Icma.az
close
up
RU
CNN Türk ün operatoru Gəncə hücumları və müharibənin görünməyən tərəflərindən danışdı SÖHBƏT

CNN Türk ün operatoru Gəncə hücumları və müharibənin görünməyən tərəflərindən danışdı SÖHBƏT

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hətta Azərbaycanda Gəncədə bir erməni qadın öldü. O, Azərbaycanda yaşayırdı... 


Müharibə yalnız silahlarla olmur, informasiya yaymaq da müharibədir

Ahmet Akpolat: “Müharibədə sipər ala bilməzsən, çünki çəkməlisən”


Müharibələr təkcə səngərlərdə deyil, kameralarda da yaşanır. Hər bir güllə səsinin, partlayışın, dağıntının arxasında bir obyektiv dayanır. Bu obyektiv isə bəzən illərlə operatorun yaddaşında əbədi iz buraxır. O, silah tutmur, amma həqiqətlərlə “atəşə tutur”. O, sipər ala bilmir, çünki olanı çəkməlidir. Onun işi, tarixə şahidlik etməkdir-susaraq danışmaq, göstərərək izah etmək...

7 oktyabr 2025-ci il, Gəncəyə Ermənistanın 3-cü raket hücumu həyata keçirməsinin üzərindən 5 il keçir. 2020-ci ildə Azərbaycanın bir sıra şəhərləri- Gəncə, Tərtər, Bərdə ard-arda raket atəşinə tutuldu. Bu hücumlar nəticəsində çoxsaylı mülki şəxs həyatını itirdi, yaralandı, evsiz qaldı. Gəncə isə həmin günlərin simvoluna çevrildi. Çünki müharibə cəbhə bölgəsindən çıxıb, şəhərlərin mərkəzinə qədər gəldi.

Hadisələri yerində işıqlandıran ilk xarici jurnalist qruplarından biri CNN Türk komandası idi. Operator Ahmet Akpolat həmin bombalı hücumların baş verdiyi gecə Gəncədən çəkilişlər edirdi. Onun obyektivinə yansıyan görüntülər təkcə Türkiyədə deyil, bütün dünyada yayımlandı və mülki əhalinin hədəf alındığını sübut edən əsas vizual sənədlərdən biri oldu.

Müsahibimiz Ahmet Akpolat dünyanın ən təhlükəli bölgələrində kameranın arxasında olub. Suriya, Somali, Çad, Qarabağ, Gəncə, Tərtər, Bərdə…Harada müharibə, harada insan iztirabı varsa, o da oradadır. CNN Türk-ün tanınmış operatoru ilə etdiyimiz bu müsahibə yalnız müharibənin deyil, jurnalistikanın da görünməyən tərəflərini ortaya qoyur. O, bir operator olmaqla bərabər, əslində vicdanın və həqiqətin daşıyıcısıdır.

Bu söhbət müharibənin soyuq faktları ilə yanaşı, bir-birinə bənzəməyən insan hekayələrindən də bəhs edir...


Sherg.az olaraq bu yazıda Ahmet Akpolatla etdiyimiz geniş müsahibəyə əsaslanaraq 2020-ci ilin Qarabağ müharibəsində yaşananlar, Gəncədəki terror hücumunun təfərrüatları və müharibə şəraitində jurnalistikanın görünməyən tərəflərini oxucularımızla bölüşürük:




-Neçə ildir operatorsuz?

-23 ilə yaxındır.


-Lentə aldığınız ən dəhşətli müharibə hansı olub?

-Böyüklük baxımından Suriya. Bütöv bir ölkə məhv oldu. Amma Afrikadakı müharibələr çox amansızdır.

Somali və Çadda olmuşam. Ən pisi Çaddır. Çad Afrikada əsgərləri ilə məşhurdur, onlar çox amansızdırlar.


-Müharibədə çəkiliş edərkən başınıza gələn ən pis hadisə hansı idi?

-Xüsusi bir şey deyə bilmərəm. Müharibədə çoxlu uşaqlar, gənclər, yaşlılar ölür, anasız, atasız, evsiz-eşiksiz qalır. Mənim orada ac qalmağım, pis yatmağım gördüklərimin, yaşadıqlarımın qarşısında heç nədir. İstanbula qayıdanda hər şey normala dönür, yaşadıqlarım isə xatirəmdə daimi qalır.


-Operator kimi müharibələri lentə almaq çox çətindir?

-Fiziki tərəfi var. Məsələn, müxbirlə kritik bölgəyə getmisən. Bir şey olanda müxbir sipər ala bilir, özünü qoruya bilir. Amma sən qoruya bilməzsən. Qoruyanda işini etmirsən deməkdir, mütləq olanları çəkməlisən. Məsələn, Azərbaycanda çəkdiyim bir görüntüyə görə mükafat almışam. Ermənistanın atdığı raket hava boşluğunda gedirdi, mən kamerayla onu izləyirdim. Əvvəl yerdən bir raket atıldı, vura bilmədi, ikinci dəfə isə vurdu və raket düşdü. O görüntüyə görə ən yaxşı görüntü mükafatı almışdım. Operator olmaq asan deyil. Amma sevərək edirsənsə, çətinliyi yoxdur. Hər iş çətindir. Vacib olan sevməkdir. Məsələn bizim ölkədə "yıpranma payı" var. Normalda 20 il işləsən pensiyaya çıxa bilərsən. Jurnalist olsan 16-17 il işləyəndən sonra pensiya alırsan. 

İlk daşı atan operatordur. Mən müxbir olmadığım üçün operator olmamışam. Vaxtıikən çoxlu müxbirlik təklifləri gəlirdi. Mən operatorluğu sevdiyim üçün bu sahəyə gəldim. 


-Siz operator olaraq yalnız müharibələ bölgələrinə gedirsiniz?

-Xeyr. Türkiyədə belə deyil. Məsələn, ABŞ-da xüsusi müharibə jurnalistləri və operatorları var. Bizdə də müharibəyə gedən jurnalist-operator var, amma onlar müharibə olan yerdən geri döndükdən 3 gün sonra normal işə qayıdırlar.


-2020-ci ildə Azərbaycanda müharibə başladığından necə xəbər tutdunuz? 

-Şənbə səhəri biz CNN Türk-ə işə gəldik. İlk toqquşmalar başlamışdı. Müharibənin olub-olmayacağı bəlli deyildi. Xəbər müdiri ilə danışdım. Dedim ki, Azərbaycana getməliyik. O da rəhbərlərdən soruşdu, gedin dedilər. Enver Kaptanoğlu adlı müxbirlə dərhal biletlərimizi aldıq. İlk təyyarə şənbə günü gecə yarısına idi. Bazar səhəri Bakıya endik. Avtomobil icarəyə götürüb, yola çıxdıq. Gecə Tərtərə gəldik. Amma hər yer zil qaranlıq idi. Partlayış səsləri gəlirdi. Tərtər İcra Hakimiyyətinə getdik. Salamlaşdıq, dedik ki, biz Türkiyədən gəlmişik, jurnalistik. İcra Hakimiyyəti sığınacaqda idi. Normal İcra Hakimiyyətinə getmədik, sığınacaq qurmuşdular, ora getdik. Orada mülki idarə rəisindən jurnalist olaraq icazə almalısan. Məsələn, Türkiyəyə gələn xarici media orqanları İletişim Bakanlığından icazə alır...Gecə bir az görüntüləri çəkdik, yayımladıq. Amma qaranlıqdan heç nə görünmürdü. Ağcabədidə gecələdik. Qalacaq yer tapmamışdıq, idman zalının qonaq otağı kimi bir yerdə qaldıq. Səhəri gün Tərtərə getdik. Gecə vurulmuş binaları çəkdik. Orada 20 gün qaldıq. 20 günün sonunda bizi əvəzə Fulya ilə Halil gəldi. Türkiyədən ora gedən ilk jurnalistlər biz idik. Biz və Haberglobal-dan Ünsal və Murat da var idi.

Bir neçə gün Tərtərdə qaldıq, sonra böyük bir şəhər var idi, Tərtərə yaxın. Adını tam xatırlamıram...


-Bərdə?

-Bəli, Bərdə. Bir neçə gün Tərtərdə, sonra Bərdədə qaldıq, daha sonra isə Gəncəyə keçdik. Gəncədə Bakı otelində qalırdıq. Amma o vaxt orada müharibə yox idi. Bir gecə yarısı otelimizin 50 metrliyinə bomba düşdü. Hətta 3-5, bəlkə 5-10 bina dağıldı, insanlar öldü. Onu da çəkmişdik. Sonra daha böyük bomba düşdü. Onda artıq hazırlıqlı idik, birinci qədər qorxmadıq. Çoxlu foto və video çəkdik. Üstündən çox zaman keçib, çəkdiyim şəkillərə baxsaydım daha ətraflı danışardım...


-Türk televiziyası müharibəni işıqlandırmaqda çox yaxşı idi.

-Biz təcrübəliyik. Çünki bütün müharibələr ətrafımızdadır. Biz bunun içindəyik. Məsələn, digər dövlətlərlə quru, elə Ukraynanın özü ilə də dəniz sərhədimiz, zəlzələmiz, terror müharibələrimiz var. Türkiyədə medianın önü açıqdır. Dron uçura bilirsən, ətrafı göstərə bilirsən. Məsələn, İran-İsrail müharibəsində İrana getdik. Bizdən 1 kilometr öndəki yeri İsrail vurdu. Fulya ilə ora getmək istədik. Dedilər ki, gedə bilməzsiniz, qadağandır. Türkiyədə isə belə bir şey mümkün deyil. Harasa bomba düşsə, yarım saat sonra 20-yə yaxın jurnalist orada olur.


-Azərbaycanda sizi ən çox nə üzdü?

-Ağcabədinin narı çox məşhurdur. Hər yerdə nar var idi. Mən narı çox sevirəm. Hər kəs evini tərk etmişdi. Səhər erkən hava işıqlananda, bir gün əvvəl vurulan yerlərə gedib çəkirdik. Mütləq olduğumuzun yerin bir tərəfində nar bağı olurdu. Mən gündə 1-2 ədəd dərib yeyirdim. Bir gün evini tərk etməmiş yaşlı bir qadın narlara baxdığımı gördü. O mənə gedib nar toplayıb, bir torba nar verdi. Mən də o fotonu çəkib paylaşdım. İnsanlar həmin rəsmi çox sevmişdilər. Bu sadə görünə bilər, amma evi dağılan birinin mənə qonaq bilib nar gətirməsi çox qiymətli bir şeydir...

Yenə Tərtərdəydik. Bir qadının iflic yoldaşı var idi. Onu tərk edib gedə bilmirdi. Biz hamımız hava qaralanda Tərtərdən çıxırdıq, onlar çıxmırdı. Bərdə ilə Tərtər arasında boş torpaq var idi, insanlar ora axşamlar gedirdilər, avtomobillərdə yatırdılar. Səhər isə evlərinə geri qayıdırdılar...

Hətta Azərbaycanda Gəncədə bir erməni qadın öldü. O, Azərbaycanda yaşayırdı... 

Bu cür hadisələrlə çox qarşılaşdım. Mən ən çox yaşlılara və uşaqlara pis olurdum. Acının coğrafiyası olmaz.


-Gəncədən çəkilişləri necə etdiniz, ilk bonbanın düşdüyü gün nələr yaşadınız?

-Normalda Azərbaycanda dron uçurtmaq olmaz. Mən isə Türkiyədə çox dron uçururam. Burada müəyyən qaydalara əməl etsən bu, qanunidir. Yəni, ictimai fayda üçün edilən işdə sənə əsgər, polis heç nə demir. Amma qeyri-qanuni uçuşlarda müəyyən qaydalara riayət etməlisən. Azərbaycanda dron uçurtmaq qəti qadağan idi. İcazə belə tələb olunmurdu. Gəncəyə ilk böyük bombanın düşdüyü gün həmkarım-Anadolu Ajansından Lokmanda dron var idi. "Dronu niyə uçurmursan?" sualını verdim. "İcazə vermirlər",-dedi. Mən dedim ki, mən gizli-gizli uçuracam, görüntüləri yarı-yarıya paylaşarıq. Çantadan dronu çıxartdım, dostlara dedim ki, mənə sipər olun, görməsinlər. Dronu qurdum, kənara çəkildim. Dostlarım məni çevrəyə aldılar. Uçurdum, dronun səsi eşidildi. O dəqiqə soruşdular ki, “Bu dronu kim uçurdu?”...Məni tapmaları 2 dəqiqə çəkdi. Onlar məni tapana qədər isə görüntüləri çəkməyi bitirmişdim. Dronu təhlükəsiz yerə endirdim. Sonra dedim ki, baxın çəkdiyim görüntülər bunlardır, sivil bir yer vurulub, bütün dünyanın bunu görməsi lazımdır. Razı oldular. Amma dedilər ki, səni izləyəcəyik, bir daha çəkmə, çəkərsən həbs edəcəyik. Razılaşdım. O görüntüləri yayımladıq. Mən CNN Türk-ə göndərdim, Lokman da Anadolu Agentliyinə. Biz öz izləyicilərimizlə paylaşdıq. Amma Anadolu Agentliyi paylaşanda bütün dünya agentlikləri o görüntülərdən istifadə etməyə başladı. O vaxta qədər isə həmin yerdən heç bir dron görüntüsü yox idi. Bir həftə sonra Gəncəyə yenidən bomba hücumu oldu. Yenə binalar dağıldı. Bu dəfə artıq Azərbaycan hökuməti öz dronu ilə çəkirdi. Savaş yalnız silahlarla olmur, informasiya yaymaq da müharibədir. Sivil bir yerin vurulmasını göstərmək də vacib idi. Azərbaycana dronu sevdirib qəbul etdirdim, ya yox, bunu isə bilmirəm...(gülümsəyir)


-Dronla çəkilişi haradan öyrənmisiniz, bunu məktəbdə öyrədirlər?

-Mən oxuyanda dron yox idi, özüm öyrəndim, öz dronumu aldım. Sonra şirkətlər almağa başladı. İndi hər qurumun öz dronu var. Bizdə demək olar ki, bütün kameramanlar dron istifadə edir.


-Dronu idarə etmək asandır?

-Çox sadədir. Mator bacarıqlarınla bağlıdır. Playstation oyunları kimidir. Əlin yatqındırsa asandır, yoxsa öyrənmək çətin olur. Dronu uçurmaq və çəkiliş etmək ayrı-ayrı şeylərdir. Dronu istədiyin yerə aparıb gətirə bilərsən, amma kameranı da idarə etməlisən. Kameranı döndərməli, çevirib yuxarı-aşağı etməyi bacarmalısan...

Biz dronları hər şeydə-sel, zəlzələ çəkilişləri zamanı da istifadə edirik. Məsələn, 6 fevral zəlzələsində hər yeri dronla çəkdik. Çünki başqa cür bu dəhşəti izah etmək mümkün deyildi. Zəlzələ zamanı çəkilişə Fulya ilə mən getmişdim. Təyyarədə olanda hansı hava limanı təhlükəsizdirsə, oraya enəcəyik dedilər. Adıyamana endik. Bir saat sonra ikinci böyük zəlzələ oldu. Gözümüzün önündə binalar uçdu, yolumuzun önünü kəsdi. Çox pis vaxtlar idi...


-Türkiyədə ilk dron istifadə edən CNN Türk-dür?

-Türkiyədə xəbərdə dronla ilk canlı yayım edən CNN Türk idi. Amma ilk istifadə edən biz deyilik. Çünki jurnalist olmayanlar da drondan istifadə edib görüntü verə bilirlər. Amma xəbərdə dronun nə olduğunun bilinmədiyi vaxt, biz onunla xəbər çəkirdik. Hətta futbolda birinciliyə çıxan 3 şəhər komandası var idi. Həmin şəhər komandalarının birinciliyə çıxması ilə bağlı xəbər hazırlayırdıq. Çəkilişə mən getdim. Həmin vaxt ilk dronumu almışdım. Həmin dronun kamerasını özün taxmalı idin. Onunla çəkiliş etmişdim. Amma o vaxtkı dron ilə indiki dron arasında çox fərq var. İndi dronu cibindən çıxarıb çəkiliş edə bilərsən, qatlayıb daşıya bilirsən.


-İlk dəfə Ermənistana nə zaman getmisiniz?

-İlk getdiyim zaman "erməni soyqırımı"nın 100-cü ildönümü idi. Yəni türklərə böyük nifrətin olduğu zaman. Məsələn, İstanbula gəldiyinizdə İstanbulun hər yeri eynidirmi? Xeyr. Ermənistanda da elədir. Mən turistlərin gəzdiyi yerlərdə gəzirdim, heç bir reaksiya da almırdım. Amma xəbərdarlıq etmişdilər ki, küçədə türk dilində bərkdən danışmayın, yoxsa başa düşərlər. Elə fikirləşərlər ki, Azərbaycana məlumat ötürmək üçün buradayam. Əslində buna görə türklərdən nifrət edirlər. İrəvan, Gümrü, hətta Qarabağ Ermənistanda olarkən Qarabağa qədər getmişəm.


-Yəni Ermənistan-Azərbaycan müharibə sərhədinə getmisiniz?

-Getmişəm. Ermənistanda olarkən Qarabağ sərhədinə də, Xankəndinə də getmişdim. Ermənistana çox olmuşam. Müxbirlər Ermənistana gedə bilməz. Qanuni əngəl yoxdur, amma orada onlara zor tətbiq edə, ölkəyə buraxmaya, üstlərinə qışqıra, çəkiliş etmələrinə icazə verməyə, hətta sui-qəsd edə bilərlər. 

Operator olanda daha ortada olursan. Əslində görünməməyin də üstünlüyü var...


-Bəs müharibədən sonra yenidən Ermənistana getdiniz?

-Müharibədən sonra Ermənistan-Türkiyə əlaqələri barədə İrəvanda çəkiliş etdim. Bizim əlaqələrimiz Azərbaycanla Ermənistan əlaqələri kimi deyil. Azərbaycan var deyə biz əlaqə qura bilmirik. Uçub gedib gələ bilirik. Orada hələ də türk markaları, oradan bura işləməyə gələn minlərlə erməni var. Türkiyədə də minlərlə türk vətəndaşı erməni var. Hətta deyim ki, müəyyən bir müddət Azərbaycanla Türkiyə arasında viza rejimi var idi, amma biz vizasız Ermənistana gedib-gəlirdik. 90-lardan sonra əlaqə azaldı. Ermənistanda olanda xəritəyə baxırdım. Xəritədə Azərbaycan kəndləri görünürdü, adları var idi. Amma həmin yerə gedəndə orada heç kimin yaşamadığını görürdük. Çox maraqlıdır...

Ermənistanın ən cənubuna getmişəm. Olduğum yer Ermənistan, qarşı tərəf Naxçıvan, ondan qarşıda Türkiyə, bir tərəfimdə isə İran var idi. 


-Azərbaycan haqqında düşüncələriniz nədir, müharibədən sonra Bakıya getmisiniz?

-Mən Azərbaycanı sevirəm. İlham Əliyevlə müsahibə etmişəm. Müharibə davam edirdi. İstanbuldan dedilər ki, İlham Əliyevdən müsahibə alın. Biz dedik ki, müharibə zonasındayıq, Bakıya necə gedək? Yanımızda bir Azərbaycan rəsmisi var idi. Ona dedik ki, İlham Əliyevlə müsahibə etmək istəyirik. O, güldü. Bu gülüş “Siz kimsiniz” gülüşü idi. Sonra dedik ki, siz yenə də yuxarılara deyin. İstanbuldan da Azərbaycan hökumətinə müraciət edildi ki, CNN Türk olaraq prezidentlə görüşmək istəyirik. Sabahısı  gün biri gəldi, dedi ki, tez Bakıya getməliyik. Bizi saraya apardılar. İlham Əliyevlə ilk müsahibəni də biz etdik...Çoxdan Türkiyədən gedib Ermənistanda yaşayan dostlarım var. Onlar mənə deyirdilər ki, səni sosial şəbəkələrdə takibdən çıxaracayıq, çünki sən İlham Əliyevlə şəkil paylaşmısan. Mən isə onlara demişdim ki, Paşinyan mənimlə şəkil çəkdirməyə gəlmədi...  Müharibədən sonra da Bakıda mükafatlandırma mərasimində iştirak etdim.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir neçə gün sonra Atletik i təhlil edəcəyik Qurbanov

04 Oktyabr 2025 22:22see161

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see154

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see148

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see145

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see137

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see133

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see131

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see129

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see128

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see127

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see127

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see126

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see126

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see125

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see125

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see122

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri