Üçtərəfli Bəyanatdan sonrakı Cənubi Qafqaz
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Altı il əvvəllin doğurduğu 6 vacib məqam
44 günlük müharibədə əldə etdiyimiz müqəddəs Zəfərin 6-cı ildönümündə onu da xatırlamalıyıq. Söhbət 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan gedir. Yəni, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənəddən. O sənəd ki, yalnız savaşın yekunlarını rəsmiləşdirən diplomatik akt deyil.
Üçtərəfli bəyanat, əslində, Cənubi Qafqazda onilliklər ərzində mövcud olmuş geosiyasi reallıqların dəyişməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin fərqli mərhələyə keçməsinə və regionda qüvvələr nisbətinin yenidən formalaşmasına təkan verən tarixi hadisədir. Elə ötən 6 ilin təcrübəsi də göstərir ki, sənədin əhəmiyyəti onun imzalandığı gün əldə olunan nəticələrlə məhdudlaşmır. Bəli, 2020-ci ilin 10 noyabrından sonrakı hadisələr üçtərəfli Bəyanatın həm imkanlarını, həm də məhdudiyyətlərini üzə çıxardı. Əlbəttə, başlıca məqam sənədin hərbi-siyasi çərçivəsinin sonrakı illərdə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin etməsi ilə nəticələnən proseslərin başlanğıc mərhələsinə çevrilməsidir. Bu, transformasiya son dərəcə vacibdir. Məhdudiyyətlərə gəlincə, onlardan da söz açacağıq.
***
Deməli, üçtərəfli Bəyanatın birinci bəndi hərbi əməliyyatların dayandırılmasını və tərəflərin tutduqları mövqelərdə qalmasını nəzərdə tuturdu. O dövrə diqqət yetirdikdə belə düşünmək olardı ki, sənəd artıq tarixə qovuşmuş Qarabağ münaqişəsini yenidən dondurmağa hesablanıb. Haşiyə çıxaq ki, bəyanatı məhz mövcud xüsusda görmək istəyənlər olub və sonrakı zaman kəsiyində belələrinin çoxgedişli hərəkət və davranışlarına şahidlik etdik. Amma... Üçtərəfli Bəyanatın ikinci və altıncı bəndlərinə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılmalı idi. Beləliklə, 1990-cı illərin əvvəllərindən işğal altında qalan ərazilərin böyük bir hissəsinin hərbi əməliyyatlarsız Azərbaycanın nəzarətinə keçməsi təmin. Yəni, sırf məzmun üzrə yanaşsaq və müharibənin doğurduğu reallıq amili nəzərə almasaq, ötən 30 ilə yaxın müddətdə ilk dəfə idi ki, Qarabağ münaqişəsi ilə bağlı bir sənədin icrasının torpaqlarımızı geri qaytarılmasına səbəb olduğunu görmək mümkündür.
Üçtərəfli Bəyanatının digər mühüm xüsusiyyəti Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin yeni mərhələyə daxil olması idi. Sənədə əsasən Qarabağda 1960 nəfərlik Rusiya sülhməramlı kontingenti yerləşdirildi, atəşkəsə nəzarət mexanizmi yaradıldı. Bu, Moskvanın regionda hərbi-siyasi iştirakının möhkəmlənməsi üçün yeni imkanlar açırdı. Lakin 6 ilin nəticələri göstərdi ki, sülhməramlıların yerləşdirilməsi ilə nəzərdə tutulan mexanizm uzunmüddətli və dayanıqlı siyasi nizamlanma modelinə çevrilmədi. Buradan çıxarıla biləcək mühüm nəticə ondan ibarətdir ki, beynəlxalq və regional güclərin iştirakı ilə yaradılan təhlükəsizlik mexanizmləri dəyişən siyasi reallıqlar qarşısında öz əvvəlki funksiyasını itirdi.
Üçtərəfli Bəyanatın nəticələrinə qiymət verərkən, keçmiş Qarabağ münaqişəsinin beynəlxalq siyasi gündəlikdəki statusunun dəyişməsinə də diqqət yetirmək lazımdır. 2020-ci ildə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi beynəlxalq vasitəçilik institutlarının, ilk növbədə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsas mövzusu idi. Həmin dövrdə münaqişənin həlli ilə bağlı uzun illər davam edən danışıqlar prosesi üzərində dayanılırdı. Lakin sonrakı hadisələr bu reallığı köklü şəkildə dəyişdirdi.
***
Üzərindən 6 il keçdikdən sonra üçtərəfli Bəyanatı həm də Rusiyanın Cənubi Qafqazdakı təsir dairələrini itirməsinin başlanğıc sənədi olaraq da qiymətləndirmək mümkündür. Həm də ona görə belə qiymətləndirmə məqbuldur ki, köhnə klişeləşmiş baxışlar sıradan çıxdı. Məlum oldu ki, Moskva həmin baxışlarla heç nəyə nail ola bilməyəcək. Deməli, yeni yanaşmalara ehtiyac var idi ki, Rusiyanın siyasi industriyası onları tapmaq baxımından zəiflik göstərdi. Nəinki zəiflik göstərdi, bu istiqamətdə heç nəyə cəhd göstərmədi. Ölkənin ənənəvi metodları isə fayda vermədi. Çünki Ermənistan 30 ilə yaxın müddətdəki Ermənistan deyildi. Həmçinin, Azərbaycan da əvvəlki Azərbaycan olmaqdan çıxmışdı. Bəli, Azərbaycan əvvəlki Azərbaycan olmadığı üçün üçtərəfli Bəyanat onun qalib dövlət obrazını vurğulayırdı. Sənəd mahiyyətcə həm qalib dövlətin diktəsi idi, həm də onun öz prinsipləri uğrunda barışmaz mövqe tutacağının təntənə doktrinası. Fikrimizi sübuta yetirmək üçün üçtərəfli Bəyanatın 9-cu bəndi üzərində dayanaq. O bənd ki, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin edilməsi nəzərdə tuturdu.
Ermənistan bu əlaqənin təhlükəsizliyinə zəmanət verməli, nəqliyyat əlaqəsinə nəzarəti isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirməli idi. Bu bənd, həmçinin, yeni nəqliyyat kommunikasiyalarının tikintisi də nəzərdə tuturdu. Problem isə ondadır ki, hazırda reallıq payı daha çox olan Naxçıvana maneəsiz yol xüsusundakı regional kommunikasıyaların açılması prosesi özünün təməl qoyuluş sxematikasından uzaqdır. Yəni, regional kommunikasiyaların açılmasının 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə və onun “Beynəlxalq Sülh və Rifah namizə Tramp yolu” və ya “Tramp marşrutu”, yaxud qısaca TRIPP gündəmi var. Başqa sözlə desək, mövzunun siyasi əhəmiyyəti yalnız Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqəsinin yaradılması ilə məhdudlaşmır. Söhbət bütövlükdə regionun nəqliyyat xəritəsinin dəyişməsindən, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yeni bağlantıların formalaşmasından, Cənubi Qafqazın tranzit imkanlarının genişlənməsindən gedir.
***
Ümumiləşdirmə aparsaq, 2020-ci ilin noyabrında imzalanmış sənədin tarixi əhəmiyyətini onun 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalarla müqayisəsi fonunda daha aydın görmək mümkündür. Bu iki mərhələ arasında prinsipial fərqlər var. Fərqləri doğuran isə reallıqlardır. O reallıqlar ki, onlardan əvvəl söz açsaq da, hər birinin ayrıca vurğulanması da vacibdir.
Birincisi, 10 noyabr Bəyanatı Azərbaycanın hərbi qələbəsinin yaratdığı yeni reallıqları rəsmiləşdirdi. Ölkəmiz 44 günlük müharibədən sonra öz ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə etdi. İkincisi, bəyanatın yaratdığı təhlükəsizlik mexanizmləri daimi xarakter daşımadı. Rusiya sülhməramlılarının vaxtından əvvəl çıxarılması regionda siyasi və hərbi reallıqların dəyişməsinin konkret göstəricisi oldu. Üçüncüsü, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması məsələsi hələ də regional geosiyasətin əsas istiqamətlərindən biridir. Bu məsələ artıq yalnız ikitərəfli münasibətlərin deyil, daha geniş beynəlxalq nəqliyyat və iqtisadi əməkdaşlığın tərkib hissəsinə çevrilib. Dördüncüsü, münaqişənin əvvəlki beynəlxalq vasitəçilik mexanizmləri öz funksiyalarını itirib. Minsk prosesinin bağlanması bunun institusional təsdiqidir. Beşincisi, hərbi münaqişənin başa çatması ilə dayanıqlı sülhün əldə olunması arasında mühüm siyasi və hüquqi mərhələ mövcuddur. Sülh sazişinin imzalanması, ratifikasiyası və öhdəliklərin yerinə yetirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Daha konkret yanaşsaq, belə deyə bilərik ki, 10 noyabr üçtərəfli Bəyanatı Azərbaycanın qarşısında yeni imkanlar açan, lakin bütün məsələləri birdəfəlik həll etməyən sənəd idi. Başqa sözlə desək, 2020-ci ilin noyabrında müharibədən sonrakı reallıqların müəyyənləşdirilməsi ilə başlanan proses sonrakı illərdə yeni regional nizamın formalaşması istiqamətində inkişaf etdi. Tam qətiyyətlə deyə bilərik ki, hazırda regionun siyasi mənzərəsi 2020-ci ilin noyabrındakı mənzərədən əsaslı şəkildə fərqlənir. Həmin tarixdə hərbi qələbənin nəticələri rəsmiləşdirilirdisə, bu gün söhbət Azərbaycanın suverenliyi əsasında yeni regional əməkdaşlıq və təhlükəsizlik arxitekturasının formalaşdırılmasından gedir.
Ə.CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 11 Noyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















