Coğrafiya İnstitutunun şöbə müdiri: Təbiətə qarşı davranışımızı dəyişsək, səhralaşmaya qalib gələ bilərik
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 iyun, Göyçək Mahmudlu, AZƏRTAC
Səhralaşmanı hər kəs bir cür tərif etsə də, sadə dillə desək, landaşftın məhsuldarlığı, biomüxtəlifliyi itibsə, artıq ərazi səhradır. Bu, bütün dünya, o cümlədən bizim ölkə üçün problemdir. Səhralaşmaya həm təbii, həm də antropogen amillər təsir göstərir. Təbii amillərin səhralaşmada rolu 15-20 faizdir. Coğrafi şəraitdən asılı olaraq 80-85, bəzən də 90 faiz hallarda antropogen amillərin təsirindən səhralaşma yaranır. Səhralaşma ən çox arid və semi-arid ərazilər üçün xarakterikdir. Quraqlaşma ilə səhralaşma “qardaş”dır. Bunlar bir-birinə təkan verən amillərdir. Quraq ərazilərdə səhralaşma daha sürətlə gedir və geniş yayılır. Avropanın təbii xəritəsinə baxsaq, bu ərazilər meşələr zonasıdır. Lakin hazırda demək olar ki, təbii meşə qalmayıb, hamısını məhv ediblər. Bu, təkcə Avropada deyil, dünyanın digər regionlarında da səhralaşmaya təkan verir. Çünki Yer kürəsi bütövdür, tamdır. Bu qədər xəbərdarlıqlara, dövlət başçılarının çağırışlarına, ekoloqların həyəcan təbillərinə baxmayaraq, Afrikada, İndoneziyada, Braziliyada tropik meşələr məhv edilir. Bu gün Afrikanın şimalındakı Böyük Səhranın ərazisi böyüyür.
Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.
Azərbaycan ərazisinin 70 faizi səhralaşma təhlükəsi ilə üzləşib
Müsahibimizin sözlərinə görə, müxtəlif vaxtlarda çəkilən kosmik şəkillərin, aparılan araşdırmaların müqayisəsi göstərir ki, hazırda səhralaşma davam edir. Səhralaşma dünyada Avstraliya, Afrika, Şimali Amerika, Avrasiya materiklərində, o cümlədən regional olaraq Mərkəzi Asiya, Cənub-Qərbi Asiya, Anadolu yaylası və digər ərazilərin arid, semi-arid regionları üçün xarakterikdir. Həmin ərazilərdə də proses sürətlə davam edir, səhraların ərazisi böyüyür. İqlim dəyişmələri isə prosesə təkan verir:”Əvvəllər səhralaşma ön planda idisə, hazırda kompleks yanaşma kimi iqlim dəyişmələri daha çox diqqət mərkəzindədir. Mütəxəssislərin qənaətinə görə, iqlim dəyişmələrini idarə edə bilsək, onun bir fəsadı olan səhralaşmanın da qarşısını ala bilərik. İqlim dəyişikliyi ilə əsas mübarizə üsulu kimi atmosferə atılan karbon qazının miqdarının azaldılması seçilib. Hazırda dünyada havanın temperaturu artıb. Azərbaycan ərazisində bu artım 0,8-1,2 dərəcə arasındadır. Dağlarda geniş sahə tutan buzlaqlarımız sürətlə əriyir. Həmin yerlərdə ciddi elmi-tədqiqatlar aparılmalıdır. Bundan əlavə, təəssüf ki, Azərbaycanda da meşələrə qənim kəsilənlər var. Əvvəllər Azərbaycan ərazisinin 60 faizinin səhralaşma təhlükəsi var idisə, hazırda həmin rəqəm 70 faizə bərabərdir. Get-gedə belə ərazilər artır, tipik səhralar əmələ gəlir. Nümunə üçün deyə bilərik ki, tipik səhra paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsinə yaxın, Şirvan Milli Parkının şimal hissəsində əmələ gəlib. Həmin ərazi iqlim baxımından tam səhra hesab olunmasa da, Azərbaycanda ən az yağıntı düşən yerdir. Orada ekosistemin çox zəif antropogen müdaxilələrə qarşı özünü bərpa etmək qabiliyyəti yoxdur. Hər yer dyunlardan ibarətdir. Xırda-xırda, hərəkətli, hərəktəsiz dyunlar var. Hərəkətli dyunlar daha təhlükəlidir. Həmin dyunlar Şirvan Milli Parkına doğru hərəkət edərək yeni səhralar yaradır. Dyun şimal və şərq küləklərinin təsirindən qumları hərəkət etdirərək bitkilərin dibinə doldurur. Qum tez qızdığından günorta 70-80 dərəcə istlik yaranır və nəticədə bitki quruyur. Getdikcə isə ərazidəki bitkilər məhv olur. Mil düzünün mərkəzi hissəsində apardığımız tədqiqat zamanı maraqlı faktlarla qarşılaşdıq. Orada Şirinqum təpələri adlanan ərazilər var. Ən təəccüblüsü isə budur ki, orada səhralar üçün xarakterik relyef formaları olan barxanlara belə rast gəldik. Ən pisi odur ki, həmin ərazidə küləklər qumları yayır. Hətta 2 kilometr məsafədə onun təsirini hiss etmək mümkündür. Bu bir siqnaldır və tədbir görülməsə, belə ərazilər genişlənə bilər”.
