Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Cəbhədən ədəbiyyata... Hüseyn Abbaszadə haqqında məşhur rus yazıçı nə demişdi?

Cəbhədən ədəbiyyata... Hüseyn Abbaszadə haqqında məşhur rus yazıçı nə demişdi?

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

22 noyabr Xalq yazıçısı Hüseyn Abbaszadənin doğum günüdür.

Kulis.az bu münasibətlə Vaqif Yusiflinin "Unuda bilmərik Hüseyn Abbaszadəni..." yazısını təqdim edir.

1945-ci il, bir yay günü. Böyük Vətən müharibəsində ağır yaralanıb bir müddət müalicə alandan sonra tərxis olunub Bakıya qayıdan 23 yaşlı bir gənc - topçu zabit Hüseyn Abbaszadə ali təhsil almaq üçün sənədlərini M.Əliyev adına Azərbaycan Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə təqdim edir. Başlandı beş illik tələbəlik həyatı. Bu 23 yaşlı gənc orta məktəbi bitirən kimi dərhal orduya səfərbərliyə alınmışdı, Şimali Qafqaz, Leninqrad, Ukrayna cəbhələrində vuruşmuşdu. "Qırmızı ulduz" ordeni də ona müharibədə şücaətlərinə görə verilmişdi. Odlar-alovlar içindən keçsə də, qəlbindəki alovu söndürə bilmədi, ilk şeirlərini cəbhə qəzetlərində dərc etdirdi və müharibədən təkcə topçu zabit kimi yox, həm də şair kimi qayıtdı.

Hüseyn Abbaszadənin bioqrafiyasına nəzər yetirdikdə o, 1975-ci ilə qədər redaktorluq fəaliyyəti, uşaqlara həsr etdiyi şeirləri və hekayələri ilə diqqəti cəlb elədi. "Pioner" jurnalında şöbə müdiri, məsul katib, "Göyərçin" jurnalında məsul katib və iki dəfə baş redaktor vəzifələrində çalışdı, arada altı il "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru oldu. 1975-ci ildə isə Azərbaycan Yazıçılar İttifaqının katibi seçildi. On altı il - 1991-ci ilədək Hüseyn Abbaszadə İttifaqın rəhbərlərindən biri kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirdi.

Əlbəttə, bu bioqrafiyanı vərəqləməyə də bilərdim. Amma Hüseyn Abbaszadəni sağlığında görən dostlarının, xüsusilə yazıçıların yaddaşına iz salmaq istəyirəm (onu unutmasınlar deyə), həm də yeni ədəbi nəsil də belə bir yazıçını tanımalıdır. Yazıçılar İttifaqının ikinci mərtəbəsində - onun otağı həmişə adamla dolu olardı. Süleyman Rüstəmi tez-tez orda görürdüm. Hüseyn Abbaszadə yumoru sevən adama oxşamırdı, amma Süleyman müəllim yazıçıların həyatından məzəli əhvalatlar söyləyəndə Hüseyn müəllim də uğunub gedirdi.

Hüseyn Abbaszadə ədəbiyyata şeirlə gəldi. Açığını deyim ki, o, bir şair kimi o qədər də parlamadı. Amma uşaq şeirləri haqqında bunu demək olmaz. Mərhum ədəbiyyatşünas İmamverdi Əbilov "Uşaqlar üçün böyük ədəbiyyat yaradaq" məqaləsində ("Azərbaycan" jurnalı № 3) yazırdı: "Hüseyn Abbaszadənin "Qızılgül" kitabındakı şeir və poemalar ona görə həvəslə oxunur ki, müəllif, hər şeydən əvvəl kiçik oxucularda bərpaedici təxəyyülün inkişafına çalışır. Onun şeirlərini oxuyan uşaqlar həyatda gördüyü, hələ dərinə varmadığı lövhələrlə yenidən görüşür, mahiyyətinə nüfuz edir".

Öncə qeyd etdim ki, Hüseyn Abbaszadə müharibədən qayıtmışdı. Dörd il sərasər vuruşmuşdu, yaralanmışdı. Mən müharibədə iştirak edən və illər keçdikcə hələ də müharibə xatirələri ilə yaşayan və müharibə mövzusunda əsərlər yazan üç yazıçını daha çox fərqləndirirəm - Əbülhəsəni, İsmayıl Şıxlını və bir də Hüseyn Abbaszadəni. Onların əsərləri müharibə və insan haqqında idi, bu müharibədə azərbaycanlıların döyüş yolunu işıqlandırırdı. Hüseyn Abbaszadə Azərbaycan nəsrinə məhz müharibə mövzusu ilə gəldi. 1962-ci ildə onun "Həzi Aslanov" romanı çap olundu və bu roman çox tezliklə oxucuların stolüstü kitabına çevrildi. Qətiyyətlə deyə bilərəm ki, bu roman iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında yeganə epik əsərdir. Roman çoxşaxəli süjet xəttinə malikdir, əsərdə həm döyüş səhnələri təsvir olunur, həm müxtəlif millətlərə aid döyüşçülərin obrazları təqdim edilir, həm də ailə-məişət və lirik səhnələrlə tanış oluruq. Lakin əsas qəhrəmanın - Həzinin obrazı həmişə diqqət mərkəzindədir. Həzi həm mahir strateqdir, döyüş taktikasını, vuruş mexanizmini yaxşı bilir, həm də qayğıkeşdir, gözəl insani keyfiyyətləri ilə döyüşçülərin rəğbətini qazanır. "General" romanı çap olunanda görkəmli tənqidçi Məmməd Cəfər həmin əsərlə bağlı məqalədə romanın tərbiyəvi əhəmiyyətini qeyd etmiş, müəllifin rəğbətlə yaratdığı Həzi Aslanov obrazı haqqında bəzi tənqidi fikirlərini də bildirmişdi. Sonralar müəllif bu əsərin ikinci, üçüncü nəşrlərində psixoloji təhlilləri artırmış, onun doğulduğu Lənkəran və mənsub olduğu Azərbaycan xalqı ilə bağlılığını daha çox nəzərə çarpdırmışdır. Əgər nəsrimizdə böyük hərbi xadimlərin, istedadlı sərkərdələrin taleyinə aid tək-tük epik romanlar həsr edildiyini nəzərə alsaq, onda "General" romanının ədəbiyyatımız üçün o zamana görə necə bir əhəmiyyətə malik olduğu aydınlaşar.

Müharibəyə aid daha hansı əsərlərin müəllifiydi Hüseyn Abbaszadə? Bu suala cavabdan əvvəl qeyd edim ki, Hüseyn Abbaszadə 60-80-ci illərdə daha çox povest janrına müraciət edirdi və o, bu janrda, necə deyərlər, özünü çox rahat hiss edirdi. Müharibə mövzusunda yazdığı əsərlər də povest janrındaydı. Baxın: "Oderin o tayında", "Hardasınız, Müsyö Abel", "Şokolad paylayan qız", "Uzaqdan gələn qonaq"... Bu povestlərdə müharibə və döyüş səhnələri yoxdur, lakin müharibənin törətdiyi faciələr əks olunur. H.Abbaszadə müharibədən sonra bir-birindən ayrı düşən insanların axtarışına çıxır. "Axtaran" sözünü təsadüfən işlətmirəm. Vətəndən uzaq düşmüş, başıbəlalı Əbil Xeybərov Vətən həsrəti ilə dünyadan köçür, haçansa, hansı bir səhvin ucbatındansa illər boyu ağrılara, əzablara düçar olur. Uzaq İtaliyada mərdliklə həlak olan partizan Cavanşirin oğlu Covanni də atasının vətənini axtarır və tapır. "Şokolad paylayan qız" povestində Bəhruz müharibəni şərəflə başa çatdırır, amma onun döyüşdüyü hissə hələ Berlindədir. "Müharibə bitsə də, döyüş yatsa da, qulaqlarımızdan topların gurultusu, bombaların dəhşətli partlayışlarının səsi getməmişdir" - deyir. Müəllif ayrı-ayrı dillərdə danışan, amma qəlbən bir-birini başa düşən insanları qarşılaşdırır, xalqların təkcə ruh, mənəviyyat yaxınlığını deyil, mədəniyyət doğmalığını da nəzərə çarpdırır. "Bayatı-İsfahan" muğamı ilə Baxın tokkadası arasında oxşarlıq bu mənada maraqlı detaldır. "Dörd bazar günü" povestində də H.Abbaszadə müharibədən sonrakı illəri təsvir edir. Dörd il eyni cəbhədə döyüşən müharibə dostları indi soraqlaşıb bir-birini axtarırlar. Müəllif vaxtilə oddan-alovdan keçən, eyni amal uğrunda vuruşan bu adamların indi çoxlu qayğıları olduğunu və buna görə də onların arasında mənəvi yadlaşmanın başlandığını nəzərə çarpdırır. Müharibə illərinin ağır günlərində yaranan o hərarət indi soyuyub və soyuduğu üçün də hərə özü ilə məşğuldur. Müəllif bu povestdə əsasən iki obrazı, bir-birindən kəskin şəkildə fərqlənən iki dünyagörüşünü oxucuya təqdim edir. Seyran və Nicat - iki döyüş qəhrəmanı. Onların biri müharibədən sonra da qəhrəmanlıq göstərir, insanları yırtıcının zəhərli dişlərindən xilas edir. Bəs Nicat? Cəbhədə şücaətlə döyüşən Nicat çox keçmədən pullu olmuş, bir vaxt uğrunda vuruşduğu amallara üz çevirmiş, məişətdə əxlaqsızlığa yuvarlanmışdır. İndi o, həbsdədir. Bəs Nicatın taleyində yaranan bu dönüşə səbəb nədir? Müəllif demək istəyir ki, insanı böyük qəhrəmanlığa səfərbər edən təkcə dövr və şərait deyil, həm də onun qəlbindəki işıqdır, bu işıq tükənəndə insan mənəviyyatsızlığa yuvarlanır.

Hüseyn Abbaszadə yaşadığı dövrün həqiqətlərini, cəmiyyətdə baş verən mənəvi-əxlaqi prosesləri yaxından izləyirdi. Onun təsvir etdiyi qəhrəmanların əksəriyyəti adi insanlar idi. O, bu adi insanların haqq-ədalət uğrunda mübarizəsini, hər cür çətinliyə rast gəlsələr də, həyat imtahanından, ağır sınaqlardan uğurla adladıqlarını, ən başlıcası isə insanlıq ləyaqətini hifz etdiklərini povest və hekayələrinin mövzusuna çevirirdi. Bu gözəl, işıqlı insanlarla yanaşı, xudbin, yalnız öz mənafeyini düşünən, mənəvi işıqdan, gözəllik duyğusundan məhrum olan insanlar da az deyil. Deməli, indi olduğu kimi, yaxın keçmişimizdə də bir-birinə zidd qüvvələr vardı. Hüseyn Abbaszadə bir yazıçı kimi məhz həyat həqiqətlərinə sadiq qalırdı. "Qaradağ əhvalatı", "Qapını döyürlər", "Evə kölgə düşür", "Mansur", "Ləpədöyəndə", "Xahiş", "Dələ", "Axşam şöbəsinin tələbəsi", "Vəzifə", "Körpüdə" povestlərində, "Zəmanət", "Xeybər əminin gülləri", "Çəhrayı mürəkkəbqabı və yaşıl "Jiquli"" hekayələrində məhz cəmiyyətdəki bu ikililiklər - yəni mənəvi-əxlaqi qarşıdurmalar diqqəti cəlb edir.

Beş nəfər neftçi qasırğada motoru xarab olmuş qayıqla dənizdə köməksiz qalıb, təbiətin amansız qüvvəsinə qarşı dəyanətlə mübarizə aparır, lakin altıncısı - Nadir yoldaşlarını qoyub qaçır. Nadirin nişanlısı Vəsilə nişan üzüyünü qaytarır. Çox tərəddüdlərdən sonra bu qənaətə gəlir Vəsilə. ("Qaradağ əhvalatı") Respublika Ali Məhkəməsinin üzvü Fikrət bir cinayət işiylə əlaqədar rayona gəlir. Məlum olur ki, müəyyən səbəblər üzündən bir nəfər öz arvadını uşaqlarının gözləri qarşısında güllələmişdir. Fikrəti daha çox düşündürən cinayətin necə baş verməsi deyil, onun səbəblərini araşdırmaqdır ("Qapını döyürlər"). Cövdət elmi tədqiqat institutunda çalışır, öz elmi savadına və bacarığına görə bir çox elmlər namizədindən irəlidir. Lakin "həyat adamı" deyildir, yəni dissertasiyasını tezcə müdafiə edib sonra doktorluqdan yapışmır, arvadının "tələbləri" qarşısında güzəştə getməyi sevmir, zəif dissertasiya əsərlərinə qarşı üzgörənlik eləmir. Cövdət başa üşür ki, elmlər namizədi adını qazanmasa da olar, lakin öz axtarışlarını davam etdirməlidir. Başqaları üçün zahiri maskaya, vəzifəyə yol açan cığırlardan keçmək istəmir və buna görə də həm işdə, həm də evdə mənəvi məhrumiyyətlərə düçar olur. Bax, bu təmizlik, saflıq, mənəvi yetkinlik H.Abbaszadənin qəhrəmanları üçün tipik keyfiyyətdir ("Evə kölgə düşür"). Mansur elm aləminə məşhur adamdır - tibb elməri doktorudur. Əsərləri neçə-neçə xarici ölkələrdə çap olunur, lakin ailə həyatı ona xoşbəxtlik gətirməmişdir. Vəzifə, şöhrət, elm pillələri onun üçün adi pillələrdir, çünki burada yüksəlməyə, ucalmağa mənəvi qadağan işarələri yoxdur. Amma ailə həyatı başqadır. Burada xasiyyətlər xarakterlər toqquşur, sadəlik, təvazökarlıq, ailəcanlılıq kimi nəcib keyfiyyətlər, mənəvi harınlıq, bər-bəzəyə, zahiri təmtərağa meyillərlə üz-üzə gəlir. O zaman yaşamaq əzaba çevrilir ("Mansur"). İyirmi il sürgündə olan ərinin yolunu gözləyən İçərişəhərli Nisəxanımın taleyi daha faciəlidir. Onun əri Ənvər Nisəxanımın yazdığı məktublarının heç birinə cavab vermir, çünki Ənvər iyirmi il onun yolunu gözləyən arvadına xəyanət etmişdir. Amma Nisəxanımın ölümündən bir il sonra sürgündə evləndiyi qadın və oğlu ilə Bakıya qayıdır. ("İçərişəhərli Nisəxanım").

İndi isə hekayələri barədə. Vaxtilə Cəbi sinif yoldaşı Həsənin çəhrayı mürəkkəbqabısını oğurlayırdı, indi aradan 30 il keçəndən sonra Cəbi tüfeyli həyat keçirir, amma "Jiquli"si var, pulu da öz yerində ("Çəhrayı mürəkkəbqabı və yaşıl "Jiquli"". Rəfiqənin birinci əri müharibədə həlak olmuşdur. Şamil Rəfiqə üçün sadəcə ər demək eyildi, həm də onun ilk məhəbbəti idi. İkinci əri onu sevdiyini desə də, xudpəsənddir. O, Vətən uğrunda həlak olmuş Şamilin xatirəsini yad edən Rəfiqəyə acıqlanır və Rəfiqə başa düşür ki, ikinci əri Veysəl daxilən boş və iyrənc adamdır ("Rəfiqə"). Qarabağ müharibəsi əlili, cüzi təqaüdü ilə ailəsini dolandıra bilməyən, ləyaqətli, qayğıkeş ailə başçısı Möhsün kişinin faciəsi də oxucunu kövrəldir ("Yovşansatan").

Rus yazıçısı L.Lenç H.Abbaszadənin hekayə və povestləri haqqında yazmışdı: "Siz insan həyatı haqqında maraqlı yazmağı və haqqında danışdığınız adamları görməyi bacarırsınız. Bu, əsl realist yazıçı istedadının, həmçinin realist istedadın birinci əlamətidir".

Xalq yazıçısı Hüseyn Abbaszadə "Həzi Aslanov"dan sonra daha üç romanın müəllifidir - "Burulğanlar", "Əlibalanın ağır səfəri", "Qayıdanlardan biri". Qısaca bu romanlardan da söz açmaq istəyirəm. Hər üç romanda H.Abbaszadə Azərbaycan romanının "epik genişlik", çoxşaxəli süjet xətti, təsvir olunan əsas obrazın həyatını bütünlüklə canlandırmaq istəyi diqqəti cəlb edir. Yazıçının 60 illiyinə həsr olunan bir məqalədə - "Yazıçı-əsgər meyarı ilə" (Yaşar Qarayev, Tahir Məsimov) oxuyuruq: "Burulğanlar" bu cəbhəçi yazıçının nəsr üslubuna məxsus başqa bir meyli əks etdirmək baxımından da seçilir: roman boyu hadisələr həyatda və yaddaşda paralel davam edir". Romanın qəhrəmanı Həmid məhz həyatın ən çətin anlarından -burulğanlardan keçir, o, bütün maneələri, çətinlikləri dəf edir. Romanda Bakı mühiti, bakılıların özünəməxsus xarakterik xüsusiyyətləri çox təbii və koloritli verilib. Xalq şairi Süleyman Rüstəm roman haqqında yazırdı: "Roman mənə uşaqlıq, gənclik illərini xatırlatdı. Köhnə məhəlləmizin yaxınlığındakı Şamaxı yolu, Quba meydanı, Ağa Kərim dalanı və başqa yerlərdə baş vermiş hadisələr gözlərimin önündə canlandı".

Hüseyn Abbaszadənin "Əlibalanın ağır səfəri" romanı da nəsrimizin adi insana -sadə peşə adamına uğurlu müraciəti kimi diqqəti cəlb edir. Əsəri oxuduqca bu suallar ortaya çıxır: İnsan Zamanın ağır sınaqlarından necə keçir? Niyə eyni amal uğrunda vuruşan iki insanın biri öz mənliyini, mənəvi təmizliyini itirmir, halal əməyinə, vicdani saflığına arxalanır, digəri isə başqa yol seçir, tüfeyliliyə qurşanır və hələ üstəlik, yanlış həyat yoluna da haqq qazandırır? Əlbəttə, romanda bütün bu sualların heç də hamısına cavab verilməyib. Diqqət daha çox ona yönəlib ki, insan həyatın ən ağır çağlarında öz insaniliyini hifz edə bilirmi? Həyat çox mürəkkəb olsa da, onun hər sınağına, qarşıya çıxan çətinliklərə tablaşmaq böyük iradə və mətinlik tələb edir. Dadaş kimilər bu müvəqqəti çətinliklərə heç cür öyrəşməmiş, tab gətirməmiş, elə buna görə də tamamilə başqa yol seçmişlər. Əlibala isə vaqonda bələdçi olmağına baxmayaraq mənən təmizdir. Öz peşəsini sevir. O, Dadaşın xilasına çalışır. Amma ağır itkiyə məruz qalır, arvadı vəfat edir. Dadaş isə öz əməllərinin cəzasını çəkir. Beləliklə, eyni cəmiyyətdə yaşayan iki insanın - əslində iki dünyagörüşünün qarşıdurması baş verir və biz bilirik ki, eyni proses indi də lavam edir. İstər haqqında söz açdığım hekayə və povestlərində, istərsə də "Burulğanlar" və "Əlibalanın ağır səfəri" romanlarında H.Abbaszadə bədii inandırıcılıq yolu ilə gedir. Bu mənada onun nəsr əsərləri birnəfəsə oxunurdu. Yenə İmamverdi Əbilova müraciət edirəm. O, bu roman haqqında yazırdı: "Silsiləvari hadisələr daxili həsb-halların gerçək aləmlə üzvi əlaqəsi, epik sakitlik oxucunu elə ram edir ki, əsəri birnəfəsə oxumamış aram tapmırsan. Bu isə, əlbəttə, müəllifin uğurudur. Bu uğurun səbəbini nədə görürük? Bunun üçün yazıçıdan ilk növbədə, bədii inandırıcılıq keyfiyyətinə malik olmaq tələb olunur. Çünki bədii inandırıcılıq əsl yazıçı ustalığına dəlalət edir".

Hüseyn Abbaszadənin "Qayıdanlardan biri" romanı da onun povest və hekayələrində nəzərə çarpan "Qayıdanlar" mövzusu yeni, amma daha mükəmməl müraciət kimi diqqəti cəlb edir. Romanın baş qəhrəmanı Xanəli Güləli oğlu yaxın qonşusu və qohumu Atamoğlan Cəbrayılovun fitnəsilə iyirmi il sürgün həyatı keçirib. O qayıdır və sübut edir ki, yenə mənən təmiz, saf bir insandır, sürgün həyatı onun təmiz vicdanına ləkə salmayıb. Bu romanda da H.Abbaszadənin Bakı həyatının, onun məhəllələrinin təsvirinə, bir sözlə, Bakı obrazına xüsusi diqqət yetirdiyinin şahidi oluruq.

Hüseyn Abbaszadənin "Dünyadan gör necə insanlar gedib" kitabı mənim ən çox sevdiyim xatirələr toplusudur. O, yaddaşında dərin iz buraxan sənət adamları ilə görüşlərindən söz açır. Onların hər birinin bir insan kimi bənzərsiz - özünəməxsus keyfiyyətlərindən danışır. Doğrudan da, heyrətlənirsən, sənət aləmində elə bir şəxsiyyət yoxdur ki, Hüseyn Abbaszadə onunla görüşməsin və bu görüşlərdə o şəxsiyyətin mənəvi aləmini əks etdirməsin. Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rüstəm, Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Qara Qarayev, Rəsul Rza, Əli Vəliyev, Mikayıl Rəfili, Zeynal Cabbarzadə, Əli Kərim və b. - bu böyük sənətçilərin heç biri dünyada yoxdu, amma H.Abbaszadənin xatirələrində yaşayır.

Hüseyn Abbaszadə 85 yaşında - 2007-ci ildə dünyasını dəyişdi. "Şöhrət" ordenli Xalq yazıçısı - XX əsrin çox dolaylarından, aşırımlarından keçən bu yazıçını unutmaq olarmı? Yox! Unutmuruq, unuda bilmərik.

Azərbaycanın ilk beynəlxalq qrossmeysteri haqqında Türkiyədə film çəkilib Kommunizmi sufi təliminə dəyişən yazıçı - O, Nobel mükafatını niyə “lənətli fəlakət” adlandırmışdı? Üzeyir bəy "Leyli və Məcnun"u Ceyhun Hacıbəyli ilə birgə yazmışdı? - Bir xatirə yazısının pərdəarxası
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri