Icma.az
close
up
RU
Böyüklər üçün uşaq kitabı

Böyüklər üçün uşaq kitabı

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” roman-pritçası haqqında

1935-ci ilin sonlarında Ekzüperi bütün olan-olmazını toplayıb üstəlik də dostlarından borc götürmək hesabına aldığı şəxsi təyyarəsiylə Paris-Sayqon-Paris marşrutu üzrə aviasiya yarışına qoşuldu. Yarışın şərtinə görə, uçuş müddəti 87 saatdan çox çəkməməliydi, o hesabla yeni ili pilot ya evdə, ya da göydə qarşılamalıydı. Sayqon şəhərinin Vyetnamda yerləşdiyini nəzərə alsaq, o dövr üçün bu məsafəni qoyulan müddətdə başa vurmaq asan deyildi. Yarışın mükafat fondu yüz əlli min frank idi. Otuz beş yaşlı məşhur təyyarəçi bu pulla maddi problemlərin altından çıxacağına ümid eləyirdi.

Dekabrın otuzunda onun təyyarəsi Liviya səhrasında qəzaya düşdü. Təyyarənin pilotuyla mexaniki möcüzə sayəsində sağ qaldılar. Qəzadan salamat qurtulsalar da, yel qanadlı xəyal atından yıxılmış macəra axtaranlar bu səfər susuzluqdan ölmək qorxusuyla göz-gözə gəldilər. Hadisənin dördüncü günü səhrada karvan sürən bədəvilər yarımcan fransızların dadına çatmasaydı, hər ikisi ucsuz-bucaqsız qumluqda leşə dönüb qurda-quşa yem olasıydı.

Təyyarəsinin qanadlarını gövdədən ayıran fələk özü də bilmədən o qanadları Ekzüperinin ilhamına bağladı, yazıçının yaradıcı təxəyyülünün kövrək lələklərinə sığal çəkdi. Planetin unudulmuş küncündən, qısır səhradan dünya ədəbiyyatının o vaxtacan misli görünməmiş yeni bir obrazı boy göstərdi. Qum cücərdi, səhra bar verdi, Balaca Şahzadə Ədəbiyyat Səltənətinin vətəndaşlığına əbədi vəsiqə aldı.

***

...Planetin ən böyük səhrasının üstüylə uçan təyyarə xarab olur. Pilot hava maşınını qumluğa oturdub mühərriki düzəltməyə başlayır. Xeyli çalışandan sonra təyyarəçini yuxu aparır. Dan üzü onu haradan peyda olduğu bilinməyən solğun bənizli, qızıl saçlı bir uşaq səsləyib oyadır: “Mənim üçün quzu şəkli çək”.

Bunu deyən Balaca şahzadə səhrada qəzaya uğrayıb həyatın səmtini itirmiş insanın, yəni əslində absurd dünyada, eni-uzunu bilinməyən qaranlıq kainatda, dibigörünməz zülmət okeanda özünə mayak axtaran müəllifin daxili məni, alter-eqosu, onun ruhu, könlü, bələdçisidir.

Ruh deyəndə, Tanrı deyəndə çox adamın xəyalına başı buludlara dəyən yüz min yaşlı müdrik, nurani qoca gəlir, əbədiyyət deyəndə gözümüzün qabağında əvvəli-axırı görünməyən sonsuz zaman canlanır. Ekzüperinin tanrısı bu balaca uşaqdır - onun saf qəlbi böyüklərin paslı beynindən milyon qat artıq bilir. Hamı uşaq olub, ancaq hər kəs bunu xatırlamır.

Elə əbədiyyət də nəhəng zaman-filan deyil, saniyənin trilyonda biri boyda (yəni əslində ensiz-boysuz) kiçik bir an, zamanın axıda bilmədiyi, məkanın yer tapa bilmədiyi, kainat yellərinin dəbərdə bilmədiyi bölünməz vaxt atomudur.

***

Balaca şahzadə bu səhraya öz planetindən - 1909-cu ildə bir türk astronomunun kəşf elədiyi B-612 nömrəli asteroiddən enib. Onun planetində biri sönmüş, ikisi aktiv üç vulkan, körpə baobab pöhrələri, bir də gözəlliyi göz qamaşdıran yeni açmış qızılgül var. Hər yuxudan duranda o, planetini səliqəyə salır, vulkanlarını silib təmizləyir, səhər yeməyini onlardan birinin üstündə qızdırır, sonra qızılgülünü suvarır, onun nazıyla oynayır. Quzu ona ondan ötrü lazımdır ki, baobabların pöhrə budaqlarını, yarpaqlarını qırpıb onları böyüməyə qoymasın, yoxsa bu kobud, arsız ağac hər yana kök atıb onun körpə planetini parçalayacaq, qızılgülünü qurudacaq. Aydındır ki, baobab burada yer üzünə sığmayan, dünyanı insanlara dar eləyən fironların, tiranların, despotların obrazıdır.

Qızılgülün prototipi isə yazıçının ömür-gün yoldaşı, Yer planetinin Latın Amerikası adlı bağçasından dərdiyi tikanlı çiçəyi Konsuelodur. Antuan onunla Argentinada rastlaşmışdı, Salvadordan gəlmiş ikiqat dul qadına ilk baxışdan vurulmuşdu, onu təyyarəsinə mindirib göylərə qaldırmışdı, elə göyün üzündəcə qadına ultimatum vermişdi: ya Konsuelo Antuana ərə gəlməyə razı olacaq, ya da çılğın pilot təyyarəni dağlara-qayalara çırpıb nikahını o dünyada rəsmiləşdirəcəkdi.

Dörd ay sonra onlar Parisdə evlənmişdilər. Birgə yaşayışları rahat ötüşməsə də, hər ikisinin evdən kənarda çoxlu dayanacağı olsa da, heç yerdə sığınacaq tapmamışdılar, hərlənib-fırlanıb yenə bir çətirin altına girmişdilər.

***

Balaca şahzadə pilotun çəkdiyi rəsmi bəyənmir, onun fikrincə, şəkildəki quzudan çox qoyuna, qoça bənzəyir, üstəlik buynuzları da var. Həm də bu qoyun çox qocadır, ona cavan quzu lazımdır ki, uzun yaşasın, hələ neçə il xidmət göstərsin. Bu qoyun onun planetindəki yeganə qızılgülü yeyə bilər, çünki o gülü dördcə miskin tikandan başqa heç nə qorumur, o tikanları da bu qoç bir qırpımda udacaq, gülün gözəlliyinə, qoxusuna əsla bənd olmayacaq.

Gerçəkdən də, bu dünyada dodağı şehli qızılgül qönçəsini quru samandan ayırmayan buynuzlu-buynuzsuz nə qədər qoyun var.

Təyyarəçinin çəkdiyi (yeri gəlmişkən, əsərdəki illüstrasiyaların da müəllifi Ekzüperi özüdür) quzu rəsmləri də Balaca şahzadənin xoşuna gəlmir. Bəs onda neyləməli, qızılgülü nadan ağızlarda çeynənməkdən necə qorumalı? Hərçənd onun ətirli çiçəyi də fağır-zad deyil, çox məğrur, tərs, dikbaşdır, onu qoxlamaq üçün qarşısında baş əyənlərə cırmaq atandır. Elə Balaca şahzadə özü də ondan küsdüyü üçün planetindən aralı düşüb. Gedən ayaqda qızılgül nalayiq davrandığına görə ondan üzr diləyib nazını çəkəni çox sevdiyini söyləsə də, Balaca şahzadə səfərindən daşınmayıb. Küssə də, acıqlansa da, fələkdən qorunmağa dördcə körpə tikanından savayı heç nəyi olmayan köməksiz gülün məsuliyyəti onun boynundadır, o gül ona əmanətdir.

Pilot Balaca şahzadəyə təskinlik üçün quzunun ağzına noxta vuracağını deyir. Ancaq onda da yerini genəltməyə can atan baobab pöhrələrinin qarşısını alan olmayacaq, o pöhrələr nəhəng ağaca çevrilib planeti kölgəsində çürüdəcək. Belədə təyyarəçi bir yeşik şəkli çəkib quzunu o yeşiyə yerləşdirir, bu yolla Balaca şahzadəni, nəhayət, razı salır. Onun quzusu gecələr o yeşiyin içində yatacaq, gündüzlərsə quzunu bağlasın deyə pilot gödək bir ip şəkli də çəkəcək. Bilmək olmaz, bir də gördün heyvan təzib gözdən itdi, baş alıb harasa getdi.

Şahzadə təəccüblənir: bağlamaq nəyə lazım, onun planeti onsuz da böyük deyil, vur-tut bir ev boydadır, qaçıb gizlənməyə də dalda bir yeri yoxdur. Sonra da öz-özünə danışırmış kimi kədərli-kədərli deyir: “Əgər düz yolla getsən, itib batmazsan...”

***

Yerə gəlib çıxana qədər Balaca şahzadə altı planetdən keçib.

Birincisi tənha kralın planetidir. Dəbdəbəli xalatını geyinib cah-cəlallı taxtına oturmuş kral onu görəndə çox sevinir. O, hər kəsə təbəəsi kimi baxmağa, xahişi də əmr şəklində çatdırmağa öyrəşib. Ancaq indi öz planetində təkdir, əmr verib buyurmağa kimsəsi yoxdur. Uşaq onun hüzurunda əsnəyəndə davranış etiketini pozduğuna görə kral ona acıqlanır, ancaq sonra özü uşağa göstəriş verir ki, əsnəsin, çünki kral çoxdandır əsnəyən adam görməyib. Uşaqsa qorxusundan daha əsnəyə bilmir.

Kral özünü inandırıb ki, yerdə-göydə nə varsa, hamısı onun əmrinə müntəzirdir. Ancaq gərək hər kəsdən mümkün olanı tələb eləyəsən, yoxsa əmrin yerinə yetməz: “Əgər mən öz generalıma kəpənək olub güldən-gülə qonmağı, dənizin üstündə uçan qağayıya çevrilməyi, ya dahiyanə səhnə əsəri yaratmağı əmr eləsəm, general da bu əmri yerinə yetirə bilməsə, günah kimin boynunda qalacaq - onun, ya mənim?.. Gərək hər kəsdən gücünə, bacarığına görə istəyəsən. Hakimiyyət ağılla idarə olunmalıdır. Əgər sən öz xalqına dənizə atılmağı əmr eləsən, xalq üsyana qalxacaq...”

Balaca şahzadə kraldan günəşi qüruba göndərməyi xahiş eləyir - o öz planetində qürub seyrinə tez-tez dalır, bu mənzərəni təkrar-təkrar görmək üçün oturduğu kətili bir addım irəli çəkməsi ona yetir. Kral uşağa deyir ki, tələsməsin, axşam saat filanda günəş onun əmriylə qüruba enəcək. Bu yerdə filosofların “Azadlıq - dərk olunmuş zərurətdir” kəlamı yada düşür. Ağıllı kral da öz hökmünü zərurətlə uzlaşdırır, verəcəyi əmrin yerini alması üçün əlverişli şəraitin yaranmağını gözləyir, buna görə də onun hökmü havadan asılı qalmır.

Balaca şahzadə getmək istəyəndə kral əlinə göydə düşmüş tək təbəəsini buraxmamaq üçün ona ədliyyə naziri postu təklif eləyir. Ancaq qoca monarxın planetində mühakimə olunası kimsə yoxdur. “Onda özün-özünü sorğu-suala çək, - kral deyir, - bu, başqalarını mühakimə eləməkdən qat-qat çətindir. Əgər özünü doğru mühakimə eləyə bilsən, demək, gerçəkdən müdrik adamsan”.

Sonda uşağın qarşısını kəsə bilməyəcəyini anlayan kral təbəəsinin əmrdən çıxmağına alışmadığına görə onu getdiyi yerə səfir təyin eləyir, bununla da pərtliyini örtüb basdırıb hökmdar qürurunu, monarx təkəbbürünü sakitləşdirir.

***

İkinci planetdə şöhrətpərəst məskunlaşıb. Kral üçün hər kəs təbəə olduğu kimi ondan ötrü də hamı pərəstişkardır. Şöhrətpərəstə elə gəlir hamı onun ağlının, sərvətinin, zər-zibalı geyiminin heyranıdır, halbuki o da öz planetində tək-tənhadır. Şöhrət xəstəsi Balaca şahzadədən xahişdə bulunub özünə əl çaldırır, dərhal da şlyapasını çıxarıb ədayla təzim göstərir. Bu mənzərə bir neçə dəfə təkrar olunur.

Şlyapası şöhrətpərəstə elə təzim üçün gərəkdir. Onun qulağı tərifdən başqa hər sözə kardır. Onu yalnız başqalarının heyranlığı yaşadır. Balaca şahzadə düşünür ki, bu böyüklər çox qəribə məxluqlardır.

Üçüncü planetdə əyyaş yaşayır. Burada çoxlu dolu, boş şüşələr var. Əyyaş içir, sonra vicdan əzabı çəkir. Əzabını unutmaq üçün yenə içir, sonra yenə əzab çəkir. Beləcə, əzabını unutmaqla xatırlamaq arasında aramsız var-gəl eləyir. Balaca şahzadə yenə “Nə qəribə adamlardır bu böyüklər!” deyib yoluna davam eləyir.

Dördüncü planet işgüzar adamın dünyasıdır. Adam o qədər məşğuldur ki, sönmüş siqaretini yandırmağa belə vaxtı yoxdur. Balaca şahzadə onun planetinə ayaq basanda işbaz heç başını da qaldırmır, Kafkanın Poseydonu kimi elə hey hesablayır. İşgüzar adam rəqəmləri üst-üstə gəlib bir-birinə vurandan sonra beş yüz milyonluq bir nəticə alınır. Uşaq ondan soruşur: “Beş yüz milyon nə?” İşbaz ona cavab vermir, deyir ki, ciddi işlə məşğuldur, laqqırtı vurmağa vaxtı yoxdur. Ancaq uşaq əl çəkmir, sualını dönə-dönə təkrarlayır: “Beş yüz milyon nə?..”

Məlum olur ki, işgüzar adam ulduzları hesablayır, onun beş yüz milyondan çox ulduzu varmış. Bəs hökmü ulduzlara da çatan kral necə olsun? O deyir ki, kralların heç nəyi yoxdur, onlar yalnız idarə eləyirlər. Ulduzlar ona varlanmaq üçün lazımdır. Bəs varlanmaq onun nəyinə gərəkdir? Kəşf olunan yeni-yeni ulduzları almaqdan ötrü. Ulduzlar heç kimə məxsus deyilsə, demək, onun mülkü, onun sərvətidir, çünki ulduzlara sahib çıxmaq ondan qabaq heç kəsin ağlına gəlməyib. Bəs axı ulduza əl çatmır, işbaz bu böyük sərvətdən necə yararlanacaq? Hə, bunun da yolu-yöndəmi tapılıb, işgüzar adam özəlləşdirdiyi ulduzları banka qoyur.

Davamı növbəti sayımızda...

F.Uğurlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see143

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see120

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see117

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see115

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see108

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri