Birinci vitse prezidentin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən çox sayda layihə icra olunub DEPUTAT
Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Tarixən ölkəmizdə qadına həmişə xüsusi hörmət və yüksək ehtiram nümayiş etdirilmişdir. Azərbaycan qadınının daim ailənin təməl daşı, müqəddəs ana obrazı ilə milli dəyərlərimizi qorunub saxlanılmasında müstəsna rolu olmuşdur. Tarixin bütün dövrlərində Azərbaycan qadını vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir”.
Bunu deputat Vüqar İskəndərov deyib.
“Müasir dövrümüzdə də ölkəmizdə gender bərabərliyi, qadın haqlarının qorunması ən yüksək səviyyədədir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Azərbaycan qadınları ölkəmizdə yüksək vəzifələrə təyinat alır, bütün sahələrdə çalışır. Kişilərlə eyni yükü bölüşərək ölkəmizin inkişafına, milli mənəvi dəyərlərimizin qorunmasına xidmət etmiş olur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir”.
AzNews.az
