Icma.az
close
up
RU
“Bizi tanıyan yox, sevən yox...”

“Bizi tanıyan yox, sevən yox...”

Icma.az bildirir, 525.az portalına istinadən.

Müsahibimiz Kukla Teatrının aktrisası, Prezident mükafatçısı Aygül Ağayevadır. Aktrisa “Pişiyin evi”, “Nar çubuğu”, “Turp”, “Qoğal”, “Üç donuz balası”, “Məlikməmməd”, “Qırmızı papaq”, “Cırtdan”, “Piter pen” kimi 20-dən çox tamaşada rol alıb.

Aygül Ağayeva ilə söhbəti təqdim edirik.

- Aygül xanım, əvvəlcə sizi Prezident mükafatına layiq görülməyiniz münasibətilə təbrik edirəm.

- Çox sağ olun, təşəkkür edirəm. Əziyyətinin bəhrəsini görmək həqiqətən çox gözəl hissdir. Hər kəs istəyər ki, bu mükafata layiq görülsün. İnşallah, bütün aktyor heyətinə qismət olar.

- Necə oldu ki, kuklaçı olmaq qərarına gəldiniz?

- Əslində, mən kuklaçı deyildim. Universiteti bitirəndən sonra Mədəniyyət idarəsində teatr şöbəsi açılmışdı, ora getmişdim. Oranın da rejissoru kukla teatrının baş rejissoru Rəhman Əlizadə idi. O, məni orada gördü və bura gətirdi. İlk dəfədən kukları sevdim. Kim sevməz ki. Çox gözəldir, hər gün nağıllar aləminin içindəsən. Amma çətindir, çox çətindir.

- Kuklaçıların əsas qayəsi nədir?

- Biz kuklaya can veririk və istəyimiz odur ki, tamaşa vaxtı biz yox, oynatdığımız kuklalar canlı olsun və uşaqlar ona inansınlar. Əgər inanmasalar, onda kukla oynatmağın mənası yoxdur.

- Bayaq qeyd etdiniz ki, kuklaçı olmaq çətindir.

- Hə, Kukla Teatrında işləmək digər teatrlarda işləməkdən daha çətindir. Hamı elə bilir ki, çox asandır, kukladır da, nə var ki, burada, qaldırırsan, oynadırsan. Amma elə deyil. Hər kəs canlı şəkildə bir obrazı canlandıra bilər. İndi biz şəhərə çıxsaq və bir gəncə desək ki, filan hərəkətləri elə, çox asanlıqla edəcək. Biz bütün teatrlara gedib işləyə bilərik, amma başqa teatrlardan buraya gələn aktyorlar çox çətinliklə işləyirlər. Biz özümüz əl-qolumuzu tərpətdiyimiz kimi kuklada bunu göstərə bilmirik. Ona görə çox çətindir. Elə kuklalarımız var ki, çox ağırdırlar. Ağırlığdan çiynimdə yırtıq əmələ gəlib, bir insan bir litr suyu əlləri yuxarıda olmaq şərtilə neçə dəqiqə saxlaya bilər? Uzağı 10-15 dəqiqə. Amma biz həmin kuklaları bir saat oynadırıq.

- Özünüzdə bu gücü haradan tapırsınız?

- Bizə güc verən uşaqların sevinci, alqışları və reaksiyalarıdır. İndiki uşaqları heç nəyə inandıra bilmirik axı. Kompüter var, televizor var. Bunların hamısı onlara təsir edir. Ona görə bizim oynadığımız tamaşalar, kuklalar elə maraqlı olmalıdır ki, uşaqlar həvəslə baxsınlar. Elə oynamaq lazımdır ki, inansınlar. Bir dəfə “Göyçək Fatma” tamaşasında ögey ana obrazını canlandırmışdım. Uşaqlar məni o qədər söydülər ki. Mənə nifrət edirdilər. Kuklanın pis olduğuna o qədər çox inanmışdılar ki, deyirdilər, sən pissən, çıx səhnədən. Bu, əslində mənim üçün çox gözəl bir şeydir. Pis sözlər desinlər, neynək, amma mənə xoşdur. Demək ki, inandırmağı bacarmışam. Şükür Allaha, biz bacara bilirik. Onların alqışı bizə ilham verir.

- Sizin tamaşaçılarınız uşaqlardır. Uşaqlarda da hələ bir tamaşanı təhlil, tənqid etmək bacarığı demək olar ki, formalaşmayıb. Mənə elə gəlir ki, digər teatrlarla müqayisədə bu baxımdan şanslısınız.

- Əslində yox. Bizim öhdəmizə çox şey düşür. Çünki uşaqların ilk gəldiyi teatr Kukla Teatrıdır. Əgər uşaqlar ilk gəldiyi yerdən mənfi fikirlə ayrılsalar, onda onların teatrlara baxışı dəyişəcək və gələcəkdə böyük teatrlara getməyəcəklər. Biz uşaqlara elə şeylər göstərməliyik ki, onların teatra maraqları artsın və böyüdükdən sonra da teatra can atsınlar, teatra istəkləri, maraqları olsun. Bu baxımdan bizim məsuliyyətimiz daha çoxdur. Çünki teatra ilk addımı buradan atırlar və hansı təəssüratla qayıdırlarsa, gələcəkdə də digər teatrlara qarşı həmin münasibəti göstərəcəklər.

- Azərbaycanda beş Kukla Teatrı var. Bölgələrdə olan teatrlarla əlaqələriniz varmı?

- Əlbəttə, biz orada, oradakı aktyorlar da gəlib burada tamaşalar göstərirlər. Əsas dövlət teatrı biz olduğumuza görə onlara nə lazım olsa, sağ olsun teatrımızın rəhbəri Rəşad Əhmədzadə yardım edir.

- Bəs əsas Kukla Teatrına və kuklaçılarına münasibət hansı yerdədir?

- Bizə münasibət çox da yaxşı deyil, soyuq yanaşırlar. Bəlkə də kuklaçı olduğumuza görədir, çünki biz görsənmirik, tanınmırıq, yəni başqa teatrlardan fərqli olaraq 1 saat tamaşanı oynayırıq, tamaşaçı isə üzümüzü iki dəqiqəlik görür. Amma digər teatrlarda belə deyil. Biz qara geyimdə oluruq deyə nə görünür, nə də tanınırıq. Ona görə biz o cəhətdən geridə qalırıq. Əslində hamıdan öndə olmalıyıq, amma tərsinə olur. Hamıdan çox biz zəhmət çəkirik, amma az dəyər görürük. Məsələn, bizim teatrda Prezident mükafatına cəmi üç yer ayırıblar. Kimə verəsən, kimlə bölüşdürəsən? Axı hamısının haqqıdır. Əziyyət çəkənlər var, illərlə burada işləyənlər var. Çox istəyirik ki, teatrımız akademik olsun. Elə olanda həm maaşımıza, həm teatrın büdcəsinə təsir edir, həm də bizim statusumuz yüksəlir. Bunu illərdir ki, gözləyirik, müraciət də etmişik və hələ də gözləmədəyik. İnşallah, nə vaxtsa, qismət olar. Maaşımız da çox azdır, aktrisalar müəyyən qədər idarə edə bilirlər. Amma aktyorlarımız var ki, onlar ailə saxlayırlar, uşaqları var, onların təhsili var. Artıq təkcə bu işlə məşğul olmaq bəs etmir. Amma maaş yüksək olsa, ordan-ora qaçmazlar və tam fikirlərini bu teatra yönəldərlər, beləcə hər şey daha mükəmməl olar.

- Kuklaların qiyməti bildiyim qədərilə 300-500 manat arasında dəyişir. Bu məbləğ bəzi kuklaçıların aldığı maaşdan da çoxdur. Bütün xərcləri teatrmı qarşılayır?

- Hə, əgər dövlət sifarişi deyilsə, hamısı teatrın öz büdcəsi ilə həll olunur. Bilirsiniz, bizdə bir tamaşanın ərsəyə gəlməsi üçün uzun müddət vaxt lazım olur. Rejissor pyesi verir rəssama, rəssam pyesə uyğun çertyojlar çəkir, kuklalar gedir sexə, sexdə onların paltarlarının, göz-qaşlarının hazırlanması çox uzun prosesdir. Tamaşadan əvvəl gedirəm kuklama baxıram, haradan tutmaq mənə rahatdır, əlim harada daha yaxşı işləyir, bunların hamısı vacib məsələlərdir. Çətin prosesdir.

- Elə olur ki, eyni zamanda bir neçə rolu canlandırırsınız.

- “Nənəmin aş qazanı” tamaşasında qazanı, cavan gəlini, Butanı, Şəkər nənəni canlandırıram. Həmçinin, “Tülkünün ad günü” tamaşasında tülkünü də mən oynayıram, dovşanı da.

- Səhvən başqa obrazın nitqini səsləndirdiyiniz olubmu?

- O qədər (gülür). Elə həmin tamaşada olub. Dovşan deyir ki, xoş gəldin, tülkü lələ. Deməkdən ki, xoş gördük, dovşan bacı, deyirəm xoş gördük, tülkü bacı. Dovşana tülkü deyirəm, tülküyə dovşan deyirəm, aləmi qatıram bir-birinə.

