Çin istehsalı olan avtomobil alarkən nələrə diqqət etmək lazımdır? ARAŞDIRMA
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son bir neçə ildə Çinin dünya ölkələrinə avtomobil ixracı 57,9% artıb. Yəni 4,91 milyon avtomobil ixracı ilə Çin rekord həddə yüksəlib.
Pravda.az Çin avtomobilləri ilə bağlı araşdırma aparıb.
ÇİN AVTOMOBİLLƏRİNİN İXRAC SƏVİYYƏSİ

Məlum olub ki, proqnozlara əsasən, 2025-ci ildə Çin avtomobil ixracında 5,58 milyonu keçəcək. Hətta bu il Çin ən çox avtomobil ixrac edən ölkə kimi dünya ölkələri arasında ilk yeri tutacaq.
İldən-ilə ixrac xəritəsini genişləndirən Çin əvvəllər təkcə ən çox BƏƏ, Əlcəzair, Misir, Efiopiya, Kamerun kimi ölkələrə avtomobil satırdısa, hazırda siyahını bir az da genişləndirərək Belçika, İspaniya, Taylanda kimi irəliləyib. Məsələn, xarici mətbuata nəzər saldıqda görürük ki, Çin alıcılara ən çox “NIO” və “Xpeng” kimi avtonom idarəetmə qabiliyyətinə malik avtomobillər təklif edir. Tədqiqat və təkmilləşdirməyə böyük sərmayə qoyan şirkətlər arasında isə “BYD” və “Geely” şirkətlərinin adı ən çox hallanır.
Çində hər il satılan elektrikli avtomobillərin sayı təkcə son iki ildə 1,3 milyondan 6,8 milyona qədər yüksəlib.
ÇİN AVTOMOBİLLƏRİNƏ SAHİB OLANLAR ƏN ÇOX NƏDƏN ŞİKAYƏTÇİDİR?

Çin avtomobilləri ilə bağlı beynəlxalq mətbuatda da narazılıqları, ekspertlərin mənfi rəyləri özünü göstərir.
Araşdırmalarımız zamanı bu da məlum oldu ki, Çin avtomobillərinə sahib olanlar ən çox üç əsas problemlə qarşılaşdıqlarını bildirirlər. Belə ki, bu növ avtomobillərdə korroziyaya meyillilik, asma və kardanla bağlı çətinliklər tez-tez özünü göstərir.
Çin avtomobillərinin ehtiyat hissələri ilə bağlı problem, demək olar, bütün ölkələrdə mövcuddur.
Bu gün Çin avtomobilləri sürətlə Azərbaycan avtomobil bazarında da çəkisini artırmaqdadır.
ÇİN AVTOMOBİLLƏRİNİN TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ ÖLKƏMİZDƏ YETƏRLİ SƏVİYYƏDƏDİRMİ?
Milli Məclisin deputatı Naqif Həmzəyev düşünür ki, Çin avtomobil istehsalçılarının son illərdə göstərdiyi inkişaf təqdirəlayiqdir:

“Bu, Çin avtomobillərini daha cəlbedici edir. Qiymət və keyfiyyət nisbəti çox əlverişlidir. Bir çox Çin istehsalı olan brendlərdə xeyli aşağı qiymətə, yaxşı təchizatla avtomobillər təklif edilir. Elektrik avtomobilləri sahəsində Çin şirkətləri texnoloji cəhətdən daha çox irəli gedib. Çin avtomobillərinin təhlükəsizliyi brendindən və modelindən asılı olaraq dəyişir. Euro NCAP və digər təhlükəsizlik testlərindən bəzi Çin avtomobilləri çox yaxşı keçirlər, müsbət nəticə göstərirlər. “Chery” Çin şirkətinə məxsus olan “Polestar”, “Volvo” kimi modellər yüksək təhlükəsizlik reytinqləri alıblar. Bəzi brendlər – “NG”, “BYD” isə təxminən, 4-5 ulduz ala bilib. Lakin digər Çin avtomobilləri təhlükəsizlik testlərini keçə bilməyiblər. Həmin brendlərə məxsus avtomobilləri alarkən mütləq araşdırmaq lazımdır. Mütəxəssislər tərəfindən tövsiyə olunur ki, modellərin və markaların təhlükəsizlik reytinqləri üzrə araşdırılması vacibdir. Eyni zamanda satışdan sonra xidmət şəbəkəsinin olub-olmaması da önəmlidir. Bilirsiniz ki, Azərbaycanda Çin avtomobillərinin bəzilərinin rəsmi nümayəndəliyi yoxdur. Belə olan halda, xidmət şəbəkəsi də tapmaq mümkün deyil. Bu baxımdan, çalışmalıyıq ki, nümayəndəliyi olan brendləri alaq, yaxud ölkəmizdə onların servis məntəqələrinin olub-olmadığını nəzərdən keçirək. Zəmanət şərtləri də mütləq araşdırılmalıdır. Hazırda Azərbaycana gətirilən Çin avtomobillərinin böyük əksəriyyətinin, təəssüf ki, zəmanəti yoxdur. Daha çox Çinin daxili bazarı üçün istehsal edilən avtomobillər ölkəmizə gətirilir. Hansısa qəza baş verdikdə, nasazlıq yarandıqda zəmanət olmadığı üçün sürücülərimizə qat-qat baha başa gəlir. Beləliklə, Çin avtomobilləri ilkin alış mərhələsində çox ucuz olur, sonrakı dönəmdə isə ortaya çıxan əlavə xərclər bu üstünlüyü aradan qaldırır. Bununla yanaşı, bacardığımız qədər çalışmalıyıq ki, avtomobillərin ən çox elektrik sistemlərinin təhlükəsizliyinin təminatı məsələsini nəzərə alaq. Azərbaycan bazarı, ümumiyyətlə, xarici bazar üçün nəzərdə tutulmayan avtomobilləri alıb gətirirlər, hansısa kustar üsullarla proqram təminatı yazırlar, yaxud yenilənmə sistemi bağlanır, yenilənmələr əlavə edilmir. Bu da istər-istəməz əlavə problemləri ortaya çıxarır. Bir sözlə, Çin avtomobilləri çox əlverişlidir, üstünlükləri var, lakin qətiyyən xəsislik etməməliyik. Xüsusilə, xarici bazarlar üçün nəzərdə tutulan avtomobilləri almağa üstünlük verməliyik. Belə olacağı təqdirdə, düşünürəm, bu həm bizi əlavə xərclərdən sığortalaya bilər, həm də təhlükəsizliyimiz tam təmin oluna bilər. Eyni zamanda çalışmalıyıq ki, elektromobil alanda da çox ehtiyatlı olaq. Bilirsiniz ki, hələ Azərbaycanda elektrikdoldurma məntəqələri bütün ərazilərdə yoxdur. Bu da əlavə problemlər yaradır. Bu baxımdan, sürücülərimizin daha çox hibrid avtomobillərə üstünlük vermələri tövsiyə olunur. Yaxın gələcəkdə sürətli elektrikdoldurma məntəqələrinin sayı çoxaldıqdan sonra elektrikli avtomobillərin təhlükəsizliyi məsələləri, xüsusilə, yolda qalmama halları ilə bağlı problemlər aradan qalxacaq”.
ÇİN AVTOMOBİLLƏRİNƏ SAHİB OLAN YERLİ ALICILARI HANSI ÇƏTİNLİKLƏR GÖZLƏYİR?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyib ki, Çin avtomobil industriyası bütün dünyanı öz cənginə almağa davam edir.

O bildirib ki, bütün ölkələrdə artıq Çin istehsalı avtomobillərlə rastlaşmaq olar: “Azərbaycanda da həmçinin iyirmidən çox rəsmi Çin avtomobil markasının rəsmi xətti ilə birbaşa zavoddan alınmış avtomobillərin satışı həyata keçirilir. Təəssüflər olsun ki, rəsmidən əlavə, qeyri-rəsmi avtomobillər də gəlir. Azərbaycanda 30-a yaxın Çin markasının rəsmi və qeyri-rəsmi formada satışı həyata keçirilir. Çin avtomobillərinin müsbət tərəfi budur ki, bütün funksiyalarla təchiz olunmuş, interyer və eksteryer baxımından gözəl avtomobillər daha ucuz qiymətə təklif olunur. Bu, müsbət tərəfidir. Mənfi tərəfi isə budur ki, bu gün fərqli şəxslər tərəfindən ölkəmizə Çindən avtomobillər idxal olunur. Onlar vətəndaşa avtomobili satdıqda nə zəmanət verirlər, nə də avtomobili ehtiyat hissəsi ilə təmin edirlər. Hətta Çinin özündə elə markalar olur ki, onların artıq konveyeri dayanıb. Bu cür avtomobilləri də ölkəmizə gətirib satırlar. Bunlar sabah alıcılara problem yaradacaq. Konveyeri dayanıbsa, avtomobilin ehtiyat hissəsini tapmaq bir az müşkül məsələ olacaq. Əlbəttə, heç bir yeni avtomobil qorxulu deyil. Bildiyimiz, tanıdığımız rəsmi distributordan aldıqda problem yoxdur. Müəyyən dolayı yollarla fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillər var. "Dolayı yollar" ifadəsini səhv başa düşməyin. Çinin daxili bazarı üçün nəzərdə tutulmuş avtomobillər bizim fərdi şəxslər tərəfindən alınır, ölkəmizə gətirilib satılır. Sabah avtomillərdə geri çağırma olsa, rəsmi distributor xətti ilə gələn avtomobilin qüsuru olsa, zavod avtomobili geri çağırıb, həmin şəxsi yeni avtomobillə təmin edəcək. Bu isə Azərbaycandakı rəsmi distributor vasitəsilə baş verəcək. Avtomobili alverçidən almışıqsa, kiminləsə gətirtmişiksə, artıq avtomobilin defekti olub- olmadığı barədə məlumat bizə gəlib çıxmayacaq. Bu isə yollarımızda qəzalara səbəb ola bilər. Doğrudan da, böyük təhlükədir. Buna görə də insanlarımızı avtomobil alarkən həssas yanaşmağa, tələsməməyə, bir az araşdırmağa, baxmağa dəvət edirəm”.
Tanınmış avto bloqer, aparıcı Elgün Xıdırov da təsdiqlədi ki, Çin avtomobil sənayesinin inkişafı Azərbaycanın avtomobil bazarına da ciddi təsir edib:
“Əvvəllər yalnız premium avtomobillərdə gördüyümüz sistemlər indi çox ucuz qiymətə Çin avtomobillərində təklif olunur. Nümayəndəlik avtomobillərini çıxmaq şərti ilə, demək olar, digər bütün seqmentlərdə Çin avtomobilləri üstünlük təşkil edir. Hətta Yapon avtomobillərinin Çin variantları ölkəmizə çox sayda idxal olunur. Bunun əsas səbəbi istehlakçı üçün münasib qiymət və müasir texnologiyanın Çin avtomobillərində daha əlçatan olmasıdır. Çin hökumətinin avtomobil sənayesinə ayırdığı subsidiyalar, ölkəmizdə hibrid və elektromobillərə olan idxal güzəştləri, həmçinin "boz" dilerlərin daha aşağı marja ilə avtomobil gətirmələri qiymətlərə ciddi təsir edən faktorlardandır. Çin avtomobillərinin arasında təhlükəsizlik, dözüm, etibarlılıq meyarlarına görə həm yaxşı, həm də pis nəticə göstərən avtomobillər var. Məhz təhlükəsizlik məsələlərinə görə bir çox Çin markası Avropa təhlükəsizlik sınaqlarına avtomobil göndərmir. Lakin bu onların Azərbaycan, Rusiya, Qazaxıstan, Ərəb ölkələri və s. bazarlarda avtomobil satmasına maneə yaratmır. Bununla yanaşı, zamanla bir çox problemin, xüsusən də, servis və ehtiyat hissələri ilə bağlı problemlərin yaranacağı da qaçılmazdır. Hətta bir müddət avtomobil istehsal edib fəaliyyətini dayandıran Çin markaları belə mövcuddur. Avtomobil sənayesində isə davamlılıq və texniki dəstək vacib şərtdir. Avtomobil sənayesinin inkişafı həm də dövlətlərin siyasətidir. Çin əgər bu rəqabətdə, hələ ki, üstünlük göstərirsə, qlobal miqyasda Avropa, Amerika, Yaponiya markaları üçün çətin olacaq. Görünən budur ki, Çin avtomobil sənayesinin inkişafına dəstək davam edərsə, təhlükəsizlik və texniki problemlərin olmasına baxmayaraq, insanlar bu avtomobilləri alacaqlar”
Aytəkin Qardaşova


