Bir millətin oyanış salnaməsi 17 Noyabr
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Tarixdə elə günlər var ki, təqvimdə sadəcə bir rəqəm olmaqdan çıxıb, bütöv bir xalqın taleyini dəyişən dönüş nöqtəsinə çevrilir. Azərbaycan xalqı üçün 17 Noyabr — Milli Dirçəliş Günü məhz belə bir gündür. Bu tarix əsrlər boyu azadlıq eşqi ilə yaşayan, lakin müxtəlif imperiyaların tərkibində öz səsini boğmağa məcbur edilən bir millətin yenidən öz kimliyinə, kökünə və haqqına sahib çıxmasının təntənəsidir.
1988-ci ilin payızı Azərbaycan üçün təkcə fəsil dəyişikliyi deyildi. Bu, siyasi və mənəvi oyanışın başlanğıcı idi. Qarabağda baş qaldıran əsassız ərazi iddiaları, Topxana meşəsinə uzanan yad əllər və imperiya mərkəzinin ədalətsiz susqunluğu xalqın səbir kasasını daşıran son damla oldu. Noyabrın 17-də Bakının mərkəzi meydanına axışan yüz minlərlə insan əslində təkcə bir meşənin, bir bölgənin deyil, bütövlükdə Azərbaycanın şərəfini və gələcəyini müdafiə etmək üçün ayağa qalxmışdı.
O günlərdə Azadlıq meydanında qalanan ocaqlar sadəcə payız soyuğundan qorunmaq üçün deyildi. O alov illərdir qəlblərdə közərən azadlıq arzusunun, milli qürurun işığı idi. Cəmiyyətin bütün təbəqələrini, fəhləni də, alimi də, tələbəni də bir yumruq kimi birləşdirən bu hərəkat sübut etdi ki, milli iradə qarşısında heç bir zirehli texnika, heç bir fövqəladə vəziyyət dura bilməz. Yetmiş illik fasilədən sonra üçrəngli bayrağımızın yenidən o meydanda dalğalanması isə gələcək müstəqilliyimizin ilk müjdəçisi oldu.
Dekabrın 4-dən 5-nə keçən gecə meydan zorakılıqla dağıdılsa da, insanların qəlbində oyanan o böyük ruhu söndürmək mümkün olmadı. 17 Noyabr sübut etdi ki, azadlıq kənardan verilən hədiyyə deyil, xalqın öz iradəsi və birliyi ilə qazandığı ən ali dəyərdir. Məhz həmin gün atılan o cəsarətli addımlar bizi 1991-ci ilin dövlət müstəqilliyinə, daha sonra isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına aparan yolun təməlini qoydu.
Bu gün 17 Noyabrı qeyd edərkən biz təkcə keçmişin qəhrəmanlıq səhifəsini vərəqləmirik, həm də birliyimizin nə qədər yenilməz bir güc olduğunu xatırlayırıq. Milli Dirçəliş Günü bizə öyrədir ki, ən çətin sınaqlar qarşısında belə bir xalq öz mənliyini qoruyub bir yumruq kimi birləşə bilirsə, onun qarşısını alacaq heç bir qüvvə yoxdur.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin keçirilən sessiyası Azərbaycan dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan SSR Ali Sovetinə bu bayrağın Azərbaycanın dövlət rəmzi kimi qəbul olunması barədə təklif göndərildi. Bununla yanaşı, Naxçıvanın adından sovet ideologiyasını ifadə edən bir sıra ifadələrin çıxarılması istiqamətində də tarixi qərarlar qəbul edildi. Bu addımların siyasi mahiyyəti olduqca böyük idi. Sovet İttifaqının hələ mövcud olduğu, milli müstəqillik ideyasının ciddi təzyiqlərlə üzləşdiyi bir vaxtda üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi müstəqilliyə doğru atılmış prinsipial siyasi addım idi. Ulu Öndər Heydər Əliyev bununla Azərbaycan xalqının milli yaddaşına, Cümhuriyyət irsinə və dövlətçilik ənənələrinə sahib çıxdığını nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyevin 17 noyabr 1990-cı il qərarının tarixi əhəmiyyətini yalnız bayrağın dəyişdirilməsi ilə izah etmək düzgün olmazdı. Bu qərarın arxasında dərin siyasi düşüncə, milli maraqlara əsaslanan strategiya və gələcək müstəqil dövlətin ideoloji əsaslarını formalaşdırmaq məqsədi dayanırdı. Heydər Əliyev dövlətçilik məsələlərinə hər zaman sistemli yanaşırdı. O, anlayırdı ki, xalqın müstəqillik uğrunda mübarizəsi yalnız siyasi etirazlarla məhdudlaşmamalı, milli ideya, tarixi yaddaş və dövlətçilik irsi ilə möhkəmləndirilməlidir.
Tural İbrahim - Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 17 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















