Icma.az
close
up
RU
Cənubi Qafqaz tapmacaları : Nədir onlar?..

Cənubi Qafqaz tapmacaları : Nədir onlar?..

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən il Gürcüstanda rusyönümlülərlə qərbçilər, prezident Zurabişvili ilə İvanişvili komandası arasında qarşıdurma yarananda Bakıda az qala tək qalmışdım, hətta bu mövzudakı yazılarımı da bəzən nəzakətlə geri qaytarırdılar.

Biri deyirdi, Zurabişvili "Makronun adamı”, hətta "agenti”dir, digəri zənn edirdi, guya Bakı bundan sonra daha çox Moskvayla yaxınlaşacaq və buna görə Gürcüstanda da qərbçilərin deyil, rusyönümlülərin qələbəsi maraqlarımıza daha çox cavab verir.

Yetərincə vaxt keçib, məsələlərə yekun vurmaq olar. Ötən ilki parlament, hətta bu ilki munisipal seçkiləri də İvanişvili komandası udsa da, yenə də böyük hesabla opponentlərimiz haqlı çıxmadılar.

Əvvəlcə prezident İlham Əliyev özü onların çoxunu məyus etmişdi; Rusiyayla yaxınlaşma-filan olmadı, əksinə prezident son inauqurasiya mərasimində açıq bildirmişdi ki, bundan sonra daha çox türk dövlətləri istiqamətində inteqrasiya kursu aparılacaqdır.

Bu siyasət hazırda yüksək templərlə aparılır və ümid edirik ki, elə nəticələri də çox gözlətməz. Bu sətirləri yazanda Azərbaycan prezidenti Özbəkistanda növbəti səfərdə idi. O ki qaldı türk dövlətlərinin birgə səylərinə beynəlxalq münasibətdə, bunun üçün düşünürük ki, yaxınlarda Vaşinqtonda baş tutan G1+5 formatındakı görüşü qeyd etmək yetər...

Fransa məsələsinə gəldikdə, deyirdik ki, düzdür, bu dövlət hələ Azərbaycanın dostu deyil, amma düşməni də deyil: hər halda, Yelisey sarayı və Kreml fərqlidirlər, Parisin siyasətinə nəinki təsir etmək, hətta onu dəyişmək də mümkündür.

Bunu hamımıza vaxtilə rəhmətlik prezident Heydər Əliyev nümayiş etdirmişdi. Onun səyləri nəticəsində o vaxtkı prezident Jak Şirak maksimum dərəcədə Bakı ilə İrəvan arasında paritet saxlamağa çalışırdı, halbuki Heydər Əliyev Fransanın da həmsədr olmasına razılıq verəndə çoxu bunu təqdir etmir, yanlış addım adlandırırdı.

Makrona gəldikdə, onda da deyirdik ki, adam əbədi deyil, bir gün rədd olub gedəcək. Üstəlik, son vaxtlar görün, nə baş verir? Prezident Makron bütün beynəlxalq tədbirlərdə Azərbaycan prezidentilə yeni münasibətlər qurmağa cəhd göstərir: bəli, şəxsən özü...

Odur ki, deyirik: Cənubi Qafqazda Rusiyanın yox, Qərbin aparıcı geosiyasi vektor olması region dövlətlərinin, eləcə bizim Azərbaycanın da maraqlarına daha çox cavab verir.

Əlbəttə, Qərbdə də səfeh planlar, guya gələcək üçün hansısa "konspiroloji sxemlər” quranlar tapılır, amma onlar həlledici siyasi güc deyillər.

Əsas odur ki, Qərb Bakı ilə İrəvan, hətta İrəvanla Ankara arasında sülhün bərqərar olmasında maraqlıdır, çünki ciddi siyasət adamlarıdırlar və başa düşürlər ki, İrəvanı Moskvadan qoparmağın, hətta erməni seçicilərinin onlardan umduqlarını tam həyata keçirməyin bircə yolu var: İrəvanın regional siyasətini dəyişmək, onun Bakı və Ankara ilə münasibətlərini tamamilə yeniləmək – indi hamı bunu etməyə çalışır...

Düşünülürdü ki, Qərb Cənubi Qafqazdan getməyi planlayır. Əksi müşahidə olunur. Zəngəzur layihəsi də Moskvanın əlindən çıxdı və son Düşənbə sammitindən nəticə hasil oldu ki, Putin də bununla barışmaq zorundadır. Amma bu sətirlər yazılanda həm də Moskvanın Bakıya qarşı törətdiyi növbəti insident də geniş müzakirə olunurdu: söhbət Kiyevdəki səfirliyimizin raketlə vurulmasından gedir.

Ruslar yenə bunu da "faciəli təsadüf” adlandırırlar. Heç nə demirik, amma bir qeydi çox vacib bilirik: sizə elə gəlmirmi, axır vaxtlar belə "təsadüflər” çox olur?..

Amma yenə də qeyd edirik ki, hansısa fors-major hal baş verməsə, hər şey yaxşı olacaq və hətta indi Cənubi Qafqazdakı geosiyasi hesab hələki 2:1 Qərbin xeyrinədir.

Maraqlıdır, regionda Qərbin daha çox Gürcüstanla problemi var, daha doğrusu, Brüssel İvanişvili və dəstəsilə barışmaq istəmir. Belədirsə, hətta İvanişvili dəstəsinin Rusiyayla bağlı ciddi planları yoxdur, onlar da ABŞ və Avropayla münasibətləri yoluna qoymaq üçün cəhdlər edirlər: əlbəttə, özünəməxsus tərzdə.

Mümkündür ki, oliqarx İvanişvilinin Kremllə hansısa sıcaq münasibətləri var və bundan xəbərimiz yoxdur, amma "Gürcü arzusu” da artıq neçə illərdir hakimiyyətdədir və bəzi epizodları çıxmaqla Tiflisin Moskva siyasətində kardinal dəyişiklik yoxdur və bizə elə gəlir, Gürcüstanda məsələ daha çox hakimiyyət məsələsidir: avrointeqrasiya kursu konstitusiyada qalır, baş nazir İrakli Kobaxidze az qala hər həftə ölkəsinin 2030-cu ildə Avropa İttifaqına üzv olacağını deyir, Trampın da Gürcüstanla bağlı siyasətdə yenilik edəcəyinə ümid bəsləyirlər. Ötən həftənin sonlarında deyildi ki, hakim partiya Brüsselin Gürcüstanla bir il əvvəl danışıqları dayandırmasına etiraz kimi aksiya keçirməyi planlayır.

Maraqlısı nədir? Rusiyalı analitiklər məəttəl qalıb ki, necə olur, qərbyönümlü əhali "rusyönümlü” İvanişvili dəstəsinə səs verir? Ruslar cavab tapa bilmir. Zənnimizcə, burada iki məqam var.

İnsanlar, eləcə gürcülər çörəyi burunlarına yemir, hər şeyi başa düşürlər: əvvəldə dedik ki, hətta "Gürcü arzusu”nu şərti olaraq "rusyönümlü” adlandırmaq olar, onlar hələ ki Rusiya istiqamətində hansısa ciddi addım atmayıblar və düşünürük ki, atmayacaqlar da, çünki Putin nə qədər əlləşib-vuruşsa da, qarşıda onun ölkəsini ancaq daha bir qürub gözləyir!

O ki qaldı qərbçi gürcülərin kimə səs verməsinə, bilirsiniz, insanlar siyasətdə idealist şəxsləri elə də sevmirlər, onlardan bir az ehtiyat edir və özləri üçün daha anlaşıqlı siyasətçilərə dəstək verirlər. Bu da seçicilərin bir psixoloji xüsusiyyətidir.

Vaxtilə Fransa sosioloqlarının bir yazısında oxumuşdum ki, fransızların əksəriyyəti düşüncəcə mülkiyyətçi, qatı kapitalist, sağçı olsa da, bir də görürsən, özlərini sağçı siyasətçilərin radikal qərarlarından sığortalamaq üçün solçulara səs verirlər!

Saakaşvili qərbçi kimi çox radikal idi, bir daha deyirik ki, adamlar belələrindən ehtiyat edir. Bir ara gürcü ziyalılarının bəzisi deyirdi ki, guya Saakaşvilinin vaxtında evlərində rahat yata bilmirlərmiş.

Düşünmürük ki, Mixeil Saakaşvili çox repressiv siyasət aparırdı. Təkrar deyirik ki, orta statistik insanların çoxu bir azacıq "meşşan” təbiətli olur, idealist siyasətçilərdən ehtiyat edirlər.

Həm də postsovet ölkələrinin cəmiyyətlərinin bir xüsusiyyəti var: çox şeylər hələ tam durulmayıb, hamının işində-gücündə, həyatında ehtiyat etdiyi nəsə var.

Saakaşvilinin özü ilə bağlı da demək istəyirik. Deyilənə görə, adam bu vaxta qədər daha çox xəstəxanada olub, nəinki məhbəsdə. Bu günlərdə onu məhbəsə qaytarıblar. Doğrusu, onun prezident Zelenskiyə müraciəti bizi təsirləndirdi: Ukrayna prezidentindən özünün də əsirlərin siyahısına salınmasını xahiş edirdi...

Bilmirik, İvanişvili dəstəsi adamdan nə istəyir, bizə elə gəlir, ondan sadəcə siyasi rəqib kimi ehtiyat edirlər. Saakaşvili oliqarx, korrupsioner olsaydı, ən azı ukraynalı korrupsioner-oliqarxlarla dil tapardı! Belələri nə qədər desən, var orada.

Üstəlik, korrupsioner-oliqarx olan adam Gürcüstanda korrupsiyanı minimuma endirə bilərdimi?

Nəhayət, axı gürcülər özləri vaxtilə deyirdi ki, Saakaşviliyə qədər, xüsusən də Şevarnadze vaxtında mərkəzi hakimiyyət yalnız Tiflisi əhatə edirdi! İndi nə olubdur? Nə tez unuduldu o günlər?

O ki qaldı Saakaşvilinin Rusiyayla müharibəyə səbəb olmasına, bir Amerika filmində qəhrəman belə deyir: "Mən heç olmasa, cəhd etdim!”

Bəli, Saakaşvili müharibə yolu ilə qaytara bilmədi gürcü torpaqlarını. Buyurun, siz – "Gürcü arzusu” – sülh yolu ilə qaytarın onları! Axı özünüz deyirsiniz ki, guya Rusiyaya qarşı aparılan siyasət səhv olubdur. Buyurun, "düz siyasət”inizi nümayiş etdirin...

Adam seçkidə uduzduğunu qəbul edibdir. On illərdir ki, Cənubi Qafqazdakı, hətta bütün postsovet məkanındakı prosesləri izləyirik. İllər ərzində özünə "demokrat” deyib sinəsinə döyənləri çox gördük, gəl gör ki, bu adamlar hətta partiyalarının daxilində bir dəfə olsun, demokratik seçki keçirməyə imkan vermədilər.

Başqa məqam da var. Adam hər halda prezident olub. İsrail məhkəmələri baş nazir B.Netanyahuya qarşı korrupsiya ittihamı irəli sürüb. Prezident Tramp şəxsən iki dəfə İsrail prezidentinə müraciət edib (Saakaşvili üçün də müraciət edə bilməzmi?) ki, Netanyahunu əfv etsin. Bu günlərdə Fransada da keçmiş prezident N.Sarkozi deyəsən əvvəlcə həbs, sonra da azad olundu.

Saakaşvili haqda Netanyahu kimi Beynəlxalq Məhkəmənin qərarı yoxdur, ona Sarkozi kimi fantastik korrupsiya ittihamı irəli sürülməyib. Üstəlik, adam həbsdə olsa da, hakim partiya onun cəzasını artırmaqda davam edir. Belə şey olarmı?

Hüseynbala Səlimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see492

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see456

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see350

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see312

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see272

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see261

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see248

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see227

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see220

Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05 Avqust 2026 07:01see207

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see205

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see201

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see196

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see188

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see186

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

05 Avqust 2026 06:40see179

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see162

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see156

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

06 Avqust 2026 00:39see156

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri