COP31 də dünyanın enerji gələcəyi müzakirə olunur
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyanın enerji xəritəsi dəyişir. İqlim böhranının dərinləşməsi, ənənəvi enerji mənbələrindən asılılığın yaratdığı iqtisadi və geosiyasi risklər, elektrik enerjisinə tələbatın sürətlə artması dövlətləri yeni seçimlər qarşısında qoyur. Bu gün enerji məsələsi artıq yalnız iqtisadi inkişafın deyil, həm də milli təhlükəsizliyin, ekoloji tarazlığın və gələcək nəsillərin rifahının əsas şərtlərindən birinə çevrilib. Məhz belə bir şəraitdə Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransında – COP31-də dünyanın enerji gələcəyi geniş müzakirə olunur.
Noyabrın 9-dan 20-dək davam edən beynəlxalq toplantıda dövlət nümayəndələri, iqlim və enerji mütəxəssisləri, beynəlxalq təşkilatlar, biznes dairələri və vətəndaş cəmiyyəti təmsilçiləri iqlim dəyişmələrinə qarşı mübarizənin yollarını, enerji sistemlərinin yenilənməsini və təmiz enerji mənbələrinə keçidin sürətləndirilməsini müzakirə edirlər. BMT-nin məlumatına görə, COP31-in əsas məqsədlərindən biri mövcud iqlim öhdəliklərini real tədbirlərə çevirmək, enerji keçidini sürətləndirmək və bu prosesdə beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Konfransın diqqətçəkən istiqamətlərindən biri Türkiyənin irəli sürdüyü “35-ə 35” – 2035-ci ilədək qlobal enerji istehlakında elektrik enerjisinin payını 35 faizə çatdırmaq təşəbbüsüdür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının rəsmi məlumatında bildirilir ki, hazırda elektrik enerjisinin qlobal yekun enerji tələbatındakı payı 20 faizdən bir qədər çoxdur. Qarşıya qoyulan hədəf isə elektrikləşməni genişləndirməklə nəqliyyat, sənaye və binalarda enerji istehlakının strukturunu dəyişməkdir.
Bu təşəbbüsün mahiyyəti yalnız daha çox elektrik enerjisi istehsal etməkdən ibarət deyil. Əsas məsələ elektrikləşmənin təmiz enerji mənbələri hesabına təmin olunması, istehsal olunan enerjinin etibarlı şəbəkələr vasitəsilə istehlakçılara çatdırılması və enerji itkilərinin azaldılmasıdır. Elektrik nəqliyyatının inkişafı, binalarda istilik və soyutma sistemlərinin elektrikləşdirilməsi, sənaye müəssisələrində daha səmərəli texnologiyaların tətbiqi bu keçidin mühüm istiqamətləri kimi nəzərdən keçirilir.
Bununla belə, qarşıda ciddi infrastruktur maneələri dayanır. BMT-nin noyabrın 10-da COP31 çərçivəsində yaydığı təhlildə vurğulanır ki, bərpaolunan enerji istehsalının artması elektrik şəbəkələrinin inkişafını qabaqlayır. Günəş və külək elektrik stansiyalarının gücünü artırmaq hələ bütün problemi həll etmir. İstehsal olunan enerjinin ötürülməsi üçün müasir, dayanıqlı və çevik şəbəkələr, enerji saxlama sistemləri və böyük investisiyalar tələb olunur. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının nümayəndəsinin açıqlamasına əsasən, dünyada ümumilikdə təxminən 2500 giqavat gücündə enerji istehsalı və digər layihələr şəbəkələrə qoşulma imkanını gözləyir. Bu fakt enerji keçidinin təkcə istehsal deyil, həm də ötürmə və paylama sistemlərinin yenilənməsindən asılı olduğunu göstərir.
COP31-də müzakirə olunan digər mühüm məsələ binalarda enerji səmərəliliyinin yüksəldilməsidir. Konfransın sədrliyi tərəfindən oktyabrın 29-da elan edilən Antalya Enerji Səmərəli Binalar Kompaktı 2035-ci ilədək binaların istismarında enerji intensivliyinin 2020-ci ilin göstəriciləri ilə müqayisədə 25 faiz azaldılmasını hədəfləyir. Sənəddə yeni və mövcud tikililərin enerji göstəricilərinin yaxşılaşdırılması, köhnə binaların yenilənməsi, istilik və soyutma sistemlərinin səmərəliliyinin artırılması, eləcə də bu tədbirlərin maliyyələşdirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu yanaşma enerji qənaətini yalnız texniki məsələ deyil, həm də ailələrin xərclərinin azaldılması və şəhərlərin iqlim dəyişmələrinə davamlılığının artırılması vasitəsi kimi təqdim edir.
