Icma.az
close
up
RU
Akademik Bəhram Əsgərovun elmi irsi və müəllimlik missiyası

Akademik Bəhram Əsgərovun elmi irsi və müəllimlik missiyası

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzi insanlar vardır ki, onların ömrünü yalnız tutduqları vəzifələr, aldıqları fəxri adlar və yazdıqları əsərlərlə ölçmək mümkün deyil. Belə insanların həyat yoluna nəzər saldıqda, bir insanın elmə, təhsilə və mənəvi dəyərlərə necə xidmət edə bildiyinin canlı nümunəsini görürük. Akademik Bəhram Mehralı oğlu Əsgərov da belə şəxsiyyətlərdən biri idi.

Bəhram Əsgərovun adı Azərbaycan fizika elminin, xüsusilə bərk cisimlər və yarımkeçiricilər fizikasının inkişafı ilə sıx bağlıdır. Lakin onu yalnız görkəmli alim kimi xatırlamaq kifayət deyil. O, həm də böyük müəllim, pedaqoq, elm təşkilatçısı və tələbələrinin yaddaşında dərin iz qoymuş şəxsiyyət idi. Onun ömür yoluna nəzər saldıqda bir mühüm həqiqət aydın görünür: Bəhram Əsgərov üçün elm, müəllimlik və insanlıq bir-birindən ayrılmaz anlayışlar idi.

Bəhram Əsgərovun həyat yolu 5 oktyabr 1933-cü ildə dünyaya göz açdığı,  Tovuz rayonunun Əhmədabad kəndindən başlayıb. Doğma kəndində orta məktəb olmadığı üçün ibtidai təhsilini başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Əhmədabaddan təxminən 7–8 kilometr aralıda yerləşən Yanıqlı kəndinə getməli olurdu. O illərdə bu məsafəni hər gün piyada qət etmək onun üçün sadəcə məktəbə gedib-gəlmək deyildi. Bu yol, əslində, böyük arzulara doğru atılan ilk addımlar idi. Yeniyetmə Bəhramın təhsilə həvəsi, zəhmətdən çəkinməməsi və qarşısına qoyduğu məqsədə əzmlə bağlılığı sonralar onun elm yolunda keçdiyi uzun və şərəfli yolun ilk cizgilərini müəyyənləşdirdi.

1952-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olan Bəhram Əsgərov tələbəlik illərində yüksək akademik göstəriciləri ilə seçildi və Stalin təqaüdünə layiq görüldü. Universitet illərindən sonra onun elmi axtarışlarının növbəti ünvanı o dövrün ən qabaqcıl elm mərkəzlərindən biri olan Leninqrad oldu. Leninqradın zəngin elmi mühiti və A.İ. Anselmin rəhbərlik etdiyi elmi məktəb gənc alimin dünyagörüşünün formalaşmasında mühüm rol oynadı. Burada aldığı nəzəri hazırlıq və apardığı tədqiqatlar onun sonrakı elmi fəaliyyətinin əsasını təşkil etdi.

Leninqrad elmi mühitinin Bəhram müəllimin həyatındakı əhəmiyyətini illər sonra özü çox obrazlı şəkildə ifad etmişdi. 26 iyun 2004-cü ildə Azərbaycan Televiziyasının “Səhər” proqramında keçmiş tələbəsi Namiq Şükürovun “60-cı illərin Sankt-Peterburq elm məbədini və A.İ. Anselmi necə xatırlayırsınız?” sualına cavabında demişdi: “Paris şəhərinin həyatında Notr-Dam kilsəsi hansı rolu oynayırsa, Sankt-Peterburq elm məktəbi də mənim həyatımda həmin rolu oynayır”. Bu ifadə Leninqrad illərinin onun elmi bioqrafiyasındakı yerini son dərəcə dəqiq xarakterizə edir. Bu mühit Bəhram Əsgərova yalnız dərin elmi bilik və tədqiqat təcrübəsi qazandırmadı, həm də onun elmi dünyagörüşünü, problemə yanaşma tərzini və tədqiqatçı kimi mövqeyini formalaşdırdı.

Sonralar özü böyük alim və elmi məktəb yaradıcısı kimi yetişərək Leninqrad elmi məktəbinin ənənələrini Azərbaycan fizika elminə gətirdi. 1970-ci ildə onun Leninqradda “Наука” nəşriyyatında çap olunan monoqrafiyasında yarımkeçiricilərdə kinetik və köçürmə hadisələrinin nəzəri əsasları sistemləşdirildi və çoxillik tədqiqatlarının nəticələri ümumiləşdirildi.

Bəhram Əsgərovun elmi yaradıcılığının ilk mühüm istiqamətlərindən biri yarımkeçiricilərdə və yarımmetallarda kinetik hadisələrin, xüsusilə güclü və kvantlayıcı maqnit sahələrində baş verən termomaqnit effektlərin tədqiqi idi. 1960–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçidən baş elmi işçiyə qədər müxtəlif vəzifələrdə çalışan Bəhram Əsgərov yarımkeçiricilər və bərk cisimlər fizikası sahəsində mühüm tədqiqatlar apardı. Elektrik və istilik daşınması proseslərinin, kinetik və termomaqnit hadisələrin nəzəriyyəsini araşdırdı.

1962-ci ildə  “Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər” mövzusunda uğurla müdafiə etdiyi  əldə etdiyi dissertasiya işində aldığı elmi nəticələr onun elmi yaradıcılığının mühüm mərhələsini təşkil etdi. 1963-cü ildə isə bu istiqamətdəki araşdırmalarının ümumiləşdirildiyi monoqrafiyası nəşr olundu. 1971-ci ildə B.M. Əsgərov bu monoqrafiyanın əsasında Bakı Dölət Universitetdə doktorluq dissertasiyasını müdafiə etdi. Bu əsər onun yarımkeçiricilərin kinetik nəzəriyyəsi sahəsində formalaşmış elmi istiqamətinin mühüm nəticəsi olmaqla yanaşı, sonrakı elmi fəaliyyətinin də əsasını təşkil etdi. Monoqrafiyanın yüksək elmi səviyyəsi 1974-cü ildə ona elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatının verilməsi ilə bir daha təsdiqləndi.

1966-cı il Bəhram Əsgərovun həyatında yeni mərhələnin başlanğıcı oldu. Həmin il Leninqradın zəngin elmi mühitində formalaşmış gənc alim Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin “Molekulyar fizika” kafedrasına dosent vəzifəsinə dəvət edildi. Universitetə qayıtdıqdan sonra Bəhram müəllim elmi yaradıcılıqla pedaqoji fəaliyyəti vahid proses kimi davam etdirdi. “Elektrodinamika”, “Bərk cisimlərin kvant nəzəriyyəsi”, “Termodinamika və statistik fizika” kimi fundamental fənlərdən mühazirələr oxuyaraq tələbələrdə dərin fiziki təfəkkür formalaşdırmağa xüsusi diqqət yetirdi. Onun mühazirələrində mürəkkəb nəzəri müddəalar konkret fiziki hadisələrlə əlaqələndirilir, tələbələr hazır nəticələri əzbərləməyə deyil, hadisələrin mahiyyətini və səbəb-nəticə əlaqələrini anlamağa yönəldilirdi.

Bəhram Əsgərov üçün Leninqrad elmi məktəbi yalnız şəxsi elmi nailiyyətlərlə yekunlaşmırdı. Burada qazandığı təcrübə və doktorluq tədqiqatlarında əldə etdiyi fundamental nəticələr onu Azərbaycanda bərk cisimlər fizikası üzrə yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və yeni elmi istiqamətin formalaşdırılması yolunda daha böyük bir missiyaya yönəltdi. Bu baxımdan 1971-ci il Azərbaycan fizikasının inkişafında mühüm mərhələ oldu. Həmin ildə Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Azərbaycan Dövlət Universitetinin dəstəyi, Bəhram Əsgərovun təşəbbüsü ilə universitetdə “Bərk cisimlər fizikası” kafedrası yaradıldı. Beləliklə, onun Leninqradda keçdiyi elmi məktəb və doktorluq tədqiqatlarında qazandığı nəticələr Azərbaycanda yeni elmi-pedaqoji istiqamətin inkişafına və yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət etməyə başladı.

Kafedraya rəhbərlik edən Bəhram müəllim qarşıya yalnız yüksəkixtisaslı mütəxəssislər hazırlamaq deyil, Azərbaycanda müasir bərk cisimlər və yarımkeçiricilər fizikası üzrə yeni elmi məktəb formalaşdırmaq məqsədi qoydu. Kafedranın fəaliyyətində fundamental elmi tədqiqatla ali təhsilin vəhdəti əsas prinsipə çevrildi. Bərk cisimlərdə və yarımkeçiricilərdə kinetik, termodinamik, maqnit və optik hadisələrin nəzəri tədqiqi, sonrakı mərhələlərdə isə aşağıölçülü elektron sistemləri, kvant strukturları və ifratqəfəsli materialların fiziki xassələrinin araşdırılması mühüm istiqamətlər kimi formalaşdı.

Bəhram müəllim gənc tədqiqatçıların hazırlanmasına xüsusi diqqət yetirirdi. Elmi problemin düzgün seçilməsi, onun nəzəri əsaslandırılması, müasir hesablama və tədqiqat metodlarından istifadə, alınmış nəticələrin dünya elmi ədəbiyyatı ilə müqayisəsi kafedrada formalaşmış elmi iş üslubunun əsas xüsusiyyətləri idi. Kafedra ayrı-ayrı tədqiqatçıların çalışdığı struktur bölmədən daha geniş məna kəsb edərək ardıcıl elmi ənənələri nəsildən-nəslə ötürən məktəbə çevrildi. Bəhram Əsgərovun kafedra müdiri kimi ən böyük xidmətlərindən biri ayrı-ayrı elmi nəticələrdən daha çox, həmin nəticələri yaradan elmi mühiti formalaşdırması idi.

Bəhram Əsgərovun yarımkeçiricilərdə kinetik və elektron köçürmə hadisələrinin tədqiqinə həsr olunmuş fundamental araşdırmaları onun sonrakı elmi yaradıcılığında da mühüm yer tutdu. 1985-ci ildə Moskvanın “Наука” nəşriyyatında 318 səhifəlik yeni monoqrafiyası çap olundu. Əsərdə yarımkeçiricilərdə elektron köçürmə hadisələrinin nəzəri əsasları və müxtəlif fiziki şəraitdə onların xüsusiyyətləri sistemli şəkildə araşdırılmışdı. 1994-cü ildə 394 səhifəlik monoqrafiyası Sinqapurun “World Scientific” nəşriyyatında çap edildi. Bu əsər Bəhram Əsgərovun elmi yaradıcılığının beynəlxalq miqyasını nümayiş etdirən mühüm nəşrlərdən biri oldu.

Alimin fundamental elmi axtarışlarının sonrakı mərhələsində elektron qazlarının termodinamikası və statistik fizikası mühüm yer tutdu. S.R. Figarova ilə birlikdə hazırladığı monoqrafiyasının 2010-cu ildə “Springer” tərəfindən nəşr olunması bu istiqamətdəki tədqiqatlarının mühüm nəticəsi idi. Əsərdə elektron qazlarının termodinamikası və statistik fizikanın fundamental məsələləri sistemli şəkildə araşdırılırdı. Bu kitab Bəhram Əsgərovun elmi axtarışlarının yarımkeçiricilərdə kinetik hadisələrdən elektron qazlarının statistik fizikası və termodinamikasına qədər genişlənən inkişaf xəttini nümayiş etdirirdi.

