Cəlaloğlu: Əgər İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır”
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
ADP sədri deyir ki, Pəhləvilər Qacarları Rusiya, İngiltərə və Fransanın dəstəyi ilə devirdiyi üçün İranda onların hakimiyyətinin legitlimliyi yoxdur
Dünən ABŞ İranın əsas nüvə obyektlərinə dünyanın ən güclü silahı ilə zərbə endirdi və bu ölkənin nüvə texnologiyasının məhv edildiyini bildirdi.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İranda baş verən müharibə, müşahidə olunan proseslər və mümkün perspektivlər barədə “Reytinq” qəzetinin suallarına cavab verib:
- Hesab edirəm ki, İsrail-İran münaqişəsinə sadəcə olaraq İranın nüvə texnologiyasının əlindən alınması kimi baxmaq, proseslərin düzgün qiymətləndirilməsi baxımından yanlışlıq olardı. Əvvəla ona görə ki, nüvə silahı bir sıra ölkələrdə var və ABŞ bundan ciddi narahat deyil. Burada əsas məsələ İranın oynadığı rol - Amerikanın strateji-qlobal maraqlarına zidd olaraq Çinin iqtisadi baxımdan güclənməsində aktiv iştirak etməsidir. Çünki Çinin əsasən neft və digər bu kimi məhsullarını İran təmin edir.
Digər bir problem İranın Rusiya-Ukrayna müharibəsində oynadığı rol, açıq şəkildə Rusiyanı dəstəkləməsi, Moskvanı raketlər və pilotsuz uçuş aparatları ilə təmin etməsidir.
Bundan əlavə, Rusiyaya qarşı sanksiyaların yarılmasında İran aktiv iştirak edir. Bu baxımdan İran Çin və Rusiya ilə əlaqələrinə görə cəzalandırılır.
İkincisi, İranda hansı rejimin olmasına baxmayaraq, bu ölkənin bütövlüyü Qərbə və Amerikaya lazımdır, ən azından İslam dünyasını parçalamaq roluna görə.
- ABŞ prezidenti Donald Tramp İranda rejim dəyişikliyinin mümkünlüyünü də istisna etmir. Bu, nə dərəcədə realdır?
- Mənim qənaətimə görə, İranda hakimiyyət dəyişikliyinin iki yolu var. Birincisi demokratik yoldur. Yəni İran xalqı ayağa qalxır, etiraz edir və hakimiyyətini dəyişdirir. İndiki halda İrana xarici müdaxilə faktı var. Elmi şəkildə sübut edilib ki, belə xarici müdaxilələr zamanı xalq hakimiyyət ətrafında sıx birləşir, nəinki parçalanır. Bu baxımdan mən inanmıram ki, indiki şərtlər daxilində, yəni İsrail və Amerikanın İrana hücumu kontekstində xalq ayağa qalxsın və İrandakı rejimin dəyişdirilməsini tələb etsin.
İkinci yol hərbi çevrilişdir. Yəni İran hakimiyyəti daxilində hansısa qüvvə ortaya çıxa və hərbi çevrilişə əl ata bilər. Amma bu da az ehtimal olunur.
- Bu halda İranda hakimiyyət dəyişikliyini Amerika necə həyata keçirə bilər? Ümumiyyətlə, belə bir imkan varmı?
- Fikrimcə, bu, İranın ali dini lideri Xamnəi və bu ölkənin idarəetməsində aparıcı rolu olan şəxsləri terror yolu ilə aradan götürməklə mümkün ola bilər. Bu məsələdə Amerikanın imkanları var.
Bildiyiniz kimi, hətta İran generallarının bir çoxunu evlərində yatan zaman məhv ediblər.
İranda rejimin dəyişdirilməsi Amerikanın terror və sui-qəsdlər yolu ilə, yəni İranın indiki rəhbərlərini neytrallaşdırmaqla həyata keçirə bilər. Bəs, bu nə dərəcədə effektiv olacaq və Amerika belə bir addım atacaqmı? Bu suala dəqiq cavab vermək mümkün deyil.
- Beynəlxalq media İran hakimiyyətinə alternativ kimi keçmiş şahın oğlunun üzərində fokuslanıb. Bunu ciddi alternativ kimi qiymətləndirmək mümkündürmü?
- Əgər, söhbət İrandakı tarixi hadisələri əvvəlki məcarasına qaytarmaqdan gedirsə, onda Qacarlar nəslinin davamçıları İranda hakimiyyətdə oturmalıdır. Çünki Pəhləvilər Rusiya, İngiltərə və Fransanın dəstəyi ilə Qacarları deviriblər. Bu məntiqə əsasən, İranda Pəhləvilərin hakimiyyətinin heç bir qanuni legitlimliyi yoxdur, çünki onlar xarici qüvvələrin əli ilə hakimiyyətə gətiriliblər. Qacarlardan isə mən bildiyim qədər, Avropada yaşayan Babək Qacar var və o da iddialıdır. Yəni əgər, İranda şahlıq sistemindən bəhs olunarsa, o zaman Qacarların əlindən hakimiyyət alınıbsa, indi iqtidar nədən bizə qayıtmasın? Qacarların davamçıları da bu məntiqdən çıxış edirlər. Bu halda İrandakı azərbaycanlılar da, əgər şahlıq sistemi haqqında danışılırsa, Qacarların hakimiyyətə gəlməsində maraqlı olmalıdırlar.
Əslində mən anlatmaq istəyirəm ki, İranda hakimiyyət dəyişikliyi məsələsinin özü belə, bu ölkədə çox ciddi parçalanmalara gətirib çıxara bilər.
- Hansı variantlar reallığa daha uyğundur?
- Bir neçə variant haqqında mülahizə irəli sürmək olar. Məsələn, İranda İslam rejimi qalır, amma rəhbərlikdə dəyişiklik baş verir.
İkincisi, həm rəhbərlik, həm də rejim dəyişilir. Bu zaman demokratik sistemə keçid ediləcək, yoxsa şahlıq üsul-idarəsinə, bilinmir. Daha doğrusu, əslində, şahın oğlunun təbliği İranın demokratiyaya keçidinin qarşısında ən böyük maneədir. Elə Cənubi Azərbaycanın azadlıq yolunda da maneələrdən biridir.
Heç kəs İranın demokratiyaya keçidinə dair bir şey fikirləşmir. Əgər düşünülsəydi, İrandakı demokratik qüvvələrə dəstək verilərdi. Ona görə də bu məsələ açıq qalır. Məsələn, Tramp “rejim dəyişikliyini” istisna etməyəndə bilinmir ki, söhbət nədən gedir. Yəni rejimin başında duran şəxs gedəcək, yoxsa İslam Respublikası ləğv edilib yerində başqa biri yaradılacaq? Bu zaman İranda hansı hakimiyyət formasının yaradılacağı sualı açıq qalır.
Ümumən Trampın bəyanatları ekspront verilir. Yəni bunu sağlam məntiqlə, hərtərəfli düşünüb, sonda deyilən fikir kimi qəbul etmək çətindir.
Tramp həm də güc faktoruna əsaslanır və istənilən ideyanı güc yolu ilə həyata keçirə biləcəyini düşünür.
İndiyə qədər digər ABŞ liderləri də İranın nüvə silahı əldə etməsinə qarşı idi, amma heç biri İranı bombalamaqla problemi həll edə biləcəyini ağlına gətirmirdi. Lakin Tramp gəldi və bu yolu seçdi. Avanturist siyasətçi olduğu üçün Trampın hansı addımı atacağını təhlil etmək və proqnozlaşdırmaq çətindir.
Mənə elə gəlir ki, İranda rejim dəyişikliyi etmək son dərəcə çətin olacaq. Bu, yalnız çevriliş yolu ilə mümkündür. Xalqın iradəsinə zidd bir qüvvə hakimiyyətə gələrsə, bu, İranda uzunmüddətli destablizasiya ilə müşahidə edilə bilər. Hər halda nəzərə almaq lazımdır ki, indi İran cəbhədə tək deyil.
- Amma son olaylara baxanda belə qənaətə gəlmək olar ki, İranın ən yaxın müttəfiqləri ona dəstək vermir...
- Çin və Rusiya açıq şəkildə İranı dəstəklədi. Hətta Vladimir Putin bəyan etdi ki, əgər İrana atom silahı lazımdırsa, biz verə bilərik. Sonra İranda nüvə təhqiqatlarının davamını müdafiə etdi, bu ölkəyə istənilən dəstəyin veriləcəyi bəyan olundu. Bu baxımdan İranı nüvə silahından mərhum etmək təkcə İrandan asılı deyil. Görünən budur ki, Rusiya bu məsələdə fərqli mövqe nümayiş etdirir və bu, təsadüfi deyil.
Trampın ən böyük səhvlərindən biri Rusiya ilə bağlıdır. Məsələn, Tramp Ukrayna-Rusiya müharibəsində açıq şəkildə Rusiyanı müdafiə etdi. Lakin Rusiya ABŞ-İran münaqişəsində İranı dəstəklədi. Bu da Trampın düzgün proqnozlaşdırma apara bilmədiyinin göstəricisidir. Görünür, Trampın məsələləri zorla həll etməkdən savayı yolu yoxdur. Odur ki, indi çox çətin dövrdür və proqnozlaşdırmaq da asan deyil. Çünki burada söhbət yalnız İran və Amerikadan yox, bütövlükdə qlobal siyasətdə fundamental dəyişikliklərdən gedir. Eləcə də yeni qruplaşmalardan və qüvvələrdən.
Gizli diplomatiyadan çox az məlumatımız var. Biz yalnız hadisələrin ümumi məntiqindən çıxış edib, fikrimizi deyə bilərik. Amma bir də var, pərdə arxasında İran ilə Rusiya, eləcə də Çin ilə İran arasında hansı gizli sövdələşmələr mövcuddur. Bu gün Çin, Rusiya və Pakistan kimi nüvə dövlətləri açıq şəkildə İranı müdafiə edirlər. Bu onu göstərir ki, İranı güc yolu ilə yerində oturzdurmaq ya mümkün olmayacaq, ya da çox çətin olacaq. Yəni Ukraynada olduğu kimi, bir müddət sonra bu dövlətlər İrana silah, lazım gəlsə, canlı qüvvə göndərə bilərlər. Şimali Koreya da bu baxımdan İranın yanındadır. Yəni dünyada açıq qütbləşmə gedir. Bir yandan ABŞ-İsrail və onu dəstəkləyən güclər qruplaşır, digər tərəfdə isə İran və ətrafındakılar dayanıb.
Maraqlı bir məqamı da qeyd etmək istərdim. Qlobal siyasətdə hadisələrin mədəniyyətlərarası toqquşma ilə gedəcəyinə dair nəzəriyyələr, fikirlər var, bəzi dairələr də bu istiqamətdə iş aparırdı. Ona görə də, İslam ölkələrini qeyri-islam ölkələri ilə vuruşdururdular. Amma indi dini müstəvidə deyil, qlobal siyasətdə, dünyanın gələcək nizamında yer almaq uğrunda qruplaşma gedir. İndi bir tərəfdə Çin, Rusiya və onun ətrafında qruplaşan dövlətlərdir, digər tərəfdə Amerika-İsrail və onların ətrafında olanlardır. Üçüncü qüvvə isə dünya siyasətində iştirak etməyə gücü və potensialı olamayanlardır. Odur ki, bu qrupların da sərhədləri tam aydın şəkildə bilinmir. Məsələn, Pakistan ABŞ-la müttəfiqdir, amma bu gün İranın yanındadır. Yəni hadisələrin gedişatında hamı öz mövqeyini və cəbhəsini müəyyən etməyib. Biz indi qlobal siyasətdə transformasiyanın başlanması mərhələsindəyik.
Y. QACAR
Reyting.az

“Neftçi” əvvəlki əzəmətini qaytarmaq yolundadır”
14 Fevral 2025 11:41
Bu aktyorlara Hollivudun əvvəlki nüfuzunu qaytarmaq tapşırıldı
17 Yanvar 2025 01:49
Əmir Teymurun qılıncı: Qacarlar Napoleonu belə ALDATDI
18 Yanvar 2025 06:06
Sərdar Cəlaloğlu qəza törətdi
17 Mart 2025 12:03
Qacarlar ailəsindən alim qadın: Validə Tutayuq, nəsli, ailəsi
28 Noyabr 2024 15:47

