Icma.az
close
up
RU
COP31 Antalya nəticələr nə vəd edir?

COP31 Antalya nəticələr nə vəd edir?

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əbülfəz Süleymanlı
Professor
[email protected]

Artıq bir neçə onillikdir ki, iqlim dəyişikliyi dünya gündəminin ilk sıralarındadır. Bu müddət ərzində dəyişən təkcə havanın temperaturu olmayıb. Böhran haqqında danışarkən işlətdiyimiz zaman da dəyişib. Bir vaxtlar əsrin sonu üçün verilən proqnozları müzakirə edirdik. Bu gün isə söhbət bu yayın istisindən, bu ilin məhsulundan, növbəti güclü yağışda hansı məhəllənin su altında qala biləcəyindən gedir. Həyəcan təbili çoxdan çalınır. Ən narahatedici məqamlardan biri bəlkə də onun səsinə getdikcə alışmağımızdır. Hər yay yeni bir istilik rekordu eşitmək həmin istidə işləməyə məcbur olan insanın vəziyyəti barədə daha çox düşündüyümüz anlamına gəlmir.

Dünyanın müxtəlif ölkələrindən liderlərin, alimlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı Antalya COP31 konfransında enerji keçidi, iqlim maliyyəsi və fosil yanacaqlardan asılılığın azaldılması müzakirə olundu. Türkiyənin «Tətbiq COP-u» adlandırdığı yanaşma əvvəlki öhdəlikləri konkret layihələrə və sərmayələrə çevirməyi vəd edir. Bu yanaşmanın dəyəri sərmayələrin hansı ehtiyaclara yönələcəyindən asılı olacaq. İsti dalğalarına hazırlaşan şəhər daha çox yaşıllığa ehtiyacı olan məhəllələri seçə biləcəkmi? Enerji səmərəliliyi üçün ayrılan dəstək aztəminatlı ailələrin yaşadığı köhnə binalara çatacaqmı? Belə suallar beynəlxalq öhdəliyin yerli qərara necə çevrildiyini göstərir. 

Beynəlxalq mətbuatda Antalya müzakirələrinin müxtəlif tərəfləri önə çıxdı. Britaniyanın The Guardian qəzeti siyasi gərginliklər fonunda enerji keçidinin davam etdirilməsinin vacibliyini vurğuladı. Fransanın Le Monde qəzeti getdikcə böyüyən iqlim konfranslarının niyə bu qədər ləng nəticə verdiyini sorğuladı. Australian Geographicdə Anna Skarbek isə iqlim öhdəliklərinin daha təmiz hava, daha aşağı enerji xərcləri və yeni iş yerləri şəklində gündəlik həyata necə təsir göstərə biləcəyinə diqqət çəkdi. Bu yanaşmalar birlikdə oxunduqda Antalyanın qarşısındakı çətinlik görünür. İqlim siyasəti uzunmüddətli beynəlxalq əməkdaşlıq tələb edir, amma bu əməkdaşlığa ictimai dəstəyi qorumaq üçün insanlar onun nəticələrini öz həyatlarında görməlidirlər. 

İqlim böhranına sosioloji baxış həmin nəticələrin kimə çatdığını soruşmaqla başlayır. Eyni istilik dalğası sərin mənzildə çalışan insanla günün ən isti saatlarında açıq havada işləyən fəhlə üçün fərqli nəticələr doğurur. Fəhlənin istirahətə çıxmaq imkanı əmək qaydalarından, evə qayıdanda sərinlənmək imkanı isə mənzil şəraitindən və gəlirindən asılıdır. Quraqlıq şəhər sakininin büdcəsində ərzağın bahalaşması kimi hiss oluna bilər. Kənddə isə bir ailənin gələn il də torpağını əkib-becərə biləcəyini müəyyənləşdirə bilər. Beləcə, eyni iqlim hadisəsi bir ailənin xərclərini artırır, digərinin isə dolanışıq imkanını əlindən ala bilir.

Ölkələr arasında da oxşar fərq var. Qlobal istiləşməyə tarixən az töhfə vermiş bir ölkə daşqından sonra yollarını və məktəblərini bərpa etmək üçün yenidən borclanırsa, iqlim böhranı mövcud bərabərsizliyi daha da dərinləşdirə bilər. Həmin ölkə bir tərəfdən növbəti fəlakətə hazırlaşmalı, digər tərəfdən əvvəlki fəlakətin borcunu ödəməlidir. İqlim maliyyəsinin hansı şərtlərlə verilməsi buna görə ədalət məsələsidir. Vəsaitin həcmi ilə yanaşı, onun nə qədərinin qrant, nə qədərinin borc kimi verildiyi də insanların gələcəkdə necə yaşayacağına təsir edir.
Antalyada açıqlanan elektrifikasiya təşəbbüsü 2035-ci ilədək elektrikin dünya üzrə son enerji istehlakındakı payını 35 faizə çatdırmağı nəzərdə tutur. Hədəfin iqlimə təsiri elektrikin hansı mənbələrdən istehsal ediləcəyindən və fosil yanacaqlardan istifadənin nə qədər azalacağından asılıdır. Sosial nəticə isə ailələrin təmiz enerjiyə hansı qiymətə çıxış əldə edəcəyi ilə bağlıdır. Karbon bazarları ətrafında mübahisə də vədlərin necə ölçüldüyünü gündəmə gətirir. Bir şirkət karbon krediti alır və öz istehsalında emissiyaları azaltmağı təxirə salırsa, onun «yaşıl» vədi hansı dəyişikliyi ifadə edir? Eyni sualı ağacəkmə kampaniyalarına da vermək olar. Əkilən tingləri saymaq asandır. Bir neçə il sonra onların neçəsinin yaşadığını və ərazinin ekoloji vəziyyətinin necə dəyişdiyini öyrənmək isə davamlı müşahidə tələb edir. 

Bəs bu prosesdə fərd olaraq nə edə bilərik? Bir həftə ərzində evdə nə qədər ərzağın atıldığına baxmaq alış-veriş vərdişimiz haqqında çox şey deyə bilər. Təmir oluna bilən əşyanın ömrünü uzatmaq, yaxın məsafəyə imkan daxilində piyada getmək də gündəlik seçimlərimizdir. Eyni zamanda, piyada getmək istəyən insanın təhlükəsiz səkiyə, avtomobildən daha az istifadə etmək istəyən ailənin etibarlı avtobusa ehtiyacı var. Ona görə vətəndaş kimi verə biləcəyimiz suallar da vacibdir. Məhəlləmizdə ağaclar niyə kəsilir? Yaşadığımız küçə daşqına qarşı necə qorunur? İctimai nəqliyyatın daha əlçatan olması üçün hansı qərar dəyişməlidir?
Antalya konfransında hökumətlərdən və şirkətlərdən götürdükləri öhdəliklərin hesabını vermələrini gözləyirik. Özümüzə də iki sual ünvanlaya bilərik. Bu gündən hansı vərdişimi dəyişə bilərəm? Yaşadığım yerdə hansı qərarın dəyişməsi üçün başqaları ilə birlikdə səsimi eşitdirə bilərəm? Həyəcan təbilinin səsinə alışmamağın bir yolu da növbəti istilik dalğasını və ya daşqını gözləmədən bu sualları evdə, iş yerində və məhəllədə müzakirəyə çıxarmaqdır.

Bunun kimi beynəlxalq tədbirlərin nəticə verməsi dövlətlərin, şirkətlərin, yerli idarəetmə orqanlarının və vətəndaşların öz imkanlarına uyğun məsuliyyət daşımasından asılıdır. Bu konfransların real təsiri götürülən öhdəliklərin gündəlik həyatda nəyi dəyişdirdiyi və iqlim risklərinə ən çox məruz qalan insanların müdafiəsini nə dərəcədə gücləndirdiyi ilə ölçüləcək.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri