Icma.az
close
up
RU
Bu kafedə menyudan əvvəl sevgi görəcəksiniz “Kashalata”dan reportaj

Bu kafedə menyudan əvvəl sevgi görəcəksiniz “Kashalata”dan reportaj

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İki ilə yaxındır onlar üçün dünya, sanki, sevgi, ünsiyyət və möhtəşəm insanlar sayəsində daha da gözəlləşib. Cəmi 170 kv metrlik balaca məkana böyük ürəklər sığdırıblar. Azərbaycanın ilk və hələ ki yeganə inklüziv kafesi - “Kashalata” və orada çalışan neyromüxtəlifliyi olan gənclərdən söhbət gedir. Onlarla autizm və daun sindromlu gənc kafedə özünə təkcə iş yeri tapmayıb, bu məkan az qala onların ikinci evinə çevrilib.  

“Qafqazinfo” olaraq “Trendyol”un dəstəyi ilə kafeyə təşkil olunan mediaturda iştirak etdik, neyromüxtəlifliyi olan gənclərlə söhbətləşdik, onlar üçün yaradılmış şəraitlə tanış olduq.  

“Kashalata”da hazırlanan hər şey xüsusi qayğı və diqqətlə ərsəyə gəlir və hər qonaq sadəcə müştəri deyil, daha müqəddəs missiyanın, ürəkaçan hekayənin bir hissəsidir. Bunu kafeyə ayaq basdığımız ilk dəqiqədən hiss etmək olurdu. Burada bərabər imkanlar reallıqdır.

Gəlişimiz kafenin gənc əməkdaşlarından olan Əzizin ad gününə təsadüf edirdi. 20 yaşı tamam olan gənc arzu tutub tortun şamlarını üfürür. Biz də ona ən xoş arzularımızı çatdırırıq.  

Adətən sosial layihələr şəxsi hekayələrlə bağlı olur. Bu inklüziv kafenin də hekayəsi təxminən eynidir. Tərəfdaşların maddi və mənəvi dəstəyi ilə “Kashalata” möcüzəsi gerçəkləşib. Kafenin həmtəsisçisi, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalovanın sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi kafeni vorkşopla bağlı bütün avadanlıqlarla təmin edib. SOCAR kafenin interyerinin təmir prosesini həyata keçirib. KOBİA tərəfindən mebel verilib, “Trendyol” isə, 2 ildir kafedə çalışanlara maaş dəstəyini verir. Kafenin fəaliyyət göstərdiyi məkan “PAŞA Holding” tərəfindən təmin olunub.Onlar bu tərəfdaşlarla birgə daha böyük uğurlar əldə etmək niyyətindədirlər.  

A.Eynalova özü də 22 yaşlı autizmli övladın anasıdır. Oğlu Həmzə hazırda kafedə aşpaz köməkçisidir.

Həmsöhbətimiz deyir ki, övladının ilk diaqnozunu alanda autizmlə bağlı heç bir məlumatı olmayıb. Onunla öyrənib, onunla həyatına davam edib və onunla birlikdə həyat fəaliyyətinin hədəfini, yönünü dəyişdirmək məcburiyyətində qalıb: “2017-ci ildən pilot layihə kimi fəaliyyətə başlamışıq və 2024-cü ilin oktyabrından isə “Kashalata” ölkəmizə individual şəkildə tanıdılıb. Hazırda burada 10 neyromüxtəlifliyi olan əməkdaş çalışır. Bizim üçün bu layihənin davamlılığı və həmin şəxslərin cəmiyyətə inteqrasiyası çox önəmlidir. Autizm artıq dünyada çox qlobal məsələdir. Dünyanın qabaqcıl araşdırma mərkəzi olan CDC-nin statistikasına görə, hər 31 uşaqdan biri dünyaya gözlərini autizmli olaraq açır. Bu çox böyük saydır. Ölkəmizdə rəsmi statistika olmasa da, təxminən 1-2 faiz arası əhalinin autizmli olduğu söylənilir. Bu insanların cəmiyyətə inteqrasiyası üçün erkən müdaxilə modellərinin düzgün şəkildə olması, məktəbyaşlı övladlarımızın düzgün müdaxiləyə cəlb olunması, sonrakı həyatlarında məşğulluğun təmin edilməsi çox vacibdir. Autizm nə qədər çox erkən müəyyən edilsə, belə şəxslərin 40 faizi cəmiyyətə inteqrasiya olunur, universitet oxuyacaq səviyyəyə gəlir. Bizdə də siz belə gənclərin nümunələrini görə bilərsiniz. Bu bizim üzümüzü güldürən və ailələrə motivasiya verən hekayələrdir. 

Bu 170 kv metrlə biz cəmiyyətə çox böyük bir mesaj çatdırırıq. Neyromüxtəlifliyi olan insanlara çox kiçik bir məkanda olsa belə iş imkanı təqdim etdiyiniz müddətcə onların bacarmayacağı heç bir iş yoxdur. Biz bunu burada canlı şəkildə görürük”. 

“Trendyol’’un Azərbaycanda korporativ kommunikasiyalar  direktoru Süheylə Cəfərova “Kashalata” kafesinə olan dəstəkdən danışıb: “Müasir dünyada bizneslərin uğuru yalnız iqtisadi nəticələrlə ölçülmür. İnsanların həyatına müsbət təsir göstərmək və cəmiyyət üçün dəyər yaratmaq “Trendyol”un sosial təsir hədəflərinə daxildir. Bu məqsədlə də, çalışdığımız bütün coğrafiyalarda sosial təsir və dayanıqlılıq layihələri həyata keçirir, həm müştərilərimizin, həm də orada yaşayan insanların həyatında müsbət dəyişikliklərə töhfə verməyə çalışırıq.

Bu təşəbbüslər çərçivəsində Azərbaycanda fəaliyyətə başladığımız dövrdən etibarən korporativ sosial məsuliyyət və dayanıqlılıq strategiyamıza uyğun müxtəlif sahələri əhatə edən layihələr icra etmişik. Bunların bir çoxunu Azərbaycandakı tərəfdaşımız PAŞA Holding ilə birlikdə etmişik və iki ildir icra olunan o layihələrdən biri də “Kashalata” kafesinə olan dəstəkdir”.

Neyromüxtəlifliyi olan gənclərlə tanışlıq, onların müsbət enerjisini hiss etmək adama xüsusi zövq verir. Bu gənclərin demək olar ki, heç biri əvvəllər haradasa çalışmayıb. Burada onlar həm işi öyrənir, həm də çalışırlar. Aytac, Gülbəniz və Nuridə adlı iş koçları isə onlara nəzarət edir, iş mühitinə və prosesə adaptasiyalarına yardımçı olurlar. 

Kafedə qoyulmuş lövhədə də qeyd olunduğu kimi hər şey sevgi ilə hazırlanır. Menyuya göz gəzdiririk: salatlar, sendiviçlər, tostlar, rollar, limonatlar, klassik kofe növləri - amerikano, espresso, kapuçino, latte və digər qəlyanaltı və içkilər yer alıb.

Müştərilərə təqdim olunan içkiləri hazırlayanlardan biri 25 yaşlı Əlisahib Bayramovdur. Azərbaycan İdman Akademiyasının məzunu olan barista həm də gözəl piano ifaçısıdır. O da digər həmkarları kimi fasilə ilə işləyir və növbə ilə bir-birini əvəzləyirlər. 

İlyas Əfəndiyev də kafedə barista vəzifəsini icra edir. Daha çox espresso, kapuçino, latte hazırlayır. Ən sevdiyi içki isə kapuçinodur.  Söhbətimizdə deyir ki, fasiləyə çıxarkən öz seçimləri ilə çay və ya kofe içirlər. O isə adətən sevimli içkisini – kapuçinonu içir. 

21 yaşlı Hüseyn Hüseynzadə də burada çalışan bacarıqlı gənclərdəndir. Əsas işi qonaqları qarşılanması, onları məkanla tanış etmək və xidmət göstərməkdir. Hüseyn “Kashalata” ilə yanaşı həm də SOCAR-da kompüter operatoru kimi çalışır. Hüseynin avtomobillərə xüsusi marağı var. Boş vaxtları olanda kompüterdə maşın oyunları oynayır. 

Bu gün doğum gününü qeyd etdiyimiz 20 yaşlı Əziz Qəmbərovla daha yaxından tanış olmaq imkanımız olur. Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi olan gənc 3 dildə sərbəst danışır. Deyir ki, 1,5 ildir burada işləyir, aldığı maaş da onu qane edir: “Əvvəl “Birgə və Sağlam” İB-də könüllü idim. Gördülər ki, bacarıqlıyam, işə götürdülər. Çalışıram həmişə hər şeyi diqqətlə edim, gülərüz, mehriban olum. Çünki mən hesab edirəm ki, bu məqamlar çox vacibdir. Müştərilər çox razı qalırlar, bizə münasibət çox yaxşıdır. Əvvəllər könüllü olanda həm də ofisiant kimi çalışırdım. Hazırda isə baristayam. Özümü burada xoşbəxt hiss edirəm. Çünki bu yer müsbət enerji ilə doludur. Məni burada maaş da qane edir.

Arzularım çoxdur. Əsas arzum odur ki, həyatımda hər şey ideal olsun. Çoxlu ölkələrə səfər etmək istəyirəm. Həm də qəşəng maşınım olsun istəyirəm. Daha əvvəl də xaricdə - Gürcüstanda, Türkiyədə olmuşam. Tbilisi, İstanbul mənim üçün çox maraqlı idi. İstanbulda da bizim kimi müsəlmandırlar, onların şəhərlərinin arxitekturası çox maraqlıdır. Ora sanki başqa mühitdir. Orada kilsələri də ziyarət etdim. Mən ümumiyyətlə dini arxitekturanı çox sevirəm. Yaponiyanı, Tailandı, həmçinin Avropa ölkələrini, Almaniyanı, İslandiyanı görmək istəyərdim”. 

Əslində bir gəncin 20 yaşında belə uğur qazanması, bir neçə dildə danışması, işinin olması, ən əsası isə kifayət qədər sağlam düşüncəsinin olması valehedicidir. Yəqin ki, arzuları da bizim üçün nə qədər maraqlıdırsa, oxucu üçün də o qədər maraqlıdır: “Bura əcnəbilər də gəlir. Bəzi məqamlarda onları başa düşməyəndə mənə müraciət edirlər. Rus və ingilis dillərində sərbəst danışıram. Çünki Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Səhər dərslərə gedirəm, günortadan sonra bura gəlirəm. İlk vaxtlar yorulsam da, sonra düşündüm ki, bu müvəqqətidir. 

Boş vaxtlarımda musiqiyə qulaq asıram, həyatı analiz edirəm, şəkil çəkirəm. Arada da gəzməyə bulvara gedirəm. Analiz edib gəldiyi nəticə isə odur ki, həyat həmişə tam ideal ola bilməz. Hər şeyin öz dərəcəsi, limiti var...”

Bitmək üzrə olan söhbətimizi  kafenin girişində qoyulan pianodakı həzin musiqinin səsi kəsir. Öyrənirik ki, buradakı gənclər hərtərəfli istedadları ilə seçilirlər. Onlardan biri də Kənandır. O, əvvəlcə “Sarı gəlin” mahnısından bir parça ifa edir. Növbəti parça isə Nilufərin “Çok uzaklarda...” mahnısındandır. Musiqilər o qədər həzz verir ki, həmkarlarımız da onlara qoşulur, mikrofonu alıb mahnı oxuyan, şeir deyənlər də tapılır. 

Burada həqiqətən də, hər kəsin bir yerdə olduğu və hər kəsin bərabər olduğu inklüziv mühit var. Beynəlxalq təcrübə göstərir ki, inklüziv məşğulluq təkcə sosial məsuliyyət deyil, həm də iqtisadi baxımdan səmərəli layihə ola bilər. Bunu cəmiyyətə çatdırmaq da şərtdir. Yəqin ki, kafenin mahiyyətini anladıqdan sonra insanlar bura daha tez-tez gələcəklər. 

Elə “Kashalata”ya daxil olanda hiss etdiyimiz o hərarət və sevgi ilə də yola salınırıq. Növbəti inklüziv kafedən reportaj etmək arzusu ilə. 

Gülnar Əliyeva








Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Mart 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri