Çörəyimiz bol Vətənimiz basılmazdır
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bu mövsümdə taxıl istehsalının 3 milyon tona çatacağı gözlənilir
Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda taxılçılığın inkişafı da əsas məqsəd və hədəflər sırasında önəmli yer alır. Sənəd çərçivəsində bölgələrdə taxılçılıq ənənələrinin yenidən bərpası və sahənin inkişafı üçün bir sıra konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Proqramda sahənin diqqətdə saxlanılan prioritet istiqamətlərdən biri də müasir suvarma sistemləri tətbiqinin genişləndirilməsi, su ehtiyatlarından daha səmərəli istifadə edən innovativ texnologiyaların təşviqi və əkin sahələrinin məhsuldarlığının artırılması ilə bağlıdır. Bu addımlar, eyni zamanda, istehsalın sabitliyini gerçəkləşdirməklə yanaşı, məhsulun keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Proqramda fermerlərin yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə subsidiya, güzəştli kredit və digər maliyyə dəstəyi mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Bununla yanaşı, yüksək məhsuldarlığa malik toxum sortlarının istifadəsinin artırılması, aqrotexniki xidmətlərin gücləndirilməsi və müasir kənd təsərrüfatı texnikalarının tətbiqi də əsas istiqamətlər sırasında yer alır.
Sənəddə taxıl silolarının və logistika infrastrukturunun inkişaf etdirilməsi də mühüm komponentlər çərçivəsində qeyd edilir. Bu layihələrin reallaşdırılması ilə məhsul itkilərinin minimuma endirilməsinə, saxlama imkanlarının genişləndirilməsinə və bazarlara daha rahat çıxışların gerçəkləşdirilməsinə əlverişli şərait yaradacağı proqnozlaşdırılır.
İqtisadçı-ekspert Arif Cahangirovun bildirdiyinə görə, taxılçılıqda daha çox buğda və arpa məhsuldarlığının yüksəldilməsi, yerli istehsal hesabına ərzaqlıq buğda təminatının artırılması və fermerlərin gəlirliliyinin yaxşılaşdırılması kimi amillər önə çəkilir. Suvarılan taxıl sahələrində lazer hamarlama, sprinkler və digər müasir suvarma üsullarının tətbiqi də nəzərdə tutulur. Məhsul yığımının vaxtında və itkisiz aparılması da mühüm vəzifələr sırasında yer alır. Bu məqsədlə kombaynların rayonlar və təsərrüfatlar üzrə düzgün yerləşdirilməsi, yığım qrafiklərinin əvvəlcədən hazırlanması və texnikadan birgə istifadə mexanizmlərinin formalaşdırılması əsas vəzifələrdən biri kimi nəzərdə tutulur.
Arif Cahangirov qeyd edir ki, taxıl istehsalının artırılması ilə yanaşı, məhsulun saxlanma infrastrukturu da genişləndirilməlidir. Regionlarda taxıl silolarının, qurutma, təmizləmə və çeşidləmə xətlərinin yaradılması fermerlərin məhsulun yığımdan dərhal sonra aşağı qiymətə satmaq məcburiyyətini azalda bilər. Dövlət Proqramında ölkə üzrə taxıl silolarının ümumi tutumunun 1,9 milyon tondan, təxminən, 2,5 milyon tona, kənd təsərrüfatı təyinatlı soyuducu anbarların tutumunun isə 400 min tondan, təxminən, 500 min tona çatdırılması hədəflənir.
Dəqiq əkinçilik texnologiyalarının təşviqi, torpaq becərilməsi, səmərəli gübrələmə və su idarəçiliyi ilə bağlı maarifləndirmə tədbirlərinin də genişləndirilməsi planlaşdırılır. Həyata keçirilən kompleks islahatların uğurlu icrası ilə istehsalın artırılması, eyni zamanda, fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi qarşıya mühüm vəzifələr kimi qoyulur. Bu prosesin həyata keçirilməsi nəticəsində regional taxılçılıqda yeni və daha səmərəli inkişaf modelinin sürətlə formalaşması gözlənilir.
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq yerinə düşər. Belə ki, son illərdə aqroparkların yaradılması, iri təsərrüfatçılıq modelinin inkişaf etdirilməsi və kənd təsərrüfatında kooperasiya mexanizmlərinin təşviq olunması zamanı müasir texnologiyaların tətbiqinə xüsusi üstünlük verilib. Bu, məhsuldarlığın artırılması və ixracyönümlü istehsal imkanlarının genişləndirilməsi ilə nəticələnib. İstehsal, emal və logistika zəncirləri arasında inteqrasiyanın gücləndirilməsi isə əlavə dəyər yaradan fəaliyyətin sürətli inkişafına səbəb olub.
Beləliklə, ərzaq təhlükəsizliyinin və aqrar infrastrukturun gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr nəticəsində regionlarda 1,9 milyon ton tutuma malik taxıl elevatorları və logistika infrastrukturu yaradılıb, 483 min hektar sahədə su təminatı yaxşılaşdırılıb, 204 min hektar suvarılan torpaq sahəsi istifadəyə verilib. Bununla yanaşı, müasir suvarma sistemlərinin tətbiqi geniş miqyas alıb.
Bütün bunlarla yanaşı, fermerlərin istehsal vasitələrinə çıxış imkanlarının artırılması məqsədilə kənd təsərrüfatı texnikalarının lizinq mexanizmləri genişləndirilib və 2005–2025-ci illərdə, ümumilikdə, 96 mindən çox kənd təsərrüfatı texnikası lizinqə verilib. Eyni zamanda, gübrə və pestisidlərlə təminat səviyyəsi yüksəldilib, eləcə də yerli gübrə istehsalı artırılıb.
Son illərdə aqrar sahədə institusional və texnoloji transformasiya prosesləri də sürətləndirilib. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) tətbiq sahəsi genişləndirilib, subsidiyaların verilməsi tam rəqəmsallaşdırılıb. Aqrar sığorta sahəsində dövlət-özəl tərəfdaşlığı modelinə əsaslanan yeni idarəetmə mexanizmi formalaşdırılıb, aqrar ixtisaslar üzrə ali təhsil alanların sayı çoxalıb.
Bütün bu layihələrin uğurla həyata keçirilməsinin nəticəsidir ki, 2025-ci ildə respublikada 484 min hektar əkin sahəsindən 1 milyon 610 min ton buğda toplanılıb. Ötən il, ümumilikdə, 481 min hektar sahədən buğda yığılıb. Məhsuldarlıq hər hektar üçün 33,5 sentner təşkil edib. Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılan mərkəzi qərargahın son operativ məlumatına əsasən, cari mövsüm ərzində isə 755 min 500 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 milyon 636 min 623 ton məhsul yığılıb. Taxıl üzrə hər hektarın orta məhsuldarlığı 34,9 (ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 sentner çox) sentner olub.
İndiyədək mexanizatorlar tərəfindən 307 min 384 hektar buğda, 448 min 116 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 milyon 175 min 93 ton buğda, 1 milyon 461 min 528 ton arpa yığılıb. Buğda sahələrinin 67 faizində, arpa sahələrinin isə 89,3 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə hektardan 38,2 sentner, arpa üzrə isə 32,6 sentner olub.
Taxılçılıqda strateji hədəflər
Lakin bütün bu göstəricilər son hədd deyil. Mütəxəssislərin fikrincə, yeni Dövlət Proqramında nəzərdə tutulan layihələrin icrası nəticəsində taxılçılıqda inkişaf dinamikasının getdikcə sürətlənəcəyi gözlənilir. Çünki torpaq sahələri strukturunun parçalanması və kiçik təsərrüfatların üstünlük təşkil etməsi səbəbindən bu gün müasir texnologiyaların tətbiqinə ciddi ehtiyac duyulur. Bununla yanaşı, aqrar istehsalda yüksək əlavə dəyər yaradan emal və ixracyönümlü fəaliyyətin stimullaşdırılması, fermerlərin maliyyə resurslarına və müasir texnologiyalara çıxışı imkanlarının artırılması, aqrar-elmi tədqiqat və innovasiya potensialının gücləndirilməsi, eləcə də kənd yerlərində dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasında yer alır.
Bu baxımdan, yüksək məhsuldarlığa malik, əlavə dəyər və ixracyönümlü inkişaf modelinə keçidin gerçəkləşdirilməsi zəruridir. Aqrar sahədə inkişafın əsas mənbəyi isə məhsuldarlıq, texnologiya və innovasiya əsaslı intensiv inkişafdır. Bu məqsədlə kənd təsərrüfatının əksər sahələrində, eləcə də taxılçılıqda ehtiyatlardan səmərəli istifadəyə əsaslanan müasir və iqlimədavamlı istehsal modelinin formalaşdırılması, aqrar-emal və logistika infrastrukturunun inkişaf etdirilməsi, habelə ərzaq təhlükəsizliyinin və ixrac potensialının gücləndirilməsi istiqamətində kompleks və əlaqələndirilmiş dövlət siyasətinin davam etdirilməsi mühüm şərtdir.
İqtisadçı-ekspert Əvəz Qasımovun sözlərinə görə, kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalının və emal sahələrinin gücləndirilməsinə dair yeni Dövlət Proqramı ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında yeni bir mərhələnin əsasını qoyulub. Bu baxımdan sənəddə taxılçılığın inkişafı, regional potensialın bərpası və məhsuldarlığın artırılması ən mühüm hədəflərdən biri kimi diqqətdə saxlanılıb. Cari ilin yay mövsümünün operativ taxıl biçini nəticələri isə artıq bu sahədə dinamik artımın və potensialın real göstəricisi kimi qeydə alınıb.
Yeni Dövlət Proqramı taxılçılıq sahəsində ekstensiv (sahələrin birtərəfli böyüdülməsi) inkişafdan intensiv və innovativ (resurslardan səmərəli istifadə və yüksək məhsuldarlıq) inkişaf modelinə keçidi stimullaşdırır. Bununla bağlı sənəddə əks olunan əsas istiqamətlər sırasında, ilk növbədə, innovativ texnologiyaların tətbiqi diqqət çəkir. Müasir suvarma sistemlərinin (damcı və yağışyağdırma) tətbiqinin genişləndirilməsi prioritetdir.
Məhsulun becərilməsi, səmərəli gübrələmə və rəqəmsal su idarəçiliyi vasitəsilə torpağın deqradasiyasının qarşısının alınması, hər hektardan maksimum məhsul götürülməsinə şərait yaradılması, yeni texnologiyaların əlçatanlığını təmin etmək üçün genişləndirilmiş subsidiya paketlərinin hazırlanması, güzəştli kreditlər və çevik maliyyə vasitələrinin tətbiqinə üstünlük verilməsi də dövlət sənədində xüsusi yer tutur. Proqramda yüksək məhsuldarlığa malik, yerli iqlimə dözümlü toxum sortlarının istifadəsinin təşviq edilməsi, aqrotexniki xidmətlərin və müasir texnika təminatının gücləndirilməsi də diqqət çəkir.
İnfrastruktur və logistika
İqtisadçı-ekspert Qasım Abdullayev söhbət zamanı qeyd etdi ki, Dövlət Proqramına əsaslanılaraq məhsulun tarladan istehlakçıya qədər itkisiz ötürülməsi üçün taxıl silolarının və logistik mərkəzlərin şəbəkəsi genişləndiriləcək. Bu, fermerlərin məhsullarını mövsümdənkənar dövrdə də keyfiyyətlə saxlamalarına və bazara daha əlverişli qiymətlərlə çıxarmalarına imkan verəcək. Proqram çərçivəsində təkcə texniki yeniliklər deyil, həm də fermerlərin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması nəzərdə tutulur ki, bu da regional aqrar sahibkarlığın intellektual səviyyəsini yüksəldəcək.
Azərbaycanda taxılçılıqda məhsul itkisinin azaldılması və yığım prosesinin sürətləndirilməsi məqsədilə kombayn parkı da yenilənəcək. Başqa sözlə, adıçəkilən Dövlət Proqramı çərçivəsində 571 yeni kombayn alınacaq. Yeni texnikalar məhsulun vaxtında yığılmasına, itkilərin azalmasına və fermerlərin istehsal xərclərinin aşağı düşməsinə əlverişli şərait yaradacaq. Bununla da texnika təminatının yaxşılaşdırılması məhsuldarlığın artırılması üzrə əsas istiqamətlərdən birinə çevriləcək.
Yeri gəlmişkən, bu günlərdə Milli Məclisdə “Toxumçuluq haqqında” qanun layihəsinin təsdiq edilməsi də bu sahənin inkişafında önəmli rol oynayacaq. Bu, müasir dövrün tələblərinə uyğun olaraq kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsinə, sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, adıçəkilən sənəd toxumun keyfiyyətinə nəzarəti gücləndirəcək və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını reallaşdıracaq. “Toxumçuluq haqqında” qanun bu sahədə fəaliyyət göstərən subyektlərin (toxum əməliyyatçılarının) qeydiyyatının elektron şəkildə aparılmasını da gerçəkləşdirəcək.
Qanun layihəsi toxumçuluq sektorunda köklü islahat hesab edilməklə aqrar sektorun dayanıqlı inkişafına əhəmiyyətli təsir edəcək, özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafı üçün rəqabət mühitinin formalaşmasını, istehsal edilən toxumların keyfiyyət göstəricilərinin yüksəlməsini, vahid toxum sisteminin formalaşması və tənzimləmə-nəzarət tədbirlərinin asanlaşdırılmasını şərtləndirəcək.
Bütün bunlarla yanaşı, adıçəkilən qanun layihəsi toxum marketinqi sahəsinin inkişafında, yerli toxumçuluğun gücləndirilməsində və idxal olunan toxumlara sərf olunan maliyyə vəsaitinin ölkədə qalmasında, keyfiyyətli sertifikatlı toxumdan istifadə hesabına məhsuldarlığın artırılmasında, eyni zamanda, əlverişli biznes mühiti hesabına sahəyə özəl investisiyanın cəlb edilməsində, habelə toxum ixracının təşkili üçün münbit şəraitin yaradılmasında mühüm rol oynayacaq.
Böyük Səməd Vurğun bir vaxt taxılın strateji önəmini belə poetikləşdirmişdi: “Çörək bol olarsa, basılmaz Vətən”.
Bu gün çörəyimiz bol – Vətənimiz isə basılmazdır.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 21 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















