BMT nin son savaşı: Quterreş gedir, böhran qalır
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
80 illik tarixində ilk dəfə olaraq bu il Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsinə qadın seçilə bilər. İndiyə qədər irəli sürülən səkkiz namizəddən beşi qadındır. Bir çox BMT üzvü belə hesab edir ki, nəhayət növbə qadınlara çatdı. Lakin hələ ki, BMT Təhlükəsizlik Şurası dekabrın 31-də portuqaliyalı Antonio Guterreşin beş illik səlahiyyət müddəti bitənə qədər seçim etmək ümidi ilə aylardır gizli səsvermə prosesini davam etdirir. Politoloqlar etiraf edirlər ki, burada gender məsələsindən kənar digər amillər də xüsusi rol oynayır.
Belə bir vaxtda İngiltərənin “Financial Times” qəzetinə müsahibə verən Antonio Guterreş bir çox maraqlı açıqlama ilə diqqət çəkib. Baş katibin müsahibəsinin əsas ana xətti ondan ibarət olub ki, dəyişən güc balanslarını əks etdirən qlobal institutlar olmadan dünya qarşıdurmaya çəkilmək riski ilə üz-üzə dayana bilər.
Antonio Quterreş bildirib ki, ABŞ-ın İranla müharibədə düşdüyü çıxılmaz vəziyyət supergüclərin gerçək imkanlarını üzə çıxarır. Baş katib BMT-nin çoxqütblü dünyada arxa plana atılması fikrini rədd edərək bildirib ki, planetdə Amerika hökmranlığının zəifləməsi, inkişaf etməkdə olan güclərin yüksəlişi və Soyuq Müharibə supergüclərinin qəti qələbələrə nail ola bilmədiyi seçmə müharibələrin alçaldıcı dərsləri ilə yenidən formalaşan bir dünyanın yenidən formalaşmasına gətirib çıxaracaq.
“BMT maliyyə böhranı içindədir, əhval-ruhiyyənin aşağı düşməsi və böyük dövlətlər arasında fikir ayrılıqları yaşanır. Əgər qlobal qurumlar yeni şərtlərə uyğunlaşmasa, daha çoxqütblü dünya nizamı qarşıdurmaya çevrilmək riski ilə üzləşəcək, – Baş katib xəbərdarlıq edib. – Supergüclərin öz hökmranlıqlarının həddini anlamasının vaxtıdır. Son zamanlar baş verənlərə baxsanız, supergüclərin bəzi vəziyyətlərdə öz iradələrini tətbiq etmək və güclə hərəkət etmək qabiliyyətinin ciddi şəkildə məhdud olduğunu aydın görə bilərsiniz”.
Quterreş Tehrana qarşı ABŞ-İsrail müharibəsinə toxunaraq əlavə edib: “Baxın, ABŞ və İranla nə baş verir. Amerika fevral ayında hücumlara başlayanda İranın təslim olacağına ümid edirdi, lakin altı ay keçməsinə baxmayaraq, İran rejimi hələ də möhkəmlənib və hətta dünyanın ən vacib enerji su yolu olan Hörmüz boğazını da bağlayıb. Supergüclər çox şeyin dəyişdiyini, fərqli ölkələrin çəkisinin dəyişdiyini anlamalıdırlar”, - Quterreş bildirib və bu çətinlikləri və geriləmələri ABŞ-ın rəhbərlik etdiyi Soyuq müharibədən sonrakı dünya nizamından çoxqütblü dünyaya keçidin bir hissəsi kimi təsvir edib.
Portuqaliyanın 77 yaşlı sabiq baş naziri, ötən il ABŞ prezidenti Donald Trampın İsrail və HƏMAS arasında razılaşma əldə etmək məqsədi ilə yaratdığı liderlər qrupu olan “Sülh Şurası”nın BMT Təhlükəsizlik Şurasına problem yarada biləcəyi fikrini rədd edib və şuranın Qəzzada irəliləyiş əldə edə bilməməsinə toxunub. BMT üçün “mövcud ola biləcək bütün çətinliklərə baxmayaraq, həqiqət budur. Qəzzada baş verənlərə, hansı tədbirlərin görüldüyünə baxın və sonra əldə edilən irəliləyişlərə diqqət edin. Düzünü desək, BMT-nin narahat olmasına heç bir əsas yoxdur. Qoy başqaları nə etdikləri barədə narahat olsunlar”, – deyə baş katib söyləyib.
Quterreşin BMT-yə rəhbərlik etdiyi 10 il ərzində təşkilatın beynəlxalq böhranlarda vasitəçilik rolu bir qədər azalıb. Bəzi fəaliyyətdə olan və keçmiş rəsmilər iddia edirlər ki, Quterreş və BMT, Baş katibin ikinci müddətində diqqəti münaqişə vasitəçiliyindən iqlim dəyişikliyi kimi daha böyük ictimai məsələlərin həllinə yönəltdiyinə və münaqişələrdə daha az göründüyünə görə səhvə yol veriblər.
Nəşrin bu sualına cavab olaraq Quterreş Ukrayna, Qəzza və İranda vasitəçilik etməyin çətinliyini etiraf edib və bildirib ki, BMT-nin qərar qəbuletmə orqanı olan Təhlükəsizlik Şurası “praktik olaraq iflic vəziyyətdədir”. Çünki Amerika və Rusiya kimi veto hüququna malik beş üzvdən ikisi öz gündəmlərini irəli aparmaq üçün onun işini əngəlləyir. O, Sudanda vətəndaş müharibəsi zamanı BMT-nin də kənarda qaldığını etiraf edib və bunun səbəbini açıqlayaraq deyib: çünki xarici “dağıdıcı qüvvələr” Təhlükəsizlik Şurasındakı durğunluqdan döyüşlərə müdaxilə etmək üçün istifadə ediblər. “İndi cəzasızlıq hissi hökm sürür. Təsir dairəmiz xeyli zəifləyib, çünki Təhlükəsizlik Şurası ölkələrə lazımi şəkildə davranmalı olduqlarını, əks halda cəzalandırılacaqlarını söyləmək iqtidarında deyil”, – Baş katib əlavə edib.
Bununla belə, Quterreş vasitəçilik səylərindən imtina etdiyini inkar edib. O, 60 ildir iki yerə bölünmüş Kiprə son səfərinə işarə edərək bildirib ki, “bu gün vasitəçilik olduqca çətindir və əldə edilən nəticələr məhduddur. Amma biz təslim olmuruq”. Quterreş əlavə edib ki, ABŞ-ın da Livanda, Qəzzada, Sudanda və Liviyada vasitəçilik etməsi çox çətin olub.
Onun rəhbərliyi altında BMT-nin səsinin daha zəif və boğuq hala gəlməsi ilə bağlı tənqidlərə gəldikdə isə Quttereş bildirib ki, Ukraynadakı münaqişə, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın “dəhşətli və dözülməz" hücumu və İsrailin Qəzzaya "tamamilə qəbuledilməz" cavab hücumu barədə aydın və qəti danışan da çox azdır.
Baş katib İsrail və Rusiyanın hərəkətlərinə dair onun tənqidinə bu dövlətlərin qəzəblə reaksiya verdiyini də açıq ifadə edərək söyləyib ki, o, İsrailin BMT-nin bu ölkəyə qarşı kökündən qərəzli olması ilə bağlı ittihamlarını qətiyyətlə rədd edib: “Düşünürəm ki, biz tarixin düzgün tərəfindəyik. Biz iki xalqın birlikdə yaşaması üçün lazım olanı müdafiə edirik”
Quterreş, səkkiz sələfinin çoxu kimi, ən ciddi çətinliklərlə Amerika ilə münasibətlərdə tez-tez qarşılaşdığını da etiraf edib. Tramp da öz növbəsində BMT-dən və onun çoxtərəfliliyindən narazılığını gizlətmir. Onun administrasiyası Ümumdünya Səhiyyə Təşkilatından və digər BMT agentliklərindən maliyyə dəstəyini geri çəkib və onlarla BMT proqramının maliyyələşdirilməsini dayandırıb. Təşkilatın büdcəsi almalı olduğu 2 milyard dolları hələ də almayıb. ABŞ-ın 725 milyon dollar ayırmaq niyyətində olduğunu bildirməsinə baxmayaraq, sülhməramlı əməliyyatlar üçün 3 milyard dollar çatışmır.
Quterreşin dövründə bir sıra xərclərin ixtisarı həyata keçirilib və bu da minlərlə iş yerinin itirilməsinə səbəb olub. Amerika rəsmiləri büdcə ixtisarlarını alqışlayıb, onları islahatlarda ilk addım adlandırıblar, lakin onların çox gecikdiyini vurğulayıblar. BMT-nin daxili nümayəndələri Soyuq müharibənin bitməsindən bəri onun ambisiyalarının qeyri-mütənasib şəkildə böyüdüyünü və səlahiyyətlərin israfçılıqla genişlənməsinə səbəb olduğunu etiraf edirlər.
“Bəzi insanlar BMT agentliklərinin bir çoxunun dağılacağını düşünürdü, – Quterreş büdcə məhdudiyyətlərini xatırladaraq əlavə edib. – Heç nə dağılmayıb. Əlbəttə ki, biz zəifləmişik. Bəs BMT agentlikləri dağılmağa yaxındırmı? Xeyr, çünki biz elə bir şəkildə təşkil olunmuşuq ki, bu islahatlara tez uyğunlaşa bilək”.
Baş katib təşkilatın maliyyə vəziyyəti ilə bağlı sualı cavablandırarkən həmçinin deyib: “Böyük məbləğdə, təxminən dörd milyard dollarlıq üzvlük haqqı borcuna baxmayaraq, fəaliyyətimizi davam etdirə bilmişik. 2026-cı il büdcəsində vəzifələrin sayını 22 faiz azaltdıq. Dünyada bunu edə bilən heç bir ictimai təşkilat tanımıram”.
Onun sözlərinə görə, BMT 2025-ci ildə sülhməramlı əməliyyatlarda iştirak edən qoşunların sayını 25 faiz azaldıb. “Bu qoşunları bölmə-bölmə azalda bilərdik, amma “Financial Times” bunu çətin ki, hiss edəydi”.
Nəşr bildirir ki, Quterreşin Trampla münasibətləri pisdir. Hətta ABŞ prezidentinin ikinci müddətində onunla demək olar ki, danışmayıb. Baş katib bildirib ki, əgər medianın cəlbedici manşetlərinə diqqət yetirməsək, BMT və ABŞ Qərbi Sahara, Liviya və Sudan da daxil olmaqla, bir sıra mübahisələr üzrə əməkdaşlıq edirlər. O, həmçinin Haitidəki humanitar böhran zamanı BMT-nin Vaşinqtona kömək etməkdə rolunu da vurğulayıb. Lakin “bəzən insanların dedikləri ilə etdikləri arasında... ritorika ilə reallıq arasında bir uçurum olur”, – Baş katib bu əməkdaşlıq haqqında fikrini tamamlayıb.
Quterreşin Baş katib kimi on illiyi qlobal səhnədə getdikcə daha çox təsir gücünə malik olan yeni “orta güclər” qrupunun yüksəlişi ilə üst-üstə düşür. Bunlara Hindistan kimi qlobal Cənubun nəhəngləri və Fars körfəzinin varlı dövlətləri daxildir. O, bunu BVF və Dünya Bankı kimi beynəlxalq qurumları dəyişməyə məcbur etməli olan “çox müsbət bir tendensiya” kimi görür və bildirir ki, onlar nəhayət yaradıldıqları 1945-ci il dövrünü deyil, bu günün reallıqlarını əks etdirsinlər.
Lakin Quterreş xəbərdarlıq etməyi də unutmur və bildirir ki, bu dəyişikliklərə çox ehtiyatla yanaşmaq lazımdır. Əgər qlobal güclər kifayət qədər tez hərəkət etməsələr və bu qurumlar dünyada baş verən dəyişiklikləri əks etdirməsələr, “çoxqütblülüyün artması rəqabətin artmasına və zaman keçdikcə qarşıdurmanın artmasına səbəb ola bilər”. “Unutmayaq ki, Birinci Dünya müharibəsindən əvvəl Avropa çoxqütblü idi", - Baş katib bildirib. – Lakin çoxqütblü idarəetmə institutlarının olmaması səbəbindən bu vəziyyətin nəticəsi Birinci Dünya müharibəsi oldu".
Orta güclər və kiçik ölkələr çox təkidlə Təhlükəsizlik Şurasında islahat aparmağa çalışırlar. Ona görə ki, bu təsisatin tərkibində yer alan İkinci Dünya müharibəsinin qalibləri - Amerika, Çin, Rusiya, Böyük Britaniya və Fransa təkcə qətnamələrdə deyil, həm də baş katibin seçilməsində veto hüququna malikdirlər. Quterreş haqlı olaraq qeyd edir ki, əlbəttə, beş veto sahibindən üçünün Avropa ölkəsi olması qəbuledilməzdir: “Yerlərdəki reallıq, nəticə etibarilə, qalib gəlməlidir. Təhlükəsizlik Şurasını, qaçılmaz olaraq dünyanın müxtəlif ölkələrinin nisbi çəkisinə uyğunlaşdırmaq lazım olacaq”.
Buna baxmayaraq, Quterreş etiraf edib ki, islahat aparılacaq Təhlükəsizlik Şurası üçün yeni daimi üzvlər barədə razılığa gəlmək çətin olacaq: “Hakimiyyət heç vaxt verilmir, o alınmalıdır. Məsələ budur ki, cəmiyyəti bu hakimiyyəti ələ keçirmək üçün şərait yaratmağa necə səfərbər edə bilərik?”
Quterreşin ikinci beş illik səlahiyyət müddəti 31 dekabrda başa çatır və onun vəzifəsi uğrunda rəqabət getdikcə güclənir. Namizədlər açıq şəkildə BMT-nin qlobal böhranların həllində daha vacib rol oynamasını istədiklərini bildirirlər. Onlardan biri BMT-nin hərtərəfli islahatlar olmadan “yavaş-yavaş ölüm”lə üzləşdiyini bəyan edir və fəaliyyətinin azaldılmasına işarə edir. Buna baxmayaraq, Quterreşin xələfinə yalnız bir məsləhəti var: özünüzlə olun və nəyə inanırsınızsa onu edin.
Səlahiyyət müddətinin bitməsinə dörd ay qalmış baş katib BMT-nin gücünün və əhatə dairəsinin gələcəkdə azala biləcəyi ilə bağlı narahatlığını da ayrıca ifadə edib. Doğrudur, o, BMT-nin İkinci Dünya müharibəsinə qədər aktuallığını itirən uğursuz sələfi olan Millətlər Liqasının yolunu davam etdirə biləcəyi fikrini rədd edib və deyib: “Bütün çətinliklərə və problemlərə baxmayaraq, BMT-nin 80 illik mövcudluğunda göstərdiyi ən böyük xidmət supergüclər arasında müharibənin qarşısını almaq olub”.
“Financial Times” yazır ki, səlahiyyət müddətinin son mərhələsinə qədəm qoyan Quttereş bütün BMT baş katibləri kimi, idarəetmə və inzibatçılığa diqqət yetirən “katib”, yoxsa qlobal məsələlərə diqqət yetirən “general” olduğuna qərar verməlidir. Amma o, hər iki cəbhədə tənqid olunur. Quterreş, populist liderlərin problemi kiçiltmək səylərinə baxmayaraq, iqlim dəyişikliyinə qarşı mübarizədəki uğurları ilə xüsusilə fəxr edir və deyir: “Baş katibin heç bir gücü yoxdur. Onun səsi və müəyyən təşkilati səlahiyyətləri var. Hakimiyyət, – bu başqa bir şeydir, o isə bizdə yoxdur. Amma səsimizi əlimizdən almaq mümkün olmayacaq".
Bu vəzifəyə ABŞ namizədi seçilsə necə, onun hakimiyyəti və səlahiyyəti daha çox ola bilərmi? Bu sualı təsadüfən vermirik. Çünki artıq Tramp Administrasiyası BMT Baş Katibi vəzifəsi uğrunda yarışa başlayıb.
Təşkilatın Təhlükəsizlik Şurasında veto hüququna malik olan Tramp Administrasiyası yeni rəhbərliyin onların BMT büdcəsini və işçi heyətini daha da azaltmaq planlarını bölüşməsini təmin etmək üçün hər cür səy göstərir. Uzun müddətdir davam edən maliyyələşdirmə problemləri ilə yanaşı, Adminstrasiya bu qlobal təşkilat daxilində, xüsusən də onun Nizamnaməsinin üç “sütunu”na – sülh və təhlükəsizlik, inkişaf və insan hüquqlarına - yanaşmasında, eləcə də beynəlxalq hüquqa hörmətdə fundamental dəyişikliklər etməyə çalışır. “Bu təşkilatın güclü və effektiv liderliyə çox ehtiyacı var”, – ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts bu yaz Senatda keçirilən dinləmədə bildirib. O, Amerikanın prioritetlərinin “islahat, islahat, islahat olduğunu, sülh və təhlükəsizlik sahəsində əsaslara qayıtmaq isə yanaşmalarında əsas meyar olacağını” söyləyib.
ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri ABŞ-ın prosesdə fəal iştirakını etiraf edib. “Biz ən yaxşı namizədi istəyirik. Nöqtə", – administrasiyanın daxili müzakirələrini və bağlı qapılar arxasında keçirilən seçim prosesini təsvir etmək üçün anonimlik şərti ilə danışan rəsmi bildirib. “Dünyanın ən istedadlı insanlarının namizədlərin irəli sürülməsinə mane olacaq heç bir şey etmək niyyətində deyilik".
Vəzifəyə namizəd göstərilən beş qadının hamısı, eləcə də üç kişidən biri Latın Amerikasındandır. Digər iki kişi Afrikadandır. Hamısı BMT-də və ya öz hökumətlərində vəzifə tutub, bəziləri hər ikisində vəzifə tutub və ən fəal şəkildə bu vəzifə uğrunda mübarizə aparırlar.
İyulun sonlarında keçirilən ilk səsvermənin qeyri-rəsmi, lakin geniş yayılmış nəticələrinə görə, ilk üçlük aşağıdakılardır: Kosta Rikanın sabiq prezidenti və UNCTAD-ın sabiq rəhbəri Rebeka Qrinspan, keçmiş xarici işlər naziri və Qayanın BMT-dəki hazırkı səfiri Karolin Rodriges Birkett və 2019-cu ildən bəri BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru vəzifəsində çalışan argentinalı diplomat Rafael Mariano Qrossi.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 27 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















