Bu ölkədə “sürətli vətəndaşlıq” ləğv olundu: Yeni qaydalar qüvvəyə mindi
Icma.az bildirir, News24 portalına istinadən.
Almaniya Federal Məclisi ölkədə 3 il yaşayan miqrantların vətəndaşlıq almasına imkan verən “sürətli vətəndaşlıq” qaydasını ləğv edib.
News24.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, artıq vətəndaşlıq almaq üçün Almaniyada ən azı 5 il yaşamaq tələb olunur.
"Almaniya pasportu yalnız uğurlu uyğunlaşmanın mükafatı olmalıdır, qanunsuz köçü təşviq etməməlidir”, - deyə dəyişikliklə bağlı açıqlama verən daxili işlər naziri Aleksandr Dobrindt bildirib.
Sol Partiyası və Yaşıllar Partiyası qərarı tənqid edərək, bunu uyğunlaşma siyasətində geri addım kimi qiymətləndiriblər. Qərar hazırkı hakim koalisiyanın əsas hissəsini təşkil edən Xristian Birlik Partiyası və Sosial Demokratların dəstəyi ilə qəbul edilib.
Qeyd edək ki, əvvəllər yüksək səviyyədə alman dili bilən və cəmiyyətə yaxşı uyğunlaşan şəxslər 3 ilə vətəndaşlıq əldə edə bilirdilər. Bundan sonra Almaniyada yaşamaq və cəmiyyətə inteqrasiya etmək istəyənlər ən azı 5 il gözləməli olacaqlar.
Yeni qaydalar minlərlə miqranta təsir göstərə bilər. Məlumata görə, hazırda onların tətbiqi ilə bağlı texniki detallar üzərində iş aparılır.
Xeyrənsə Piriyeva


