Böyük qələbələrin başlanğıc nöqtəsi ŞƏRH
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni Azərbaycan Partiyasının təsis olunması müasir Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olan, ölkənin taleyini köklü şəkildə dəyişən tarixi bir hadisədir. XX əsrin sonlarında – müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi, hərbi və sosial böhranla üz-üzə qalmışdı. İdarəetmədəki naşılıq, daxili çəkişmələr, torpaqlarımızın işğala məruz qalması və vətəndaş müharibəsi təhlükəsi dövlətin varlığını sual altında qoymuşdu. Belə bir taleyüklü məqamda xalqın mütərəqqi qüvvələri, ziyalılar və vətənpərvər insanlar çıxış yolunu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ətrafında birləşməkdə gördülər. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis qurultayı ilə Yeni Azərbaycan Partiyasının yaranması ölkənin siyasi səhnəsində dönüş nöqtəsinə çevrildi və gələcək böyük qələbələrimizin təməl daşını qoydu.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın VIII Qurultayındakı proqram xarakterli çıxışında bu tarixi həqiqəti xüsusi vurğulayaraq bildirmişdir ki, bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə bağlıdır. Dövlət başçısı qeyd etmişdir ki, YAP sadəcə bir siyasi təşkilat kimi deyil, xalqın təkidli tələbi, inamı və imperativ ehtiyacından doğan milli xilas hərəkatı kimi meydana gəlmişdir. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin reallıqdan uzaq siyasəti və zəifliyi fəlakətlərə yol açdığı halda, Ulu Öndər Heydər Əliyevin liderliyi altında təsis edilən bu partiya cəmiyyətə ümid, inam və aydın gələcək xəritəsi bəxş etdi. Həmin qurultayda qəbul olunan nizamnamə müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi üçün strategiyanı müəyyən etdi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Partiyanın proqramında əksini tapmış dövlətçilik, azərbaycançılıq, hüquqi dövlət quruculuğu, sosial ədalət və milli həmrəylik prinsipləri dövlət siyasətinin ana xəttini təşkil etdi. Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, nizami ordu quruculuğuna başlanıldı və iqtisadi dirçəlişin əsası qoyuldu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" və həyata keçirilən köklü islahatlar Azərbaycanın maliyyə müstəqilliyini təmin edərək onu regional liderə çevirdi. Bütün bu uğurların arxasında məhz YAP-ın təsis qurultayından başlayan siyasi iradə və dövlətçilik təfəkkürü dayanırdı.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası öz inkişafının yeni, daha dinamik və zəfərlərlə dolu mərhələsinə qədəm qoydu. Ümummilli Liderin müəyyən etdiyi strateji kursu müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən dövlət başçısı ölkəmizi hərtərəfli inkişaf yoluna çıxardı. İqtisadi qüdrətin artırılması, müasir infrastrukturun yaradılması, ordu quruculuğunun ən yüksək səviyyəyə çatdırılması Azərbaycanı beynəlxalq aləmdə söz sahibi olan dinamik dövlətə çevirdi. YAP bu prosesdə xalqla dövlət arasında sarsılmaz körpü rolunu oynayaraq cəmiyyətin bütün təbəqələrini ortaq milli məqsədlər ətrafında sıx birləşdirdi.
Yeni Azərbaycan Partiyasının təsis qurultayından başlayan şərəfli yolun ən uca zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfər və ərazi bütövlüyümüzün tam bərpa edilməsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq Qarabağı və Şərqi Zəngəzuru azad etdi. Dövlət başçısının YAP-ın VIII Qurultayında qeyd etdiyi kimi, əldə olunmuş bu möhtəşəm Zəfər illər boyu yürüdülən ardıcıl, məqsədyönlü və güclü siyasətin məntiqi nəticəsidir. Təsis qurultayında qoyulan təməl, toplanan iqtisadi və hərbi potesial, formalaşan vətənpərvər gənc nəsil və milli birlik zəfərimizin əsas şərtlərini təşkil etdi.
Bu gün Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bu gün azad edilmiş torpaqlarımızda həyata keçirilən nəhəng bərpa və quruculuq işlərində, "Böyük Qayıdış" proqramının reallaşmasında və ölkəmizin yeni strateji hədəflərə doğru irəliləməsində ön sırada dayanır.
Tarix sübut etdi ki, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan xalqının xilası və parlaq gələcəyi üçün atılmış ən mühüm qədəm idi. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, təsis qurultayından başlayan bu şərəfli mübarizə yolu Azərbaycanı böhranlardan zəfərə, işğaldan ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına gətirib çıxardı. Yeni Azərbaycan Partiyası bundan sonra da Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident cənab İlham Əliyevin rəhbərliyinə söykənərək müstəqil dövlətimizin qüdrətlənməsinə, xalqımızın rifahına və yeni-yeni tarixi qələbələrə imza atmağa davam edəcək.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 07 Oktyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















