Boşananları bu qədər qınamamalıyıq Mediasiya Şurasının rəhbəri MÜSAHİBƏ
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Nadir Adilov: "Bizdə boşanmaların statistikası katastrofik dərəcədə deyil"
Azərbaycanda mübahisələrin alternativ üsullarla, yəni məhkəmə prosesinə getmədən həll olunması istiqamətində mühüm institutlardan biri Mediasiya Şurasıdır. Bu Şura tərəflər arasında yaranan hüquqi və ya şəxsi xarakterli mübahisələrin qarşılıqlı razılaşma yolu ilə, könüllü əsasda və neytral şəxs olan mediatorun iştirakı ilə həllinə xidmət edir. Belə yanaşma vətəndaşlara həm vaxt, həm də maliyyə baxımından qənaət etməyə imkan verir və eyni zamanda məhkəmə sisteminin yüklənməsinin azalmasına səbəb olur.
Mediasiya Şurası qeyri-kommersiya əsaslı hüquqi şəxs kimi fəaliyyət göstərir və bu sahənin institusional inkişafına cavabdehdir, bu sahədə tənzimləmə, nəzarət və qiymətləndirmə fəaliyyətini həyata keçirir. Onun əsas funksiyaları sırasında mediatorların hazırlanması və təlimi, onların sertifikatlaşdırılması, fəaliyyətə buraxılması, etik davranış qaydalarına riayət olunmasına nəzarət, intizam tədbirlərinin görülməsi və müvafiq standartların tətbiqi yer alır. Şura, həmçinin ölkədə mediasiya fəaliyyətini tənzimləyən normativ aktların təkmilləşdirilməsi və bu sahədə ictimai maarifləndirmənin artırılması istiqamətində də mühüm rol oynayır, dövlət qrumlarına istər sahənin və istərsə də mediasiya sahəsini əhatə edən mühütdə baş verən proseslərin təkminləşdirlməsi məqsədi ilə səmərəli təkliflər verir.
Mediasiya institutunun əsas məqsədi hüquqi münasibətlərdə sülh və barış mühitinin təşviq olunması, vətəndaşlar arasında etimadın gücləndirilməsi və hüquqi mədəniyyətin artırılmasıdır. Bu mənada Şura həm hüquqi, həm də ictimai əhəmiyyət daşıyan bir missiyanı həyata keçirir.
Modern.az Mediasiya Şurasının İdarə Heyətinin sədri, hüqüq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilovla Şuranın və mediatorların fəaliyyəti, gələcək planları, ölkəmizdə artdığı vurğulanan boşanmaların əsas səbəbi və bu kimi digər mövzular barədə həmsöhbət olub.
- Nadir müəllim, Mediasiya Şurası 2020-ci ildən fəaliyyət göstərməyə başladı. Azərbaycanda həmin ildən mediasiyanın yaranmasına niyə ehtiyac yarandı?
- Ölkədə fəaliyyət göstərən peşə birliklərinin yaranmasında dövlətin xüsusi rolu var. Mediasiya Şurasının və bu peşənin yaranmasının səbəbi “Mediasiya haqqında” Qanunla bağlıdır. Prezident İlham Əliyevin imzaladığı bu qanunla Şuranın fəaliyyət növü tənzimlənib. Bu peşə fəaliyyətini də cənab Prezidentə borcluyuq, çünki o, Azərbaycan üçün yeni və gözlənilməz idi. Bizim fəaliyyətimiz sırf “Mediasiya haqqında” Qanundan irəli gələn müddəalarla tənzimlənir. Bir az da keçmişə baxsaq, yenə də görərik ki, cənab Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin tələblərində də mediasiya institutunun yaradılması, inkişafı,mediasiya peşəsinin yaranması və Şuranın formalaşdırılması nəzərdə tutulmuşdu. Bu da yol xəritəsinin strateji hədəflərindən biri idi və ölkədə aparılan islahatlarda rol oynamağa hesablanmışdı.
Burada bir neçə məntiq var. Birinci məntiq ondan ibarətdir ki, vətəndaşlara öz mübahisəsini məhkəmədən kənar, alternativ qaydada həll imkanları verilir. Məsələn, bizdə ənənəvi qaydada vətəndaşlar mübahisələrini məhkəmələrdə həll edirdilər, amma indi qanun mübahisələri tək məhkəmədə deyil, alternativ yollarla da həll etməyə imkan verir. Burada alternativ qaydanın önəmi tərəflərin məhkəməyə və ya inzibati orqana müraciət edərək kömək istəməyindən fərqlənir. Burada əlbəttə ki, qərardan kimsə razı, kimsə narazı qala bilər. Əslində isə istənilən məhkəmə və inzibati orqan ədalətli qərar verir. Amma bəzən praktikada tərəflərin biri bu qərarlardan narazı qalır və mübahisələndirir ki, kimsə və yaxud da kimlərsə mənə qarşı qərəzli qərar qəbul edib. Amma mediasiyada dövlət vətəndaşa səlahiyyət verir ki, hakim, məhkəmə, inzibati orqandan hansı ədalətli qərarı istəyirsənsə, mediatorun iştirakı, amma onun müdaxiləsi olmadan o qərarı özü verə bilsin, nəticəyə gəlsin. Bu halda isə, qərar verərkən nə mediatorun, nə də tərəfin birinin tək halda qərar qəbul etmək səlahiyyəti var. Bir daha qeyd edirəm ki, tərəflər birgə qərar qəbul edirlər. Birgə qərar qəbul edən şəxslərin əlbəttə ki, heç kimdən narazılığı ola bilməz və dövlət də öz növbəsində mediasyada qərar verən tərəflərin qərarının icrasına ən yüksək səviyyədə diqqət ayırır və bu məsələ də Qanunla tənzimlənir. Deyək ki, vətəndaş boşanır və ya tərəflər arasında əmək mübahisəsi yaranıb. Burada tərəflər 10 müddəa üzrə razılığa gəlirlər. Bu halda onlar məhkəməyə yalnız nikahın xitamı hissəsi üzrə ümraciət edirlər. Mən bunu həmişə deyirəm, mediasiyada iştirak etməyən, razılığa gələ bilməyən tərəfin, yaxud da tərəflərin heç birinin məhkəmədən və hakimdən narazı qalmaq haqqı yoxdur. Çünki bir daha qeyd edirəm, Qanunun fəlsəfəsi vətəndaşa deyir ki, ədalətli qərara və nəticəyə sən gəl, biz də dövlət olaraq sənin ədalətli nəticəni tanıyaq. Nəticədə tərəflər könüllü mübahisələrini razılaşdırırlar.
