Bütövlük eşqi: İlyas Əfəndiyevin Cənuba baxışı
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Dilarə ADİLGİL
Ədəbiyyatdan daim millilik və xəlqilik tələb edən İlyas Əfəndiyev yaradıcılığının "sarı sim"i, heç şübhəsiz ki, Cənub mövzusudur. Yazıçının yaradıcılıq nəfəsi Güneylə gedib Qarabağla gəlir, hər ikisinin "təmas xəttində" yaşayırdı. Necə deyərlər, "elin o başı-bu başı olmaz". Onun yaradıcılığında Cənub hər tərəfdən elə "baxır", özünü elə büruzə verir ki, hamısını bir yerə toplamaq, bütün "sualtı daşları" əhatə etmək çox çətindir. Bədii əsərləri öz yerində, məqalələrində də (yeni əlifba haqqında məqaləsində belə) Arazqırağı kəndlər, Araza baxan pəncərə, sərhəd əsgərlərinin düşərgəsi və başqa bu kimi daim fikrini məşğul edən epizodlar, nüanslar yer alırdı. "Qarı dağı" kimi kiçik bir hekayəyə "Qarabağ meşələrindən tükləri alov kimi yanan qırqovullar" da gətirmişdi, "günün axırında günəşin son işığının Savalanın zirvəsindəki buludlarda saralıb sönməsini" də. İ.Əfəndiyevin yaradıcılığının xarakteri vardı. "Qarı dağı"nın yazıldığı 1944-cü ildə artıq var idi, yaranıb formalaşmışdı. Bu xarakter həqiqətin gözünün içinə baxmağı bacarırdı. Əslində, yazılacaq mövzunu müəllif seçmir, mövzu müəllifini özü axtarıb tapır və kimi tapdığını bilir, heç vaxt ünvanı səhv salmır. Əgər mövzu yazıçını içəridən çalxalamasa, onu daim məşğul etməsə, onunla bir olmasa və əsərini belə bir özül üzərində yaratmasa, sonuc imitasiyadan başqa bir şey olmayacaq. İ.Əfəndiyev özü deyirdi: "Həyatımda o çatmır ki, niyə Azərbaycan bütöv deyil?" Təəssüf ki, bu mövzu da Qarabağ kimi kədər, nisgil dolu, faciəlidir. Və bir-biri ilə bağlıdır. Əlbəttə, Azərbaycan bir olsaydı, başımıza Qarabağ müsibəti də gəlməzdi. Əbəs yerə deyil ki, işğal uzandıqca ziyalılarımız Qarabağ probleminin də, Güney Azərbaycanın taleyinə dönəcəyindən nigaranlıq ifadə edirdilər. "Neçə min il tarixi olan igid bir xalqı iki yerə parçalayıb gücdən saldılar" (İ.Əfəndiyev). Yazıçı əsərlərində hər dəfə Cənubun adını çəkəndə, üstündən iki əsr keçməsinə baxmayaraq, hələ də yaxamızdan düşməyən, hökmü ilə heç barışmayacağımız "od kimi, su kimi köhnə" nisgilimiz yada düşür. İ.Əfəndiyev müsahibələrinin birində deyirdi: "Bu elə dərddir ki, Azərbaycan dilində yazan hər bir sənətkarın ürəyində qubar bağlayıb". Gözdən uzaq olsa da, könüldən uzaq düşmür... Sonra yazıçı, Astarada şahidi olduğu bir hadisəni nəql edir. "Məşhur" tikanlı məftillərin o üzünə yaxından baxmaqdan ötrü hər iki tayı birləşdirən körpünün ətrafında balıq tutanlara qoşulub müəyyən olunmuş yerə getməyindən danışır... İcazə olan yerdə "hər iki taylı azərbaycanlılar torla balıq tuturdular. Torları ilişən balıqçıların bir-birinin üzünə baxmağa ixtiyarı çatmırdı. Çünki o tayda onların, bu tayda bunların üzərində güclü keşikçi nəzarəti vardı". Burada bir həssas məqam da var... Suyun altında torlar birləşir, üstündə isə qardaş-qardaşın üzünə baxa bilmir. Bu epizod yazıçını çox kövrəldir, yaralayır, hiddətləndirir, sarsıdır. Bu arada, özüm də nə vaxtsa eşitdiyim bənzər əhvalatı xatırladım... Uzaq 70-lərdə sərhəddə xidmətmi edən, ya nə isə başqa bir işi icra edən azərbaycanlı biz tərəfdən nərdivana çıxıb elektrik xəttini düzəldirmiş. Tikanlı məftillərin o üzündə isə cənublu bir qadın dayanıb ona tamaşa edirmiş. Oğlanın da adı Əli imiş. Adı ilə çağrılanda qadın bunu eşidər və o da başlayar oğlanı adı ilə çağırmağa... - Adına qurban olum, ay Əli, bir bu tərəfə bax... Oğlan da o qədər təsirlənər ki, artıq əlindəki işi görə bilməz. Xəbərdarlıq da gələr ki, "o tərəfə bir nəzər... və anında güllələnəcəksən!"
