Burnu olmayan qədim timsah növü aşkarlandı
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, tədqiqatın nəticələri "Royal Society Open Science" jurnalında dərc olunub.
Bu timsah məşhur Böyük Sfinkslə iki qeyri-adi təsadüf sayəsində əlaqəli olub. Fosil qalıqları Sfinksin tikildiyi süxurlarda tapılıb, qədim timsahın da, məşhur abidə kimi, burnunun ucu olmayıb.
Naməlum növə Herugavialis cairensis adı verilib. O, uzun və ensiz ağız quruluşuna malik qaviallar qrupuna aid olub. Hazırda bu heyvanlar yalnız iki növlə təmsil olunur: qanq qavialı (Gavialis gangeticus) və yalançı qavial (Tomistoma schlegelii). Onlar Hindistan yarımadasının və Cənub-Şərqi Asiyanın şirin sularında yaşayırlar.
Fosil qalıqları göstərir ki, qədim qaviallar vaxtilə demək olar ki, bütün dünyada yayılmış olublar. Onların tarixi 100 milyon ildən çoxdur və bir çox növləri dayaz dənizlərdə yaşayırdı.
Herugavialis cairensisin qalıqları hələ 1920-ci illərdə Misirdə Mokattam formasiyasının 45 milyon illik süxurlarında tapılıb. Tapıntılar arasında demək olar ki, tam qorunmuş kəllə sümüyü də olub. Əvvəlcə o, əsasən müasir yalançı qavialla xarici oxşarlığına görə Tomistoma cinsinə aid edilmişdi.
Lakin müasir tədqiqat üsulları alimlərə bu təsnifatı yenidən nəzərdən keçirməyə imkan verib. Stokholmdakı İsveç Təbiət Tarixi Muzeyindən Pol Börkün rəhbərlik etdiyi Böyük Britaniya, İsveç, Almaniya və Misirdən olan beynəlxalq mütəxəssislər qrupu fosil qalıqlarını, o cümlədən kompüter tomoqrafiyasından istifadə etməklə araşdırıb. Tədqiqatçılar kəllənin quruluşunda onu Tomistoma-dan fərqləndirən bir neçə xüsusiyyət aşkar ediblər.
Xüsusilə diqqətçəkən başqa bir məqam isə yaxşı qorunmuş kəllənin burnunun ucunun olmaması olub.
Böyük Sfinkslə olan bu təsadüf tədqiqatçıların o qədər diqqətini çəkib ki, bu, hətta heyvanın adında da öz əksini tapıb. Herugavialis adı Misir tanrısı Horun şərəfinə verilib. Alimlərin sözlərinə görə, məhz Hor məşhur abidənin yaradılmasına ilham vermiş obrazlardan biri ola bilərdi.
"Bu təsadüfü və Böyük Sfinksin məşhur itkin burnunu nəzərə alaraq, yeni timsah növünü Misir tanrısı Horun şərəfinə adlandırmağa qərar verdik", - deyə London Universitet Kollecinin professoru, tədqiqat rəhbərlərindən biri Filip Mannion bildirib.
Herugavialis həmin dövrdə Misirdə yaşayan yeganə timsah olmayıb. Təxminən 45 milyon il əvvəl regionun böyük hissəsi dayaz dənizlərlə örtülü idi və burada ən azı daha iki qavial növü yaşayırdı.
Börkün sözlərinə görə, son 50 milyon ilin böyük hissəsində Aralıq dənizi regionu qaviallar da daxil olmaqla timsahların yüksək müxtəlifliyi ilə seçilib. Onların müxtəlifliyi qlobal temperatur və dəniz səviyyəsinin dəyişməsi ilə birlikdə dəyişib.
Təxminən 6 milyon il əvvəl timsahlar bu regiondan tamamilə yox olublar. Bu, Aralıq dənizinin qurumağa başlamasından sonra baş verib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 08 Oktyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















