Bu gün başqasını lağa qoyan uşaq, sabah fərqli bir mövzuda özü də lağa qoyula bilər Psixoloqdan XƏBƏRDARLIQ
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son günlər cəmiyyəti sarsıdan hadisələrdən biri 17 yaşlı bir gəncin intiharı oldu. Bildirilir ki, gəncin bu addımı atmasına səbəb boyunun qısa olması ilə bağlı mütəmadi şəkildə lağa qoyulması və psixoloji təzyiqlərə məruz qalması olub. Təəssüf ki, bu, təkcə bir hadisə deyil, demək olar ki, hər gün insanların xarici görünüşünə, fiziki xüsusiyyətlərinə və ya fərqliliyinə görə məsxərəyə qoyulduğu oxşar hallarla rastlaşırıq. İstər uşaq, istər yeniyetmə, istərsə də böyüklər arasında baş verən bu davranışlar bəzən “adi zarafat” kimi qəbul edilsə də, əslində ağır psixoloji travmalara, özünəinamın itirilməsinə və geri dönməz nəticələrə səbəb ola bilir.
Bu baxımdan sual aktuallaşır: valideynlər övladlarını necə tərbiyə etməlidirlər ki, başqalarının qüsur və fərqliliklərini lağa qoymağın yolverilməz olduğunu dərk etsinlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, bu hadisə tək bir ailənin deyil, bütün cəmiyyətin problemidir:
"17 yaşlı bir gəncin sadəcə fiziki xüsusiyyətinə görə lağa qoyulması və bunun onu özünə qəsdə aparması göstərir ki, biz uşaqlara təkcə dərs yox, insanlıq, empati və dəyər anlayışı da öyrətməliyik. Valideyn tərbiyəsi burada əsas rol oynayır. Uşaq başqasını necə görəcəyini, ona necə davranacağını ilk növbədə evdə öyrənir. Əgər valideyn evdə kiminsə boyunu, çəkisini, danışığını, xarici görünüşünü məsxərəyə qoyursa, uşaq bunu normal davranış kimi qəbul edir və eyni şeyi məktəbdə, cəmiyyətdə davam etdirir. Uşaq üçün valideyn sözləri qanundur. Övladlara kiçik yaşlardan başa salınmalıdır ki, heç kəs öz seçimi olmayan xüsusiyyətinə görə lağa qoyula bilməz. Boy, üz cizgiləri, səs tonu, fiziki quruluş – bunlar insanın seçimi deyil. Seçim olmayan şeylər üzərindən gülmək psixoloji zorakılıqdır. Uşaq bunu başa düşməlidir".
Müsahibimiz əlavə etdi ki, vacib məqamlardan biri də valideynlərin tez-tez “uşaqdır da, zarafat edir” deyərək lağlağıya göz yummasıdır.
"Halbuki “zarafat” adı altında edilən sözlər qarşı tərəfdə travma, özünəinamsızlıq, dəyərsizlik hissi yarada bilər. Uşağa açıq şəkildə deyilməlidir ki, başqasını incidən zarafat artıq zarafat deyil. Digər tərəfdən, valideyn övladına özünü sevməyi və qəbul etməyi də öyrətməlidir. Uşaq evdə daim tənqid olunursa, “sən niyə beləsən”, “başqaları kimi deyilsən” sözlərini eşidirsə, o uşaq böyüyəndə cəmiyyətin lağlağısına qarşı daxili dayanıqlıq göstərə bilmir. Çünki içində onsuz da bir dəyər boşluğu olur. Məktəb mühiti də çox önəmlidir. Valideyn müəllimlərlə əməkdaşlıq etməli, uşağın məktəbdə necə davrandığı, başqalarına qarşı münasibəti ilə maraqlanmalıdır. Lağa qoyan uşaq təkcə “pis uşaq” deyil, çox vaxt empati bacarığı öyrədilməmiş uşaqdır. Bu tip faciələrin artmasının səbəblərindən biri də odur ki, biz hələ də psixoloji ağrını fiziki ağrı qədər ciddi qəbul etmirik. Uşağın döyülməsi cinayət sayılır, amma onun sistemli şəkildə alçaldılması çox vaxt görməzdən gəlinir. Halbuki psixoloji zorakılıq bəzən fiziki zorakılıqdan daha dağıdıcı olur.
Valideynlər bilməlidir ki, övladını başqalarını lağa qoymayan şəkildə böyütmək üçün evdə hörmətli ünsiyyət mühiti yaratmaq, fərqliliyi normal və dəyərli kimi təqdim etmək, empati qurmağı öyrətmək, “sözün gücü”nü uşağa anlatmaq vacibdir. Eyni zamanda, lağa qoyulan uşaqlara da qulaq asmaq lazımdır. Onların hisslərini kiçiltmək yox, ciddiyə almaq, “boş ver” demək əvəzinə “səni başa düşürəm” demək çox şeyi dəyişə bilər. Bu gün başqasını lağa qoyan uşaq, sabah fərqli bir mövzuda özü də lağa qoyula bilər. Ona görə də uşaqlara öyrədilməli olan əsas dəyər budur: insanı insan edən onun görünüşü yox, hissləridir. Bu cür faciələrin qarşısını almaq üçün cəmiyyət olaraq daha həssas, daha məsuliyyətli və daha şüurlu olmalıyıq. Bu, yalnız psixoloqların yox, hər bir valideynin üzərinə düşən vəzifədir", - deyə o vurğuladı.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Dekabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















