Böyük Azərbaycanın qürur ünvanı Nadir Şah Əfşar
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
IV Yazı
Nadir Şah Əfşarın ordusunun sayı illərə görə:
1729 25,000
1733 100,000
1736 150,000
1743 375.000
Nadir Şah Əfşarın Dağıstan yürüşləri
Nadir Xan Əfşarın Dağıstana birinci (1734) yürüşü
Şirvan və Qazıkumuk hakimi olan Surxay Xan Nadir Şah Əfşara tabe olmaqdan imtina etdi və 1734-cü ildə onun çaparını öldürdü.Bununla əlaqədar Nadir Xan qərara gəldi ki, ilk növbədə Şirvan üzərinə getmək lazımdı və onun hakimini yekəxanalığına görə cəzalandırmaq lazımdır. O Kürün qırağında peyda olan kimi, Surxay Xan Şamaxını tərk edib dağlara çəkildi. Nadir Xan 1734-cü ildə Şamaxıya daxil oldu. Qala divarları uçuruldu ki sonralar şəhər müqavimət göstərə bilməsin.Elə həmin məqsədlə şəhər əhalisi Ağsuçay ərazisinə köçürüldü, burada düzdə Kür çayından təxminən 30 km şimala yeni şəhər salındı.Bu arada Surxay Xan Şamaxıya gedərək, Şəki vilayətinin Qəbələ mahalında döyüşə hazırlandı. Nadir Xan ona qarşı 12 minlik qoşun göndərdi. Qoşunlar Dəvəbatan düzündə qarşılaşdılar.Burada baş verən döyüşdə üç günlük müqavimətə baxmayaraq dağlılar məğlub oldular. Məğlub olaraq, Surxay Xan Nadir Xanın yaxınlaşdığı Qazıkumukun köməyinə getdi. Surxay Xan Göysu (Sulak) çayının üzərindəki körpünü uçuraraq əks tərəfdə möhkəmləndi. Tüfəng və top atəşləri ilə atışma başlandı. Nadir Xan süvarilərinə Göysu çayını keçməyi əmr etdi. Sahiln kəskin enişinə baxmayaraq Nadir Xanın süvariləri tezliklə çayı keçdilər.Bunu görən Surxay Xan Avarıstana qaçdı. Qoşun yığaraq, xəndək qazıb və uçurumun üzərindəki körpünü uçuraraq, Surxay Xan inadla Qazıkumuku müdafiə etdi, amma Nadir Xanın üstün qüvvələrinə məğlub oldu. Surxay Xan Avarıstana qaçmağa məcbur oldu, Qazıkumuk alındı və yağmalandl. Qış yaxınlaşdığına görə Nadir Xanın çoxsaylı ordusu üçün əməliyyatlar imkansızlaşırdı,buna görə Nadir Xan Şəkidən keçərək oktyabrın ortasında Gəncəyə yaxınlaşdı.
Nadir Xan Əfşarın Dağıstana ikinci (1735) yürüşü
Birinci Dağıstan yürüşündən sonra Nadir Xan təkidlə Bakı, Dərbənd və digər Xəzərsahili Qızılbaş Dövlətinə məxsus şəhərlərin və ərazilərin qaytarılmasını tələb edirdi. O rus səfiri Qolitsına deyirdi ki, bunun üçün hərbi qüvvədən istifadə edəcəkdir. Nadir Xanla Rusiya İmperiyası səfiri Qolitsının Nadir Xanın Gəncə yanındakı düşərgəsində imzaladıqları müqaviləsinə görə, rus qoşunları Xəzəryanı Qızılbaş Dövləti torpaqlarını Bakı,Salyan iki həftəyə, Dərbəndi isə iki aya tərk etməliydilər və Sulak çayının arxasına öz sərhədlərinə geri çəkilməliydilər.Bunun müqabilində Qızılbaş Dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, osmanlılarla müharibədə Rusiyayla hərəkətlərini sinxronlaşdırmaq öhdəliyini götürdü.
Nadir Xan Salyana, Bakıya və Dərbəndə valilər təyin etdi və onlara, qoşunları Sulak çayının arxasına əski Qızılbaş-Rusiya sərhəddinə keçən ruslardan geri qaytardığı əsirləri qəbul etməyi əmr etdi. Sulak çayı Rusiya ilə sərhəd oldu.Bundan sonra Şamaxının hərbi cəhətdən əlverişsiz mövqeyini nəzərə alaraq, Şamaxının dörd fərsəngində, Ağsuçayda yeni şəhərin salınmasına əmr verdi. İş qurtaran kimi o Şamaxının əhalisini ora köçürdü, Şirvan hakiminin iqamətgahı da burda idi.
Bu arada Gəncənin mühasirəsi davam edirdi.Qarsda olan səraskər Abdulla Paşanın yardımına ümid edərək, qarnizon təslim olmaqdan imtina edirdi. Nadir Xan qarnizonun bu ümidinə son qoymaq üçün, qoşunun bir hissəsini Gəncə yanında qoyaraq, bir hissəsini də Ağdaşa göndərdi. Özü isə 15 min qoşunla Lori vasitəsilə Qarsa yollandı. Səraskər döyüşmək istəmirdi, buna görə qalada qapandı. Nadir Xan onu qaladan çıxarmaq üçün İrəvan tərəfə hərəkət etdi. Səraskər Nadir Xanı qovmağa başladı. Nadir Xan birdən dayandı və qoşunu geri çevirdi, gözlənilməz zərbə ilə Abdulla Paşanı məğlub etdi.
Bu qələbədən sonra Tiflis, İrəvan və Gəncənin qarnizonları aman istədilər və öz artilleriyalarını və əsirləri Nadir Xana verərək Anadolu ərazisinə getdilər.Bu vaxt narahat qubalılar, Dağıstan ləzgilərini köməyə çağıraraq, Xudad qalasında Nadir Xanın təyin etdiyi öz valiləri Hüseyn Əli Xanı mühasirəyə aldılar. Onun yardımına Şamxal Xaspolad Xan və Dərbənd qarnizonunun rəisi yetişdi və qiyamçıların hücumu dəf edildi.
Nadir Xan Tiflisdə olarkən Osmanlı hökumətinin sərəncamı ilə Krım Xanının çoxsaylı ordusu ilə Dərbənd istiqamətində hərəkət etdiyini öyrənir və Tiflisdən çıxır.Nadir Xan Əfşar 1735-ci ilin 23 oktyabrında Qanıxçayın qırağında əsas düşərgəsini qoyaraq qoşunlarının bir hissəsi ilə Cara və Dağıstana yollanır.
Car vilayətində car camaatlarının dəstələrini əzərək, Nadir Xan böyük dağıntılar törədirdi. O hesab edirdi ki, şiddətlə buranın əhalisini tabe edə biləcək. Carlıları cəzalandıraraq, Nadir Xan Əfşar Şəki və Ərəşdən keçərək Şamaxıya gəlir və orada öyrənir ki, Krım Xanı Dərbəndə yaxınlaşıb və orada öz tərəfdarlarına hədiyyələr edib. Surxay Xan oğlunu 500 süvari ilə Krım Xanının qulluğuna verib.
Krım Xanı Nadir Xanın Dağıstana gəlişini öyrənərək Dağıstan məliklərinə bəxşişlər,titul və vəzifələr verərək Krıma qayıdır. Dağıstanın məlikləri Nadir Xan Əfşara tabe oldular və buna görə ondan bəxşişlər aldılar. Qışın və bununla bağlı çətinliklərin olmasına baxmayaraq Nadir Xan Dağıstanda iqamət etmişdi. Nadir Xan Altıağac dağlarından keçərək Dərəkəndə gəldi və buradan Dağıstan sərdarına Tabasaranın Dərə mahalında qoşunu üçün ərzaq yığılmasını əmr etdi. Buradan oğlu Rzaqulu Mirzə Əfşarın başçılığı ilə ilk ağır yükünü Şabran vasitəsilə Dərbəndə göndərərək, Nadir Xan qoşunu üç yerə böldü.Birinci ordunun başında o özü şəxsən Buduq və Xınalıqa yollandı, ikinci ordunu Doqquzpara və Altıpara dairələrinə (indiki Samur dairəsi) göndərdi, üçüncü ordunu isə Kürü mülkündəki Kəbirə getməyə əmr etdi. Beləliklə,üsyançıları cəzalandıraraq, bütün ordu birlikləri Gilyar kəndində birləşdilər.Buradan Nadir Xan şimala getdi və 1735-ci ilin 11 noyabrında Dərbəndin şimal tərəfində düşərgə saldı.Yeni Şamxal Eldar Xan, Usmi Əhməd Xan və Surxay Xanın Şamxal Xaspolad Xana hücum etmək üçün Kazanişşe kəndində birləşməsindən xəbər tutaraq,o həmən,ləzgi dəstələri ilə dar keçidi kəsən Usminin oğlu Xan Məhəmməd dayanan Məcəlisə getdi. İnadlı müqavimətdən sonra bu alınmaz kənd alındı.Usminin oğlu öz artilleriyasını götürərək Dağıstanın keçilməz yerlərinə çəkildi.Buradan Nadir Xan hər yeri yağmalayaraq Şamxal mülkünün Qobden kəndinə gəlir. Şamxal onun yanına gəlir. Surxay Xan, Usmi Əhməd Xan və Şamxal Eldar Xan gizlənirlər. Nadir Xan Qazıqumuqa gəlir.O Qazıqumuqun üç milində Şarrat örüşünə çatır, burada yeganə yol olan dərədə, Surxay Xan öz qüvvələri ilə möhkəmlənir. Nadir Xan dörd tərəfdən hücum edir.Dağa birinci Əfşarlar dırmaşır və şiddətli əlbəyaxaya girişirlər.Onların dalınca Nadir xanın başqa qoşunları da hərəkət edir, ləzgilər dayanmağa imkan görmədiklərinə görə böyük itkilərlə geri çəkilirlər. Qaleyi Qureyşdə onu təntənəli surətdə qəbul edirlər.
Nadir Xan Dağıstandakı işlərini yoluna qoyaraq Qubanın Həsənqala kəndinə qayıdır.8 mart 1736-cı ildə Nadir Xan Muğan Qurultayında Şah elan edilir.
Nadir Şah Əfşarın Dağıstana üçüncü (1741) yürüşü
Türküstanın və Hindistanın fəthindən sonra Nadir Şah Əfşarın qarşısında dayanan əsas məsələlərdən biri də Dağıstana və Şimali Qafqaza yürüş etmək idi.Yürüşün məqsədi Dağıstanı və Şimali Qafqazı tam tabe etmək idi. 1741-ci il martın 14-də Nadir Şah Əfşar qoşunları ilə paytaxt Məşhəddən Dağıstana istiqamət götürdü.
Dağıstan yürüşündə iştirak etmiş həkim Bazen Nadir Şah qoşunlarının 150 minə yaxın olduğunu qeyd edir. Şah Ərdəbildə və Şirvanda Azərbaycan Türklərindən və Türkmanlarından ibarət ordusuna baxış keçirir. Nadir Şah Qəbələdən sonra Şahdağı adlamaqla Qumıxa yollandı və bir ay orada qaldı. Qumıxda olarkən Xaspolad Xan Şamxal, Surxay Xan Qumıx və Əhməd Xan Usmi Qaraqaytaq Dağıstan əyanlarının müşayəti ilə Nadir Şahın hüzuruna gəldilər. Nadir Şah Əfşar onları ehtiramla qarşıladı, itaət göstərmələrini qəbul etdi və onlara qiymətli hədiyyələr verdi.
Lakin Nadir Şahın 20 min dağıstanlını öz ordusuna cəlb etmək və digərlərini də Əfşar Dövlətinin içlərinə köçürmək qərarı yerli əhali arasında ona qarşı müqaviməti gücləndirdi. Müqavimətin yatırılması üçün Nadir Şah qoşunları da sərt tədbirlərə əl atdılar. Qoşunlar dəstələrə bölünərək dağlar qoynunda yerləşən yaşayış məntəqələrindəki müqavimət ocaqlarının yatırılmasına göndərildi. Dağlı və ləzgi dəstələrinin yerləşdikləri bir çox kəndlər alınsa da, bir çoxlarında sərt müqavimət təşkil olundu. İş o yerə gəlib çatdı ki, Nadir Şahın düşərgə saldığı Qazıqumux əhalisi də dəstələr təşkil edib dağlara çəkildi və imkan yaranan kimi Nadir Şah qoşunlarına zərbələr endirdilər. Nadir Şahın ordusunun cavab zərbələri ilə itaətsizlik göstərənlər məhv edilirdi.
1741-ci il sentyabr ayının 12-də Nadir Şah Əfşar avar ordusunu zərərsizləşdirmək üçün Qazıqumuxdan Avarıstana doğru hərəkətə başladı.Bu da, Avarların burada böyük ordu toplamasıyla bağlı idi.Burada Əndəlal ərazisində dağlı xalqları ilə Nadir Şahın ordusu arasında savaş baş verdi.Tarixə Əndəlal döyüşü kimi düşən meydan müharibəsi Əfşar ordusunun məğlubiyyəti ilə bitdi. Bu savaşda Dağıstan və bütün Şimali Qafqaz könüllüləri, Avar xanlığı, Qazıqumux xanlığı və Mehdioğlu xanlığı Əfşar ordusu ilə döyüşmüşdür.
Havanın soyuqlaşması,dağların qarla örtülməsi Nadir Şah Əfşarı məcbur etdi ki, geri dönsün və Dərbənd ətrafında düşərgə salsın.Qoşun yüklərini və ordusunun bir hissəsini Dərbənd şəhərində saxlayan Nadir Şah ordusunun digər hissəsi ilə Qaraqaytaqa yollandı. Qaraqaytaq hərbi yürüşündən qələbə və uğurla döndükdən sonra qışın bitməsini gözləyir və Dərbənd şəhərində məskunlaşır.
1742-ci il may ayının sonunda Nadir Şah Tabasaranda toplanan dağlı ordularını zərərsizləşdirmək qərarına gəlir. Havaların kifayət qədər istiləşməsi, dağlarda qarların əriməsi Tabasarana doğru irəliləməyə imkan verdi.Bu hücumun qarşısının alınması üçün tabasaranlılar 30 minlik qoşun təşkil edib Tabasarana aparan dərənin başlanğıcında yerləşdilər.Tabasaran ordusu dərəyə Nadir Şahdan daha tez yetişdilər və ona görə də onlar oradan hakim yüksəkliklərdə əlverişli mövqelər tutdular.Bir tərəfdən say üstünlüyü və əraziyə yaxşı bələd olmaları, digər tərəfdən də hakim yüksəkliklərdə mövqe tutulması tabasaranlılara imkan verdi ki,Nadir Şahın öncə göndərdiyi orduya qarşı ciddi müqavimət göstərsinlər.Şiddətlənən savaşda Əfşar ordusunun vəziyyəti böhran halı alanda Nadir Şah Əfşarın rəhbərliyi altında əsas ordu ora yetişdi. Onun gəlişi ilə tabasaranlıların sırası pərən-pərən oldu və onlar geri çəkildilər.
Nadir Şah Tabasarana toplaşan silahlılara üstün gələndən sonra həmin məntəqənin çıxış yollarını və hakim yüksəklikləri nəzarət altına götürdü. Tabasaran savaşından az sonra ona xəbər verildi ki, yaxınlıqdakı məntəqələrdən birində dağlı silahlı dəstələri toplaşıbdır.Onların sayı 60 min idi. Mənbələr təsdiq edirlər ki,dağıstanlılar da kifayət qədər əzmkarlıqla savaşırdılar.Yalnız hava qaralandan sonra onlar dağ yüksəkliklərində qurduqları səngərlərə çəkildilər. Səhər açılan kimi Nadir Şah ordusuna dağıstanlıların mövqelərini əhatə etmək tapşırığını verdi. Nadir Şahın əsgərləri və sərkərdələri verilmiş bu tapşırığın öhdəsindən bacarıqla gəldilər və qısa müddət sonra Dağıstan və Şimali Qafqaz silahlıları özlərini mühasirədə gördülər. Savaş Nadir Şahın qələbəsi ilə bitdi.Dağlı ordusu məhv edildi.
Amma savaş hələ bitməmişdi.Dağıstanın nüfuzlu əyanlarından Usmi Əhməd Xan Nadir Şaha itaətdən üz döndərdikdən sonra ordusunu da Nadir Şaha qarşı savaşa cəlb etdi. Nadir Şah Dağıstanın böyük hissəsini ələ keçirdikdən sonra Usmi Əhməd Xanın sığındığı qalanı da ələ keçirməyə qərar verdi. Qüreyş qalası Nadir Şahın döyüşçülərinin əlinə keçdi. Üsmi Əhməd Xan isə qaçmaqla canını qurtara bildi.Dağıstan və Şimali Qafqazın bir hissəsi Nadir Şahın əlinə keçdi.
Nadir Şah Əfşar ilə oğlu Rzaqulu Mirzə Əfşarın taxt mübarizəsi
Rzaqulu Mirzə Əfşar Əfşar İmperiyasının qurucusu Nadir Şah Əfşarın böyük oğludu.15 aprel 1719-cu ildə doğulmuşdu. 1736-cı ildə atasının şah elan edilməsi zamanı Rzaqulunun 17 yaşı var idi. Nadir Xanın Şah olmasından sonra o, ən vacib vilayətlərdən biri olan Xorasanın valisi (1736-1738) təyin edildi. O, vəzifədə olduğu müddətdə üsyankar xanları ram edərək,atasının düşməni olan Buxara xanlığına son qoymaq üçün Buxaraya qədər yürüş edərək şücaət göstərmişdi. Nadir Şah Hindistana yürüşə başlamazdan əvvəl Rzaqulu Xanı Dövlət vəkili və Səltənət naibi 7 noyabr 1738-26 iyun 1740 təyin etdi.Bu o demək idi ki, Rzaqulu Xan atasının yoxluğunda imperiyanın naibi kimi Əfşar İmperiyasını idarə edəcəkdi. Rzaqulu Xan bunu həyata keçirərkən imperiyada qarışıqlıq düşməsinin qarşısını alsa da,çox qəddarlıq edərək daha çox vergi topladı və bir xeyli insanı edam etdirdi. Nadir Şah Əfşar Hindistan yürüşünə çıxdığı üçün Əfşar Dövlətində olan hindlilər tərəfindən xalq arasında vahimə yaratmaq xətrinə cürbəcür şayələr yayırdılar.
Ardı var
