Bu il HƏBS olunan MƏMURLAR ARAŞDIRMA
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Artıq 2025-ci ilin yekununa qısa zaman qalıb. İlin yekunlarına nəzər saldıqda, bu il çox sayda məmurun həbs edildiyini görə bilərik. Siyahıda ən çox həbs isə icra orqanlarındakı məmurların payına düşür.
Bizim.Media bu il həbs olunan məmurların ümumi siyahısını təqdim edir:
Tural Məmmədov
Martın 13-də Şəki şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədovun haqqında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. T. Məmmədov şəhid ailələrinə qarşı dələduzluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Yolçuyev və Arif Həsənov
3 aprel tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənov barəsində cinayət işi başlanıb.
İlkin istintaqla müəyyən olunub ki, Rəşad Yolçiyev və Arif Həsənov 2022–2025-ci illər ərzində kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatına alınması, dövlət nömrə nişanlarının verilməsi, texniki baxışdan keçirilməsi və digər bu kimi xidmətlər üçün onlara müraciət edən şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıblar. Onların xidməti otaqlarında aparılan axtarışlar zamanı iş üçün vacib olan sübutlar götürülüb.
Toplanmış materiallara əsasən hər iki vəzifəli şəxsə Cinayət Məcəlləsinin rüşvət alma ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırılma qətimkan tədbirləri seçilib.
Xaçmaz Gömrük İdarəsində əməliyyat
8 aprel tarixində Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşı Hidayət Məmmədov və “Azərterminalkompleks” Birliyinin inspektoru Bayram Məmmədov həbs olunublar. Aparılan araşdırmalar onların əvvəlcədən razılaşaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib, dərman və digər mallarla dolu yük avtomobilinin gömrük nəzarətindən kənar keçirilməsi üçün Arzu Abdullayevdən rüşvət aldıqlarını göstərib. İlkin sübutlara əsasən:
Hidayət Məmmədov qaçaqmalçılığa kömək, vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrar rüşvət alma maddələri ilə,
Bayram Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və qrup halında rüşvət alma maddələri ilə,
Arzu Abdullayev və Haysuf Hacıyev isə külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məhkəmə qərarına əsasən Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib. Haysuf Hacıyev isə polisin nəzarəti altına verilib.
Ramin İsayev
8 sentyabr tarixində SOCAR-AQŞ MMC-nin 54 milyon mənimsəmədə ittiham olunan sabiq baş direktoru Ramin İsayevin məhkəməsi başa çatıb. Məhkəmənin hökmü ilə R. İsayev 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib. O, 14 il azadlıqdan məhrumetmə cəzası alıb.
Qeyd edək ki, Ramin İsayev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra ona qarşı 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib.
Adnan Əhmədzadə
20 sentyabr tarixində SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub.
Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barəsin də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunub.
Qeyd edək ki, A.Əhmədzadə 2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və İdarə Heyətinin sədridir. Holding inşaat, logistika və daşınma həlləri, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino sahələrində fəaliyyət göstərən şirkətləri birləşdirir. O, 1998–2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr (sonradan Marketinq və İqtisadi Əməliyyatlar) İdarəsində çalışıb. 2005–2006-cı illərdə “Azertrans” MMC-nin baş direktoru olub.
2006–2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib. 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildə isə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini təyin olunub. Adnan Əhmədzadə 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti vəzifəsini icra edir.
Ramiz Mehdiyev
14 oktyabr tarixində Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir.
Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.
İslam Rzayev
31 oktyabrda Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.
Qaradağ İcra Hakimiyyətində əməliyyat
1 noyabr tarixində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. Qaradağ RİH başçısının müavini Nadir Muradov, Qaradağ RİH başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, RİH-nin digər əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məsuliyyətə cəlb edilib.
Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Gömrükdə növbəti əməliyyat
11 dekabr tarixində Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub. Ümumilikdə 6 nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov və digər şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Rəşad Daşdəmirov Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham elan olunub. Daşdəmirov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov barəsində də 2 ay 20 gün həbs qərarı verilib.
Heydər Eyvazov və Tamerlan Axundzadəyə isə 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 17 Dekabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















