Çağdaş ailə mühiti: uşaq nəyin güzgüsüdür?!
525.az saytına istinadən Icma.az xəbər verir.
Şahanə MÜŞFİQ
Uşaq ilk dəfə gözünü açanda gördüyü ilk sima anadır. İlk sözünü atasına, ilk gülüşünü bacısına və ya qardaşına həsr edir. Bir sözlə, insanın həyatı ailədən başlayır. Hələ qədim atalar sözündə deyilirdi: "Uşaq evin güzgüsüdür". Bu deyim əsrlər boyu Azərbaycan ailəsinin tərbiyə gücünü ifadə edib.
DÜNƏNİN GÜCÜ, BUGÜNÜN BOŞLUĞU
Lakin təəssüf ki, müasir dövrdə bu ənənəvi güc tədricən zəifləyir. Bugünkü uşaqlar valideynlərin sözü ilə deyil, daha çox telefonun, televiziyanın, sosial şəbəkələrin "öyüd-nəsihəti" ilə böyüyürlər. Bir vaxtlar ailə uşağın ilk məktəbi idisə, indi çoxları üçün bu məktəb "virtual dünyadır". Şübhəsiz ki, bu dəyişiklik də təkcə ailənin yox, bütün cəmiyyətin gələcəyinə təsir edir.
Əslində ailə hər bir insanın həyatında ilk məktəbdir. Orada öyrənilən dəyərlər insanın bütün ömrünü istiqamətləndirir. Bir övladın ata-ana qarşısında öyrəndiyi sadə qayğı, sevgi, hörmət hissi gələcəkdə onun cəmiyyətə münasibətinin də əsası olur. Azərbaycan ədəbiyyatının böyük simalarından olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri bu həqiqəti ən aydın şəkildə ortaya qoyur. Əsərdə ailənin uşağın düşüncə və mənəviyyat dünyasına təsiri, valideynin verdiyi ilk dərslərin nə qədər əhəmiyyətli olduğu göz önünə gətirilir.
Tarixən Azərbaycan ailəsi uşaq üçün həm məktəb, həm oyun meydanı, həm də həyat universiteti olub. Ailənin verdiyi tərbiyə ilə uşaq böyüyün hörmətini, kiçiyin qayğısını öyrənirdi. Qonşuluq münasibətlərində səmimiyyət, qohumluqda bağlılıq, məclislərdə ədəb - bunların hamısı ailənin öz övladına öyrətdiyi ilk dərslər idi.
Azərbaycan ədəbiyyatına nəzər salsaq, görərik ki, ailə mövzusu hər zaman önəmli olub. Nizami Gəncəvi "Sirlər xəzinəsi" poemasındakı hekayətlərində, "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarında valideynin övladına verdiyi nəsihətləri, ailə dəyərlərinin insanın taleyindəki rolunu bədii dillə göstərir. Orada ata sözünün müqəddəsliyi, ailə bağlarının gücü və insanın mənəvi bütövlüyü ön plana çəkilir. Bu nümunələr göstərir ki, klassik dövrlərdə ailə sadəcə bioloji varlığın davamı deyil, həm də insanın mənəvi dayağı sayılıb.
Əvvəllər ailə övlada yalnız çörək verən, onu bəsləyib böyüdən yer deyildi, həm də mənəviyyat ocağı idi. Uşaq atasından dözümü və zəhmətkeşliyi, anasından mərhəməti, nənəsindən fədakarlığı, babasından təmkini, qeyrəti öyrənirdi. Ailə bütöv bir tərbiyə sistemi kimi cəmiyyətin əsas gücü, dayaq nöqtəsi idi. Ancaq təəssüf ki, zamanla bu güc zəifləyib, bu dayaq laxlamağa başlayıb. Valideynlər maddi təminatın qayğısına qalaraq övladla ünsiyyəti arxa plana keçirirlər. Çox vaxt uşaq ata-anadan daha çox televiziyadan, internetdən, hətta küçədən öyrənir. Halbuki ailə ocağında öyrənilməyən dəyəri sonradan heç bir məktəb və ya institut tam mənada verə bilmir.