Mirnuh İsmayılov bildirib ki, son illər Xəzər dənizinin səviyyəsi 2 metrə yaxın enib. Bu da səhralaşmaya təkan verən amildir. Əgər quru sahə genişlənirsə, bu, havanın da temperaturunu artırır, nisbi rütubəti azaldır. Dəniz altından çıxmış torpaqlarda xeyli duz olur. Güclü küləklər isə həmin duzu məhsuldar torpaqlara aparır. Xəzərin sahəsinin nə zamana qədər enəcəyi isə bəlli deyil. Bunu da qeyd etmək yerinə düşər ki, Azərbaycan sahillərində vəziyyət digər Xəzəryanı ölkələrlə müqayisədə qənaətbəxşdir. Xəzərin şimalında Rusiya, Qazaxıstan böyük həyəcan təbilləri çalır. Dənizin Azərbaycan sektorunda isə Dərbənd, Cənubi Xəzər çökəklikləri var. Elmi araşdırmalara görə, Xəzər qurusa da, həmin çökəkliklər qalacaq.
Şöbə müdiri qeyd edib ki, əgər təbiətə qarşı davranışımızı dəyişsək, səhralaşmaya qalib gələ bilərik. Dünyada bununla bağlı yaxşı təcrübələr var. Çində Təklə Məkan səhrasının mərkəzindən yol çəkildi Qumların hərəkətini dayandırmaq üçün xüsusi bitkilər tapdılar, texnologiya tətbiq etdilər və bunun qarşısını aldılar. Çinə doğru hərəkət edən Qobu səhrasının da qarşısı alındı. Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü işlər təqdirəlayiqdir. Ağaclar əkilir, yaşıllıqlar salınır. Prosesi daha dayanıqlı və davamlı etmək üçün çalışmalıyıq. Qarabağ ərazisində də meşələrin bərpası işləri hər birimizi sevindirir. Lakin düşünürəm ki, daha təkmil işlər görmək mümkündür. Məsələn, yamaclarda terras yaratmaq olar. Düzənlik ərazilər meyvə bağlarının salınması, taxıl bitkilərinin əkilməsi üçün daha uyğundur. Mütəxəssislərin rəyi ilə elə işlər görülməlidir ki, səhralaşmaya qarşı düzgün mübarizə aparaq. Abşeron yarımadasında 1970-ci illərdə güclü külək əsəndə nəfəs almaq olmurdu. İndi isə güclü külək olmasına baxmayaraq, çöldə rahat gəzmək mümkündür. Bu, Abşeron yarımadasında görülən işlərin nəticəsidir. Böyük sahələrdə bağlar salınıb, iqlimə və yerli şəraitə uyğun ağaclar əkilib. Bu, onu göstərir ki, mübarizə aparmaq mümkündür. Vaxtilə Azərbaycanda meşələrin sahəsi 50 faizdən yuxarı olub. Hesablamalara görə, təbiətə müdaxilə etməsək, indiki vəziyyətdə 42,5 faiz ərazidə təbii olaraq meşə əmələ gələ bilər. Bunun üçün ekosistemin bir növü olan kollara da toxunmamalıyıq. Təəssüf ki, meşəqırma hələ də var. Burada qeyd etmək yerinə düşər ki, Aran rayonlarının ekoloji dəhlizi hesab olunan Kürqırağı Tuqay meşələri Azərbaycanın böyük sərvəti idi. Bəzi yerlərdə bu meşələr Kürün sağ və sol sahilinə 2-3 kilometr yayılırdı. İndi isə çayın məcrasına sığınıb, Qarayazı qoruğunda, bir az da Yevlax, Bərdə, Qazax və Zərdabda qalıb. Hələ də həmin meşələrə müdaxilələr var. Tuqay meşələrinə aid torpaqlarda yenidən meşə salmaq lazımdır. Çünki həmin meşələr həm də Kür çayının mövcudluğunda mühüm rol oynayır. Tuqay meşələrini bərpa etmək yollarından biri də məhz sahilyanı ərazilərin köçürülməsidir. Əfsuslar olsun ki, meşəni qırmağın yeni qaydası “icad olunub”. Ağacları meşənin kənarından qırmırlar. Meşənin içinə girib ən yaxşı ağacı kəsirlər. Kənardan baxanda meşənin yerində qaldığını düşünürsən. Bir az içəri girəndə qırıntı izləri üzə çıxır. İndi elə proqramlar var ki, meşədə kəsilən hər ağacdan xəbərdar oluruq. Beynəlxalq səviyyədə tətbiq olunan kosmik şəkillərin analiz proqramı vasitəsilə qırıntı barədə dəqiq məlumat almaq mümkündür”, - deyə o diqqətə çatdırıb.