- Kukla sənəti ixtisası yoxdur. Bu, sizə çətinlik yaratmır ki? Ümumiyyətlə, bura daha çox hansı fakültələrdən gəlirlər?

- Mədəniyyət və İncəsənət Universitetindən fərqli-fərqli fakültələrdən gəlirlər. Biz də məcburuq ki, sıfırdan hər şeyi öyrədək, o da uzun prosesdir. Bir-iki ilə aktyor püxtələşənə kimi çətin olur, amma onun fakültəsi olsa, çox gözəl olar. Çoxusu gəlir, dözməyib bir aydan sonra qaçır, görürlər ki, çətindir. Amma elə ixtisas olsa, istəyənlər sırf kukla sənətinə sənədlərini verərlər və oranı bitirib bura gələrlər. Kukla Teatrının rəssamları da fərqlidir. Adicə bir paltar çəkirsən, onu canlı adam geyindirirsən, işin rahat olur. Amma kukla üçün paltar çəkib onu kuklanın üzərində işləmək çətin olur. Onun da ayrı fakültəsi olmalıdır. Çox istəyirik və hər dəfə də deyirik. Çünki aktyorlara da çətindir. Bilmirlər ki, nə baş verir burada. Gəlirlər, sonra qorxub qaçırlar. O qədər olub ki. Bir aydan çox işləyə bilmirlər, çətinliyini görürlər. Deyirlər, nəyimə lazımdır, üzüm bağlı olur, məni heç kim görmür. Çoxusu da istəyir ki, tanınsın, sevilsin. Bizi tanıyan yox, sevən yox.

- Bəs siz tanınmaq istəmirsiniz?

- Yox.

- Niyə?

- Nə bilim, ehtiyac duymuram. Populyar olmaq istəyi məndə yoxdur. Çünki sənətimi sevirəm, həm də ki, biri var sənətə pula görə gələsən, biri də var pulu düşünmədən sənətə görə işləyəsən. O, daha gözəl olur, onda daha səmərəli iş ortaya qoyursan. Amma pula görə sənətə gələnlər gördükləri işi başdansovdu edirlər, əsas maaşlarını alsınlar. Mən övladlarıma da deyirəm ki, hansı sənətə sevirsinizsə, onun ardınca gedin. Sevmədiyin işdə işləmək olmur. Mənim fikrimcə, bu, belə olmalıdır. Mən həm də illərdir rəqs müəlliməsiyəm. Belə tanıyırlar, amma ekranda çox tanınmıram. Düzdür, seriallardan dəvət alıram, amma ailə ilə artıq çətin olur. İşdən qaçıram evə, yorğun oluram, evin işlərini gör, uşaqlara bax, bir də görürsən, saat ikidir. Çatdırmaq olmur.

- Tez-tez qastrol səfərlərində olursunuz.

- Hə, qastrol səfərlərimiz çox olur. Qazaxıstandan yeni qayıtmışıq, ondan əvvəl də Türkiyədə idik.

- Bizim tamaşaları digər ölkələrin tamaşaları ilə müqayisə etdikdə hansı üstünlük və çatışmazlıqlarımızı görmək olar?

- Texnika baxımıdan bəzi çatışmazlıqlarımız var. Amma biz onlardan daha üstünük. Qazaxıstanda gördük ki, həqiqətən də bizim tamaşamız möhtəşəmdir. Bütün ölkələrin tamaşaları qara rəngə bürünmüşdü, amma biz rəngarəng idik. Orada bizə yaxınlaşdılar, dedilər çox gözəl tamaşa idi. Dil baxımından heç nə başa düşmürdülər, düzdür, arxada titrlər gedirdi, amma onu oxumağa ehtiyac olmurdu, artıq bizim oyunumuzdan bildilər ki, söhbət nədən gedir. Bizim üçün bu, böyük uğurdur. İnşallah, hər kəs sevər, bəyənər. Amma bizim arzumuz odur ki, əsas uşaqlar sevib bəyənsinlər, biz onlarla nəfəs alırıq, onlar sevinirlərsə, biz də sevinirik. Hərdən deyirlər ki, necə belə cavan qalırsınız? Deyirəm, axı hər gün nağıllar aləminin içindəyik. Nə qədər problemim olsa da, teatra girəndə hər şeyi unuduram.

 Ləman İLKİN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see153

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see138

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see135

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see133

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see128

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see126

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see124

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see124

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see123

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see120

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see120

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see119

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see119

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see118

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see116

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri