İstedadlı savadsızlar Sosial şəbəkədə yazılanlar
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elşad Miri, ilahiyyatçı:
- Ötən gün yaxınımla bir kitab təqdimatında iştirak etdik. Kitaba olan həvəsə sevinsək də, kitab imzalatmaq üçün yığışanların növbə təsəvvürlərinin olmaması məni bu suala məruz qoydu:
Kitab oxuyanların növbə mədəniyyəti budursa, oxumayanları niyə qınamalıyıq?
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- İkinci Dünya müharibəsində almanlar Sibirə gəlib çata bilməmişdilər, Ukrayna isə İrkutskda hərbi əməliyyat keçirir.
Baxıram bütün dünya mediası Ukraynanın Rusiyanın ucqarlarında yerləşən strateji obyektlərə amansız zərbə endirməsindən yazır.
Rusiyanın, Ukraynanın Teleqram kanalları baş verənləri “Rusiya Pearl Harboru” adlandırırlar.
Ukrayna kəşfiyyatının bir il ərzində hazırladığı bu əməliyyat nəticəsində dronların köməyilə Rusiyanın Murmanskdakı və hətta Sibirdə, İrkutsk şəhərindəki hərbi hava limanlarında xeyli sayda, 40-dək strateji bombardmançı təyyarələri yerindəcə məhv edilib.
Maraqlıdır ki, Ukrayna kəşfiyyatı xeyli əvvəlcə dronları mobil taxta konteynerlər vasitəsilə Rusiyaya gətirib və lazımi anda konteynerlərin qapaqları uzaq məsafədən idarə olunmaqla açılıb, dronlar havaya qaldırılıb.
Bildirilib ki, “Pautina” kod adlı bu əməliyyatın gedişinə şəxsən Prezident Volodimir Zelenski nəzarət edib, planı isə UTX-nin rəhbəri Vasil Malyuk həyata keçirib.
Bu, Rusiyanın, Rusiya hərbi elitasının, Rusiya ordusunun imicinə çox böyük zərbədir.
Hətta Rusiyanın hökumətə yaxın Teleqram kanallarında təyyarələri anqarlarda gizlətməyə məsul olan bütün məsul şəxslərin güllələnməsi tələb edilir.
NATO ölkələrinin ekspertləri isə Rusiyanın bir anda xeyli sayda strateji silahlarının məhv edilməsini özlərinə qarşı təhdidlərin də azalması kimi dəyərləndirərək sevinirlər.
Güman ki, Rusiya ordusunun da cavab zərbəsi gecikməyəcək.
Ümid edirəm nüvəyə əl atmazlar.
Baş verənlər bir daha sübut edir ki, müasir dron texnologiyaları illərlə və böyük vəsaitlə qurulmuş hərbi gücü bir anda sıradan çıxara bilər. Bu, müharibənin qaydalarının köklü şəkildə dəyişdiyini bir daha göstərir.
Günel Mövlud, yazıçı:
- İnsanlıq çox axmaq yerlərə gedir. Təkcə siyasi hadisələrə görə yox, etik söhbətlərə görə də. On doqquzuncu əsrin sonlarına artıq fatihəsi oxunan romantizm yerini praqmatizmə verdi. İyirminci əsrin etik diskursu başını praqmatizmlə girlədi. İndi növbəti etik tendensiya yaranır.
Hara baxırsan, hansı influenser, psixoloq, kontent yaradıcısı, Əli, Vəli, Pirvəli - hamısı insanlara ancaq özünü düşünməyi, öz maraqlarını üstün tutmağı öyrədir. Özünü sev, özünü düşün, özün, özün, özün, başqalarının da lap canı çıxsın. Bunun adı emosional qəddarlıqdan başqa bir şey deyil.
Fədakarlıq, empati, mərhəmət kimi alicənab, bizi insan edən hisslər ələ salınır, dəyərsizləşdirilir. İnsandan narsis, emosional olaraq keyidilmiş zombilər hazırlayırlar.
Həmişə belə şeyləri dərindən düşünəndə, fikirləşirəm ki, tez üzüsulu ölək...
Elxan Şahinoğlu, politoloq:
- Azərbaycan və azərbaycanlılar əleyhinə açıqlama verənlərə Rusiya Dövlət Dumasının daha bir deputatı qoşulub. Mixail Matveyev isimli deputat əslən Azərbaycandan olan Cəlil Süleyman oğlu Rəfiyevin Rusiyanın Vorkuta şəhər sovetinə namizədliyinin irəli sürülməsindən narazı qaldığını bu sözlərlə ifadə edib: “Azərbaycanın hansısa aulunda doğulan, yarımçıq orta təhsili və iki kiçik tərəvəz dükanı olan birinin deputat olması yolverilməzdir”.
Birincisi, bu deputatın coğrafiyadan xəbəri yoxdur. Azərbaycanda onun təbirincə desək, “aul” anlayışı yoxdur, Mixail Matveyev ölkəmizi Mərkəzi Asiya ölkələrindən biri ilə səhv salıb. Rusiyada Dövlət Duması səviyyəsində milli və irqi ayrı-seçkilik təbliğatı aparılırsa, Rusiyanın sıravi vətəndaşından nə gözləmək olar? Əgər Cəlil Rəfiyev Rusiya vətəndaşıdırsa, o, yerli şəhər sovetinə namizədliyini niyə irəli sürə bilməz ki? Rusiyalı deputat ayrı-seçkilik toxumu səpməklə Rusiya Konstitusiyasını da pozmuş olur. Buna baxmayaraq, irqçi deputatın təxribatçı açıqlamasına həmkarlarından kimsə etiraz etməyib. Deməli, onlar da Mixail Matveyev kimi düşünürlər. Belə çıxır ki, Rusiya vətəndaşı olan azərbaycanlı nə vaxtsa Rusiya Dövlət Dumasında seçkilərdə iştirak etmək istəsə, Mixail Matyev kimi şovinist və irqçi deputat və onun kimi düşünənlər buna qarşı da çıxacaqlar.
Vüqar Camalzadə, bəstəkar:
- İstedad - Tanrının insana verdiyi ən sirli, ən təmiz paylardan biridir. O, nə alınır, nə də öyrədilir. O, içdən doğulur - bir baxışda, bir səsdə, bir toxunuşda özünü büruzə verir. Amma istedad təkbaşına heç nə demək deyil. O, torpağın altındakı bir toxum kimidir - əgər suvarılmasa, günəş görməsə, küləklə nəfəs almasa, ya çürüyər, ya da heç cücərməz. Su, günəş, hava - istedadın inkişafı üçün bunlar savaddır, zəhmətdir, düşüncədir.
Təəssüf ki, bəzən istedadlı, lakin savadsız insanlara rast gəlirik. Onların içində bir parıltı var - amma bu parıltı istiqamətsizdir. Onlar çox şeyə qadirdirlər, amma nəyi necə etməli olduqlarını bilmirlər. Fikirləri uçuşur, hissləri dərin olur, amma onları düzgün ifadə etməyi bacarmırlar. Onlar danışır, amma fikir demirlər; yazır, amma məna yaratmırlar; oxuyur, amma anlamırlar.
Belə insan, sanki qədim bir musiqi alətidir - tarixi və dəyəri var, amma üstündə çalmağı bacaran yoxdursa, susmaqdan başqa çarəsi qalmır. İstedadlı savadsız - imkanın itkisidir. Cəmiyyət üçün isə - itirilmiş bir şans.
Bəzən istedadın gətirdiyi ilk uğurlar insanı aldatmağa başlayır. “Mən onsuz da bacarıram” - deyə düşünür. Halbuki savad - bacarıq deyil, bacarıqların mənbəyidir. Savadsız istedad, yola çıxmış, amma xəritəsi olmayan səyyah kimidir - hara getdiyini özü də bilmir.
Bu dünya çox istedadlar görüb - bəziləri zirvələrə yüksəlib, çünki zəhmətlə, savadla birləşib. Bəziləri isə unudulub - çünki istedadlarını daşıya bilməyiblər. Savad istedada istiqamət verir. Onu cilalayır, parıldadır, başqalarına örnək edir. Yoxsa, parlaq daş da bir palçığın içində itib-batır.
İstedadlı və savadsız - bu ifadə həm ümid, həm təəssüf doğurur. Ümid - çünki içində bir işıq var. Təəssüf - çünki o işığın yolu yoxdur. Amma nə xoş ki, savad sonradan qazanılır. Yetər ki, insan öz işığında boğulmasın, onu yoluna yönəltmək istəsin.
Asif Nərimanlı, jurnalist:
- Rusiya müdafiə naziri Andrey Belousovun “Ermənistanın Sünik bölgəsi (Qərbi Zəngəzur) ətrafında gərginlik davam edir” sözlərini iki cür oxumaq mümkündür.
