq olsa da, mübarizəsinə davam edən insana məxsus güclü duruşu, enerjisi diqqətimdən yayınmır. Fotoqrafımız bizi kənardan çəkir, düşünürəm ki, indi bir çox xanımlar kimi saçına əl gəzdirmək istəyəcək və ya çəkilişə mane olacaq. O isə elə bil heç fotoqrafı görmür, söhbətinə davam edir. Deyir, iki aydır, müəssisədədir, həyatına burada davam etməyə özü qərar verib:

"Buraya gələndə çox pis oldum, ağladım, amma mənə dedilər ki, bu gündən sonra sənin yeni həyatın başlayacaq... Çox şükür, min şükür bu günümə. Heç nə istəmirəm, bir cansağlığı, bir də sakitlik olsun, bəsimdir. Ömrümün 33 ilini məktəb həyatına həsr etmişəm. Aktiv həyat keçirmişəm. İki uşaq, nəvələr böyütmüşəm. Çətinliklərim çox olub, amma uşaqlarıma ali təhsil vermişəm, əlimdən gələn hər şeyi etmişəm".

Burada olma səbəbinə gəlincə, bu barədə detallı danışmaq istəmir, deyir, indiki ağlı olsaydı, həyatı fərqli yaşayar, sadəcə, karyerasına fokuslanardı. Qayğıkeşliklə qolumdan tutub işimə hər zaman daha çox can yandırmağımı, səhhətimdən muğayat olmağımı tapşırır.

Bu yerdə bizi çağırırlar. İçəri keçirik. Birinci mərtəbədə bizi müəssisənin direktoru Samirə Mehtiyeva qarşılayır, müəssisə haqqında məlumat verir:

"Bura 1967-ci ildən müxtəlif adlarla fəaliyyət göstərməkdə davam edir. İlk adı "9 saylı qocalar evi" olub, daha sonra "Müharibə və əmək əlilləri üçün pansionat", "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi" adlandırılıb. Düşünürəm ki, hazırkı - Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi ən doğru addır".

"Müəssisə iki korpusdan ibarətdir, hazırda burada 230-a yaxın sakin yaşayır. Onlardan 119-u kişi, 111-i qadındır. Müəssisədə müxtəlif sahələr üzrə xidmət göstərilir. Burada ən əsası - sosial reabilitasiya işi aparılır. Ahıllarımıza ilkin tibbi yardım göstərilir, asudə vaxtlarının səmərəli təşkili üçün sosial layihələr həyata keçirilir", - deyə o əlavə edir.

S.Mehtiyeva qeyd edir ki, müəssisə 70 yaşdan yuxarı, kimsəsiz, psixi vəziyyəti normal olan şəxslər üçün nəzərdə tutulub:

"Müəssisəyə qəbul olunan hər kəs ayrı otaqla təmin olunur. Bütün otaqlarda da onların rahat yaşaması üçün imkanlar yaradılıb. Biz burada bir ailə kimi yaşayırıq. Yaşlı insanlara ən çox lazım olan xoş münasibət, qayğıdır. O da bizim müəssisədə var".

Müəssisə rəhbəri ilə söhbətimizi yekunlaşdırıb, ahılların özləri ilə danışmaq, fikirlərini öyrənmək üçün onlara yaxınlaşırıq. Müayinə otağında təzyiqini ölçdürmək üçün gəlmiş sakin Müslümat Məhəmmədqızı ilə qarşılaşırıq. O, 83 yaşı olduğunu deyir və ardınca da vurğulayır ki, buradakı qayğı ilə hələ çox yaşayacaq:

"Hər birimizin bir kitablıq həyat yolu var, amma burada günümüz elə keçir ki, onu vərəqləməyə vaxt qalmır. Hər kəsin problemi var, lakin onları yada salmağa heç vaxtımız olmur. Burada tez-tez tədbirlər keçirilir, qonaqlarımız olur, günümüz xoş keçir, qayğımıza qalırlar. Yaşadığımız çətinlikləri də burada unutmuşuq".

Müslümat xanımın fikirləri məni düşündürür: görəsən, hər kəs bu rahatlığı hiss edə bilirmi, burada olmaqdan nə qədər məmnundurlar? Sualıma cavab tapmaq üçün gözüm daha bir neçə həmsöhbət axtarır. İkinci mərtəbəyə qalxırıq. Dəhlizdə divanın küncündə sakitcə oturmuş bir xanım diqqətimi çəkir. O, bizə baxıb təbəssüm edir, amma sanki danışmaqdan çəkinir. Yaxınlaşıb söhbətə başlayıram.

- Bilirsiniz, mənə deyirlər, çox qəribə adın var. Eşidən hər kəs təəccüblənir. Adım Aləmdədir, sizin adınız nədir?

Üzündəki təbəssüm daha dərin gülüşlə əvəzlənir.

- Elə mənim adım da qəribədir. Adım Ələviyyədir (Süleymanova).

- Nə maraqlıdır. Bu adın sizə verilməsinin tarixçəsi mənə maraqlı gəldi, necə olub?

- Bibimin adı olub. O vəfat edib, nənəm mənə onun adını verib.

Bunu deyəndə kövrəldiyini hiss edib mövzunu dəyişirəm. Burada asudə vaxtlarını necə keçirməyindən, daha sonra müəssisəyə gəlməyindən danışırıq. Deyir, o da buraya öz istəyi ilə gələnlərdəndir:

"Uşaqları evləndirdim, hamısını yerbəyer etdim. Sonra gördüm, yorulmuşam, mənə istirahət lazımdır. İndi burada istirahət edirəm. Hər şeylə təmin olunmuşuq, yaxşı baxırlar. Evdə olsaydıq, bizə kim belə baxacaqdı? (gülür) Burada yaşamaq qocalar üçün istirahətdir".

Əlavə edir ki, övladı tez-tez ona baş çəkir, birlikdə vaxt keçirirlər:

"Həftədə bir dəfə övladım gəlir, gedib gəzirik, söhbət edirik. Sonra məni buraya gətirir. Mən buraya öz xoşumla gəlmişəm. İstəmədim evdəkilərə yük olum, söz-söhbət yaransın. Gəlinlərim yaşlanıblar, hamısı nəvəli-nəticəli olub, elə onların özünə qulluq edən lazımdır. Allah verən ömürdür, yaşayıram da, kim öz xoşu ilə gəlib, özü də getsin? Mən də Allah verən ömrü burada yaşayır, qoca vaxtımda istirahət edirəm".

Söhbətimizi burada yekunlaşdırıb, başqa bir qəhrəmanımla - bu yaxınlarda gözlərindən əməliyyat olunmuş Nübar Hümbətova ilə həmsöhbət oluram. Hal-əhvalını soruşuram. Ürəkdən gülən, şən əhvalı ilə diqqət çəkən qəhrəmanım söhbətə etirazını bildirməklə başlayır:

"On ildir ki, buradayam. Bizə atılmış, qoca deyirlər. Xeyr, biz nə qocayıq, nə də atılmış. Bizə dövlət elə şərait yaradıb, sanki həyatı yenidən yaşayırıq. Bizim yaşda olanların çoxu vəfat edib, amma bu qayğı, diqqət bizi hələ çox yaşadar. Bu yaxınlarda gözümdən əməliyyat olundum. İndi dünyanı daha gözəl görürəm. Bu da məni yaşamaq üçün ilhamlandırır".

Bu yerdə həmkarım yaxınlaşıb burada günlərinin necə keçdiyini soruşur. Nübar xanımın cavabı isə yubanmır:

"Mən naz-nazı nənəyəm. Mən günümü pis keçirdə bilərəm? (gülür) Burada mənim nazımla oynayırlar. 80 yaşıma az qalıb, belə gözəlliklər içində ömrüm günü-gündən uzanır".

Burada hər kəs öz həyatını fərqli yaşayır. Kiminin günləri şən və qayğısız keçir, kiminin isə xatirələr arasında. Nübar xanımla söhbətimizdən sonra bir qədər də müəssisəni gəzirəm. Birdən otağının qapısı açıq olan bir ahıl xanım diqqətimi çəkir. İçəridə divardan asılmış bir fotoya baxaraq oturub. Yaxınlaşıram. Sanki nə düşündüyünü bilirəm, amma yenə də şəklə işarə edərək soruşuram:

- Kimdir bu?

Tamara Zeynalova qürurla cavab verir.

- İdmançı nəvəmdir.

O, şəklin eynisini masanın küncündən götürüb sığallayır. Nəvəsinin şəklinə baxaraq gülümsəyir. Gözlərində həm sevgi, həm də həsrət var. O, burada qayğı gördüyünü, razı olduğunu söyləsə də, nəvəsi üçün darıxdığı hiss olunur.

Söhbətimiz zamanı məlum olur ki, Tamara xanım altı ildir, buradadır. Ona olan diqqətdən, qayğıdan danışır, məmnunluğunu ifadə edir. Bir ara israrla məndən soyuducunu açmağımı istəyir. Deyir, hər şeylə təmin olunurlar, gündə üç dəfə yemək verilir, istəsə, özü də nəsə hazırlaya bilir.

Müəssisədə qarşılaşdığım bu mənzərə mənə bir az təsəlli olur. Düşünürəm ki, ahıllar ən azından burada keçirdikləri vaxtdan, onlara göstərilən münasibətdən məmnundurlar.

Burada hər kəsin bir hekayəsi var. Kimi övladlarını yerbəyer edib, öz rahatlığını düşünərək buraya gəlib, kimi həyatın sərt üzünü görüb, sığınacaq tapıb, kimi də sadəcə, yaşlılığın gətirdiyi tənhalıqdan qaçıb, amma hamısının ortaq bir istəyi var - sakit və dinc yaşamaq.

Bu gün Yel çərşənbəsinə təsadüf etdiyi üçün ahıllarımızla tonqal başında toplaşır, yumurta döyüşdürüb xoş əhvalla sağollaşırıq.

"Həmişə siz gələsiniz, yenə gəlin", - deyirlər. Bu zaman onların gözlərindəki dərinliklərdə yatan həsrəti daha çox görürəm. Müəssisəyə gələndə məni başqa suallar narahat edirdi. Buradan ayrılanda isə özümlə başqa qayğı və fikirləri aparıram. Biz hər zaman valideynlərimizə, böyüklərimizə ehtiram göstəririkmi? Onların yaşlılıq illərini daha xoş keçirmələri üçün nələr edə bilərik? Axı onlar bizə həyat verir, böyütmək, müstəqil həyata hazırlamaq üçün çox şey edir, bəzən böyük məhrumiyyətlərə dözürlər...

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu sahədə Ermənistan hələ də qeyri konstruktiv mövqe sərgiləyir DTX rəisi

10 Mart 2025 18:51see237

Ramazan ayının 11 ci gününün DUASI

10 Mart 2025 22:01see185

Mask X ə hücumda Ukraynanı günahlandırdı

11 Mart 2025 03:29see142

Mərhum nazirin müğənni gəlini bahalı maşınını nümayiş etdirdi FOTO

10 Mart 2025 23:34see141

Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...

11 Mart 2025 07:36see136

Ruslar Anapada istirahət etməkdən kütləvi şəkildə imtina edirlər

10 Mart 2025 22:36see127

ABŞ və Rusiya Ukraynaya alternativ seçim imkanı vermir

10 Mart 2025 20:20see127

“Sabah” niyə yerlilərdən üz döndərir? YAZI

11 Mart 2025 15:57see123

Hava çirkliliyi: ciddi problemlər, aktual çağırışlar

10 Mart 2025 23:31see123

ABŞ ilə Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər

10 Mart 2025 18:27see123

Bu da bir sensasiya: insan öləndən sonra beyin ölmür..?

11 Mart 2025 00:56see120

İnstaqramda ən çox danışılan funksiya: İndi bəyənmələrinizə diqqət edin

11 Mart 2025 04:01see119

ÇL: Bu gün 1/8 finalın cavab qarşılaşmalarına start veriləcək

11 Mart 2025 07:23see117

Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək

10 Mart 2025 19:30see115

Birgə hərbi təlimlərin İrana faydası yoxdur Politoloq

12 Mart 2025 06:48see113

AFFA milimizin heyəti ilə bağlı anons verdi

11 Mart 2025 16:39see113

Tokayev Ceyhun Bayramovu qəbul etdi

11 Mart 2025 14:37see111

Trans Əfqanıstan dəmir yolu Avrasiya regionunun inkişafına əsaslı dəstək olacaq

10 Mart 2025 20:44see111

“Uşaqlar bundan daha da qəzəbləniblər” Binəqədidə sürücünü döyənlərdən birinin vəkili danışdı MÜSAHİBƏ

11 Mart 2025 17:42see109

Sobyanin: Moskvaya doğru uçan daha 25 PUA vurulub

11 Mart 2025 08:23see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri