Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır AZƏRTAC
Ağdam, 11 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbədən sonra 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində işğaldan azad edilmiş torpaqların yenidən qurulacağını bildirmişdi: “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq”.
Bəli, dövlət başçısının dediyi kimi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar.
AZƏRTAC mövzu ilə bağlı məqaləni təqdim edir.
İnfrastruktur yüksək səviyyədə yenidən qurulur
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib: “Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq”.
Həyata keçirilən infrastruktur layihələri içərisində yolların yenidən qurulması xüsusi yer tutur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin son məlumatına əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Agentlik tərəfindən icra edilən layihələrin sayı 44, ümumi uzunluğu isə 3040.1 kilometr təşkil edir. Bunlardan 6 avtomobil yolunun tikintisi işləri ötən illərdə başa çatdırılıb. Tikintisi davam edən 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dəmiryol infrastrukturu da bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti işləri davam etdirilir. Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatıb. Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisi həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri arasında hava yolları da müstəsna əhəmiyyət daşıyır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları tikilərək istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları bölgənin əhəmiyyətini artırmaqla yanaşı, gələcəkdə turizm potensialının artmasına da imkan yaradacaq.
Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji" zonasına çevrilir
İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda xüsusən bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur.
Təkcə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib.
2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin 550 milyon kilovat saat enerjinin üçdə biri, yəni 200 milyon kilovat saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə Respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə, 120 milyon kub metr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Sənaye zonaları Şərqi Zəngəzur və Qarabağın inkişafında mühüm rol oynayacaq
Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası, regionunun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur.
Rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilən Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Bu müəssisələr elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar.
Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da geniş satışı həyata keçirilir. Artıq ixrac istiqamətində də uğura imza atılıb.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnika təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkı logistik imkanlar baxımından əlverişli ərazidə yerləşir ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlarlardan biridir.
Parkda ümumi investisiyalarının həcmi 150 milyon manata yaxındır. 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 25 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 müəssisə tam fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, ağır yük maşınlarına texniki servis xidməti göstərilir.
Sənaye parkının bir çox rezidentləri tərəfindən layihələndirmə, tikinti-quraşdırma işləri görülür. 6 müəssisənin qurulması istiqamətində tikinti işləri davam etdirilir. Tikintisi gedən müəssisələr beton və quru yapışdırıcı, dekorativ daşların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, yapışqan lentlərin, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı ilə məşğul olacaq, nəqliyyat vasitələrinə yanacaqdoldurma xidməti göstəriləcək.
Böyük Qayıdış – keçmiş məcburi köçkünlər doğma yurdlarında məskunlaşırlar
İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb.
Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük Qayıdış artıq başlayıb. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar.
Artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı Ağdərə rayonunun Talış kəndində, Füzuli şəhərində, Şuşa şəhərində, Laçın şəhərində və rayonun Sus, Zabux kəndlərində, Cəbrayıl şəhərində, Xocalı şəhərində və rayonun Ballıca kəndində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən artıq insan yaşayır.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanlara müjdəli xəbərlər verdi. Bildirdi ki, bu ilin sonuna qədər daha 20-ə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq: “Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”.
Bəli, artıq Qarabağ və Şərqi Zəngəzur yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrünü yaşayır. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu bu yerlər indi geniş tikinti meydanına çevrilib. Artıq bu yerlərə ayaq basanda xarabalıqların yerində inşa edilmiş və öz sakinlərini qoynuna almış müasir, yaraşıqlı kəndlərin, şəhərlərin şahidi oluruq.