Görün nələr çəkmişik və çəkməkdə də davam edirik. Kaş Cənub həsrətimiz də Qarabağ dərdimiz kimi keçmiş ola!
"Xəncər" hekayəsi 1948-ci ildə yazılmış, "İnqilab və mədəniyyət" jurnalında çap olunmuşdu. "Vətənpərvər gənc müəllimə Südabə və onun şagirdi İldırımın taleyi fonunda yazıçı böyük bir hərəkatın milli-siyasi mahiyyətini verə bilir" (Şirindil Alışanlı). Burada xəncər bir rəmzdir, yazıçının azadlıq yolunda görə bildiyi çıxış yoludur, böyük işin kiçik modelidir. Hekayə bu gün heç olmayan kimi müasirdir, necə ki, işğal altında olan torpaqlarımızı silaha sarılıb 30 ilin tapdağından azad etdik. İldırımın "atamın xəncəri yanımda olanda heç nədən qorxmuram" deməyi də rəmzi məna daşıyır. Hekayənin sonu da, rəmzi, həm də ümidvericidir: "Meşəni nə qədər arayıb-axtardılarsa, oğlandan heç bir nişanə tapmadılar".
1945-ci il dekabrın 12-də xalq silahlı üsyanla Təbrizdə Milli Demokratik Hökumət qurmuşdu (İnqilablar beşiyi Təbriz zaman-zaman çalxalanırdı). Lakin bu hökumət cəmi bir il yaşadı. Eynən 2 il yaşayan Azərbaycan Xalq Cümhuriyyəti kimi. "Xəncər" hekayəsi də həmin dövrün hadisələrinə həsr edilib. Hekayənin dəyəri aşıladığı ideya, amaldan başqa, həm də onun sənətkarlığındadır. Necə ki, ədəbiyyat əhvalatı nəql etmək deyil, necə nəql etməkdir: "Bir ilə yaxındır ki, şəhər xoşbəxt günlər keçirirdi... Bir ilə yaxın idi ki, İran Azərbaycanında Milli Hökumət qurulmuşdu". Bunu oxuyanda düşünürsən ki, sadə cümlələrlə necə xoşbəxtliyin rəsmini çəkmək olar. Xoşbəxtliyə yaxınlaşmağın yox, xoşbəxt olmağın, elə xoşbəxtliyin özünün. Özü də fərdin yox, bütöv bir xalqın.
Saf məhəbbətdən, qadın-kişi, ata-oğul, ana-qız, bir sözlə - insan münasibətlərindən bəhs edən, mənəvi təmizliyə çağıran "Sən həmişə mənimləsən" pyesi sözügedən mövzudan çox uzaqdır. Lakin yazıçı buraya da Cənuba aid nüans, ştrix daxil etmədən ötmür. Heç olmasa, bütöv Azərbaycan zəncirinin bir halqasını da buradan götürür. Çünki ürəyi yanır. Özü deyən kimi, ürəkdən od almayan söz sənətə çevrilə bilməz. Əsərdə səslənən "Qaragilə" mahnısı "əslən" Cənubdandır. Vaxtilə Ərdəbildən olan Xalq artisti Rübabə Muradova bu mahnını yurd yanğısıyla şirin Cənub şivəsində oxuduğu üçün efir qadağasına qədər repressiyaya uğramışdı. "Qızıl gül əsdi, səbrimi kəsdi. Sil gözün yaşın, Qaragilə, ağlama bəsdi..."
Tamaşaçı sevgisi ilə müəllifinə böyük şöhrət gətirən əsərlərdən biri də 1968-ci ildə qələmə alınmış "Unuda bilmirəm" pyesidir. Dövrünün mədəni simvollarından sayılan bu tamaşa bu gün artıq klassika, antikadır (Yaşı yarım əsri keçib). Elə böyük rezonans yaradıbmış ki, hamı bu tamaşadan danışırmış, bilet tapılmırmış. Azərbaycan Dram Teatrının qızıl dövrü deyə bilərik o vaxta. Dar çərçivədən baxsaq, bu, İ.Əfəndiyev dramaturgiyasına xas ailə-məişət fonunda sırf psixoloji dram əsəridir. Amma ilk baxışda ailə-məişət draması kimi görünən bir əsərə "kimlərsə" millətçi damğası vurub premyerasını saxlamaq istəmişdilər. Müəllifin çox "cənub-cənub" deməyi kürklərinə birə salmış, tamaşanın İranla gərginliyə səbəb olacağından qorxmuşdular. Hətta vəzifəli bir partiya funksioneri "Unuda bilmirəm"in üstündə onu "otravlennıy nasionalizm"də, pantürkizmdə ittiham etmişdi. Pyes kuryoz "yaşamış", dramaturqun və xeyirxahlarının qətiyyəti, inadı sayəsində premyera qazana bilmişdi. Sonrası isə asan idi... Qaliblərə sorğu-sual yoxdur... İ.Əfəndiyev Cənubla o qədər dərindən məşğul olmuş, tənqid və hücuma məruz qalmışdı ki, mövzunun düşmənlərinə qarşı sınanmış immuniteti vardı. O, rejimlə "vuruşmurdu", loyallığını qoruyur, bəzən də, heç yoxmuş kimi davranırdı... "Unuda bilmirəm"in unudulmaz ilk tamaşası əsər ətrafında dolaşan qərəzli fikirləri unutdurdu.
Dramaturqun obrazlar dairəsinə nəzər salanda professor Möhsünzadə və Kərəm dayı surətlərinin vətəndaş mövqeyi bu zəmini siyasiləşdirir. "Onlar Cənubi Azərbaycanda demokratik hərəkat boğulduqdan sonra Vətəndən uzaq düşmüş qardaşlarımızı təmsil edirlər. Möhsünzadə də, Kərəm dayı da illər uzunu geri qayıtmaq həsrəti ilə yaşayırlar. Lakin Araz yolu kəsib. Onlar hələlik Arazın sahilində dayanıb o tərəfə tamaşa etməklə təsəlli tapırlar" (Buludxan Xəlilov). Yazıçının doğulub boya-başa çatdığı Arazqırağı Qarabağ İranla həmsərhəd olduğundan bu tərəfdən baxanda o tərəf aydın görünürdü (Necə ki, Naxçıvanda gecə o tayın işıqları Araza düşür. Lakin qəlbimizi saran kədər mənzərədən zövq almağa qoymur). Vaxtilə gənc İlyas dostu Əhəd Bağırzadə ilə Füzulidə "Qara köpək" adlanan təpənin üstünə çıxıb Arazın o tayına - "gümüşü bir duman altında uzaq bir əfsanə kimi görünən" Savalan dağına, "qürbətdən vətənə" deyil, "vətəndən vətənə" baxırdı. İlk gəncliyinin bu epizodunu İ.Əfəndiyev unuda bilməmiş, eynilə əsərinə gətirmişdi.
Şahnaz Nicata ("Mahnı dağlarda qaldı") qoşulub Arazın o tayına - İsfahana qaçmağı təklif edir. "Büllur sarayda"kı Təbrizin adı Arazın o tayında qalan qohum-əqrabasının həsrətilə qoyulub... Dinməz, dilsiz, günahkar Araz, Cənub mövzusunda yazılan bütün əsərlərin içindən axıb gedir. Gah lil ilə, gah gil ilə... Həm Qarabağı, həm o tayı xatırladır. Cəfər Cabbarlıdan belə ("Araz, çəkil aradan, bir olsun Azərbaycan!"), hamı da onu suçlayır. Birbaşa, ya poetik... O baxır insafa. Ayıran ayırdı, dilə-dişə düşən, təqsirkar Araz oldu. İ.Əfəndiyevdə "Araz qan-qan deyir". Yazıçı üçün "Vətən - yalnız Arazboyu Qarabağ deyildi, Vətən - yalnız SSRİ-nin tərkibindəki Sovet Azərbaycanı deyildi, Vətən - şimallı-cənublu, şərqli-qərbli Azərbaycan idi".
"Məhv olmuş gündəliklər"in mövzusu Cənub deyil. Əsərdə hər şey var. Müasir gənclik, əsl məhəbbət, onun saxtası, üçbucağı, xarakterlər... İlk baxışda Güney görünmür. Lakin səhnə dəyişdikcə dramaturq elə ustalıqla "o taya" keçir ki, belə sızmalar əsas mətndən kənara çıxıb qabarır, diqqət çəkib priyomun effektini artırır. Epoxanı unutmayaq. Sovet rejimi bütöv Azərbaycanı ikiyə bölən Rusiya siyasətinin xələfi idi. Təbii ki, birbaşa Cənub həsrəti alqışlanmayacaqdı. Ona görə müəllif bu yolla problemi diri saxlayır, əsər boyu oxucu-tamaşaçıya iki parça olan Azərbaycanı xatırlatmaqda davam edir, bununla ürəyini soyudur. Açıq, üstüörtülü, dolayı, pıçıltı ilə, bəzən də qışqıraraq... Hələ üstəlik, nəsrdən fərqli olaraq dramaturgiyada ideyanı gizlətmək çətindir, imkanlar məhduddur. Ona görə müəllif demək istədiklərini ayrı-ayrı parçalarda obrazlar arasında bölüşdürür... Anjel Səttarxan haqqında kitab oxuyur... ("Sarıköynək və Valehin nağılı"nda professor Əli bəy evinin divarından Səttarxanın portretini asır). Savalan Fəridəyə Savalan dağının şəkli çəkilmiş tablo hədiyyə edəndə onun: "Nə qədər dərin hisslə çəkilmişdir" sözünə, Qənimət: "Çünki rəssam ürəyini o dağlarda qoyub gəlib" - deyir. Adı dağın şərəfinə qoyulan Savalan üçün hər şey uca Savalana nisbətdə ölçülür. Məsələn, bunun kimi: "Mən gözəl ona deyərdim ki, Savalan dağının harda olduğunu dərhal bilsin. Onun adını tutanda üzü günəş kimi parlasın!.. Savalan deyəndə, elə bilirdim, qoca nənəm Kamırxan qarının bükülmüş beli düzəlir, qırışmış alnında bir şəfəq yanır. Tanımaq azdır. Onu sevmək, onun əzəməti ilə fərəhlənmək, Prometey kimi zəncirə vurulmuş dağın bir gün azad olacağı ümidi ilə yaşamaq, yaratmaq!" Daha nə qədər açıq demək olar ki? Yazıçının yumşaq gücü də elə bunda idi. A.Gertsenin dediyi kimi - "teatr - həyati vacib sualların cavab tapıldığı yüksək instansiya və məkandır". Bu əsər özü-özlüyündə bir "premyera" idi. "Müvəqqəti çətinliklərə" məruz qalsa da, Cənubi Azərbaycan ilk dəfə "səhnəyə çıxdı". Baş rolda olmasa da... Bu dramaturqun cəsarəti, birbaşa hünəri idi. Birinci katib vəzifəsinə yeni seçilmiş Heydər Əliyev teatra gəlir, tamaşaya baxıb bu sözləri deyir: "İlyasa deyin, çox yaxşı əsərdir. Cənubi Azərbaycanı da yazıb, yaxşı eləyib".
Baş rol da olacaq. Müəllif inamla, bu yolda maneələri dəf edə-edə, yazılan danoslara, təzyiqlərə yenilməyərək "Xiyabani"yə doğru gedirdi. Çünki teatrın ictimai şüura təsirini, onun istiqamətləndirən və tənzimləyən qüvvə olduğunu bilirdi. Teatrın yatanı ayıldan vasitə olduğundan xəbərdar idi. Bu səbəbdən də "Məhv olmuş gündəliklər" yaşanan tarixi proseslər kontekstində zəmanə ilə ayaqlaşır və müasirliyini itirmir. 1969-cu ildən üzü bəri vaxtaşırı yeni-yeni quruluşlarda səhnəyə qoyulub. Hər dəfə də maraqla qarşılanaraq müəllifini yaşadır.
"Natəvan"da Qarabağ mövzusu üzvi şəkildə Cənubla birləşir. "Dramaturqun Şimalda və Cənubda baş verən hadisələri dram predmetinə çevirmək məqsədi onun vətən idealından güc alır" (Təyyar Salamoğlu). Natəvanın səhnəyə daxil olması ilə dərdləri də açılır. Birinci pərdənin birinci şəklində "madmazel"in canişinlə görüş səhnəsində Azərbaycanın ikiyə bölünməsindən söhbət düşür. Əslində canişin lütfkarlıq göstərmək istəyərkən bu mövzuya təsadüfən toxunur, Banu da fürsəti qaçırmayıb knyaz həzrətlərinə "bu, bizim faciəmizdir, iki böyük dövlətin qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb, qardaşı qardaşdan ayırmaları ədalətli iş deyildir", - deyərək mövzudan yapışır. Bu söhbətin ardı İran şahzadəsi ilə də davam etdirilir. Əvvəlcə Natəvan onu qəbul etmək istəmir, "yoxsa elə bilir ki, onun Cənubi azərbaycanlılara tutduğu divan yadımızdan çıxıb?" Pyesin içərilərinə doğru Natəvanın şəxsi dramı dərinləşdikcə, Cənubla bağlı məqamlar da çoxalır. Özünü yalnız Qarabağın deyil, o taylı-bu taylı bütün Azərbaycanın şairəsi sayan və bununla fəxr edən Xan qızının doğma torpağa, xalqa bağlılığı, sevgisi Qarabağın hüdudları ilə məhdudlaşmır, İran azərbaycanlılarının taleyi də onu daim narahat edir, düşündürür.
"Natəvan"da "Savalan" rəsmdən mahnıya keçib:
Mən çöllərdə bir ceyranam,
Heç bir kəsə ram olmaram.
Ürəyim Savalandadır,
Canım da Savalandadır...
İ.Əfəndiyev "nəsr əsərləri bir yana, Güney Azərbaycanın azadlıq mübarizəsini ("Şeyx Məhəmməd Xiyabani" - D.A.), Araz həsrətini (bir çox əsərlərində), Borçalı mövzusunu da ("Unuda bilmirəm") səhnəyə gətirmişdi". Yazıçının yaradıcılığında Cənub mövzusunun zirvəsi "Şeyx Məhəmməd Xiyabani" (1986) fundamental tarixi dramı, "surətlər xiyabanı"nın önündə gələn isə Azərbaycanın azadlığı və istiqlaliyyəti yolunda mübarizə aparan Şeyx Xiyabanidır. Milli amal uğrunda çarpışan o taylı qəhrəmanlarımız, Sabirdən belə ("Səttarxana" şeiri) daim bizim ədəbiyyatın diqqət mərkəzində olmuş, (gözəl adı olan) Məşrutə hərəkatı, Səttarxan, Xiyabani, Pişəvəri zamanla yazıçılarımızın yaradıcılığında iri planda görünmüşlər. "Sabirin şeirləri İran inqilabına bir ordudan ziyadə xidmət edib" (Abbas Səhhət). Bəxtiyar Vahabzadənin məşhur "Gülüstan" poeması bu şəxsiyyətlərin xatirəsinə həsr edilmişdi. Daha əvvəl isə M.S.Ordubadi "Dumanlı Təbriz"i yazmışdı. Sovet hökumətinin ciddi-cəhdlə mövzunun başından basmasına baxmayaraq, ədəbiyyat adamları bu tarixi faktı unudulmağa qoymamış, əsərlərində hər uyğun məqamda müraciət etmişlər. Bizim faciəmiz həm də ona görə daha ağrılıdır ki, dünyada bizim kimi məcburən ikiyə bölünmüş ikinci bir xalq yoxdur. Xiyabaninin bədii obrazı daha əvvəl Xalq şairi Xəlil Rza Ulutürkün "Xiyabani yurdunda" şeirində, Pənahi Makulunun "Xiyabani" romanında canlandırılsa da, İ.Əfəndiyevin "Şeyx Məhəmməd Xiyabani" pyesi bu mövzuda ilk səhnə əsəri oldu. 1923-cü ildə Cəfər Cabbarlının "Araz çayı" mənzum pyesi teatrın repertuarına salınsa da, səhnə üzü görə bilməmişdi, əsərin əlyazması da qalmayıb. "Xiyabani"nin isə bəxti gətirdi, uyğun yerdə, uyğun zamanda yarandı. Bu əsəri dramaturq bütünlükdə Cənuba həsr etmişdir. Nəhayət ki, bunu edə bilmişdir. Əvvəlki dramlarında Cənuba aid epizodlar görünürdüsə, burada mövzu qol-qanad açmış, yazıçı sovet hökumətindən 70 il yığılıb qalan acığını çıxaraq, ürəyini istədiyi kimi boşaltmışdı. İ.Əfəndiyev bu barədə belə deyirdi: "Mənə elə gəlir ki, indi-indi yazmağa başlayıram..."
Əsər tamaşaçısını xeyli gizli mətləblərdən agah edir. Burada Xiyabani həm də, bir "mütəfəkkir, görkəmli ictimai xadim, alovlu tribun, qüdrətli publisist" (Hüseyn Abbaszadə) kimi tanıdılır. Ona görə "tanıdılır" ki, sovet Azərbaycanı Şeyx Məhəmməd kimi bir oğlunu lazımi qədər tanımırdı. Bunun üçün sovet rejimi əlindən gələni etmişdi. "Geniş kütlələr onun həyat və fəaliyyətindən lazımınca xəbərdar deyildilər". Tarixin kimin tərəfindən yazılmağına, dövrə necə sərf edirsə, yazılmağına baxmayaraq, həqiqəti istəyən və axtaran onu həmişə tapır. Motivi istiqlal, milli özünüdərk, dövlətçilik və qəhrəmanlıq olan bir əsərin keçən əsrin son rübü, həsrətində olduğumuz milli müstəqillik (yazıçının da səngimək bilməyən arzusu) və qarşıda bizi gözləyən faciələr öncəsi yazılması da sanki rəmzi məna daşıyır. Pyesdə siyasi proseslər XX əsrin 20-ci illərində İranda cərəyan edir, "xalqın fars şovinizmi əleyhinə apardığı milli azadlıq mübarizəsi təsvir olunur". İctimai ədalət və məfkurə uğrunda mübarizədə Səttarxanın yolunu davam etdirən Xiyabani xalqın birlik-bərabərliyi, müstəqilliyi uğrunda döyüşən mücahiddir. Necə ki, yazıçının özü bu mövzuda əsl sənət fədaisi idi. Qəhrəmanlarının içində bütöv Azərbaycan alovunu yandıran İlyas Əfəndiyevi Azərbaycan teatrı əbədi yaşadacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















