Böyük müharibə planı işə düşür: İranda xaosu kim alovlandırır? Sensasion açıqlama
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranda bahalaşma və sosial-iqtisadi çətinliklər fonunda başlayan etirazlar 12 gündür ki, səngimir, əksinə, ölkənin müxtəlif şəhərlərinə yayılaraq daha sərt və nəzarətsiz forma alır. Hətta bəzi şəhərlərdə etirazçılar nicat yolunu Donald Trampda görür, küçələrə qeyri-rəsmi olaraq onun adını verir, “Tramp, İran səni gözləyir” kimi şüarlar səsləndirirlər.
İranda baş verənlər Venesuela ssenarisinə bənzər bir prosesə çevrilə bilər? ABŞ və Qərbin, xüsusilə də Tramp faktorunun bu etirazlarda dolayısı və ya birbaşa rolu var? “Dərin dövlət” anlayışı kontekstində baxsaq, beynəlxalq güc mərkəzlərinin İranda rejim dəyişikliyi planı var?
Moderator.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ-ın İranda Venesuela ssenarisi həyata keçirməsi qətiyyən mümkün deyil. Onun sözlərinə görə, hazırda İranda baş verən iğtişaşlar və etiraz aksiyalarının gedişatı diqqətlə izlənilir:
“Ötən ilin 13 iyun cümə günü İrana hücum edilib. Hücumun arxasında İsrailin baş naziri Benyamin Netanyahu dayanırdı və bu hücum nəticəsində İranın çoxsaylı generalları, hərbçiləri və alimləri qətlə yetirildi. Bu, sözün əsl mənasında dövlət terroru idi. Dünya isə susdu, heç bir reaksiya vermədi. Eyni zamanda İranın siyasi rəhbərliyi də emosional açıqlamalardan çəkindi. Lakin cəmi 8–12 saat ərzində ölkədə idarəetmə və hərbi strukturlar bərpa olundu, öldürülən şəxslərin yerinə yeni kadrlar təyin edildi. Daha sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei çıxış edərək İsrailin böyük səhvə yol verdiyini bildirib və İranın cavabının gecikməyəcəyini bəyan edib. Sonrakı 12 günlük qarşıdurma zamanı vəziyyət İsrail üçün kritik həddə çatdı. Artıq həmin günlərdə Netanyahunun sığınacaqlarda gizləndiyini, təşviş içində olduğunu görürdük. İsrail şəhərləri raket zərbələrinə məruz qaldı, raket ehtiyatları və yanacaq tükəndi. Bu vəziyyətdə Netanyahu ABŞ prezidenti Donald Trampa müraciət edərək müharibənin dayandırılmasını xahiş edirdi. Tramp yəhudi lobbisi qarşısındakı öhdəliklərini nəzərə alaraq İrana zərbə endirmək qərarına gəldi. ABŞ-ın strateji bombardmançı təyyarələri vasitəsilə İranın guya üç nüvə obyektinin məhv edildiyi elan olundu. Tramp bunu böyük təmtəraqla “tarixi qələbə” kimi təqdim etdi və İranın nüvə imkanlarının birdəfəlik sıradan çıxarıldığını bildirdi. Lakin proses faktiki olaraq komediya xarakteri daşıyırdı. İran son nəticədə özü cavab zərbəsi endirdi. Qətərdə yerləşən Amerika bazasına endirilən zərbə barədə Donald Trampın əvvəlcədən xəbəri var idi və bununla da məsələ faktiki olaraq bağlandı. Məhz bu məqamda İranın davranışı məntiqə sığmayan addım oldu. Əgər sənə hücum edilibsə, əks-hücum yarımçıq saxlanılmamalıdır. Əks-hücum məntiqi sonluğa çatdırılmalıdır. İran isə bu prosesi dayandırmaqla faktiki olaraq özünün qatı düşməni olan İsrailə yeni şans verdi. Məhz bundan sonra İsrail, ABŞ və digər Qərb ölkələri artıq “B planı”nı işə saldılar. Hazırda İranda səsləndirilən şüarlar da bu planın tərkib hissəsidir. Ölkə daxilində yerləşdirilmiş casus şəbəkələri, ABŞ və İsrailin “Mossad” kəşfiyyatına bağlı qruplar prosesi qızışdırmağa çalışırlar. Əsas məqsəd hadisələri qanla müşayiət etməkdir. Qan töküldükcə idarəolunmaz vəziyyət yaranır. Məqsəd ölkəni tam xaosa sürükləməkdir”.
Politoloqun fikrincə, İran hakimiyyəti bütün prosesləri xırdalığına qədər izləyir:
“Küçələrdə və meydanlarda baş verənlər kameralar vasitəsilə qeydə alınır və nəzarət altındadır. Hazırda hakimiyyət sanki dinc müşahidəçi mövqeyi tutur. Halbuki baş verənlər qətiyyən dinc proseslər deyil. Polis məntəqələri yandırılır, hərbçilərə hücum edilir, odlu silahlardan istifadə olunur, kürd silahlı dəstələri aktivləşir. Bu proseslərin sonu yaxşı bitməyəcək. İran rejimi çökməyəcək, hakimiyyət könüllü şəkildə təhvil verilməyəcək və İran dövləti parçalanmayacaq. Digər tərəfdən, İranla İsrail arasında yeni müharibə ehtimalı çox yaxındır. Əgər İsrail Livana qarşı səhv addım atarsa, İranın İsrailə birbaşa zərbə endirməsi istisna deyil. İranın raket imkanlarını artıq gördük. İranın arsenalında 10 min kilometrədək məsafəni qət edə bilən raketlər var. Qərb mətbuatı və xüsusi xidmət orqanları da artıq İranın kontinentlərarası raket sınaqları keçirdiyini təsdiqləyir. Bu, eyni zamanda ABŞ-a ünvanlanan açıq mesajdır. Trampın Yaxın Şərqdə qalması da ciddi sual altındadır. Trampı bölgədə saxlamaq istəyən əsas dövlət İsraildir. Amma Tramp özü Yaxın Şərqdən uzaqlaşmaq niyyətindədir. O, faktiki olaraq 1923-cü ildə prezident Ceyms Monro tərəfindən irəli sürülmüş doktrinanı öz siyasi xətti kimi qəbul edir. Tramp hesab edir ki, ABŞ-ın Avrasiya məkanında artıq işi yoxdur. Onun üçün prioritet Şimali və Cənubi Amerika, Kanada, Qrenlandiya və ABŞ-ın birbaşa təsir göstərə biləcəyi coğrafiyadır. Bu fonda Çin Sakit okean regionunda mövqelərini möhkəmləndirir, Rusiya postsovet məkanında təsirini artırır, Avropa İttifaqı və Böyük Britaniya isə dünya səhnəsində öz paylarını qorumağa çalışırlar. Hazırda Tramp Yaxın Şərqdə dərin hərbi-siyasi qarşıdurmalarda iştirak etmək istəmir. Onun üçün əsas hədəf enerji mənbələrinə nəzarətdir”.
Politoloqun sözlərinə görə, həm Qrenlandiya, həm Kanada, həm də Cənubi Amerika ABŞ-ın geosiyasi planlarında mühüm yer tutur:
“İsrail daxilində, o cümlədən yəhudi lobbisinin özündə də kifayət qədər sağlam düşünən qüvvələr mövcuddur və bu çevrələr artıq anlayırlar ki, Binyamin Netanyahunun apardığı siyasət İsraili uçuruma sürükləyir. Bu qüvvələr hesab edir ki, yeni kritik xətlərdən uzaq durmaq lazımdır. Amma Netanyahu əksinə, bu xətləri bilərəkdən keçməyə çalışır və guya İran məsələsini “həll edəcəyini” düşünür. Halbuki Netanyahu İran problemini həll edə bilməz.
Son dövrlər İranla bağlı, eləcə də İran elitası və dini xadimləri əleyhinə aparılan qara piar kampaniyası məhz İsrailin nəzarətində olan media resurslarının məhsuludur. Bunlar hamısı məqsədli şəkildə istehsal olunan informasiya məhsullarıdır. Amma İsrailin özündə baş verənlər barədə demək olar ki, heç kim danışmır. İsrail iqtisadiyyatı faktiki olaraq üç dəfə çöküb, amma bu haqda nə Qərb mətbuatı yazır, nə də beynəlxalq ictimaiyyət danışır. İsraildən kütləvi miqrasiya prosesi gedir. Bir milyondan artıq insan İsraili tərk edib. Bunlar vaxtilə “Aliyya” proqramı çərçivəsində İsrailə köçmüş yəhudilərdir. Onlar guya baba yurdlarına qayıtmışdılar. Amma indi hamısı bir-bir ölkəni tərk edir. Çünki anlayırlar ki, İsrail artıq özü birbaşa hədəfə çevrilib. Netanyahunun “biz yeddi istiqamətdə müharibə aparırıq, bütün risklərin qarşısını alırıq” kimi açıqlamaları yalnız məlumatsız auditoriya üçün hazırlanmış piar kontentidir. Reallıq isə odur ki, İsrailin gələcəyi çox ciddi suallar altındadır. Cəmi 20 min kvadrat kilometrdən bir qədər artıq ərazisi olan bir ölkə dörd tərəfdən bütün regiona meydan oxuyur və hər kəslə eyni anda müharibə aparmağa çalışır. Bu, olduqca təhlükəli və davamlı olmayan strategiyadır”.
Politoloq hesab edir ki, İsrailin yeganə çıxış yolu barışıq siyasətinə keçməkdir:
“İsrail Livanla, Suriya, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Amma əksinə, bəzi siqnallar göstərir ki, hətta Türkiyə ilə qarşıdurmaya hazırlaşan dairələr var. Ağlı başında olan hər hansı siyasi rəhbər belə bir addım atarmı? Əlbəttə ki, yox. Bu cür addımlar yalnız təxribatçı düşüncə tərzinə malik qüvvələr tərəfindən atıla bilər və bu prosesdə ABŞ-ın bəzi dairələrinin, eləcə də Avropadakı müəyyən siyasi mərkəzlərin iştirakı istisna edilmir. Dünyanın müxtəlif ölkələrindəki yəhudi icmaları artıq Donald Trampın və Binyamin Netanyahunun uğursuz siyasətinə açıq şəkildə etiraz edirlər. Bu etirazlar getdikcə daha qəti xarakter alır. Ona görə də mən belə qənaətə gəlirəm ki, mövcud proseslərdə ABŞ-ın birbaşa və aktiv şəkildə iştirak etməsi ehtimalı azdır. İsrail–İran müharibəsi isə yenidən gündəmə gələ bilər. Düzdür, ABŞ-ın qırıcı təyyarələrinin Avropaya göndərilməsi müşahidə olunur və bu, müəyyən hazırlıq mərhələsidir. Amma bu, Vaşinqtonun müharibəyə birbaşa qoşulacağı anlamına gəlmir. Hazırkı vəziyyətdə Tramp və onun administrasiyası sionist yəhudi qanadının təsiri altına düşüb, hətta müəyyən mənada girovuna çevrilib. Bu isə ABŞ daxilində ciddi suallar doğurur. “Make America Great Again” şüarı altında çıxış edən hərəkat artıq Trampa açıq suallar verir: sən kimə xidmət edirsən – Amerika xalqına, İsrail dövlətinə, yəhudi icmalarına, yoxsa sionist dairələrə? Bu sualların açıq qalması prosesi daha da mürəkkəbləşdirir. ABŞ-ın özündə də, xüsusilə ağdərili elektorat arasında belə bir fikir formalaşıb ki, İsrailin tarixində ən uğursuz siyasi fiqurlardan biri məhz Donald Trampdır. Bu yanaşma artıq ictimai diskursda ironik, hətta satirik ifadələrlə müşayiət olunur. İctimai rəy səviyyəsində artıq belə suallar səslənir: kim kimi idarə edir? ABŞ İsraili, yoxsa İsrail ABŞ-ı? Bu, artıq lətifə səviyyəsində müzakirə olunan, amma dərin siyasi məna daşıyan bir məsələdir. Bütün bu proseslər qlobal müharibə ssenarisinin tərkib hissələridir. Yeni dünya nizamı yaratmaq istəyən qüvvələr düşünür ki, bu nizam yalnız müharibə, parçalanma və böyük insan tələfatı hesabına formalaşa bilər. Amma bu, çox təhlükəli və ikibaşlı yanaşmadır. Dezinformasiyaya əsaslanan siyasət sonda onu yaradanları da aldadır. Bəzən yalan informasiya istehsal edənlər özləri də həmin yalanın təsiri altına düşürlər. Mən istisna etmirəm ki, həm Netanyahu, həm də Tramp müəyyən məqamlarda məhz özlərinin yaratdığı yanlış informasiya mühitinin təsiri altında qərarlar verirlər”.
Mehin Mehmanqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 08 Yanvar 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















