Britaniya geri dönür?
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baş nazir Aİ-yə qayıdış imkanlarını təsdiqləyir
Yeni qlobal nizamda güc mərkəzləri arasındakı “yumşaq mübarizə” mahiyyət etibarı ilə də yeni situasiya yaradıb. Bu mərhələdə “müttəfiqlik” konsolidasiyası özünün həm məzmun, həm də mənzərə etibarı ilə yeni detallarını üzə çıxarır. Məsələn, uzun illər (Soyuq müharibə dövründən bu yana) Avropa ilə ABŞ arasındakı münasibətlər həm siyasi. həm də iqtisadi mənada müttəfiqlik kimi xarakterizə olunurdusa, yeni məzmunda bu xarakteristika dəyişib. Artıq qlobal güc mərkəzi kimi ABŞ özünün milli maraqları, Avropa isə köhnə nüfuzunun qaytarılması uğrunda mübarizə aparır. Bunu həm Arktika uğrunda mübarizədə, həm də iqtisadi tarif siyasətinin detallarında görmək mümkündür. Bu vəziyyət isə Avropanın özündə yeni bir təmərküzləşmə tələbini ortaya çıxarır. Avropanın əsas aparıcı sütunu sayılan Avropa İttifaqı yenidən dirçəlmək üçün planlar tərtib edir. Coğrafi genişlənmə, iqtisadi bazar münasibətlərinin genişləndirilməsi, hərbi strukturlaşmanın yenilənməsi kimi addımlar da bunun təzahürləridir.
Amma etiraf etmək lazımdır ki, Aİ-nin güc itirməsi daha çox Böyük Britaniyanın qurumdan çıxmasının ardından müşahidə olundu. 2020-ci ildə başa çatan “Brexit” Aİ-yə böyük zərbə kimi yadda qaldı. Avropanın həm tarixi, iqtisadi, həm də siyasi mərkəzi kimi təqdim olunan Britaniyanın Aİ sıralarından çıxması ilə Mərkəzi Avropa təşkilatı hədəflərinə çata bilmədi. Bunun nəticəsidir ki, Aİ yenidən Britaniyanı öz sıralarında görmək niyyətini fürsət düşdükcə irəli sürür.
London Brüsselə doğru...
Bəli, təxminən 14 il əvvəl britaniyalı politoloq Piter Uildinqin bloqunda peyda olan “Brexit” (Britain + exit - Britaniya çıxır) sonrakı 10 ildə London və Brüssel arasında çəkişmələrin təhlükəsi barədə xəbərdarlığa çevrilmişdi. O zaman proqnoz özünü doğrultmuşdu - britaniyalılar Avropa İttifaqından çıxmağa səs vermişdilər və nəticə etibarı ilə Devid Kemeron baş nazir vəzifəsindən istefa vermişdi. Düz altı il əvvəl Böyük Britaniya sərt müzakirələrdən və Mühafizəkarlar Partiyası daxilində gedən şiddətli mübarizədən sonra Aİ-ni tərk etdi - Aİ-dən ayrılmaqla bağlı kampaniyanın ən tanınmış simalarından olan Boris Conson ölkədə hakimiyyətə gəldi.
Amma deyəsən, vəziyyət dəyişir - Böyük Britaniyanın Baş naziri Endi Börnhemin Britaniya mətbuatına verdiyi açıqlama “Breturn” (Britaniya + qayıdış) neologizmini aktuallaşdırıb. Belə ki, Baş nazir Endi Börnhem ölkənin Avropa İttifaqı ilə uzunmüddətli münasibətlərinin yenidən formalaşdırılması çərçivəsində quruma təkrar qoşulmağın da mümkün variantlardan biri kimi nəzərdən keçirilə biləcəyini bildirib. Baş nazir BBC-yə müsahibəsində mövcud “Brexit” modelinin ölkəyə xeyirdən çox zərər verdiyini deyib və Avropa ilə münasibətlərin yaxşılaşdırılması üçün hansı addımların real şəkildə mümkün olduğunu araşdırmaq istədiyini söyləyib. O, Leyboristlər Partiyasının illik konfransındakı çıxışında ilin sonuna planlaşdırılan Böyük Britaniya-Aİ sammiti ərəfəsində ölkənin Avropa ilə gələcək münasibətlərinə dair müxtəlif variantları ictimaiyyətə təqdim edəcəyini bildirmişdi. O, Böyük Britaniyanın ən böyük bazarı olan Avropa ilə uzunmüddətli münasibətlərin aydınlaşdırılmasının vacibliyini vurğulayıb. Ötən həftə Börnhem növbəti ümumi seçkilərdə Aİ-yə yenidən qoşulmaq üçün mandatın istənilməsi ehtimalını da istisna etməmişdi. Bununla belə, Makerfield dairəsində keçirilən əlavə seçkilər zamanı o, “Brexit” müzakirələrini yenidən başlatmaq niyyətində olmadığını və Böyük Britaniyanın Aİ-yə qayıtmasını təklif etmədiyini bildirmişdi. Baş nazirin son açıqlamaları Leyboristlər Partiyasının 2024-cü il seçki manifestindəki mövqedən mümkün dəyişiklik kimi qiymətləndirilir. Həmin manifestdə Aİ-yə, eləcə də vahid bazar və gömrük ittifaqına yenidən qoşulmaq istisna edilmişdi. Mühafizəkarlar isə hökumətin bu yanaşmasını tənqid edərək, bunun “Brexit”lə bağlı əvvəlki siyasi mübahisələri yenidən gündəmə gətirə biləcəyini bildiriblər.
Britaniyanın Aİ-yə qayıdışı: daha böyük iqtisadi və geosiyasi çəki...
