Boşa vurulan 25 zərbə
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan – Lixtenşteyn matçının nəticəsi (0:0) bir daha göstərdi ki, protokoldakı rəqəmlər meydandakı həqiqəti əks etdirmir. 25 dəfə rəqib qapısına tərəf zərbə vurub toru silkələyə bilməməyimizin günahını sırf Lixtenşteynin cərimə meydançasına çəkdiyi “avtobus”da axtarmaq özümüzü aldatmaq olar. Əsas problem hücum xəttindəki kəsərsizlik və epizodları tamamlamaq bacarığının olmaması idi.
Ənənəvi olaraq nizamlı, aşağı bloklu müdafiə futbolunu sevən Ayxan Abbasov bu dəfə komandasını 4-2-3-1 sxemi ilə meydana buraxmışdı. Məqsəd topa nəzarət etmək, rəqibi sıxmaq idi. Lixtenşteynin 4-3-3 düzülüşünə baxmayaraq ilk dəqiqələrdən arxaya çəkilməsi millimizi məcburən hücum futboluna sövq etdi. Amma topa sahib olmaq hələ dominantlıq demək deyil. Yekunda soyuqqanlılıq və dəqiqlik yoxdursa, topa istədiyin qədər nəzarət et, nəticə dəyişmir.
Elə matçın 37-ci saniyəsində Vüsal İsgəndərlinin fərqlənməyə çox yaxın olması, 17-ci dəqiqədə topu ayağından qaçırması hücum xəttindəki lazımsız tələskənliyin siqnalı idi. Toral Bayramovun sol cinahdan ünvanladığı dəqiq ötürməyə Mahir Emrelinin akrobatik həmləsi baxımlı alınsa da, zərbə çərçivədən kənar keçdi. Mahirin həm cərimə meydançasının daxilindən, həm də kənardan vurduğu top uzaqlara gedirdi. Hücumun əsas “sivri ucu” tamamilə kəsərsiz qalmışdı.
25 zərbədən yalnız 2-sinin real qol epizodu sayılması və Benjamin Büşelin matç boyunca topu qapı xəttindən çıxarmaq üçün çox əziyyət çəkməyib cəmi 5 seyvlə oyunu tamamlaması millimizin zərbə keyfiyyətinin nə dərəcədə aşağı olduğunu göstərir. 65-ci dəqiqədə qapıçıdan qayıdan topu Abdullax Xaybullayevin torla qovuşdurmaq əvəzinə göyə göndərməsi isə həlledici epizodlarda soyuqqanlılığın çatışmadığını nümayiş etdirdi.
İkinci hissənin əvvəlində Ayxan Abbasov müdafiə və yarımmüdafiə xəttinə müdaxilə etdi. Aktivində sarı vərəqəsi olan Tellur Mütəllimovu riskə atmamaq üçün gənc Rüfət Abbasovla, Rəhim Sadıxovu isə Çempionlar Liqasında təcrübəsi olan Aleksey İsayevlə əvəzlədi. 59-cu dəqiqədə millinin bombardiri Emin Mahmudovun yerinə Ayxan Hüseynovun gəlişi orta sahədə tempi artırmaq məqsədi daşısa da, Lixtenşteynin müdafiəsini yarmaq mümkün olmadı.
Digər tərəfdən, Lixtenşteynin hücum xəttində keçirdiyi rotasiyalar oyunun ümumi axınına təsir etmədi. Qonaqlar oyun boyunca endirdikləri cəmi 5 zərbə ilə nəticəni qorumağa kökləndiklərini açıq büruzə verdilər.
Lixtenşteyn kimi zəif rəqiblə heç-heçə etmək D Liqasında qrup liderliyi iddialarına ciddi zərbədir. Ayxan Abbasovun komandası hücum xarakterli futbol oynamağa çalışsa da, 25 zərbənin cəmi 2-sinin real təhlükə yaratması taktikadan daha çox fərdi icraçılıq və psixoloji hazırlıq problemlərindən xəbər verir.
Rəqibin səviyyəsini nəzərə alsaq, Lixtenşteynlə oyunda ələ düşən saysız-hesabsız şanslar Litva qarşısında olmayacaq. Bu səbəbdən hücum fazasının təşkilində və tamamlama epizodlarında qısa müddətdə böyük işlər görülməlidir. Oyunçular hər fürsəti maksimum dəqiqliklə dəyərləndirməyə borcludurlar.
Əgər milli Litva ilə görüşə də eyni gərginliklə çıxsa, nəinki qələbə qazanmaq, hətta bərabərliyi qorumaq belə sual altına düşəcək.
Ayxan Zayıdzadə
Baxış sayı:120
Bu xəbər 02 Oktyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