A.İ.Anselmin elmi məktəbində formalaşan Bəhram Əsgərov sonralar bu elmi ənənələrin inkişafına mühüm töhfələr verdi. Onun adı elmi ədəbiyyatda Anselm–Əsgərov metodu ilə bağlıdır. Alimin elmi irsinin davamlılığını göstərən digər nümunələrdən biri isə statistik fizika və bərk cisimlər fizikası üzrə tədqiqatlarda istifadə olunan və onun adı ilə “Əsgərov funksiyaları” kimi tanınan xüsusi funksiyalardır. Beləliklə, onun elmi irsi yalnız ayrı-ayrı məqalə və monoqrafiyaların məcmusu deyildi. Bu irs müəyyən elmi istiqamətlərin inkişafına, yeni tədqiqatçıların yetişməsinə və elmi düşüncə ənənəsinin formalaşmasına xidmət edən bütöv bir məktəb idi.

Bəhram Əsgərov üçün alimliklə müəllimlik bir-birindən ayrılmaz idi. O, elmi biliklərin gələcək nəsillərə ötürülməsini alimlik missiyasının mühüm hissəsi hesab edirdi. Bu məqsədlə Azərbaycan və rus dillərində ali məktəblər üçün bir sıra fundamental dərslik və dərs vəsaitləri hazırladı. Onun “Bərk cisimlər nəzəriyyəsi”, termodinamika və statistik fizikaya dair əsərləri mürəkkəb nəzəri materialların sistemli şəkildə mənimsənilməsinə və tələbələrdə müstəqil elmi düşüncənin formalaşmasına xidmət etdi. Bəhram müəllimin pedaqoji fəaliyyətinin əsas xüsusiyyəti tələbəyə hazır cavab verməkdən daha çox, onu cavabı özü axtarmağa yönəltməsi idi. O, tələbəsində yalnız fizika bilikləri deyil, fizik kimi düşünmək bacarığı formalaşdırmağa çalışırdı.

Onun elmi rəhbərliyi ilə 15 fəlsəfə doktoru və 5 elmlər doktorunun hazırlanması yaratdığı məktəbin miqyasını göstərən mühüm göstəricidir. Lakin bu rəqəmlərin arxasında yalnız müdafiə olunmuş dissertasiyalar deyil, bir neçə nəslin elmi dünyagörüşünün formalaşması dayanır. Bəhram müəllimin yetirmələri müxtəlif elm və təhsil müəssisələrində fəaliyyət göstərərək onun elmi ənənələrini davam etdirdilər. Beləliklə, onun elmi və pedaqoji irsi öz əsərləri ilə yanaşı, yetişdirdiyi alimlər nəslində də yaşamağa başladı.

Bəhram Əsgərovun fəaliyyəti yalnız elmi tədqiqat və pedaqoji işlə məhdudlaşmırdı. 1994–2004-cü illərdə BDU-nun elmi işlər üzrə prorektoru kimi fəaliyyət göstərməsi onun böyük bir universitetin elmi inkişafına rəhbərlik etmək bacarığını nümayiş etdirdi. O, müəyyən müddət universitetə rəhbərlik edərək ali təhsil müəssisəsinin elmi və təşkilati həyatında da fəal iştirak etdi. Elmi xidmətləri dövlət və elm ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görüldü, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçildi, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edildi, 2007-ci ildə AMEA-nın həqiqi üzvü – akademik seçildi. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi onun çoxillik elmi fəaliyyətinə verilən yüksək dövlət qiymətinin daha bir ifadəsi oldu.

Lakin Bəhram müəllimi tanıyanlar üçün onun ən böyük titulu, bəlkə də, “Müəllim” adı idi. Görkəmli alim haqqında danışarkən onun elmi əsərlərini sadalamaq mümkündür. Böyük müəllimi tanıtmaq üçün isə bəzən bir xatirə kifayət edir. 1980-ci ildə Bəhram müəllim bizə “Statistik fizika” fənnindən mühazirə oxuyurdu. Həmin il onun bir seçki məsələsində layiq olduğu addan kənarda qalması tələbələri kimi bizi də məyus etmişdi. Sevimli müəllimimizin yaşadığı mənəvi sıxıntıya görə narahat idik. Növbəti dərs aprelin 1-nə – “gülüş günü”nə düşürdü. Tənəffüs zamanı ona kiçik bir zarafat hazırladıq. Yazı taxtasının qarşısındakı təbaşiri şəkər parçası ilə əvəz etdik, üstəlik, mühazirədə istifadə edəcəyi bəzi düsturlarda “+” və “−” işarələrinin yerlərini dəyişdirdik. Bəhram müəllim ikinci saatda auditoriyaya daxil olub yazı taxtasına yaxınlaşdı. Əlinə aldığı “təbaşirin” yazmadığını görüb bunun şəkər olduğunu dərhal başa düşdü. Tələbələrinin ona “kiçik bir oyun” qurduğunu anladı. Lakin o, əsəbiləşmədi. Bir qədər sonra düsturlardakı işarələrin dəyişdirildiyini də başa düşdü və yenə özünəməxsus təmkin və yumorla dedi: “Yaxşı, mən də bundan belə düsturları, mühazirəni tərsinə deyib, imtahanda düzünü soruşacağam. Görüm, neyləyəcəksiniz!”

Bu kiçik hadisə Bəhram müəllimin xarakterini uzun təsvirlərdən daha yaxşı ifadə edir. O, şəxsi məyusluğunu tələbələrinə hiss etdirməmiş, çətin məqamda belə təmkinini qorumuş, onların səmimi münasibətini anlayışla qarşılamışdı. İllər keçsə də, həmin hadisə yaddaşımızda sadəcə “Bir Aprel” zarafatı kimi qalmayıb. O, Bəhram müəllimin təmkinini, həyatsevərliyini, sadəliyini və incə yumorunu əks etdirən isti bir xatirəyə çevrilib. Bəlkə də bu xatirənin bizə verdiyi ən mühüm dərs elə budur: böyük müəllim yalnız öyrətdiyi elmlə deyil, öz şəxsiyyəti ilə də tərbiyə edir.

Bəhram Əsgərovun şəxsiyyətinin təməlində bir-birini tamamlayan üç böyük dəyər dayanırdı: alimlik, müəllimlik və insanlıq. Onun alimliyi Azərbaycan fizika elminə verdiyi töhfələrdə, monoqrafiyalarında, elmi nəticələrində və yaratdığı məktəbdə əksini tapdı. Müəllimliyi auditoriyalarda, dərsliklərdə, tələbələrinin və yetirmələrinin elmi fəaliyyətində yaşadı. Şəxsiyyəti isə onu tanıyan insanların yaddaşında – səmimiyyətində, təmkinində, təvazökarlığında və insanlara münasibətində qaldı.

2014-cü il martın 12-də Bəhram Əsgərovun vəfatı Azərbaycan elmi və təhsil ictimaiyyəti üçün böyük itki oldu. Lakin böyük müəllimlərin ömrü onların fiziki həyatının sona çatması ilə bitmir. Onların ömrü tələbələrinin yaddaşında, yazdıqları kitablarda, yaratdıqları elmi məktəbdə və yetişdirdikləri insanlarda davam edir. Akademikin doğma yurdu Tovuzda da onun xatirəsi ehtiramla yaşadılır. Şəhərin mərkəzi küçələrindən birinə Akademik Bəhram Əsgərovun adı verilmiş, Heydər Əliyev küçəsi ilə kəsişməsində isə alimin barelyefi ucaldılmışdır.

İllər keçir, nəsillər dəyişir, lakin böyük insanların yaratdığı dəyərlər zamanla köhnəlmir. Bəhram Əsgərovun adı elmi əsərlərində, yetişdirdiyi alimlərdə və onu ehtiramla xatırlayan tələbələrinin qəlbində yaşayır. Onun ömür yolu bir həqiqəti təsdiqləyir: insanın əsl böyüklüyü yalnız qazandığı elmi adlarla deyil, elmə verdiyi töhfə, yetişdirdiyi insanlar və yaddaşlarda yaşatdığı mənəvi izlə ölçülür. Bəhram müəllimi xatırlamaq, əslində, elmə, müəllimliyə və mənəvi dəyərlərə sədaqətin necə bir ömür nümunəsinə çevrildiyini bir daha dərk etməkdir. 

Cahangir Hüseynov

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

“Ümumi fizika” kafedrasının müdiri,

fizika üzrə elmlər doktoru, professor.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri