Brendlərin diktəsindən uzaq layihə Sosial şəbəkədə yazılanlar
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Aqşin Yenisey, şair:
- Dünən Nizami Kino Mərkəzində “Ədibin Evi” və ASAN TV-nin birgə layihəsi çərçivəsində çəkilmiş “Zəfər rəqsi” filmini izlədik. Əvvəlcə onu deyim ki, film Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin ikincisi seçilmiş əyalətdə yaşayıb orada da dünyasını dəyişən yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında filmin rejissoru və ssenari müəllifi Gəray Həsən bəy tərəfindən lentə alınıb, rəssamı Vüqar Qurbanov, bəstəkarı Vüqar Məmmədzadədir. Filmdə Azər Aydəmir, Günay Əhməd, Niyaz İlyasoğlu, Vüsalə Ağayeva, Ramin Zeynalov və digər aktyorlar oynayıb. Layihənin rəhbəri də “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevadır.
İndi keçim təəssüratlarıma. Təəssürat məsələsi sənətin şüşədə olan canıdır. Təəssürat elə bir duyğudur ki, sənət əsərində hər şey ona xidmət edir. Oxucunun, izləyicinin, yaxud dinləyicinin sənətin ərazisindən özünə götürdüyü, evinə apardığı, başqasıyla paylaşdığı əvəzolunmaz bir mirasdır. Təəssürat yoxdursa, demək ki, sənətdə heç nə yoxdur.
Kinoman deyiləm, ona görə kinoşünaslıq etmək mənim işim deyil. Ancaq təəssüratlarımı yazacağam. Film 5 ili tamam olan Qarabağ zəfərinə həsr olunsa da, bizi səthi pafosun hay-həşiriylə sevindirmək əvəzinə, bu zəfərin nələri, kimləri itirərək qazandığımızı hər kadrında göstərib demək istəyirdi ki, bir qələbənin unudulmaması gərəkini təkcə əldə olunanlar deyil, həm də əldən gedənlərdir. Biz əldən gedəni tez unudan, əldə olunandan pay ummağa tez şığıyan toplumuq. Bu davranışımız vətənə də aiddir, sevgiyə də, vəzifəyə də, hələ desən, avtobus növbəsinə də. Filmdə ictimai müşahidə vardı. Bu, önəmli məsələdir.
İkinci təəssüratım film boyunca bircə dəfə də olsun erməni adı çəkilmədi. Çəkilsəydi, bu film sənət əsəri olmayacaqdı, ekranlaşdırılmış siyasi konyuktura olacaqdı. Çünki əsl sənətdə düşmənin adı olmur, özü olur. Əsl sənətdə düşmən həmişə ümumidir, insanlığa qarşıdır.
Üçüncü təəssüratım film boyu evdə Qarabağda ayaqlarını itirmiş atanın bir oğlu böyüyürdü. O evdə heç kim o uşağa qisas hissi aşılamırdı. Azərbaycanlı ailə müharibəni evə gətirməmişdi, müharibə baş verdiyi yerdə qalmışdı. Kişi çölün sözünü evə gətirməz məsələsi. Böyük xalqlar da belədir. Müharibəni evə gətirmək balaca xalqların “qəhrəmanlığıdır”. Yadınıza salın, işğal illərindəki “Fəryad” filmini. Bütün müharibə bir erməni evinin içində gedirdi.
Demək istədiyim odur ki, filmdə hansı kadra estetik ağlın gözüylə baxsaydın, altından bir xalqın tarixi kimliyi görünəcəkdi. Çünki film xalqın içində yaşayan, xalqın içində də dünyasını dəyişən bir yazıçının əsəri əsasında çəkilmişdi.
Başqa qeydlərim də var, sadəcə, qripəm deyə rahat yaza bilmirəm. “Ədibin evi”ni də, ASAN TV-ni də təbrik edərək hələlik bu qədər.
Ömər Xəyyam, yazıçı:
- Dünən Nizami Kino Mərkəzində Ədibin Evinin sifarişi ilə ASAN TV tərəfindən istehsal olunmuş “Zəfər rəqsi” filmi təqdim edildi.
Film mərhum yazıçı Yaşar Bünyadın “heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib.
müharibə iştirakçılarının müharibədən sonrakı psixoloji-mənəvi müharibəsini, posttravmatik ağrısını əks etdirən qısametrajlı vizual həllin ərsəyə gəlməsində əməyi olanlara, xüsusilə, əzizim Şəfəq Mehrəliyevaya trendlərin-brendlərin diktəsindən iraq, ötəri, konyunkturativ hay-küydən uzaq layihəyə görə təşəkkür edirəm!
Silahsız-sursatsız müharibə filmi... çətindir, fəqət həm ssenari-rejissor işi: dram xətti-bədii-vizual həll, - həm də Azər Aydəmir, Günay Əhməd, Niyaz İlyasoğlunun, eləcə də digər aktyor və aktrisaların uğurlu performansı nəticəsində heyət məramına nail olub.
Üstəlik, filmin musiqisini də çox bəyəndim. Açığı, bir neçə texniki qüsuru nəzərə almasaq, demək olar, sonuncu qələbəmizə həsr edilmiş ən yaxşı filmi izlədim.
Ümidvaram, növbəti dəfə filmin təhlil-tənqid xarakterli baxışı təşkil olunar, iradlarımızı, tənqidi fikirlərimizi, təqdir etdiyimiz məqamları yaradıcı heyətlə birgə müzakirə edərik.
İnanıram ki, bu layihə həm möhtəşəm qələbəmizə həsr edilmiş ədəbi əsərlərə, həm ekran işlərinə ilham mənbəyi olacaq, həm də milli-mədəni, sosial-ictimai məsuliyyətimizin inkişafına töhfə verəcək,
Ülviyyə Heydərova, jurnalist:
- Kinonun kökündə ədəbiyyat dayanır. Ədibin Evi bu fikri dünən bir daha təsdiqlədi. Bu ədəbiyyat ocağı bədii əsərlərə ekran ömrü bağışlayır. Dünən təqdimat mərasimi olan “Zəfər rəqsi” qısametrajlı filmi Mir Cəlal adına IV Ədəbiyyat Müsabiqəsinin qaliblərindən olan mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında Gəray Həsənin ssenarisi və rejissorluğu ilə çəkilib. Filmdə əziyyəti keçən bütün heyəti, başda layihənin ideya müəllifi Şəfəq Mehrəliyeva və baş prodüser Emin Musəvi olmaqla hər kəsi səmimi qəlbdən təbrik edirəm. Layihələriniz bol olsun!
Gülnar Nazimqızı, jurnalist:
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 2 günlük jurnalistlər üçün təlim təşkil etdi. Şamaxıda təşkil olunan bu təlimə nazir Emin Əmrullayev də qoşuldu. Qapalı olan təlimdə kifayət qədər müzakirələr, idealar haqqında məlumatlar verildi. Problemlər isə hər zaman var. Əsas onu həll etmək istəyinin olmasıdır. Maraqlı təlim üçün Səbuhi Rzazadə, Billurə Hacızadə, Fərizə Məmmədzadə və böyük komandasına təşəkkürlər.
Fazil Mustafa, millət vəkili:
- Futbola münasibətdə olan qaragüruhçuluq siyasi, ictimai mühitdə olandan daha acınacaqlı imiş. Ölkəmizin qürur mənbəyi olan, futbol təsərrüfatımızın ayıbını ört-bas edən “Qarabağ” klubu 2 möcüzəli qələbədən sonra gedib İspaniyada dünyanın ən güclü klublarından biri olan “Atletik”ə 1:3 hesabı ilə məğlub olub. Həm də komanda gücü yetdiyindən də artıq bir fədakarlıqla mübarizə apararaq məğlub olub. Səhv etmirəmsə, oktyabr ayında Bilbaonun İspaniya millisində 1 oyunçusu oynadı, “Qarabağ”ın isə 7 oyunçusu millinin heyətində oynadı. Həm də son iki oyunda millimiz az-çox baxımlı futbol ortaya qoydu. İndi həmin oyunçular öz komandasına dönüb Çempionlar Liqasında möcüzə yaratmağa çıxırlar. Bu, həmişə mümkündürmü? Əlbəttə yox! “Qarabağ” bundan sonra bütün oyunları uduzsa belə, Azərbaycan futbolu adına öz qəhrəmanlığını, fədakarlığını edib. “Qarabağ”ı bu yarışın çempionu görmək istəyirsiniz? Hələ ki, Azərbaycan çempionu olması ilə bəlkə kifayətlənək? İndi sadəcə gözəl futbol tamaşasına çayımızı içib tamaşa etmək, dünyanın ən peşəkar futbolçuları ilə ayaqlaşmağa çalışan futbolçularımızı alqışlamaq və onsuz da fədakarlıq edən bu insanları amansız şəkildə qınamaqdan uzaq durmaq doğru davranışımız olmazmı? Digər tərəfdən 21 yaşlı Nəriman Axundzadəni hədəfə alanlar da böyük səhvə yol verirlər. Sabah bu hədəfdə Bəhlul da, Elvin də, Toral da hansısa bir yanlışa görə ola bilər. Son illərdə futbol bataqlığında az-çox yetişə bilən bu gəncləri bu cür linç etməklə nə qazanacaqsınız? Əlbəttə, səviyyə fərqləri var, fiziki şərtləri məşqçi heyətindən başqa kimsə dərindən bilmir, kənardan bu cür mühakimə, ittiham meydanda olub-qalan tək komandamıza zərər verir.
Bu komanda məğlub olanda da, tökülüb-dağılmırsa, mən elə bundan da zövq almağa davam edəcəyəm! Fəxrimiz, qürurumuz “Qarabağ”!
Sahil Tahirli, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri:
- Duzsuz Naxçıvan!
Dünyanın ən zəngin və keyfiyyətli daş duz yataqlarına malik olan Naxçıvanın duz ehtiyatları 200 milyon ton civarındadır. Amma duz yoxdur... Bu gün Naxçıvan İqtisadiyyat Nazirliyi rəsmi açıqlama verib: “5 saylı mədəndə texniki-təhlükəsizlik tədbirləri üçün müvafiq işlərin görülməsi ilə əlaqədar mədən təmirə dayandırılıb”...
Bəs açılan digər mədənlər hanı? 2 il əvvəl təməli atılan böyük duz istehsal müəsisəsi niyə işə salınmır? Niyə işləmir? Niyə 5 saylı mədəndə təmir işləri əvvəlcədən planlaşdırılmayıb? Ehtiyatlar niyə yaradılmayıb? Məncə, belə nağılları özünüzə danışın! İdxal etmədiyimiz bir duz idi, onu da etməyə başladıq... Nə isə, suallar çoxdur... Vaxtı gəldikcə bir-bir bu sualları verəcəyik!
Fərdin İsazadə, jurnalist:
- Meyit qarşısında dayanıb kameraya “stand-up”, əl telefonuna selfi çəkib paylaşmaq jurnalist etikasından kənar və mənəviyyat çərçivəsindən çıxan hərəkətdir.
Mir Səməd, bloger:
- Oxudum ki, Ağstafanın Aşağı Kəsəmən kəndində iki qardaş vəfat edən atalarına ehsan verməyib.
Qardaşlar ehsan süfrəsinə sərf olunacaq vəsaitlə yaşadıqları kəndin mərkəzi yolunu təmir etdirib və kənd qəbiristanlığında abadlıq işləri aparıblar.
Bu, çox gözəl xəbərdir! Əlbəttə, molla mafiyası hər vəchlə belə xəbərlərin yayılmasının qarşısını almağa, bu kimi savab əməlləri pisləməyə çalışır.
Ona görə də, belə addımlar təqdir olunmalı, mediada geniş işıqlandırılmalı, təbliğ edilməlidir.
Allah rəhmət eləsin!
Zakir Osmanov, yazar:
- İnternetdə rus və Ukrayna blogerlərin debat çıxışlarına baxıram.
Rus ukraynalıdan soruşur ki, Rusiyanın ən qədim şəhəri hansıdır?
Urus Kiyev şəhərini deyəcəyinə ümid edirdi, ukraynalı isə belə cavab verdi.
Sitat: “Rusiyanın ən qədim şəhəri zəbt etdiyiniz Azərbaycanın qədim
şəhəri Dərbənddir”.
Rus çaşıb qaldı, heç nə deyə bilmədi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















