Çin elektromobillərlə bağlı yeni qayda tətbiq edəcək; bu qapıların istehsalı dayandırılır FOTO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın ən böyük avtomobil bazarı olan Çin elektrikli nəqliyyat vasitələrinin dizaynına birbaşa təsir göstərəcək mühüm qərar qəbul etməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanan yeni qayda layihəsinə əsasən, təhlükəsizlik riskləri səbəbindən elektrik avtomobillərində istifadə edilən elektron qapı tutacaqlarının qadağan olunması nəzərdə tutulur.
Yeni tələblər 2027-ci il yanvarın 1-dən etibarən Çində satışa çıxarılacaq 3,5 tondan az kütləyə malik bütün yeni nəqliyyat vasitələrinə şamil ediləcək. Qaydalara əsasən, avtomobillərdə həm daxili, həm də xarici qapı tutacaqları elektrik və proqram təminatından asılı olmadan işləyən mexaniki təcili açma mexanizmi ilə təchiz edilməlidir.
Bu qərar xüsusilə minimalist dizayn konsepsiyasını elektron və gizli qapı tutacaqları üzərində quran Tesla və oxşar istehsalçılar üçün ciddi dəyişiklik deməkdir. Praktiki olaraq bu, yalnız elektron siqnalla aktivləşən və qapı bağlı olduqda görünməyən futuristik tutacaqların Çin bazarında istifadəsinin dayandırılması anlamına gəlir.
Çin tənzimləyicilərinin mövqeyi estetik yanaşmadan deyil, real təhlükəsizlik risklərindən qaynaqlanır. Bloomberg-in araşdırmasına görə, qəzadan sonra qapıları açıla bilməyən “Tesla” avtomobilləri ilə bağlı azı 15 ölüm hadisəsi qeydə alınıb. Bildirilir ki, avtomobillərdə mexaniki ehtiyat açma mexanizmi mövcud olsa da, qəza zamanı yaranan panika və stress şəraitində sürücülər və sərnişinlər bu gizli sistemlərdən istifadə edə bilməyiblər.
Yeni qaydalarla Çin hökuməti açıq şəkildə bildirir ki, avtomobil qapıları elektrik enerjisindən asılı olmadan, klassik və intuitiv mexaniki üsulla açılmalıdır. Bu yanaşma xilasetmə işlərini sürətləndirməklə yanaşı, insan həyatının qorunmasını prioritetə çevirir.
Qadağa yerli istehsalçı “BYD” də daxil olmaqla bütün avtomobil istehsalçılarına şamil olunsa da, əsas təsirin Tesla şirkətinə dəyəcəyi qeyd olunur. Elon Maskın rəhbərlik etdiyi şirkət bütün modellərində elektron qapı tutacaqlarından istifadə etdiyi üçün Çin bazarındakı mövqeyini qorumaq məqsədilə avtomobillərin dizaynını yenidən işləməli olacaq. Bunun üçün istehsalçıların cəmi bir ildən az vaxtı qalır.
Mövzu təkcə Çinlə məhdudlaşmır. ABŞ-da da tənzimləyici qurumlar akkumulyator boşaldıqda avtomobildən çıxışı çətinləşdirən bu sistemləri araşdırır. Son illər xilasetmə qruplarının avtomobildə kilidlənmiş şəxslərə çatmaq üçün pəncərələri sındırmalı olduğu halların artması qlobal miqyasda təhlükəsizlik müzakirələrini gücləndirib.
Ekspertlər hesab edirlər ki, Çinin bu addımı avtomobil sənayesində uzun müddət ön planda olan “dizayn öncə” yanaşmasının tədricən “təhlükəsizlik öncə” prinsipi ilə əvəz olunduğunu açıq şəkildə göstərir.
Eltac Zülfüqaroğlu
Baxış sayı:36
Bu xəbər 07 Yanvar 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