Dünyanın enerji gələcəyi müzakirə edilərkən ənənəvi yanacaq mənbələrindən asılılığın yaratdığı risklər də diqqət mərkəzindədir. BMT-nin noyabrın 10-da yaydığı məlumatda qeyd olunur ki, qlobal enerji bazarındakı gərginlik və geosiyasi böhranlar neft və qaz idxalından asılı ölkələrin iqtisadiyyatına əlavə təzyiq göstərir. Bu baxımdan günəş, külək və digər bərpaolunan enerji mənbələrinin inkişafı yalnız ekoloji zərurət deyil, həm də enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün strateji vasitə hesab olunur.
Konfransda Braziliyanın təqdim etdiyi, fosil yanacaqlardan mərhələli şəkildə uzaqlaşmağa dair yol xəritəsi də müzakirələrin mühüm mövzularındandır. BMT-nin məlumatına görə, sənəd ölkələrə enerji tələbatı, istehsal və təchizat sahələrində keçid prosesini planlaşdırmaq, mövcud maneələri müəyyənləşdirmək və maliyyə ehtiyaclarını qiymətləndirmək üçün istiqamətlər təklif edir. Bu yol xəritəsi məcburi beynəlxalq saziş deyil, dövlətlərin öz milli şəraitinə uyğun tədbirlər hazırlamasına kömək edən könüllü çərçivədir. Onun əsas mesajı aydındır: enerji keçidi yalnız bəyanatlarla deyil, konkret planlar, investisiyalar və ardıcıl icra mexanizmləri ilə gerçəkləşə bilər.
Bununla yanaşı, təmiz enerji texnologiyalarının genişlənməsi yeni məsuliyyətlər də yaradır. Günəş panelləri, külək turbinləri və batareyaların istehsalı üçün tələb olunan mineral ehtiyatların hasilatı ekoloji və sosial risklər doğura bilər. Associated Press-in noyabrın 13-də COP31 müzakirələri ilə bağlı yaydığı materialda ekoloji və insan hüquqları təşkilatlarının bu sahədə daha ciddi təminatların yaradılmasına çağırdığı bildirilir. Deməli, yaşıl enerji yalnız karbon emissiyalarının azaldılması ilə ölçülməməli, onun istehsal zəncirində təbiətin və insanların hüquqlarının qorunması da təmin edilməlidir.
COP31-in gündəliyi göstərir ki, dünyanın enerji gələcəyi bir neçə əsas amilin - bərpaolunan enerji istehsalının genişləndirilməsi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyinin yüksəldilməsi, maliyyə resurslarının əlçatanlığı və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vəhdətindən asılıdır. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün maliyyə və texnologiyaya çıxış məsələsi mühüm əhəmiyyət daşıyır. Çünki enerji keçidinin uğuru təkcə qabaqcıl iqtisadiyyatların imkanları ilə deyil, bütün ölkələrin bu prosesdə iştirak edə bilməsi ilə müəyyənləşəcək.
Azərbaycan üçün də bu müzakirələr xüsusi aktuallıq daşıyır. Ölkəmiz ənənəvi enerji resursları ilə zəngin olmaqla yanaşı, bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində də mühüm imkanlara malikdir. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi imkanları, elektrik şəbəkələrinin inkişafı və yaşıl enerji dəhlizlərinin yaradılması ölkənin enerji strategiyasında yeni mərhələnin əsas istiqamətlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının həyata keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu ərazilərdə alternativ enerji mənbələrinin tətbiqi, müasir infrastrukturun qurulması və enerji səmərəliliyinin təmin olunması Azərbaycanın dayanıqlı inkişaf hədəfləri ilə uzlaşır.
Antalyada aparılan müzakirələr bir daha təsdiqləyir ki, enerji gələcəyinin müəyyənləşdirilməsi yalnız istehsal güclərinin artırılması məsələsi deyil. Söhbət iqtisadiyyatın, sənayenin, nəqliyyatın və şəhər həyatının yeni prinsiplər əsasında qurulmasından gedir. Bu dəyişikliklərin uğuru isə siyasi iradə, elmi-texnoloji yeniliklər, maliyyə imkanları və dövlətlər arasında etibarlı əməkdaşlıqdan asılıdır.
COP31-in qarşısında duran əsas vəzifə dünyaya yeni vədlər verməkdən daha çox, mövcud öhdəliklərin icrasına təkan verməkdir. Çünki enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyətin uzlaşdırıldığı, təmiz texnologiyaların əlçatan olduğu və heç bir ölkənin bu prosesdən kənarda qalmadığı gələcək bəşəriyyət üçün seçim deyil, zərurətdir.
Nurəngiz Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 Noyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