Ölkəmizdə səhralaşmaya meyilli ərazilər
Mirnuh İsmayılov bildirib ki, Azərbaycanda səhralaşmaya daha çox meyilli olan ərazi Naxçıvan Muxtar Respublikasıdır. Arid iqlimin hökm sürdüyü Naxçıvan ərazisinin 80 faizi səhralaşmaya meyillidir. Naxçıvanda arid iqlimin sərhədi 1500, bəzən 2 min metrə qalxır. “Orada geniş sahədə bedlendlər var. Belə bir tendensiyası olan ərazidə diqqətli olmaq lazımdır. Son zamanlar Naxçıvanda xeyli yaşıllıq sahələri, yolqırağı meşələr salınıb. Bunlar səhralaşmaya qarşı yaxşı amildir. Elə etməliyik ki, təbiətə müdaxilə edəndə - yol çəkəndə, ev tikəndə, şəhər salanda yamacların, relyefin tarazılğını pozmayaq. Gördüyümüz işlərin nəticəsində uçqun, səhralaşma baş verməsin, erroziya fəallaşmasın. Bunlar da səhralaşmaya aparan yoldur. Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi səhralaşma ocağıdır. Mərkəzi Aranda səhralaşma ən çox Mil düzünün mərkəzi hissəsində Şirinqum təpələri adlanan ərazidədir. Mərkəzi Aranda səhralaşmaya ən çox təkan verən şoranlaşmadır. Şoran sahələr getdikcə artmaqdadır. Bu da suvarmanın düzgün aparılmaması, xüsusilə son illərdə iqlim dəyişmələri fonunda torpağın suvarma suyuna olan tələbatının artması ilə bağlıdır. Su buxarlanır, tərkibindəki minerallar torpaqda qalır. Bəzən də yeraltı suların səviyyəsi qalxır və şoran sahələr genişlənir. Böyük Qafqazın cənub-şərq hissəsində, Şamaxı-Qobustanda elə yerlər var ki, səhralaşma üçün çox risklidir. Belə bir təhlükə Qarabağ və Şərqi Zəngəzur üçün də mövcuddur.
Biz azad olunmuş ərazilərdə meşələrin vəziyyətini görmək üçün əvvəlcə kosmik şəkillə baxmışdıq. Meşələrin olduğunu görüb sevinsək də, sonradan ərazilərə gedəndə başqa mənzərə ilə qarşılaşdıq. Meşələr tamamilə məhv edilmişdi, kosmik şəkildə görünən isə pöhrədən əmələ gəlmiş ağaclıqlardır. Əslində orada meşələrə çox ciddi ziyan dəyib. Xüsusilə Oxçuçay və Həkəri çaylarının dərələrində, Bəsitçay tərəflərdə vəziyyət acınacaqlıdır. Azad olunmuş ərazilərdə minaların olması həmin ərazilərdə meşəsalma tədbirləri, kolların əkilməsi, suvarma aparılması kimi işlərin istənilən səviyyədə yerinə yetirilməsinin qarşısını alır. Biz təbiətə müdaxilə edə, onun bərpasına təkan verə bilmirik ki, bu da səhralaşmaya səbəb olur. Hətta təbii amillərdən yaranan meşə yanğınlarına belə minalara görə müdaxilə etməkdə çətinlik yaradır. Ekoloji cəhətdən ən dəhşətlisi mina ilə çirklənmədir. Minanı torpaqdan çıxaranda torpağın üst qatını götürür və qarışdırırlar ki, bu da bitki və heyvanlar aləmini məhv edir. Məhv olan təbii ekosistemin neçə ilə bərpa olunacağı bilinmir. Bundan əlavə, minaları zərərsizləşdirmə tədbirləri zamanı torpaqda çalalar yaranır. Onu aradan qaldırmaq hamısı əlavə xərc tələb edir. Qısası, həmin ərazilərdə davam edən səhralaşma prosesinin qarşısını almaqda çətinliklər yaranır”, - deyə şöbə müdiri vurğulayıb.
