Britaniya kibermüharibəyə hazırlaşır: Süni intellekt və hakerlərə 1 milyard funt sterlinq ayrıldı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Böyük Britaniya hökuməti süni intellektin tətbiqi və düşmən dövlətlərin fəaliyyətinə qarşı kiberhücum qruplarının yaradılması üçün 1 milyard funt sterlinqdən çox (təxminən 2,3 milyard manat) vəsait ayıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" nəşri yayıb.
Bildirilir ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili bəyan edib ki, ordunun internetdə fəaliyyət imkanları genişləndiriləcək.
Onun sözlərinə görə, klaviaturalar artıq müasir müharibə vasitəsinə çevrilib, buna görə də, yeni texnologiyaların tətbiqi müdafiə sahəsində yeni standartlar müəyyən edəcək.
"Con Hilinin çıxışı Britaniyanın hücum xarakterli haker fəaliyyətini genişləndirmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirir", - deyə məqalədə vurğulanıb.
Materialda həmçinin qeyd olunur ki, Britaniya Müdafiə Nazirliyi son vaxtlar Rusiya və Çin ərazisindən həyata keçirildiyi iddia edilən kiberhücumlara məruz qalıb.
Yeni strategiya çərçivəsində yaradılacaq kiberkomandalar həm müdafiə, həm də hücum məqsədilə fəaliyyət göstərəcək və süni intellekt vasitələri ilə gücləndiriləcək.