Siyasi mütəxəssislərin fikrincə, Böyük Britaniyanın yenidən Aİ sıralarına qoşulması hər iki tərəf üçün mühüm gələcək vəd edir. O baxımdan ki, Böyük Britaniyanın Avropa İttifaqına mümkün qayıdışı təkcə “Brexit”in nəticələrinin aradan qaldırılması deyil, həm də Avropanın iqtisadi və təhlükəsizlik arxitekturasının yenidən formalaşması baxımından mühüm hadisə ola bilər. Hazırda Böyük Britaniya Avropanın ən iri iqtisadiyyatlarından biridir və onun Aİ-yə reinteqrasiyası vahid bazarın iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirərdi. 2025-ci ildə Britaniyanın Aİ ölkələri ilə mal və xidmətlər üzrə ticarəti 856 milyard funt təşkil edib - ixracın 41 faizi - 384 milyard funt, idxalın isə 50 faizi - 472 milyard funt Aİ-nin payına düşüb.
İqtisadçı ekspertlərin fikrincə, London üçün əsas iqtisadi üstünlük vahid bazara tam çıxışın bərpası, gömrük və qeyri-tarif maneələrinin azalması, investisiya və biznes əlaqələrinin genişlənməsi ola bilər. Böyük Britaniyanın İcmalar Palatasının araşdırmasına görə, müxtəlif hesablamalar “Brexit” nəticəsində Britaniya ÜDM-nin Aİ-də qalacağı ssenari ilə müqayisədə 2-8 faiz aşağı olduğunu göstərir. Bu baxımdan Aİ-yə qayıdış uzunmüddətli perspektivdə ticarət, investisiya və məhsuldarlıq üçün əlavə imkan yarada bilər.
Aİ üçün isə qazanc yalnız Britaniya iqtisadiyyatının əlavə edilməsi ilə məhdudlaşmır - Londonun maliyyə, texnologiya, diplomatik və hərbi imkanları Avropanın ümumi çəkisini artıra bilər. Britaniya 2024-cü ildə NATO-da 84,2 milyard dollar müdafiə xərcləri ilə üçüncü ən böyük hərbi xərclərə pul sərf edən ölkə olub. Britaniyanın Aİ strukturlarına qayıdışı müdafiə sənayesi, kəşfiyyat, kibertəhlükəsizlik və hətta Ukrayna istiqamətində koordinasiyanı gücləndirə bilər. Artıq London və Brüssel arasında 2025-ci ildə Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı yaradılıb. Beləliklə, mümkün reinteqrasiya həm Britaniyanın Avropadakı siyasi təsirini, həm də Aİ-nin iqtisadi və hərbi-strateji imkanlarını genişləndirə biləcək yeni mərhələ yarada bilər.
Avropa “qollarını açaraq” gözləyir...
Yeri gəlmişkən, Avropa özü də bunu arzulayır. Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Endi Börnhemin ölkənin Avropa İttifaqına (Aİ) mümkün qayıdışı ilə bağlı bəyanatını məmnunluqla qarşılayıb. Fransa lideri Britaniyanın bu addımını yüksək qiymətləndirib. “Yenidən xoş gəldiniz! Düşünürəm ki, bu, çox müdrik bir qərar olardı. Börnhemin belə bir cəsarət göstərməkdə haqlı olduğunu hesab edirəm. Hər halda, biz bu prosesin uğurla nəticələnməsinə kömək etməyə çalışacağıq”, - deyə Makron bildirib.
Fransa prezidenti vurğulayıb ki, Birləşmiş Krallıq Aİ-dən kənarda qalaraq ittifaq ölkələri ilə münasibətlər qurmağa çalışarkən qaçılmaz olaraq müəyyən məhdudiyyətlərlə qarşılaşacaq.
İspaniyanın Baş naziri Pedro Sançes də ideyanı açıq şəkildə dəstəkləyib. O, “Brexit”i həm Britaniya, həm də Avropa layihəsi üçün böyük itki kimi qiymətləndirərək, Londonun geri qayıtmaq qərarı verəcəyi təqdirdə İspaniyanın bunu alqışlayacağını bildirib. O, sentyabrın 30-da Madriddə Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında bu barədə bəyanat verib: “Qollarımızı açaraq qarşılayarıq”. O qeyd edib ki, Avropanın indiki geosiyasi vəziyyətində Böyük Britaniyanın yenidən İttifaqda olmasına ciddi ehtiyac var.
Qeyd edək ki, Almaniya tərəfindən də münasibət müsbət istiqamətdədir. Kansler Fridrix Merts Britaniyanın Aİ-dən ayrılmasını hər zaman şəxsi baxımdan “dərin və davamlı təəssüf” doğuran hadisə kimi xarakterizə edib. Almaniya ilə Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın genişlənməsi də bu siyasi yaxınlaşmanın fonunda baş verir. Şimali və Şərqi Avropada da Britaniyanın Avropanın təhlükəsizlik sisteminə daha sıx inteqrasiyasına maraq var. Finlandiya Prezidenti Alexander Stubb “Brexit”i “böyük səhv” adlandıraraq, Britaniyanın Avropada olmamasının hiss edildiyini bildirib.
Beləliklə, Avropanın əsas mesajı “qapı açıqdır, lakin şərtlər dəyişib” formasındadır. Aİ Britaniyanın maliyyə, diplomatik, texnoloji və hərbi imkanlarını Avropa gücünə əlavə resurs kimi görür. Lakin London qayıdış istəyəcəyi halda əvvəlki xüsusi statusu deyil, digər üzvlərlə eyni hüquq və öhdəlikləri qəbul etməli olacaq. Aİ rəsmiləri də hazırda qərarın Britaniya hökumətindən gəlməli olduğunu bildirirlər.
P.İSMAYILOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