Qarabağ və Şərqi Zəngəzurun səhralaşma xəritəsi tərtib olunub
Qarabağ və Şərqi Zəngəzurun irimiqyaslı səhralaşma xəritəsinin tərtib edildiyini diqqətə çatdıran şöbə müdiri fikirlərinə belə davam edib: “Həmin xəritədə göstərmişik ki, Qarabağın hansı regionları ciddi səhralaşma təhlükəsi ilə üz-üzədir və hansı ərazilərdə proses zəif, orta və yüksək dərəcədə gedir. Belə məlum olur ki, Kiçik Qafqazın cənub-şərq, Qarabağ silsiləsinin cənub-şərq və şərq yamacları, Həkəriçay hövzəsi, Araz sahilinə qədər olan ərazilər ciddi səhralaşma təhlükəsi altında olan ərazilərdir. Orada həyata keçirilən tədbirlər mütləq ekosistemin özünü bərpa edə bilməsinə fokuslanmalıdır. Azad edilmiş ərazilərdə suvarma imkanı olan torpaqlarda səhralaşmanın qarşısını almaq asandır. Elə yer var ki, orada artıq prosesin qarşısını almaq mümkün deyil. Bəzi ərazilərdə dik yamaclarda bedlendlər, yəni yararsız səhra torpağı əmələ gəlib. Qarabağ və Şərqi Zəngəzurun 1984-cü ildən etibarən kosmik şəkilləri var. 1990-cı ilə qədər olan və ondan sonrakı şəkillərin müqayisəsi adamı dəhşətə gətirir. Ağdamda vaxtilə işğalda olan və işğal edilməmiş ərazilərin müqayisəsini apardıq. Çox dəhşətli mənzərə üzə çıxdı. İşğal altında olan ərazilərdə demək olar ki, heç nə yoxdur. Bir-iki ərazidə yaşıllıq yaranmışdı ki, həmin ərazilərdə də ermənilər vaxtilə taxıl əkirmişlər. Hazırda bu barədə faktlar əsasında məqalə hazırlayıb beynəlxalq reytinqli jurnallara göndərmişik və qəbul olunub. Bu da səhralaşmadır və ekosistemin bərpası üçün dövlət nə qədər xərc çəkməlidir. Azad edilmiş ərazilərdə işğal dövründə təbiət abidələri xüsusilə də çinar ağacları məhv edilib. Zəngilanda ermənilərin yaşadığı yerlərdə qalan ağaclar da baxımsız, mebel istehsalına yararlı olmayan ağaclar idi. Mebelə yararlı olan ağacları ya yandırmışdılar, ya da kəsmişdilər. Ötən il azad edilmiş ərazilərdə torpaq, süxur, bitki nümunələri götürüb, geokimyəvi tədqiqat apardıq. Bəzi yerlərdə anomal vəziyyətlər müşahidə etdik. Bu il də həmin ərazilərdən nümunə götürüb, analizlər apracağıq. Əgər nəticələr təkrarlanarsa, deməli, vəziyyət yaxşı deyil. Həmin ərazilər minalardan təmizlənib. Bəzən partladılaraq zərərsizləşdirmə işləri aparılıb. Mina partlayışları torpağa müəyyən təsirlər göstərə, ona müəyyən zəhərli elementlər, ağır metallar keçirə bilir. Bu il də Qarabağ və Şərqi Zəngəzura elmi-tədqiqat məqsədilə səfərlərimiz olacaq. Analiz götürüb, təhlil edəcək və müəyyən nəticələr çıxaracağıq. Azad edilmiş ərazilərdə torpaqların geokimyəvi vəziyyətini əks etdirən xəritə hazırlanmaqdadır. Həmin istiqamədə xeyli işi görülüb. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurun ekoloji xəritəsini hazırlamışıq. Bunu da qeyd etmək yerinə düşər ki, azad edilmiş ərazilərdə görülən işləri idarə etmək üçün onun ekosistemi, ekoloji şəbəkəsi hazır olmalıdır”.


