Cenevrədən Əbu Dabiyə...
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Sülh planı dəyişəcəkmi?
Ukrayna-Rusiya münaqişəsinin artıq üçüncü ildən sonra yeni geosiyasi mərhələyə keçməsi sülh gündəliyində də müəyyən dəyişikliklərə gətirib çıxarıb. Qərb dünyasında müxtəlif platformalarda başlayan müzakirələr tədricən lokallaşmış hərbi qarşıdurmanın qlobal təhlükəsizlik arxitekturasına təsirini ortaya qoyur. ABŞ-ın təşəbbüsü ilə formalaşdırılan yeni sülh planı da məhz bu geniş mənzərənin içində meydana çıxır. Son aylarda Vaşinqtonun yaratdığı dialoq formatları Cenevrədən Əbu Dabiyə qədər uzanan diplomatik marafona çevrilmiş vəziyyətdədir. Bu görüşlər həm tərəflərin mövqelərinin yaxınlaşdırılması, həm də regiondakı geosiyasi güc balansının daha aydın şəkildə müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Cenevrədə baş tutan ilkin platformalar ABŞ planının konturlarını ortaya çıxararkən, Yaxın Şərqdə - xüsusilə Əbu Dabidə təşkil edilən növbəti raundlar prosesin yalnız Avropa ilə məhdudlaşmadığını göstərir. Bu, həm də Vaşinqtonun münaqişənin tənzimlənməsinə qlobal konsensus yaratmaq niyyətinin rəmzi kimi qiymətləndirilir. Çünki enerji təhlükəsizliyi, ərzaq böhranı, tədarük zəncirinin sabitliyi və yeni təhlükəsizlik riskləri artıq dünyanın müxtəlif regionlarını eyni dərəcədə narahat edir.
Görünən budur ki, görüşlərdə əsas məqsəd yalnız atəşkəs mexanizmini müzakirə etmək deyil, həm də gələcək regional təhlükəsizlik platformasının konturlarını formalaşdırmaqdır - ABŞ-ın təşəbbüslərinin intensivləşməsi isə onun Avroatlantik məkanın lideri kimi yeni geosiyasi reallıqlara uyğunlaşmaq cəhdinin nəticəsidir. Cenevrədən Əbu Dabiyədək aparılan diplomatik danışıqlar göstərir ki, sülh təşəbbüsləri artıq çoxşaxəli, çoxmərkəzli və çoxmənbəli siyasi dialoqa çevrilib. Bu proses yalnız müharibənin dayandırılması deyil, həm də post-münaqişə dövrünün qlobal konturlarının müəyyənləşdirilməsi üçün mühüm addım hesab olunur.
Trampdan xəbərdalıq: 27 noyabra qədər...
Xatırladaq ki, ABŞ-ın sülh planı ilə bağlı Cenevrə danışıqlarında Ukrayna, ABŞ və aparıcı Avropa ölkələrinin nümayəndələri iştirak ediblər. Ötən həftə baş tutan məsləhətləşmələrdə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün ABŞ planı müzakirə olunub. Görüşlərdə Fransa, Almaniya və Böyük Britaniyadan milli təhlükəsizlik müşavirləri, Avropa Komissiyası nümayəndəsi, eləcə də Avropa Şurası prezidentinin köməkçisi Pedro Lurti iştirak ediblər. “Washington Post”-un və CNN-in məlumatına görə, Marko Rubionun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti geniştərkibli olub - onun tərkibinə Prezidentin xüsusi elçisi Stiv Vitkoff, Amerika sülh planının həmmüəlliflərindən biri olan Cared Kuşner, Milli Təhlükəsizlik müşavirinin müavini Endi Beyker, Dövlət Departamentinin müşaviri Mayk Nidhem, ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis, ABŞ Ordu katibi Daniel Driskol və Müttəfiq Qüvvələrinin Avropa üzrə Ali Komandanı Aleksus Qrinkeviç daxil olub.
Ukrayna nümayəndə heyətinə Prezident Aparatının rəhbəri Andrey Yermak rəhbərlik edib. Britaniya, Almaniya və Fransa liderlərinin milli təhlükəsizlik müşavirləri Conatan Pauell, Günter Sautter və Emmanuel Bonn ilə görüşdən sonra Ukrayna və ABŞ nümayəndə heyətləri bir araya gəlib - danışıqlar iki sessiyadan ibarət olub.
Qeyd edək ki, ABŞ tərəfindən hazırlanmış 28 bəndlik sülh planının mətni noyabrın 20-də Ali Radanın üzvü Aleksey Qonçarenko tərəfindən bəyan edilmişdi, daha sonra bu fakt Ağ Ev tərəfindən təsdiqlənmişdi. ABŞ dövlət katibi Marko Rubio qeyd etmişdi ki, planın üzərində iş aparıla bilər - O, Ukraynadakı münaqişənin həlli üçün geniş ciddi və real fikirlərin mübadiləsinə ehtiyac duyulduğun söyləmişdi. ABŞ prezidenti Donald Tramp isə Kiyevin planla bağlı mövqeyini 27 noyabr tarixinə qədər dəqiqləşdirməli olduğunu söyləyib.
Prinsip etibarı ilə Moskva ABŞ təkliflərinə müsbət münasibət bildirir - Putinin 21 noyabrda bildirdiyi kimi, Trampın sülh planı Alyaskada keçirilən Rusiya-Amerika sammitindən əvvəl də müzakirə olunub, o zaman Vaşinqton Moskvadan müəyyən güzəştlər istəyib. Ankoricdə Rusiya ABŞ-ın təklif etdiyi planla razılaşıb, lakin sonra prosesdə müəyyən fasilə yaranıb.
Aİ-nin sülh planı iflasa uğradı...
Cenevrə görüşündə ən diqqət çəkən məqamlardan biri Avropanın davranışları olmuşdu. Belə ki, Almaniya, Fransa və Böyük Britaniya da “Amerika təklifləri”nə əsaslanan “Avropa sülh planı” hazırlamışdılar. Hətta bununla bağlı Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar da aparılmışdı. Təsadüfi deyildi ki, Avropa rəsmiləri açıq şəkildə bildirirdilər ki, Ukrayna ilə bağlı müzakirələr Kiyev və Aİ-nin iştirakı olmadan mümkün deyil. Avropalıların ən çox tənqidi yanaşdığı bənd Kiyevin ərazi güzəştlərini nəzərdə tutan bənd olub. 24 bənddən ibarət Avropa razılaşma planının layihəsinin 3-cü bəndində yer alan “Rusiyanın qonşu ölkələrə hücum etməyəcəyi və NATO-nun daha da genişlənməyəcəyi gözlənilir” bəndi gözlənilmədən çıxarılmışdı.
İki plan bəzi məqamlarda uyuşsa da, məzmun etibarı ilə əhəmiyyətli dərəcədə fərqlənir. Avropa planında Rusiyanın nəzarətində olan ərazilərin statusu barədə heç nə deyilmir. Sənəddə sadəcə olaraq “ərazi mübadiləsi ilə bağlı danışıqların təmas xəttindən başlayacağı” və Ukraynanın “işğal olunmuş suveren əraziləri hərbi yolla qaytarmamağı öhdəsinə götürdüyü” bildirilir.
Avropa planının 8-ci bəndinə əsasən, NATO Ukraynaya yalnız sülh dövründə qoşun yerləşdirməyəcək, Amerika sənədində isə NATO-nun prinsipcə respublikaya qoşun yerləşdirməyəcəyi razılaşdırılıb. Başqa maddələr üzrə də fərqli məqamlar çoxdur. “Politico”nun məlumatına görə, Rubio Aİ və NATO-dan olan həmkarlarına təhlükəsizlik narahatlıqlarının sülh müqaviləsində nəzərə alınacağına əminlik verib. Lakin Cenevrədə məsləhətləşmələrdən sonra o, jurnalistlərə bildirib ki, Avropa planını “görməyib” və həmin planın üzərində iş aparılmayacaq. ABŞ planına və Avropanın əks-təşəbbüslərinə qarşı tənqidlərə gəldikdə, Rubio qeyd etdi ki, ABŞ-ın orijinal təklifi inkişaf etdiriləcək - bu plan “canlı, nəfəs alan sənəd”dir.
9 bənd çıxarıldı...
Danışıqlardan sonra Ukrayna nümayəndə heyətinin rəhbəri Yermak Telegram kanalında birgə Ukrayna-Amerika bəyanatı dərc edib. Orada bildirilirdi ki, hər iki tərəf danışıqları “son dərəcə məhsuldar” hesab edir - onlar “gələcək hər hansı bir razılaşmanın Ukraynanın suverenliyinə tam hörmət etməli və davamlı və ədalətli sülhü təmin etməli olduğunu” bir daha təsdiqləyiblər və “yenilənmiş və yekunlaşdırılmış çərçivə sənədi” hazırlayıblar. Vaşinqton və Kiyev Avropa tərəfdaşları ilə əlaqə saxlayarkən qarşıdakı günlərdə işlərini davam etdirəcəklər. Sənədlə bağlı son qərar iki ölkənin prezidentləri tərəfindən veriləcək.
Bloomberg xəbər verir ki, ABŞ-ın hazırladığı sülh planından 14-cü bəndi də çıxarılıb. Həmin bəndə əsasən, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 100 milyard dollarlıq gəlirin 50 faizi ABŞ-a çatmalı idi. Mənbə qeyd edir ki, bu maddə Ukrayna və bir sıra Avropa ölkələrinin kəskin narazılığına səbəb olduğundan sənəddən çıxarılıb.
Beləliklə, Cenevrə danışıqları Ukrayna ilə Rusiya arasındakı münaqişənin həlli üçün Amerika sülh planının əksər müddəaları üzrə razılaşma ilə yaddaqalan oldu. ABŞ və Ukrayna Amerika planının əksər bəndləri üzrə razılığa gəldilər, baxmayaraq ki, bəzi detallar prezidentlər arasında müzakirə olunmalıdır. Cenevrə danışıqlarının nəticəsi olaraq Amerika planı yeniləndi - mənbələr bildirir ki, 28 bənddən 19-u qalıb. Ukrayna tərəfi hesab edir ki, yenilənmiş plan layihəsi onun milli maraqlarını əks etdirir və təhlükəsizliyin təmin edilməsi üçün etibarlı mexanizmlər təklif edir.
İkiraundlu Əbu-Dabi müzakirəsi - nələr gözlənilir?
Danışıqların növbəti raundu isə son 2 gündə Əbu-Dabidə reallaşıb. ABŞ ordusunun katibi Daniel Driskoll Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər edib və sülh müqaviləsini müzakirə etmək üçün Rusiya nümayəndələri ilə görüşüb. CBS News bu barədə iki ABŞ rəsmisinə və iki diplomatik mənbəyə istinadən məlumat yayıb. Kanalın mənbələrindən birinin məlumatına görə, Driskoll 24 noyabr axşamı Rusiya nümayəndə heyəti ilə görüşüb və danışıqların daha bir mərhələsi 25 noyabr tarixinə planlaşdırılıb.
ABŞ rəsmisi bildirib ki, “Driskoll sülh prosesini müzakirə etmək və sülh danışıqlarını tez bir zamanda irəli aparmaq üçün iki raundu görüş planlaşdırıb. CBS-in məlumatı Financial Times-dakı mənbələr tərəfindən təsdiqlənib. FT-nin məlumatına görə, Driskolun həmçinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla Əbu-Dabidə görüşü planlaşdırılıb. Hətta bəzi mənbələr Moskva, Kiyev və Vaşinqton nümayəndələri arasında üçtərəfli görüşün baş tutma ehtimalını da irəli sürüblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu həftə Rusiya və ABŞ nümayəndələri arasında heç bir danışıqlar planlaşdırılmayıb, lakin Moskva danışıqlar üçün açıqdır.
P.İSMAYILOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 26 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















