Bölgələrdə mütəxəssis çatışmırsa: 65 yaşdan sonra işçi niyə işdən azad edilir?
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkədə, xüsusilə də bölgələrdə müxtəlif fəaliyyət sahələrində kadr çatışmazlığı müşahidə edilir.
Həmin sahələr sırasında müəllim, həkim kimi peşələr üstünlük təşkil edir. Kadr çatışmazlığının səbəbləri də müxtəlifdir.
Kadr çatışmazlığının əsas səbəblərindən biri yaş həddi ilə bağlıdır. Belə ki, bu gün dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yaş həddi 65 yaş müəyyən edilib.
Beləliklə, vətəndaşlar müəyyən edilən yaş həddinə çatdıqda işdən azad edilir, gənclər isə bölgələrdə çalışmaq istəmir, əsasən Bakıda çalışmağa üstünlük verirlər. Bunun da nəticəsidir ki, hazırda bir çox bölgələrdə həkim, müəllim çatışmazlığı özünü göstərir.
Maraq doğuran odur ki, məmurlar, yüksək rütbəli şəxslər müəyyən edilmiş yaş həddindən, yəni 65 yaşdan yuxarı, məsələn, 70 yaşda belə, vəzifədə qaldıqları halda, müəllim və həkim kimi peşə sahiblərinə bu məhdudiyyət tətbiq edilir.
Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir. Bu normaya əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilib. Həmin maddənin 2-ci bəndinə əsasən isə 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.
Çalışma müddətinin 5 ildən çox uzadılmasına isə yol verilmir. Ancaq elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən qeyd edilən müddətdən artıq da uzadıla bilər.
Dövlət Statsitika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə həkimlərin sayı 35 min 233 nəfər olub. Əhalinin hər 10 min nəfərinə 34,5 həkim düşür. Ölkədə fəaliyyət göstərən xəstəxana müəssislərinin sayı 350-dir. Əvvəlki illərlə müqayisədə bütün ixtisaslar üzrə həkim sayı artsa da, gigiyena- epidemioloqların sayı azalıb. Yəni ötən il bu sahə üzrə 716 nəfər həkim fəaliyyət göstərirdisə, bu il bu say 558-dir. Xatırladaq ki, həkimlərin 23,2 mini qadındır.
Ancaq bu, bir faktdır ki, son illər bölgələrdə həkim çatışmazlığı əsas problemlərdən birinə çevrilib. Azərbaycan Tibb Universitetini bitirən və ya tibb təhsilini xaricdə alan həkimlərin əksəriyyəti isə əsasən Bakıda fəaliyyət göstərən xəstəxanalarda çalışmaq istəyir.
Hazırda bölgələrin bir qismində Sovet dövründə mövcud olan həkim məntəqəsi belə yoxdur. Hətta TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov öz açıqlamasında əksər rayonlarda həkim çatışmazlığının müşahidə olunduğunu bildirmişdi.
Əgər 65 yaşı tamam olan həkimlərin, tibbi personalın çalışmasına məhdudiyyət varsa, gənclər də bölgələrdə çalışmaq istəmirsə, bu, o deməkdir ki, orada yaşayan sakinlər səhhəti ilə bağlı taleyin ümidinə buraxılmış olurlar.
Bu proses yalnız həkimlərə şamil olunmur. Belə ki, Azərbaycanın bəzi bölgələrdə ciddi baytar çatışmazlığı var. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib:
“Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə şəhərində yerləşdiyinə görə həmin ərazidən və ətraf rayonların əksəriyyətindən kadrlar çox gəlir. Amma digər bölgələrdə, əsasən də heyvandarlıq sahəsində kadr çatışmazlıqları görürük. Xüsusilə baytarların sayında çatışmazlıq var.
Ümid edirəm ki, bu nöqteyi-nəzərdən də ADA universitetində Baytarlıq və Heyvandarlıq ixtisasının açılması faydalı olacaq. Mən tam əminliklə deyə bilərəm ki, baytarlıq sahəsində təhsil alan hər bir gəncimiz Azərbaycanda yaxın, hətta uzun müddətdə işlə təmin ediləcək imkanlar və ehtiyac var. Ölkədə baytarların orta yaşı artıq 60-ı keçib. Bunların hamısı bizə onu deyir ki, baytar çatışmazlığı daha da intensivləşəcək".
Hazırda paytaxtda fəaliyyət göstərən baytarlıq klinikaları əsasən özəl tibb müəssisələridir ki, burada çalışanlar isə gənclərdir. Demək yerlərdə nəinki insanların, heyvanların da sağlamlığı sual altındadır. Bölgələrdə kadr çatışmazlığının müşahidə edildiyi sahələrdən biri də müəllim ixtisasıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022/2023-cü tədris ilində ölkədə 151 634 müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 150 868 nəfərə düşüb.
2024/2025-ci tədris ilinin əvvəlində isə müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər təşkil edib. Cins bölgüsünə baxdıqda isə qadın müəllimlərin sayında daha kəskin azalma müşahidə olunur. Belə ki, 2022/2023-cü ildə qadın müəllimlərin sayı 124 293 nəfər idisə, 2023/2024-cü ildə bu rəqəm 124 840 nəfərə qədər artıb, amma 2024/2025-ci ildə 120 633 nəfərə enib.
Kişi müəllimlərin sayında da azalma qeydə alınıb. 2022/2023-cü ildə 27 341 nəfər kişi müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 26 028 nəfərə, 2024/2025-ci ildə isə 25 748 nəfərə düşüb. Beləliklə, son üç tədris ili ərzində həm qadın, həm də kişi müəllimlərin sayında azalma baş verir.
Sertifikasiya imtahanları nəticələrinə əsasən ümumilikdə 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib. MİQ imtahanında uğur qazanan gənc müəllimlərin isə əksəriyyəti bölgələrdə çalışmaq istəmir. Müəyyən edilmiş yaş həddinə çatan müəllimlər işdən azad edilir və gənc kadrlar olmadığı üçün müəllim çatışmazlığı özünü göstərir.
Qeyd edək ki, mütəxəssislər kadr çatışmazlığının müşahidə ediliyi bölgələrdə problemi aradan qaldırmaq üçün müəyyən edilmiş yaş həddi ilə bağlı bəzi dəyişikliklərə ehtiyac olduğunu bildirirlər.
Belə ki, məhz bölgələrdə adıçəkilən sahələrdə çalışan şəxslərlə bağlı yaş həddinin artırılması, məsafədən asılı olaraq əlavə ödənişlərin verilməsi kimi müxtəlif güzəştlərin tətbiqinin vacibliyi bildirilir.
Regionlarda gənc kadrların cəlbi ilə yanaşı, yaş həddini keçən kadrların çalışmasına da şərait yaradılmalıdır ki, kadr çatışmazlığı yaranmasın.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: bölgələr mütəxəssis
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 Fevral 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