Mediasiya böyük mədəniyyətdir, eyni zamanda qısa və asan yoldur. Praktikadan baxsaq tam deyə bilmərik ki, biz cəmiyyət olaraq buna hazırıq, gedəcək uzun yolumuz var. Dövlət qərar verməni vətəndaşın üzərinə qoysa belə, bəzi hallarda vətəndaşlar qisasa meyilli olduqları üçün və bəzən problemin həllində deyil, bir – birini illərlə incitmək üçün üçün qərar qəbul etmək əvəzinə bir birindən bitib tükənməyən əsaslı və ya əsassız şikayətlərlə istər məhkəmələri, istərsə də dövlət orqanalarını yükləyirlər.
- Boşanmaların artması cəmiyyəti və onu təmsil edən şəxsləri ciddi narahat edir. Buna görə də tez-tez prosesin səbəbləri haqqında danışılır və bir növ günahkar axtarılır. Bu hadisələrin içində olan biri kimi siz necə düşünürsünüz, boşanmaya müraciət edənlərin əksəriyyəti kimlərdir və əsas səbəbləri nələrdir?
- Əsrin əvvəllərinə baxsaq görərik ki, ölkəmizdə müzakirə mövzuları Bakıya gələn ilk maşın və ya başqa texnoloji avadanlıqlar olub. İndi o mövzular yoxdur. Biz SSRİ dövründən çıxıb müstəqillik dövrünə qədəm qoyan, qapalı cəmiyyətdən açıq cəmiyyətə keçən millətik. Ona görə də, bizim üçün boşanma mövzuları indi aktualdır. Çünki o zaman boşanma məsələləri bu qədər ictimai, açıq deyildi və nəinki müzakirə mövzusu deyildi, hətta boşanma rəsmən qəbul edilmirdi - SSRİ vətəndaşı boşana bilməzdi. Bu gün aktual olan boşanma məsələləri, düşünürəm ki, 5-10 il sonra ümumiyyətlə aktual olmayacaq. Mən hazırda mediada, cəmiyyətdə boşanmalara bu cür reaksiya və ajiotajların əleyhinəyəm. Boşanma məsələlərinin ajiotaja çevrilməsi yersiz məsələdir. Birincisi Konstitusiya ilə hər kəsin ailə qurmaq hüququ var və qanunlarla ailə sirri qorunur. Ancaq bu məsələlər bizim cəmiyyət üçün yeni olduğundan daha çox diqqət çəkir. Niyə biz süni intellekti, ixtiralar, yeniliklər, innovasiyanı, rəqəmsal inkişafı bu qədər müzakirə etmirik? Halbuki süni intellekt vasitəsi ilə səslər saxtalaşdırılaraq kimlərsə şantaj edilə bilər. Biz deyək ki, innovasiya əsaslı ixtiraların həyatımızda rolunu, uşaqların innovasiya əsaslı mühitdə inkişafını, qadınların peşə inkişafını müzakirə etsək, bundan cəmiyyət daha çox qazanar, nəinki boşanmaları ajiotaj halına gətirməklə. Yəni boşanmaların bu qədər müzakirə edilməsinin mənfi tərəfləri daha çoxdur, amma biz ailə münaqişələrini müzakirə edirik. Çünki ailə elə modeldir ki, uşaqlıqdan onun içindəyik, hamının bu barədə danışmağa sözü var, amma süni intellekt haqqında danışmaq üçün xüsusi bacarıq, bilik lazımdır. Bu gün cəmiyyətdə boşanmadan danışmaq ən asan və bayağı mövzu olduğu üçün bu məsələlər ona görə belə aktualdır.
Subyektiv fikrimdir ki, ailə institunun dağılmasının əsas səbəbi ailə münasibətlərinin cəmiyyətdə açıq müzakirə edilməsidir. Məsələ ondan ibarətdir ki, biz heç birimiz o cütlüklərlə birlikdə yaşamır, onların qayğılarını bilmirik. Tərəflər bir müddət sonra bir-birlərini günahlandırır, həmişə demişəm, bir daha təkrar edim, sevgi romantizmdir, ailə realizmdir. Ailəni real qəbul etmək lazımdır. Cəmiyyətimizdə ən böyük problemlərdən biri də boşananlara qarşı bulinqdir, qısnamadır, onların linç edilməsidir. Bu doğru deyil. Biz boşanmaların əsla tərəfdarı deyilik, amma boşananları də bu qədər linç etmək, onları əzmək normal hal deyil. Bütün evliliklər, toylar bir-birinə bənzəsə də, heç bir boşanma bir-birinə bənzəmir. Boşanmaların şişirdilməsi isə mövsümü bir şeydir və bu da keçib gedəcək. Birlikdə yaşamaq ailə institut deyil. Boşanmanın ajiotaj olmasını ona görə vurğuladım ki, bütün konvensiya və qanunlar ailə institutundan danışanda uşaqların hüquq və mənafelərinin qorunmasını nəzərdə tutur. A və B, yəni qadın və kişinin bir-birindən xoşu gəlməyə, xasiyyəti tutmaya bilər, bu normaldır. Amma boşanmanın uşağın böyüməsinə təsiri və uşağın böyüməsində hər iki valideynin iştirakı ailə institutuna daxildir. Məsələn, cütlüklər boşanır, qadın üç uşağı ilə tək qalır, ata həmin uşaqların böyüməsində iştirak etmirsə, hansı ailə institutundan danışa bilərik? Ailə institutu davam edən institutdur, yəni uşaq böyüyənə qədər aktual olur. Biz boşanmalarda bunu qarışdırırıq. Düşünürük ki, tərəflər boşanırsa, ailə institutu məhv olur. Belə ailə institutu məhv olmur, sadəcə A və B boşanır. Amma gəlin baxaq, uşağı birgə böyüdürlərmi? Bunun üçün mədəni və kübar boşanmalar olmalıdır, bunun üçün də bir müddət keçməlidir. Biz boşanmalardan danışarkən guya ailə institutunu qorumağı düşünürük. Amma bu kökündən səhvdir, deyək ki, bir ailədə qadın şiddət görür, döyülür, işgəncə verilir. Bu adam boşanmasın? Deyək ki, boşandı, amma uşaqları da var. Hardadır burda valideynlərin uşağın böyüməsindəki rolu? Bir daha deyirəm, biz ailələrərdən danışırıqsa, uşağın böyüməsi ailə instutunun təməl prinsipi olmalıdır. Boşanma ərəfəsində tərəflər uşağın böyüməsində, onun 18 yaşına qədərki həyatı haqqında ortaq qərarlar alır və anlaşıb boşanırlarsa, bu, ailə institutunu qorumaq hesab edilir. Baxın, A və B boşanır, ən çox əziyyət çəkən uşaq olur, çünki onun qərar vermə səlahiyyəti yoxdur. O bilmir harada oxuyacaq, hansı məktəbə, necə gedəcək. Açıq deməsəm də, nümunə kimi qeyd etməliyəm ki, bəzi boşanmalarda atanın uşağın böyüməsində heç bir iştirakı olmur və amma onun həyatına qisas məqsədi ilə müdaxilə etmək istəyir. Məsələn, həmin yeniyetmə xaricdə ən nüfuzlu universitetlərin birində təhsil almaq istəyir, amma ata boşandığı üçün deyir ki, mən icazə vermirəm ki, o, ölkəni tərk etsin. O zaman biz hansı ailə institunun inkişafından danışırıq? Axı bu uşağın valideynləri boşansa da, ailə üzvləri həm də atadır, anadır. Amma normal boşanma olsa, cəmiyyət inkişaf edər, uşaqlar da travma almaz. Anormal boşanmalarda isə tərəflər bir-birindən qisas almaq haqqında düşünür. Bu məsələləri ajiotaj halına gətirməkdənsə, uşağın böyüməsi, ümumiyyətlə uşağın hüququ ilə bağlı məsələlər gündəm olmalıdır. Bəzən təəssüf ki, bir çox hallarda boşanmalarda uşaqların qarşılaşacağı vəziyyətlər düzgün təhlil edilmir.
- Son statistikala göstərir ki, ölkəmizdə uzun müddət evli olan və yaşı 40-dan çox olan insanların boşanma sayında da artım müşahidə olunur. Bunu da problem kimi qəbul etməməliyik? Ümumiyyətlə yaşlı və gənc ailələrin boşanmasında hansı fərqləri müşahidə etmisiniz? Gəncləri barışdırmaq daha asandır, yoxsa yaşlıları?
- Mən bu məntiqin əksini deyərdim. İddia edirəm ki, bizdə boşanmaların statistikası katastrofik dərəcədə deyil. Statistika olaraq dəqiqdir, amma mahiyyət başqadır. Yarızarafat, yarıgerçək deyim ki, bəzən bizdə ailə institutunu qorumaq üçün ailələr boşanır. Bax bu da statistikaya təsir edir, amma mahiyyət fərqlidir. Bu cür hallarla tez-tez rastlaşırıq. Məsələn, bəzi xarici ölkələr subay insanlara viza vermir. Deyək ki, A və B – biri qadın və biri kişi xaricə getmək istəyir. Hər ikisinin hədəfi həmin ölkəyə getməkdir. Hər ikisi qanunla nikaha girir, xaricə gedir və xaricə gedəndən sonra deyir ki, biz boşanmaq istəyirik. Bu cür nümunələr çoxdur. Real boşanmalar da var ki, dünya ilə müqayisədə onlar da katastrofik qaydada deyil. Yəni deyildiyi kimi, Azərbaycan ailəsi dağılmır. Ekspertlər nümunəni əsasən xaricdən götürür, məsələn deyir ki, bir ölkədə ailə qura biləcək əhalinin sayı 1 milyondur, boşananların sayı isə 100 min. Müqayisə etsək, həmin ölkələrdə rəsmi nikaha girənlərin də axı sayı kəskin azdır, əksəriyyəti mülkü nikahda – qeyri-rəsmi yaşayır. Bu müqayisələr üzərindən gedəndə adam düşünür ki, əgər biz bu mövzuları ajiotajdan realizmə çevirə bilməsək, bir müddət sonra onun travmatik nəticələrini cəmiyyətdə görəcəyik. Siz təsəvvür edin ki, bu sözləri eşidən uşaqların beyninə “ailə dağılır” ifadəsi simptom olaraq oturur, əlbəttə ki, sabah ailə dağılanda o buna normal baxmağa başlayacaq. Ümumiyyətlə, ailə institutu ilə bağlı məsələlər müzakirə olunmalıdır, amma burada müzakirə mövzusu uşağın gələcəyi, böyüməsi, təhsili olmalıdır. Amma boşanmalar nə qədər ki, ajiotaj olaraq müzakirə olunacaq, bu mənfi nəticələr verməyə başlayacaq. Bundan qazanan kimlərdir? Dövlət istər boşanan, istərsə də valideyni olmayan şəxslərə kifayət qədər imkanlar yaradıb – ixtisaslaşmış məktəblər, xaricdə təhsil imkanı və sair güzəştlər var. Gəlin görək dövlətin bu humanist siyasətini biz boşanma qədər reklam edirikmi? Etmirik, o fürsətləri göstərmirik. Məsələ sırf cinslərarası münasibət əsnasında müzakirə edilir. Reallıq odur ki, A və B birlikdə yaşamaq istəmir və biz ailə modelini onda görürük. Problem cinslər arasında münasibətdir.
Yaşlı nəsillərə gəldikdə isə onlar arasında da real boşanmalar var, amma gəlin biz işin növlərinə baxaq. Tərəflər düşünür ki, 70 yaşına çatıb, 20 nəvəsi, 5 uşağı var. Əmlakı onlar arasında bölməlidir. Bir ağıllı hüquqşünas da deyir ki, siz boşansanız əmlakınız tərəflər arasında bu cür bölünəcək, deyək ki, bunun hüquqi taktikası budur. Bu da düşür statistikaya ki, adamlar boşanır. Amma demək olmaz ki, uzun müddətli evliliklərin hamısının boşanma səbəbi budur. Real tərəfə baxsaq, nəzərə alsaq ki, yaş keçir, adamın psixoloji durumu və yaxud da insanların bir-birinə münasibəti dəyişir. Məsələn fikirləşirlər ki, boşansa oğlu-qızı ona baxacaq, buna görə də ağır xasiyyətli adamla birlikdə yaşamaqdan imtina edir. Bunu bir cinsli və bir qütblü təhlil etmək mümkün deyil. Bunu bilmək üçün təhlil institutları işləməlidir. Bunlar təhlil olunub, strateji planı qurulmalıdır. Amma biz real təhlil görə bilmədiyimiz üçün bu barədə kəskin fikir bildirə bilmirik.

- Mediasiyaya müraciət icbaridirmi və ödəniş kim tərəfindən həyata keçirilir?
- Nazirlər Kabineti tərəfindən müəyyən edilən mediasiya xərcləri var. Boşanmaq istəyən tərəflərdən biri ilkin mediasiya sessiyası üçün 50 manat pul ödəyir. Proses bir neçə dəfə, tək tərəfli və ya hər iki şəxsin iştirakı ilə baş tuta bilər. Mediator bu sahədə əmək sərf edir, zaman sərf edir ki, tərəfləri ilkin mediaisya zamanı prosesin məntiqini ziah etsin. Deyək ki, barışıq baş tutmadıqda və tərəflər məhkəməyə getdikdə məhkəməyə veriləcək rüsumdan həmin 50 manat çıxılır. Deyək ki, məhkəməyə 100 manat yox, 50 manat ödəyir və vətəndaş burada da heç nə itirmir. Biz buna icbari demirik, deyək ki, vətəndaşların mediasiyaya müraciəti bir növ dövlətin təşviqidir. 50 manata vətəndaşa göstərilən mediasiya xidməti, məsləhətlər, mediasiya sessiyası və konsultasiyasıhəmin o xərclərə daxildir. O xərclərin içində bundan başqa mediatorun zəhmət haqqısı, vergilər, ofisin saxlanma xərcləri və sair daxildir, amma desəniz ki, gəlirlər xərcləri tam qarşılayırmı, təbii ki, bir çox hallarda yox. Hətta iqtisadi cəhətdən mediator üçün ofisi saxlamaq çətindir. Bizim fəaliyyət daha çox sosial xarakterlidir.
Nəticədə vətəndaş heç bir pul itirmir, deyək ki, mediator qonorar qazanır, amma təsəvvür ediləcək dərəcədə də deyil. Onu da qeyd edək ki, 50 manatı ödəyə bilməyən vətəndaşlar DOST agentliyinə müraciət edib aztəminatlı, işsiz şəxs olduqları ilə bağlı arayış alsalar, ilkin mediasiya xərcləri dövlət tərəfindən ödənilir. O vəsaitlər indiki halda mediasiya təşkilatlarına daxil olur. Bəzi mediasiya təşkilatlarında 5-25 arası mediator var. Burada da iş, icraat hər mediatora bölünür. Vəsaitlərin ödənilməsi bizdə tamamilə elektron formadadır və vətəndaşlarımızdan hansısa mediasiya təşkilatı və ya mediator nağd pul tələb etsə, bizə və hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.
- Bir sıra hallarda hər iki tərəfin istəyi ilə boşanma qərarına gəlinir və ya bəzi hallarda boşanmaq qaçılmazdır. Bəziləri düşünür ki, Mediasiya Şurasına müraciət prosesi ləngidə və insaları təhlükəyə ata bilər, siz bu fikirlə razısınızmı?
- Elə bir hal olarsa, qanunvericilikdə də tənzimləndiyi kimi mediator hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Xüsusilə məişət zorakılığı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib işə imtina verilməlidir. O cür hallar beynəlxalq mediasiya fəlsəfəsində də kəskin müzakirə olunan məsələdir. Beynəlxalq təcrübə də göstərir ki, zorakılıq və təhdid olan işlərə mediasiya baxmamalıdır. Bizə müraciət edənlər arasında bu cür mürəkkəb situasiya ilə qarşılaşan mediatorlarımız olub. Elə olub ki, adam gəlib mediasiyaya, əri çöldə gözləyib ki, çıxsın buna nəsə edim. Bu zaman köməyə hüquq-mühafizə orqanları gəlib. Bu kimi hallarda mediatorlar hüquq-mühafizə orqanları ilə mediasiya məxfiliyini qorumaqla səmərəli işləyirlər. Peşəyə yeni başlayanda da, indi də Daxili İşlər Nazirliyi, Baş Prokurorluq bizə bu mövzuda çox kömək olub, onlara çox böyük təşəkkür düşür. Biz hətta mediatorlarımızın təlimlərində də bu mövzunu davamlı aktuallaşdırırıq. Onlara məişət zorakılığına məruz qalan ailələrlə necə işləmək lazımdır, yanaşma necədir, qanunun tələbi necədir kimi seminarlar keçirilir, amma əksər vaxt bu məsələ mediasiya müstəvisindən çıxır.
- Mediasiya Şurasının şöbələrinin sayını rayonlarda artırmağı düşünürsünüzmü, bu halda hansı rayonlar nəzərdə tutula bilər?
- Bu çox aktual məsələdir. Mediasiya Şurası olaraq çox çətin vəziyyətlə fəaliyyətə başlamışıq. Biz yalnız mediatorların və mediasiya təşkilatlarının Şuraya ödədiyi üzvlük haqqından maliyyələşirik, qalan heç bir tərəfdən gəlirimiz yoxdur. Bəzən mediatorlarımız, bəzi mediasiya təşkilatlarımız imkan olduqda Mediasiya Şurasının fəaliyyətinə dəstək məqəsədi ilə Şuranın hesabına könüllü ianələr də edirlər. Biz yaranan gündən sıfır büdcə ilə formalaşan təşkilatıq, amma Azərbaycan dövlətinə də təşəkkür düşür ki, aztəminatlı ailələrin mediasiya xərcləri dövlət hesabına ödənilir. Bu məsələlərin bir az maddi tərəfi və təcrübələrin öyrənilməsi prosesi önəmlidir.
Hazırda 44 mediasiya təşkilatı fəaliyyət göstərir, onların 16-ı Bakıda, digərləri rayonlardadır. Builki əsas hədəflərimizdən biri də Azərbaycan dövlətinin siyasətinə uyğun və dövlət siyasətimizin mediasiya sahəsindəki roluna dəsətək olaraq, böyük şəhərlər də daxil olmaqla bütün rayonlarda Mediasiya Şurasının üzv təşkilatları olan mediasiya təşkilatlarının fəaliyyətə başlaması dayanır. Bu bizim işimizin məhsuldarlığı, şəffaflıq və vətəndaş əlçatanlığı üçün olduqca mühüm addımdır. Bu günlərdə yeni rayonlarda fəaliyyət göstərəcək 5 təşkilatımız dövlət qeydiyyatdan keçib. Digər təşkilatların da qeydiyyatını gözləyirik və nəticədə təşkilatın bütün ölkədə fəaliyyəti mümkün olacaq. Əslində 3 il bizim üçün çox az bir vaxtdır. Bəzən tərəflər bizə müraciət edir, görürsən ki, 20 ildir evlidirlər və problemlərini hələ də həll edə bilməyiblər. Amma 3 il yarım formalaşan qurumdan cəmiyyət daha çox şey gözləyir. Biz hələ bu peşəni təzə-təzə cəmiyyətdə tanıtmağa başlayırıq. Ona görə də görüləsi çox işimiz var.

- Regionlarda mediator çatışmazlığı və ya keyfiyyət fərqləri müşahidə olunurmu? Müşahidələr göstərir ki, Bakı ilə digər rayonların nəticələri arasında kəskin fərqlər var.
- Regionlarda kifayət qədər ciddi mediatorlarımız var və çox uğurludurlar. Keyfiyyət eynidir – istər Bakı, istərsə digər rayonlarımızda keyfiyyət fərqi yoxdur. Amma ən ciddi problemimiz mediator çatışmazlığıdır. Bəziləri düşünür ki, mən bu peşəyə gələcəm və normal pul qazanacam. Amma reallıq fərqlidir. Təbii ki, bizdə istərdik ki, mediatorlarımızın maddi motivasiyası kifayət qədər yaxşı olsun. Bu səbəbdən bir çoxu sona qədər davam gətirə bilmir. Hər bir peşənin yaşı olur. Məsələ,n ölkədə vəkillik və jurnalist ixtisasının 100-dən çox yaşı var. Bu ixtisaslar ənənə ilə gəlir. Bizim mediatorluq peşəsinin ortalama cəmi 4 yaşı var. Burada o təcrübələrin yaranması, qazanc məsələsi bir tərəfə, elə rayonlarımız var ki, orada ümumiyyətlə medirator, mediasiya təşkilatımız yoxdur, eləsi də var ki, orada daha çox mediator var. Bəlkə də çoxu ehtiyyat edir, risk etmir bu peşə ilə məşğul olmağa, çünkü çox məsuliyyətli və çox ağır peşədir. Bizə müraciət edənlərin əksəriyyətinin sualı o olur ki, aylıq nə qədər qazanacağıq? Biz bu suala konkret cavab verə bilmirik. Bizim qazancımız bayaq dediyimiz 50 manat deyil. Barışıq sazişi əldə etməyən mediatorun gəliri kəskin az olur, bəzən olmur, ola da bilməz. Çünki o, iş aparmalıdır. A və B ilə görüşməli, onları uzlaşdırmalı, nəticədə masaya sənəd gətirib imzalamalıdır. Barışıq sazişi olmayanda mediator təbii ki, yaxşı qazanmayacaq. Bu gün regionlarda, əsasən də Qarabağ bölgəsində mediatorlara ehtiyacımız var. Xüsusilə də qayıdışla bağlı bizim çox ciddi mediatorlara və mediasiya təşkilatlarına ehtiyacımız yaranıb.
- Şuranın həm də dövlət tərəfindən maliyyələşməsi məsələsini parlamentdə qaldırmağı düşünürsünüzmü?
- Cənab Prezidentin təşəbbüsü ilə “Mediasiya haqqında” Qanuna əlavə və dəyişikliklər parlamentdə müzakirə olunur. O dəyişikliklər parlamentdə qəbul olunsa, fəaliyyətimizə xeyli təkan veriləcək. Çünki təcrübədə qarşımıza çıxan problemlər həllini o qanunda tapmağa başlayacaq. Açıq mətnlə deyirik ki, təkcə dövlət tərəfindən yox, ümumiyyətlə Mediasiya Şurasının maliyyələşməsinə çox ciddi ehtiyac var. Məsələn, qanun bizə diqtə edir ki, mediator ekspert dəstəyi ala bilər. Bizim mediator özü psixoloq olsa da, o psixoloji dəstək verə bilməz, amma bizə müraciət edən cütlüklərə bir çox hallarda hüquqşünas, psixoloq dəstəyi lazım olur. Bu toplu halda olsa və bizim maliyyələşməmiz baş versə, mediasiyanı daha çox tanıdarıq. Bizim tanıtıma, reklama, marketinqə ayıracaq büdcəmiz yoxdur, indiyədək bizə dəstək verən media təmannasız bu işi görüb. Biz insanları daha çox maarifləndirsək, insanlar mediasiyada problemlərini daha çox həll edə bilər. Bunun bir nömrəli çıxış yolu vəsaitin olmasıdır.
- Parlamentdə “Mediasiya haqqında” Qanuna dəyişiklik müzakirə edilən zaman bəzi deputatlar mediatorlar arasında boşanan kişi və qadınların mediator olmamalı olduğunu vurğulayıb. Siz bu fikirlə nə dərəcədə razısınız?
- Millət vəkilərimizə böyük hörmətimiz və ehtiramımız var, təbii ki, hər kəsin söz demək haqqı var. Biz bunu normal qəbul edirik, amma, mənim fikrimcə, mediatorları bu cür bölmək düz deyil. Birinci bu fikirlə biz insanların peşə fəaliyyətin məhdudlaşdıra bilərik. Heç kim boşanan ailələrin dərdini bilmir. Məsələn, bir qadın hər gün evində zorakılığa məruz qaldığı üçün boşanır və himayəsində də iki uşaq var, həmin qadın həm də peşəkar hüquqşünasıdır. İndi o boşandığı üçün heç bir fəaliyyətlə məşğul olmamalıdır? Düşünürəm ki, təkcə mediatorlara yox, ümumilikdə heç bir peşə fəaliyyətinə boşanmanın aidiyyatı olmamalıdır. Əksinə, xüsusilə boşanan qadınlara iş yeri tapmaqda köməklik etmək lazımdır ki, onlar himayəsində olan uşaqlara baxsın, məşğulluqları artsın. Biz boşananların məşğulluğunu artırmaq üçün atılacaq addımlardan danışmalıyıq. İnsanlar boşanır, himayəsində bir neçə uşaq, gəliri də yoxdur, yaxşı, bu adam necə yaşasın? Hörmətli millət vəkilimiz hər zaman mediasiyaya diqqət və dəstək göstərən şəxslərdən olub, ola bilsin ki, onun da hansısa haqlı səbəbləri və sübutları var. Amma subyektiv fikrimdir ki, boşananları bu qədər qınamamalıyıq.

- Qanunvericiliyə görə, mediatorun minumum yaşı 25-dir, eyni zamanda parlamentdə bu məsələ də tənqid olunmuşdu. Bəziləri düşünür ki, həyat təcrübəsi olmayan insanlar bu işlə məşğul olmamalıdır. Siz işə qəbul zamanı mediatorların həyat təcrübəsi və yaşını nəzərə alırsınızmı?
- Bizim qanun dünyada ona görə mütərəqqi hesab edilir ki, mediator olmaq üçün ixtisas tələbi yoxdur. İstənilən ali təhsil və üç il stajı olan 25 yaş və yuxarı şəxslər mediator ola bilər. Qanunvericilik bunu düşünəndə boş-boşuna düşünməyib. Ağsaqqallarımıza çox böyük hörmətim var. Hər yerdə deyirəm ki, biz ağsaqqala hörmət edən cəmiyyətik və mən ağsaqallarımızın ayağını qoyduğu yerə başını qoyan nəslin nümayəndəsiyəm. Lakin ağsaqalla, nəsillə peşənin heç bir probelemi yoxdur. Problem nəsillərin, fikirlərin, innovasiyaların bizə təsirlərinin sürətlə dəyişməsindədir. Təcrübə göstərir ki, gənclər daha yaxşı mediator olur. Mən də mühafizəkar nəslin nümayəndəsiyəm və övladlarımla danışanda belə, bəzi müasir yanaşma terminlərini özüm də başa düşmürəm. Real boşanma hekayələrində isə bunlar tez-tez olur. Məsələn, tərəflər boşanma səbəbi kimi İnstaqramda həyat yoldaşlarının təq etdiyi postu bəyənmir və bu praktikanı bilməyən ağsaqqalla danışanda o, nəyin necə olduğunu anlamayacaq. Bu məsələnin əsasını bilənə qədər isə artıq gec olacaq. İndiki nəsil tatodan istifadə edəndə yaşlı nəsil onu o qədər də normal qarşılamaya bilir, amma gənclər hadisəni daha yaxşı başa düşür. Bizim həm peşəkar, həm də gənc nəsil mediatorlarımız var. Kifayət qədər ağsaqqal və peşəkar, gənclərin dilində danışan mediatorlarımız da var. Gənc dedikdə tək yaş nəzərdə tutmur, eyni zamanda zamanla ayaqlaşan şəxsləri də bu kateqoriyada görürük. Bəzən mən özüm yarızarafat, yarıgerçək yaşından asılı olmayaraq bütün mediatorlara müraciət edəndə "əziz gənclər" deyirəm. Çünki bizim peşənin özü hələ nəinki gənclik, hətta deyərdim, körpəlik yaşını yaşayır. Odur ki, biz hamımız bu peşə üçün çox gəncik. Biz həmçinin gənclərin bu peşəyə gəlməsinin tərəfdarıyıq. Siz təsəvvür edin ki, 25 yaşda mediator olan biri 15 il sonra artıq ixtisaslaşmış, ağsaqqal və peşəkar şəxs olacaq.
- Şurada 272 kişi, 109 qadın mediator var. Kişi və qadın mediatorlar arasında hansı fərqləri müşahidə edirsiniz, hansıları bu işdə daha uğurlu hesab etmək olar?
- Hər ikisi uğurludur. Bəzi peşələri sonradan qazanmaq olmur, bu peşə ilə doğulmalısan. Mediatorluq da bura aiddir. Nifrət dili ilə danışan, qəzəbli və qərəzli olan adam mediator ola bilməz. Bu peşə ilə empatiya və simpatiya qurmağı bacaran, başqalarının yerinə düşünə bilən adam olmalıdır. Əgər adam aqressivdir və öz mübahisəsini həll etmək iqtidarında deyilsə, yaxud da kəskin şəkildə neqativ və deyingəndirsə, başqasının mübahisəsini necə həll edə bilər? Təcrübə də göstərir ki, bir adam münaqişə, qisas və qəzəblə yaşayırsa, o mediator ola bilməz. Mediatorluq həyat tərzidir. Yaxşı mediator öz münaqişəsini özü həll etməyi bacarandır. Ümumiyyətlə, peşələri cinslərlə bölməyin tərəfdarı deyiləm. Kifayət qədər peşəkar qadın və kişi mediatorlarımız var. Amma çox istərdik ki, qadın mediatorlarımızın sayı çox artsın. Çünki bəzən müraciət edən tərəf bildirir ki, mediator mütləq qadın olmalıdır. Bu kimi məsələlərdə qarşı tərəfi də başa düşmək çox vacibdir. Ən böyük problemlərimizdən biri də bəzi regionlarımızda sadəcə kişi mediatorların olmasıdır. Bunun üçün də qadınlar mediatora müraciət etmək istəmirlər. Amma bizim peşə qadın və kişidən deyil, peşəyə yanaşmadan aslıdır. Yenə də o fikirdəyəm ki, içində barış alovu olmayan, kin – küdurətli şəxs, özü-özü ilə barışa bilməyən adam başqalarını barışdıra bilməz.

- Bəzi təşkilatlarda mediatorların illik fəaliyyəti sıfır barışıqla yekunlaşıb. Bir il ərzində bir nəfəri belə barışdıra bilməyən mediatorların fəaliyyətinə xitam verilməsi və ya başqa yollarla nəzarət haqqında düşünürsünüzmü?
- Burada bir neçə səbəb var. Şəffaflığa önəm verən qurumuq. Odur ki, hesabatlarımızı yayanda bütün mediatorların adları ilə birlikdə kimin il boyu nə qədər iş gördüyü, nəticələrinin necə olduğunu şəffaf şəkildə, detalları ilə qeyd edirik. Əslində bunu etməyə də bilərik, amma bunu həm özümüz, həm mediatorlarımız, həm də cəmiyyətimiz istəyir. Və ən əsası bu, qanunun tələbidir. Burada məsələ odur ki, bəzi mediatorlarımız başqa işlə məşğul olur, üzvlük haqqını ödəsə də, iş götürmür. Bu normaldır. Mediatorumuz var ki, icraatında 20 iş var, amma nəticə sıfırdır. Bu cəmiyyətdə çaşqınlıq yaratsa da, onu dəqiq bilirik ki, tərəfləri barışdırmaq istəməyən mediator yoxdur. O 20 iş sıfır olsa da, 20 təcrübədir. Həmin mediator qarşı tərəfi dəfələrlə mediasiya sesiyalarına dəvət edir, çalışır, əmək verir. Deyək ki, qarşı tərəf mediasiyaya gəlməkdən imtina edib, məsələn A gəlib, B yoxdur. A isə B-siz qərar qəbul edə bilməz, mediator da qərar verən tərəf deyil. Tərəflərdən birinin gəlməməsi cəmiyyətdə ən böyük hüquqi problemlərdən biridir. Bu isə hüquq mədəniyyətinin təşviqindən aslıdır. Burada tətikləyici nüanslar var ki, bu da ailəyə başqalarının müdaxiləsidir. Milli mentalitetimizdə bizim inkişafımıza zərbə vuran məqamlar var. Məsələn, qonşu, hüquqşünas, nə bilim tanış tərəflərdən birinə deyir ki, “arayışını al, get məhkəməyə”. Biri demir ki, get mediasiyada razılaş, heç məhkəməyə getmə. Həmin adam da bizdən çox qonşusuna inanır. Çünkü bizi hələ tanımır, qonşusunu, hüquqşünası 20 ildir tanıyır, yaxud hansısa ad günündə eyni masada oturublar. Bu vəziyyət tam oturuşmadığı üçün biz nəticəsi sıfır olan və ya 30 işdən 3 barışıq olan mediatorlarımızı Şura olaraq qınamırıq. Tərəflərin gəlməməyinin səbəbini mediatorun uğursuzluğu kimi yaza bilmərik.
Bacarıqlardan da çox şey aslıdır, mediator məcbur kimisə barışığa gətirə, qapısına gedə bilməz. Ona görə də, bu proseslər tam sistem halına gəlməsi bir az zaman və təcrübə istəyir. Amma son tendensiya onu göstərir ki, birbaşa məhkəməyə getməkdənsə, mediasiyaya müraciət edən insanların sayında artım var. Media da bu gün boşanmaları ajiotaja çevirməkdən daha çox mediasiyanın önəmindən, faydasından danışsa və təşviq etsə, bütün məsələlər bizdə həll olunar. Beynəlxalq ekspertlər də deyir ki, Azərbaycanın 3 ilə keçdiyi mediasiya yolunu digər bir çox ölkələr 10 ilə keçib. Bu böyük uğurdur, çünki təşkilatlanma, dövlətin bizə verdiyi siyasi, qanunvericilik dəstəyi ciddi uğurdur, amma 5-10 il sonra vəziyyət indikindən daha yaxşı olacaq. ASAN və DOST xidmətləri yarananda və indiki vəziyyəti arasındakı fərq də bunu göstərir. Bütün islahatlar zaman və ictimai etimad istəyir. Vətəndaş mediasiyaya gəlib yaxşı xidmət görməlidir ki, hər problemində ilk bizə müraciət etsin.
- 2024-cü ildə kommersiya mübahisələri üzrə cəmi 647, mülki mübahisələr üzrə isə 377 müraciət qeydə alınıb. Bu qədər aşağı göstərici cəmiyyətin mediasiyaya hüquqi deyil, sadəcə ailəvi məsələləri həll edən qurum statusu verirmi, bu fikirlə nə dərəcədə razısınız?
- Mən belə düşünmürəm. İnsanlar əlbəttə ki, mediasiyanı hüquqi müstəvidə görürlər. Məsələ ondan ibarətdir ki, bizdə kommersiya və mülki məsələlərdə hansısa icbarilik yoxdur. Buna baxmayaraq insanlar bizə müraciət edir. Sözün yaxşı mənasında mediasiyanın faydasını görən yenidən bura gəlir.
“Məhkəmə və hakimlər haqqında” Qanunda edilmiş yeni dəyişikliyə görə məhkəmədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi onların mediasiyaya yönləndirdiyi işlərdən də asılı olacaq. Bu o deməkdir ki, hakim işin mediasiyada həll olunmasını mümkün görürsə, vətəndaşa da bunu tövsiyə edəcək. Bu çox mütərəqqi, hətta dünya ölkələrinə nümunə olacaq bir addımdır.
Bu məsələ zamana bağlıdır. Kommersiya subyektləri arasında maarifləndirmə və təşviq işinə ciddi ehtiyac var. Hazırda bu sahədə gördüyümüz işlər o qədər də çox deyil. Çünki gücümüz və maliyyəmiz çox deyil.
Bizim ölkədə axtarış versəniz, kommersiya hüququ haqqında 50 kitab tapmaq olar, amma kommersiya hüququnda mediasiyanın rolu müstəvidə kitab yoxdur. Bizim peşə nəzəriyyə və praktika birlikdə böyüyür. Ölkəmizdə mediasiya ilə bağlı cəmi 6 kitab mövcuddur. Zamanla ixtisasın formalaşması bu kimi problemləri də aradan qaldıracaq.
- Ailəvi məsələlərin həllində bir növ hamının praktikası olur, amma kommersiya və əmlak məsələlərinin həlli istiqamətində mediatorluq etmək üçün ixtisaslaşmağa ehtiyac olduğu düşünülür...
- Bizdə qanunla təlimlər ixtisaslaşıb. Baza mediasiya təlimləri sırf kommersiya üzrədir. Ailə-əmək və istehlak da ixtisaslaşıb. Bizdə təcrübə onu göstərdi ki, ailə münasibətlərində uğurlu mediator kommersiya münasibətlərində uğurlu ola bilmir. Çünki həmin mediator depozit, uçot və faiz anlayışlarını bilmir. Ona görə də biz məcburi sürətdə ixtisaslaşmağa gedirik. Prosess özü də mediatorları ixtisaslaşdırır. Artıq bu sahədə ixtisaslaşmış peşəkar mediatorlarımız var ki, kommersiya subyektləri müraciətlərinə həmin şəxslərin mediatorluq etmələrini istəyir. Mediatorun əsas rolu hər iki tərəflə dil tapmaq və onları uzlaşdırmaqdır. Mediasiyada hər iki tərəf həm udur, həm uduzur, həm də güzəştə gedir. O güzəşti, ortaq nöqtəni tapa bilən adam gərək o ixtisasla bağlı heç olmasa ilkin təməl anlayışlarını bilsin.

- Tamamlanan işlərdən tam mediasiya sessiyasına keçilməyən işlərin sayı tək Bakıda ümumilikdə 3269-dur. Bu Mediasiya Şurasının uğuru, yoxsa uğursuzluğu hesab edilməlidir?
- Hər bir peşənin öz protokolu var. Hər bir işin tamamlanmış və davam edən hissələri var. “Mediasiya haqqında” Qanun bizə konkret zaman aralığı verir və deyir ki, bu işə bu zaman içində baxmalısan. Biz hesabatı hazırladığımız dövrdə bəzi işlərə verilən zaman dolmur və onu bitmiş iş kimi təqdim edə bilmirsən. Bu işin texniki və protokol tərəfidir.
- İl boyu 47.212 müraciətin tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 22.033, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 6.488-dir. Barışıq sazişi ilə nəticələnən işlərin sayı isə il boyu 7.554-dür buna baxmayaraq 47% uğurlu nəticə əldə etdiyinizi bildirisiniz. Bu nə ilə əlaqəlidir, çünki müraciət və barışıq sazişlərinə baxdıqda bəzi suallar çıxır...
- Biz Avropa İttifaqının və Avropa Şurasının bu işə baxan ekspertləri ilə hesablama sistemini xeyli dəyişdik. Xitam verilən işlərin özü ciddi mediasiya uğurudur. Tutaq ki, hər hansı bir adamın yoldaşı mən Rusiyaya gedirəm deyəndə, yoldaşı da mən boşanıram deyir. Həmin adam bir-bir təşkilatları gəzir, müraciət edir, amma nəticədə boşanmır. Və deyir ki daha mediasiyaya gəlmirəm. Biz bu işə baxıb xitam verdiyimiz üçün işi tamamlanmış hesab edirdik. Başqa bir nümunə də çəkim: hər iki tərəf gəlib bizə müraciət edir, bir müddət təşkilata gəlir, sonra gəlmir, deyir ki, biz barışdıq. Xitam verilən işlərdə mediatorların barışdırdığı işlər də var ki, o işlərdən biz pul almamışıq. Siz təsəvvür edin ki, bizə ödəniş olunmur, amma tərəflər barışır. Bu tək ailə mübahisələrində deyil, kommersiya və mülki məsələlərdə də olur. İnsanlar dəfələrlə mediatorun yanına gələndən sonra düşünür ki, barışığı özümüz də edə bilərik. Bu işlər həll olunmasa və xitam verilməsə, məhkəmə və inzibati orqanı çox yüklənər. Deputatlardan biri də vurğulamışdı ki, Mediasiya Şurası fəaliyyətə başlayandan sonra müxtəlif qəbildən müraciətlərin sayı xeyli azalıb. Siz təsəvvür edin ki, həmin adamlar bir daha məhkəməyə müraciət edir və proses daha da uzanır. Burada tək məhkəmənin deyil müxtəlif inzibatı orqanların və vətəndaşların da işi azalır. Vətəndaşlar mediasiyada etdiyi ərköyünlüyü məhkəmədə, hüquq-mühafizə orqanlarında edə bilmir.
- Cəmiyyətdə tez-tez boşanmaların əsas səbəbləri müzakirə edilir, bir növ günahkar axtarılır, hər dəfə fərqli fikirlər ictimaiyyətdə ciddi müzakirə olunur. Bu proseslərin içində olan biri kimi, siz necə düşünürsünüz, boşanmalar və həllinə baxdığınız digər problemlərdə qarşılaşdığınız əsas mənzərə nələrdən ibarətdir?
- Bəzən düşünürlər ki, varlılar daha rahat boşanır, təhsilli və təhsilsiz adamların boşanmasında və ya başqa problemlərin həll edilməsində universitet bitirənlər proseslərin həllində daha maraqlıdır. Amma reallıq tamamilə fərqlidir.
Bu kimi məsələlərdə insanın iç dünyası, şəxsi keyfiyyətləri özünü qabarıq göstərir. Adam var orta təhsili yoxdur, amma çox mədəni, nəcib insandır. Qarşısındakı isə təhsillidir və ona qarşı deyir ki, "mən ali təhsilli adamam, gör sənin başına nə oyun açacağam" və sair. Söhbət burada münaqişəyə münasibətdən gedir. Biz görürük ki, savadsız insanları əzmək, avam yerinə qoymaq istəyən çox adamlar var.
Bizim insanların iç üzü boşananda bilinir, evlənəndə bəzi qeyri-səmimi münasibətlər, boşananda ortaya çıxır. Hamı guya xoşbəxtdir, amma boşanma prosesində bir çox adamın iç üzləri görünür. Mən İsveçrədə olanda oradakı kolleqalardan mediasiya prosesini soruşurdum, mənə deyirdilər ki, onların baxdığı işlər uşaqlarla ünsiyyət, valideynlərin görüş saatları, uşağı məktəbə kim aparıb-gətirəcək və onun sadə maliyyə məsələlərilə bağlıdır. Qayıdıb bizim boşanmalara baxanda görürük ki, dava cehiz, qızıl-zinət əşyaları üzərindədir. Qarşı tərəf ittiham edir ki, sənə aldığım üzüyü qaytar, o da qaytarır, sonra məhkəməyə gedir ki, bu o üzük deyil, mən buna brilyant vermişdim, bu mənə svarovski qaytarıb. İş gedir ekspertizaya, proses bir neçə ay uzanır. Aqressiyanın həddinə baxın. Bizdə olan qızıl-cehiz kimi məsələlər orada yoxdur deyə, xarici ölkələrdə boşanmaq və mediasiya prosesi daha rahatdır. Biz deyəndə ki, ana keçmiş həyat yoldaşının uşaqla ünsiyyətinə imkan vermir, xaricdə təəccüblənirlər. Deyirlər niyə verməsin axı? Alimentdən imtina edilməsi haqqında danışanda da onun kimi.
Biz ailə münasibətlərində çox aqressivik. Evlənəndə xoşbəxt, boşananda müharibəyə hazır oluruq. Evlənəndə də bir çox hallarda, bəlkə də, səmimi evlənmirik. Çoxu bu fikrimə görə məni qınayır, amma bütün bəla bizim toy adət-ənənələrimizlə bağlıdır. Bu ənənələri kökündən dəyişmək lazımdır. Gənclərə toyla bağlı azadlıq vermək lazımdır, ehtiyac yoxdur şadlıq sarayına 300-500 nəfəri dəvət etmək, xonçalar, qızıllar almaq. Əsas xoşbəxt yaşamaqdır. Təsəvvür edin, mediasiyaya müraciət edənlər içində 10 il əvvəl olan toyun xərcləri üzərində mübahisə edən insanlar var. O toya qoyulan xərci cütlüyə vermək lazımdır ki, özünə ev alsın, şərait qursun. Yoxsa gedib borca, kreditə girirlər, illərlə onu ödəyirlər, bu insan necə xoşbəxt ola bilər? Boşananda da mülkü bölə bilmirlər. Bizdə davamlı mental dəyərlərdən danışırlar, amma iki-üç uşaqla həyat yoldaşını boşayan və alimentdən, mülkün bölünməsindən boyun qaçıran kişilər var. Mentalımız sərf edəndə işləyir, sərf etməyəndə isə işləmir.


