Birinci Qarabağ müharibəsi şəhidi Ramazan Quliyevin xatirəsi anılıb
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərinin Kürdəxanı qəsəbəsində yerləşən 810 ailəlik məcburi köçkün qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi, kəşfiyyatçı, baş çavuş Ramazan Dünyamalı oğlu Quliyevin anım mərasimi keçirilib.
525.az xəbər verir ki, təşkilatın mətbuat xidmətinin rəhbəri, professor Elçin İsgəndərzadənin verdiyi məlumata görə tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edən “Dəmir Yumruq” İctimai Birliyinin Sabunçu rayon filialının sədri Lütfiyyə Baxşəliyeva şəhid Ramazan Quliyevin həyat və döyüş yolundan, Vətən qarşısında xidmətlərindən danışıb. Qeyd edib ki, 1992-ci ildə Milli Ordu sıralarına çağırılan Ramazan Quliyev 865-ci hərbi hissənin kəşfiyyatçı manqasının komandiri kimi döyüşlərdə iştirak edib, göstərdiyi igidlik və peşəkarlıqla fərqlənib. O, döyüş əməliyyatları zamanı iki düşmən hərbçisinin əsir götürülməsində, Zəngilan rayonunun Kolluqışlaq kəndi uğrunda döyüşlərdə isə düşmənə məxsus tankın ələ keçirilməsində iştirak edib.
Çıxışda xüsusi vurğulanıb ki, 1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun Minbaşı kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanan Ramazan Quliyev avqustun 25-də Mərcanlı hospitalında şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Lütfiyyə Baxşəliyeva, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən və ölkəmizin ərazi bütövlüyünün bərpasından bəhs edib.
Bildirilib ki, Birinci Qarabağ müharibəsində şəhid olanların arzusu və uğrunda mübarizə apardıqları müqəddəs amal sonrakı nəsillərin qəhrəmanlığı sayəsində gerçəkləşib.
Anım mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, digər şəhid ailələrinin nümayəndələri, qazilər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, 1961-ci il martın 9-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olan Ramazan Quliyev şəhid olduğu zaman cəmi 32 yaşında idi. Onun şəhadətindən cəmi 10 gün sonra dünyaya gələn qızı Nişanə atasını heç vaxt görməsə də, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsi ilə böyüyüb. Bu taleyin özü müharibənin insan həyatında qoyduğu ağır izlərin və şəhid ailələrinin yaşadığı mənəvi itkinin ifadəsidir.
Tədbirin sonunda “Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin sədri Əbil Zeynalov anım mərasimlərinin təşkilinə göstərilən dəstəyə və yaradılan şəraitə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 28 Noyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















