“Xoşbəxt olmaq qabiliyyəti sərvətin miqdarından və ya xarici hadisələrdən asılı deyil...” İLAHİ RESEPT
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Təəssüf ki, bəzən öz illüziyalarımızın və mənəvi korluğumuzun təsiri altında bu xoşbəxtlik qanadlarını itiririk. Bunun bir səbəbi, əsil ehtiyaclarımızı arzu və istəklərlə qarışdırmağımızdır...”
“Bizi ümidsizliyə, nankorluğa, laqeydliyə və darıxmağa vadar edən şey, həyatın obyektiv reallıqları deyil, məhz doymaz nəfsin təmin olunmamış istəkləridir...”
“Həyatından məmnunluq, xoşbəxt və məmnun olmaq qabiliyyəti sərvətin miqdarından və ya xarici hadisələrdən asılı deyil; bu, minnətdar olmaq qabiliyyətindən asılıdır...”
Moderator.az tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın “Minnətdarlıq, xoşbəxtlik və rifah haqqında...” başlıqlı həyati müdrikliklərlə dolu növbəti yazısının tərcüməsini təqdim edir:
“Rəhman və Rəhim Allahın adı ilə!
Bəziləri üçün xoşbəxtlik və məmnuniyyət yolu sadəcə bir ilğımdır, digərləri üçün isə bir vahədir. Əslində, bu ilğımın gerçəkləşməsi üçün reklam, kitab və filmlərdə düşünülən və təklif edilən qədər çox şey tələb olunmur...
Bir çox fitri insan potensialları ilə yanaşı, inkişaf tələb edən ən vacib qabiliyyətlərdən biri də xoşbəxt olmaq bacarığıdır. Həyatdakı istənilən şəraitdən asılı olmayaraq...
Yadıma "Paradoks" hekayəsinin qəhrəmanı - qollarını itirmiş, şikəstliyi pul müqabilində ictimaiyyətə nümayiş etdirilən və zəkası eyni tamaşaçıları heyrətləndirən şikəst bir adam düşür. Bütün bu çatışmazlıqlara baxmayaraq, o, şəndir, məmnundur, razıdır və sağa-sola aforizmlər "satır". Kənd oğlanları ilə vidalaşaraq onlara deyir: "Yaxşı, salamat qalın və unutmayın: insan xoşbəxtlik üçün yaradılıb".
" ...Araba hərəkətə keçdi, amma döngənin sonunda fenomen bir daha bizə tərəf döndü, başı ilə səmada yüksəkdə süzən quşa işarə etdi və bir daha qışqırdı:
"Xoşbəxtlik üçün yaradılmışdır. Bəli, quş uçuş üçün yaradıldığı kimi, insan da xoşbəxtlik üçün yaradılmışdır."
Təəssüf ki, bəzən öz illüziyalarımızın və mənəvi korluğumuzun təsiri altında bu xoşbəxtlik qanadlarını itiririk. Bunun bir səbəbi, əsil ehtiyaclarımızı arzu və istəklərlə qarışdırmağımızdır. Bəs onlar arasında nə fərq var? Bir deyim var: ehtiyaclar Allahdan, istəklər eqodan, nəfsdən gəlir. Ehtiyaclar onsuz keçinə bilməyəcəyimiz şeylərdir. Məsələn, yemək, içki, yuxu. Abraham Maslou (amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi- S.L.) ehtiyacları vacib və sosial (və ya fiziki və insani) kateqoriyalara bölüb.
Tam xoşbəxtlik üçün insanın həm vacib, həm də sosial ehtiyacları ödənməlidir. Amma! Özünü məmnun və minnətdar hiss etmək üçün birinci səviyyəni - fiziki ehtiyaclar səviyyəsini "qidalandırmaq" kifayətdir. Bu, az şeylə kifayətlənməyi öyrənmək deməkdir. "Az şeylə kifayətlən və ehtiyac duymayacaqsan…"
Arzu, istəklərə gəldikdə isə, onları təmin etmək mümkün deyil. Çünki onlar doymaz və acgöz bir eqo, nəfs tərəfindən təhrik olunur. Arzular obyektiv ehtiyacdan deyil, nəfsdən qaynaqlanır. Bir hədisdə deyildiyi kimi, iki insan heç vaxt doymaz: elm axtaran və dünyəvi şeyləri sevən. Bizi ümidsizliyə, nankorluğa, laqeydliyə və darıxmağa vadar edən şey, həyatın obyektiv reallıqları deyil, məhz doymaz nəfsin təmin olunmamış istəkləridir.
Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun) tövsiyələrindən biri sizə reallığa qayıtmağa və vəziyyətinizi aydın şəkildə qiymətləndirməyə kömək edəcək. Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (ona Allahın salavatı və salamı olsun) belə buyurub:
"Özünüzdən aşağıda olanlara baxın, özünüzdən yuxarıda olanlara baxmayın."
Bu, Allahın sizə verdiyi nemətləri kiçiltməməyinizə kömək edəcək. Hər bir insan özünü daha şanslı olanlarla müqayisə etmədən sahib olduğu nemətlər üzərində düşünsə, özünü sonsuz dərəcədə varlı və təhlükəsiz tapacaq. Və onlar Uca Allahın mərhəmətinə əmin olacaqlar.
Uca Allah Quranda buyurur:
"Mənim mərhəmətim hər şeyi əhatə edir."
Başqa bir ayədə isə belə deyilir:
"Əgər Allahın sizə göndərdiyi nemətləri saysanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən də, insan ədalətsiz və nankordur."
İstifadəçilər arasında məşhur olan (bu, onların aktuallığını və faydalılığını göstərən) aşağıdakı sözləri paylaşmağın faydalı olacağını düşünürəm:
"
-Əgər bu səhər sağlam oyanmısınızsa, gələn həftəni görməyəcək 1 milyon insandan daha xoşbəxtsiniz…
-Əgər heç vaxt müharibə, həbsxana tənhalığı, işgəncə əzabı və ya aclıq yaşamamısınızsa, bu dünyada 500 milyon insandan daha xoşbəxtsiniz…
-Əgər həbs və ya ölüm qorxusu və ya təhdidi olmadan kilsəyə (sinaqoqa, məscidə) gedə bilirsinizsə, bu dünyada 3 milyard insandan daha xoşbəxtsiniz…
-Soyuducunuzda yemək varsa, geyinmisinizsə, başınızın üstündə damınız və yatağınız varsa, bu dünyada insanların 75 faizindən daha varlısınız…
-Bank hesabınız, cüzdanınızda(pulqabı-S.L.) pulunuz və saxlanc yerinizdə bir az xırda pulunuz varsa, bu dünyada varlı insanların 8%-i arasındasınız…
-Əgər bu mətni oxuyursunuzsa, ikiqat xoşbəxtsiniz, çünki: deməli, kimsə sizi düşünür, bunu oxuya bilməyən 2 milyard insandan biri deyilsiniz və... sizin kompüteriniz var!.."
Həmişə az şeyə sahib olan insanlar olacaq və həmişə daha çox şeyə sahib olanlar olacaq. Lakin müdriklik və məmnuniyyət daha şanslı olanlara baxmadan və ya paxıllıq etmədən sizə verilən şeyləri qiymətləndirməkdədir. Kimsə yeni paltar ala bilmədiyinə görə kədərlənə bilər, digəri isə dünəndən bəri yemək yeməməsinə baxmayaraq gülümsəyə bilər. Həyatından məmnunluq, xoşbəxt və razı olmaq qabiliyyəti sərvətin miqdarından və ya xarici hadisələrdən asılı deyil; bu, minnətdar olmaq qabiliyyətindən asılıdır...
Uca Allah Quranda buyurur:
"Sizlərdən birinə üç günlük ruzi verildikdə və o, "Xəstəyəm, yaxşı deyiləm" dedikdə, bu, Mənim nemətimə görə şükür etmədiyi üçündür."
Bir hədisdə isə deyilir: "Sizdən hər kim təhlükəsiz, sağlam və günlük azuqəsi ilə oyanarsa, sanki bütün dünyaya sahibdir!” ”
Tərcümə və təqdim etdi:
Sultan Laçın
Baxış sayı:27
Bu xəbər 23 Dekabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