Bugün ailənin tərbiyə funksiyasının zəifləməsinə bir neçə ciddi amil təsir göstərir. Əvvəla, zaman və maddiyyat problemi:
Getdikcə artan qayğılar, sürətlə dəyişən və çətinləşən həyat şərtləri, maddi sıxıntılar insanların başını işə-gücə elə qatır ki, onlar nəinki övladlarına, heç özlərinə belə zaman ayıra bilmirlər. Müasir valideynlərin çoxu səhərdən axşama qədər işdə olurlar. Evə qayıtdıqda uşağa vaxt ayırmaq, onunla söhbət etmək, dərslərinə kömək etmək imkanları məhdudlaşır. Maddi problemlər içində yaşayan valideyn çox zaman övladının mənəvi tərbiyəsinə diqqət yetirə bilmir. Uşaq isə boşluğu telefon və internetlə doldurur. Halbuki uşağın davranışını istiqamətləndirmək üçün təkcə çörək yox, həm də vaxt və sevgi lazımdır.
İkincisi, texnologiyanın dominantlığı:
Sosial şəbəkələr, cizgi filmləri, oyunlar uşaqlar üçün "virtual tərbiyəçi"yə çevrilib. Uşaq artıq atası ilə deyil, blogerlə danışır, anasından yox, yutubdan öyrənir. O, daha nənəsinin nağılları ilə deyil, sosial şəbəkədə "danışılan nağıllarla" böyüyür.
Üçüncüsü, ənənəvi dəyərlərin aşınması:
Bir vaxtlar ailədə öyrədilən "böyüyə hörmət, kiçiyə mərhəmət" kimi dəyərlər indi çox zaman kölgədə qalır. Keçmişin bütün ailəni bir yerə toplayan yemək süfrələri, birlikdə çay keyfi indi çox uzaq, hətta bəziləri üçün mənasız görünür. Çünki cəmiyyətin öz dəyərlər sistemi dəyişib, qloballaşmanın təsiri ilə yad təsirlər ailə mühitinə daxil olur.
Digər tərəfdən, miqrasiya və parçalanmış ailələr:
Minlərlə valideyn iş dalınca ölkə xaricinə üz tutur, uşaqlar nənə-babanın və ya digər yaxın qohumların himayəsində qalır. Bəzən isə ümumiyyətlə uşaqlar kimsənin himayəsi olmadan özbaşına böyüməyə məcbur qalır. Əlbəttə, həyatlarının ən önəmli, yaxşı ilə pisi ayıra bilmədikləri bir dövrdə bu cür yalnızlıq azyaşlılar üçün çətin bir mərhələdir. Bu uzaqlıq nəticəsində də ailənin tərbiyə funksiyası önəmli dərəcədə zəifləyir.
Başqa bir yöndən, sosial medianın yeni "müəllimliyi":
Bu gün uşaqlar çox vaxt ailədən deyil, ekrandan öyrənirlər. Onların qəhrəmanı kənddəki babası yox, izlədiyi xarici blogerdir. Bu, yeni bir təhlükədir: uşaqlar yad mədəniyyətlərin, yad davranışların təsiri ilə formalaşırlar. Əgər ailə öz rolunu zəiflədərsə, boşluğu kimin dolduracağı bəllidir - virtual dünya.
Məsələn, ailənin öyrətmədiyi hörməti "trend videolar" öyrətməyəcək. Əksinə, onlar uşağı istehza, bayağılıq, bəzən də aqressiv davranışlara yönəldəcək. Bunun nəticəsində biz öz milli kimliyindən, dilindən, mədəniyyətindən uzaqlaşan bir gənc nəsil görürük.
MƏKTƏB VƏ AİLƏ: PARALELLİK, YOXSA ZİDDİYYƏT?
Bəzən valideynlər övladlarının tərbiyəsini məktəbin üzərinə atırlar. Halbuki məktəb yalnız bilik verir, tərbiyənin əsasını ailə qoymalıdır. Axı uşaq ən tez 2 yaşında bağçaya, 6 yaşında isə məktəbə gedir. O zamana qədər artıq onun tərbiyəsinin fundamenti qoyulmuş olur. Bu isə ailənin daxilində baş verir. Əgər uşaq evdə ədəb öyrənmirsə, müəllim təkbaşına bunu edə bilməz. Müəllim və valideyn əməkdaşlıq etməlidir - biri öyrətməli, digəri möhkəmləndirməlidir. Təəssüf ki, bu əməkdaşlıq çox zaman baş vermir. Xüsusən, son vaxtlarda cəmiyyətdə məktəbə, müəllimə qarşı yaranan gərəksiz və anlamsız aqressiya bu işi xeyli qəlizləşdirir. Əgər valideyn övladının yanında "müəllim kimdir?" - deyərsə, müəllimlə aqressiv danışar, ona hörmət göstərməzsə, təbii ki, uşaq da müəlliminə hörmət etməz, onun sözlərini, verdiyi tərbiyəni ciddiyə almaz. Bu zaman valideynin məktəbdən tərbiyə tələb etmək haqqı varmı?!
Bir vaxtlar kəndlərdə ailələr axşam süfrəsi ətrafında toplaşır, gün boyu baş verənləri danışırdılar. Uşaq bu söhbətlərdə böyüyün təcrübəsindən öyrənirdi. İndi isə süfrə başında hamının əlində telefon var, dialoqu telefon əvəzləyir. Bu mənzərə tərbiyənin necə zəiflədiyini göstərən ən sadə nümunədir.
ƏDƏBİYYATDAN HƏYATA
Ailə, onun cəmiyyətdəki mövqeyi ədəbiyyatın da əsas mövzularından biridir. Dünya ədəbiyyatının əsas mövzularından olan "atalar və oğullar" qarşıdurması, ailə tərbiyəsi ilə yanaşı, cəmiyyətin, dəyişən dəyərlərin də ailəyə, valideyn-övlad münasibətlərinə təsirini müxtəlif aspektlərdən göz önünə sərir.
Ta qədimlərdən Azərbaycan ədəbiyyatında bu mövzu aktual olub. Yuxarıda adlarını çəkdiklərimizdən əlavə, müasir ədəbiyyatımız da ailə, valideyn-övlad münasibətləri mövzusundan yan keçməyib. İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, İsa Muğannanın, Anarın, Elçinin, Mövlud Süleymanlının, Süleyman Rəhimovun və başqalarının əsərlərinin çoxu məhz bu mövzulara həsr olunub.
Azərbaycan ədəbiyyatının realist yazarlarından biri olan İlyas Əfəndiyev əsərlərində ailə bağlarının sarsılmasını milli faciə kimi göstərirdi. Onun qəhrəmanları ən çox ailədə itirdikləri sevgi və qayğını axtarırdılar. Bu gün də biz eyni mənzərəni görürük - valideynin uşaqla maraqlanmaması, ailədaxili münasibətlərin zəifliyi nəticədə bütöv bir nəsildə mənəvi boşluq yaradır.
Eləcə də dünya ədəbiyyatı ailə mövzusundan xali deyil. Lev Tolstoyun "Anna Karenina"sında ailədaxili gərginlik və sevgi məsuliyyətinin itməsinin uşaqlara vurduğu zərbələr diqqət çəkir. Əsərdə valideynlər arasındakı münasibətlər birbaşa uşağın psixoloji vəziyyətinə sirayət edir. Bu gün də eyni vəziyyət reallıqda müşahidə olunur - ailədaxili konfliktlər, boşanmalar, diqqətsizlik uşaqların ruhunda sağalmaz izlər buraxır.
Çingiz Aytmatovun "Əlvida, Gülsarı" əsərində isə ailənin, kəndin, ictimai mühitin birlikdə insan tərbiyəsinə necə təsir etdiyi bədii dillə göstərilir. Aytmatov təsdiqləyir ki, insanın formalaşmasında təkcə ailə yox, ümumi mühit də rol oynayır. Amma əsas baza - yenə də ailədir. Əgər ailə zəifdirsə, məktəbin, ictimai mühitin də işi çətinləşir.
ÇIXIŞ YOLU VARMI?
Mütəxəssislər deyirlər, vəziyyət nə qədər ümidsiz görünsə də, təbii ki, hər bir situasiyadan çıxış yolu var. Ailənin zəifləyən gücünü bərpa etmək, onun uşaq tərbiyəsindəki rolunu möhkəmləndirmək də mümkündür, şübhəsiz. Bunun üçün ilk növbədə valideyn-uşaq dialoqu sağlamlaşdırılmalıdır. Uşağı dinləmək, onunla danışmaq, fikir mübadiləsi aparmaq ailənin gücünü artırır.
Eyni zamanda, uşaqlar valideynləri ilə birgə vaxt keçirməli, insan üçün ən dəyərli varlıq olan zamanını paylaşmalıdır. Kiçik gəzinti, ailəvi oyun, birlikdə kitab oxumaq kimi fəaliyyətlər uşağın yaddaşında qalacaq ən dəyərli anlar olur. Həmçinin, bu sayədə hörmət, mərhəmət, vicdan, zəhmətkeşlik kimi dəyərlər uşağa öyrədilir ki, bu da milli kimliyi qoruyur.
Bu gün ən çox gileyləndiyimiz texnologiya da müəyyən anlarda köməyimizə çata bilər. Əslində, düzgün, aidiyyəti üzrə istifadə edilsə, texnologiya heç də pis deyil. Qəbul edək ki, yaşadığımız zamanın tələblərinə görə, uşağı tamamilə texnologiyadan ayırmaq mümkün deyil, amma ailə onu nəzarətlə, faydalı istiqamətə yönləndirməlidir.
Valideyn və müəllim eyni cəbhədə olmalı, bir-birini tamamlamalıdır. Öncə valideyn özü müəllimin, məktəbin övladının tərbiyəsindəki rolunu və əhəmiyyəti düzgün anlamalı, ona hörmət qoymağı bacarmalıdır ki, ilk növbədə, uşaq üçün düzgün nümunə olsun.
Bu baxımdan medianın və təhsilin də üzərinə böyük məsuliyyət düşür. Öncə cəmiyyətdə valideyn maarifləndirilməsi aparılmalı, uşaq psixologiyası, düzgün tərbiyə üsulları barədə maarifləndirici proqramların hazırlanmalıdır. Televiziya və sosial media ailə dəyərlərini təbliğ edən layihələrə üstünlük verməlidir. Teatr, kino və ədəbiyyat vasitəsilə ailə mövzularının daha çox gündəmə gətirilməlidir. Çünki incəsənət və ədəbiyyat ailə tərbiyəsinin zəifləməsinə ən güclü etiraz vasitələridir.
Məktəblərdə isə ədəbiyyat dərsləri yalnız mətnin öyrənilməsi ilə məhdudlaşmamalı, həyat dərsləri ilə zənginləşdirilməlidir. Məsələn, Sabir, Nizami, Cəlil Məmmədquluzadə nümunələri uşaqlara sadəcə bədii mətn kimi yox, həyat modeli kimi təqdim olunmalıdır.
Ailə institutunu gücləndirən sosial proqramların həyata keçirilməsi, valideynlərin iş saatlarının ailə ilə ünsiyyətə imkan verəcək şəkildə tənzimlənməsi də, fikrimcə, bu problemin həllində effektiv nəticə göstərəcəkdir.
Ailənin uşaq tərbiyəsindəki rolu zəifləyirsə, deməli, cəmiyyətin gələcəyi də zəifləyir. Çünki sabahın vətəndaşını, sabahın ziyalısını, sabahın alim və sənətkarını öncə ailə formalaşdırır.
Amma bu proses tamamilə geri dönməz deyil. Əksinə, hər valideyn övladına yalnız maddi yox, həm də mənəvi sərmayə qoysa, hər ailə evini yenidən tərbiyə məktəbinə çevirsə, gələcəyin nəsli daha sağlam böyüyəcək.
Unutmamalıyıq ki, övladına vaxt ayırmayan valideyn, əslində, onu kiminsə təsirinə təhvil verir. O "kim" isə çox zaman nə dilimizi, nə adətimizi, nə də milli kimliyimizi tanıyır.
Deməli, cəmiyyətin güclü gələcəyi üçün ailənin rolu danılmazdır. Hər ev tərbiyə məktəbi, hər valideyn müəllim olmalıdır. Çünki ən böyük məktəb, ən güclü müəllim hələ də ailədir.

