Bu işçilərin maaşı 40 faiz artıq hesablanmalıdır AÇIQLAMA KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda bəzi işçilər əmək müqaviləsində nəzərdə tutulan iş saatlarından əlavə, gecə saatlarında da işləməyə cəlb olunurlar. Xüsusilə xidmət, istehsalat, mühafizə və digər sahələrdə gecə növbəsində çalışanların əməkhaqqının necə hesablanması aktual məsələlərdən biridir. Bəs işəgötürən əməkdaşı gecə saatlarında işə cəlb edərsə, ona əlavə əməkhaqqı ödəməyə borcludurmu? Gecə işinə görə əlavə ödəniş hansı qaydada hesablanır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, qanunvericiliyə əsasən, gecə saatlarında çalışan işçilərə əlavə əməkhaqqı ödənilməlidir.
Vəkilin sözlərinə görə, Əmək Məcəlləsinin 97-ci maddəsinin birinci hissəsinə əsasən, saat 22:00-dan səhər saat 06:00-dək olan müddət gecə vaxtı hesab edilir:
“İşçinin gecə saatlarında əmək fəaliyyətinə cəlb olunması onun əməkhaqqına əlavə ödəniş edilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli ‘Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqının həddinin müəyyən edilməsi barədə’ qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həcmində əlavə haqq müəyyən edilir”.
Fuad Məmmədov qeyd edib ki, çoxnövbəli iş rejimində çalışan əməkdaşlar üçün isə əlavə ödənişin məbləği növbədən asılı olaraq fərqlənir:
“Çoxnövbəli iş rejiminin axşam növbəsində işlənilən hər saata görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində işlənilən hər saata görə isə 40 faizi həcmində əlavə haqq nəzərdə tutulur. Bu o deməkdir ki, gecə növbəsində çalışan işçilərin əməkhaqqı hesablanarkən qanunvericilikdə müəyyən edilmiş əlavələr də nəzərə alınmalıdır”.
Hüquqşünas əlavə ödənişin hesablanması mexanizminə də aydınlıq gətirib:
“Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əlavə əməkhaqqı hesablanarkən əvvəlcə işçinin saatlıq vəzifə maaşı müəyyən edilməlidir. Bunun üçün aylıq vəzifə maaşı ödənişin aparıldığı ay üzrə iş vaxtı normasına bölünür. Alınan məbləğ əsasında gecə saatlarında işlənilmiş hər saata görə müvafiq faizlə əlavə ödəniş hesablanır”.
Beləliklə, qanunvericilik gecə saatlarında çalışan işçilərin əməyinin adi iş saatlarından fərqli qaydada ödənilməsini nəzərdə tutur. İşəgötürən gecə işinə görə müəyyən edilmiş əlavə ödənişləri əməkhaqqının hesablanması zamanı nəzərə almalıdır. Gecə işi eyni zamanda iş vaxtından artıq iş hesab olunursa, həmin işə görə ödəniş qaydaları da ayrıca nəzərə alınmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 18 Noyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