Birincisi, regiondan kənar ölkələrin bölgəyə Ermənistan üzərindən, məhz Zəngəzurdan müdaxiləsi ilə bağlıdır.
Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət göstərdiyi və faktiki olaraq, Rusiya sərhədçilərinin yerini tutduğu Zəngəzurda Fransa konsulluq açmağa hazırlaşır. Və bu, Ermənistanın bölgədə konsulluq açmaq istəyən Rusiyaya imkan verməməsi fonunda baş verir. Bölgədə ilk konsulluğu İranın açması rəsmi İrəvan üçün regional müttəfiqin Tehran, ikinci konsulluğu Fransanın açması isə regiondan kənar müttəfiqinin Paris olduğu deməkdir. Belousovun sözləri Ermənistanda mövqelərini bərpa etmək istiqamətində aktivləşən Rusiyanın xəbərdarlığı kimi qəbul edilə bilər və Moskva bununla ən azı Zəngəzurda konsulluğunun açılmasına nail olmağa çalışır.
İkincisi, Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində Moskvanın İrəvana “yardım təklifi”ndən qaynaqlandığı istisna edilməməlidir.
Belousov bildirir ki, “Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən narahatdırlar, Sünik rayonu ətrafında gərginlik qalmaqdadır. Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır və hər cür kömək etməyə hazırdır”.
Zəngəzura fokuslanan bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı “Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq” sözləri fonunda diqqət çəkir. Sual yaranır: Ermənistanın ərazi bütövlüyü pozulubmu?
Rəsmi İrəvan iddia edir ki, 2022-ci ilin sentyabr döyüşləri zamanı Azərbaycan Ordusunun strateji yüksəkliklərə nəzarəti bərpa etməsi “Ermənistanın ərazi bütövlüyünün pozulması” ilə nəticələnib. Halbuki Azərbaycan Ordusu əsasən işğal dövründə Ermənistan tərəfindən qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədini bərpa edib. Bununla yanaşı, delimitasiya prosesi aparılmadığı üçün Azərbaycan-Ermənistan sərhədinin konkret xətləri bəlli deyil. Ermənistan bu iddiaya əsaslanaraq, antirusiya siyasətini körüklədi və Qərb qüvvələrini Aİ müşahidə missiyası adı altında bölgəyə gətirdi. Lavrov “Ermənistanın ərazi bütövlüyünün təmin edilməsinə dəstək” dedikdə Moskvanın İrəvana yardım edə biləcəyinə diqqət çəkirdi. İstisna deyil ki, Lavrovun İrəvan səfəri zamanı qapalı müzakirələrdə bu yardım müzakirə olunub. Lakin Moskva diplomatik kanallarla buna nail ola bilmədiyi üçün hərbi rəhbərliyin dili ilə yenidən çağırış edir, yaxud Lavrovun İrəvandan istədiklərini Belousov vasitəsilə daha da gücləndirir. Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən danışan Belousovun diqqəti Zəngəzur bölgəsində gərginliyin davam etməsinə çəkməsi buna hesablanmış kimi görünür.
Regiona qayıtmağa çalışan Rusiya bununla Ermənistana “Azərbaycan qarşısında müdafiə olunmaq” təklifi irəli sürür və bu, dörd istəkdən ibarət ola bilər.
a) Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesində iştirak etmək;
b) KTMT müşahidə missiyasını Azərbaycanla sərhədə daxil etmək;
c) Rusiya sərhədçilərinin bölgədə fəaliyyətini yenidən genişləndirmək;
ç) Zəngəzurda konsulluğunu qısa zamanda açmaq.
Bunlardan ilk üçü ilə müqayisədə dördüncüsü daha real görünür. Hərçənd Rusiyanın istəyini Ermənistana qəbul etdirmək imkanları - ritorik xəbərdarlığını arqumentləşdirmək üçün praktiki müstəvidə hansı addımlar ata biləcəyi açıq olaraq qalır. Moskvanın klassik taktikası özünə bağlı erməni hərbçiləri hərəkətə keçirmək, Azərbaycanla sərhəddə təxribatlar törətmək idi, lakin Ermənistan ordusunda əvvəlki təsirlərinin qalmadığını nəzərə alsaq, bu taktikanın mövcud vəziyyətdə reallığı sual altına düşür. Rusiyanın “nə edəcəyi” açıq qalsa da, Zəngəzurda güclənmək cəhdlərinin davam edəcəyi aydın görünür.


