Icma.az
close
up
RU
Cümhuriyyət məfkurəsinə, milli dəyərlərə sadiq general

Cümhuriyyət məfkurəsinə, milli dəyərlərə sadiq general

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor

General Sadiq bəy Ağabəyzadənin 160 illiyinə

Azərbaycan Cümhuriyyəti qurulduqdan və Fətəli xan Xoyski hökuməti Gəncədən Bakıya köçürüldükdən sonra bütün nazirliklər, o cümlədən Daxili İşlər Nazirliyi təşəkkül və təşkilatlanma mərhələsində idi. Ölkədə özbaşınalıq, xaos, terror, zorakılıq hökm sürürdü. Peşəkar milli kadrlar yox dərəcəsində idi. Cümhuriyyət Hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə hər bir nazir üçün bir müavin (yoldaş) ştatı təyin edilsə də, kadr qıtlığı özünü güclü büruzə verirdi. Heyəti-vükəlanın (Nazirlər Kabinetinin) 6 oktyabr tarixli iclasında qismən dəyişiklik olundu, qərara əsasən ticarət, sənaye və daxiliyyə naziri vəzifəsi Behbud xan Cavanşirə həvalə edildi. O, nazir müavini (Nazirin yoldaşı) vəzifəsinə Göyçaydan general-mayor Sadiq bəy Ağabəyovu (Ağabəyzadə - A.R.) dəvət etdi. Generalın vəzifəsinə başlaması tarixi ilə bağlı o dövrün mötəbər sənədlər qaynağı olan "Ünvan-Təqvim 1920" kitabında yazılmışdı: "Cümhuriyyət Hökuməti iqamətgahının Bakıya köçürülməsi ilə Daxiliyyə Nazirliyinin fəaliyyət sahəsi xeyli genişləndi, fəaliyyətinin sayı və mürəkkəbliyi artdı. Bu vaxtdan etibarən hazırda nazir müavini vəzifəsində çalışan general Sadiq bəy Ağabəyov nazirliyin işində iştirak etməyə başladı" (Azərbaycan Cümhuriyyəti  Ünvan-Təqvim -1920. Bakı, Azərbaycan qəzetinin Hökumət mətbəəsi. 1920, III hissə s.29).

General Məhəmməd Sadiq bəy (1865-1944) Azərbaycanda daxiliyyə nazirinin müavini postuna gətirilənə qədər Sankt-Peterburq şəhərində hərbi məktəbdə və eləcə də Şərq Dilləri İnstitutunda təhsil almış, Birinci Dünya müharibəsinin odundan-alovundan keçmiş, sıravi zabitlikdən ali general-mayor rütbəsinədək yüksəlmiş, xidmət sahəsində nüfuz qazanmışdır. Görkəmli ədəbiyyatşünas-alim Vilayət Quliyev, professor Gülər Abdullabəyova, dosent Tahir Behbudov, dosent Namaz Manafov və digər tədqiqatçıların fikrincə, M.S.Ağabəyzadə "Polis idarələrinin təşkili haqqında", "Polis departamenti haqqında", "Ümumi, qəza və şəhər polisi haqqında" və başqa normativ sənədlər hazırlayıb qəbul etdirdi. Bakıda İçərişəhərdə polis əməkdaşları hazırlayan (qorodovoy) məktəb açdırmışdır. Onun rəhbərliyi və təşəbbüsü ilə milli polis kadrlarının hazırlanması, maddi-texniki bazanın artırılması, hüquq və səlahiyyətlərin genişləndirilməsi istiqamətində mühüm işlər görmüşdür.

Cümhuriyyət dövrünün rəsmi mətbuatını nəzərdən keçirdikdə Azərbaycana qonaq gəlmiş yüksək çinli Nümayəndə heyətlərini yerli hökumət adından qarşılayanların sırasında daxiliyyə nazirinin müavini general Sadıq bəy Ağabəyovun soyadına da rast gəlinir. Məlum olduğu kimi, 16 may 1919-cu ildə Şahzadə Savoyskinin rəhbərliyi ilə İtaliya siyasi heyəti qatarla Tiflisdən Bakıya təşrif gətirmişdir. Dəmiryol vağzalında şahzadəni qarşılayan Azərbaycan hökuməti təmsilçilərinin tərkibi haqqında bir məlumatda deyilir: "Dünən şahzadə həzrətləri öz məiyyəti ilə bərabər Rəisi-vükəla və daxiliyə naziri və müavini Nəsib bəy Yusifbəyli və general Sadiq bəy Ağabəyov, xariciyyə naziri müavini Adil xan Ziyadxan, Məclisi-Məbusan rəisi doktor Həsən bəy Ağayev və Bakı qubernatoru Rəşid bəy Axundzadəni ziyarət edərək kəndi səmimiyyətini izhar ilə və son dərəcə məsrur olduğunu bəyan etmişdir. Zikr olunan hökumət nümayəndələri dəxi öz növbələrində həman gün şahzadəni ziyarətlə hökumət namından izhari-məmnuniyyət etmişlərdir" (İtaliya heyəti şəhərimizdə. Bakı: Azərbaycan qəz., 1919, 18 may, № 183, s.4).

General Məhəmməd Sadiq bəy işgüzarlığı, peşəkarlığı ilə yüksək siyasi dairələrdə hörmət, izzət qazandığı kimi, xalq arasında da sevilən Cümhuriyyət məmurlarından olmuşdur. Onun bölgələrə çıxması, xalq ilə canlı təmaslar qurması, rəhbərlik etdiyi sahənin gerçək vəziyyətini nəzarətdə saxlaması, hətta ianə tədbirlərində fəal iştirak etməsi əhali arasında ona olan sayğını, məhəbbəti artırmışdır. İsgəndərzadə soyadlı bir şəxsin general Məhəmməd Sadiq bəyin Salyana gəlməsi və orada xalq ilə görüşləri barədə verdiyi məlumatlar çox qiymətlidir və böyük maraq kəsb edir.

"Salyandan" adlı qəzet informasiyasında yazılmışdır: "Azərbaycan Hökuməti... tərəfindən daxiliyyə naziri müavini general Sadıq bəy Ağabəyov həzrətlərinin və Bakı valisi Axundzadə cənablarının qəzamızın əhvalını pək yaxından təftiş etmək üçün Salyanımıza təşrif edəcəklərini əvvəlcədən xəbər almışdıq... Bələdiyyə İdarəsi rəisi Sadıqbəyov əfəndi qonaqlara duz-əkmək təqdim etmiş və Azərbaycan Hökuməti tərəfindən olaraq birinci kərə Salyanımızı təşrif edən general həzrətlərini təhniyət və təbrik etmişdir. Sonra general həzrətləri əhalimizi salamlamışdır. Bundan sonra qonaqlar və əhali Cameyi-şərif həyətinə gələrək, ikinci dəfə əhalini salamlayaraq bərvəchi-ati ifadatda bulundular: "Azərbaycan hökuməti təşkil edildikdən bu ana qədər hökumətimiz xarici məsələlərlə uğraşır, daxili məsələlərdə isə bir qədər səthi bir nəzərlə keçmişdir. Bundan böylə, inşallah, daxili işlərimiz də qanuna tabe tutulacaqdır. Bu xüsusda hökumətimiz əhalidən pək çox yardımlar bəkləyir və hər kəsin bilafərqi-sinif, məslək, din, məzhəb dərdi, ehtiyacatı varsa, buyursunlar da, mənə ərz və təqdim etsinlər".

General Məhəmməd Sadiq bəyin Salyan camaatı ilə birbaşa görüşüb onların qayğıları, problemləri ilə yaxından maraqlanması, yerindəcə müəyyən şəxslərə hüquqi kömək göstərilməsi əslində Azərbaycan Cümhuriyyətinin humanitar siyasətinin tərkib hissəsinə daxil olan müddəalardan idi. Yazı müəllifi fikrini davam etdirərək nazir müavini haqqında yazırdı: "Məclisdə general həzrətləri; istiqlaliyyətimiz uğrunda şəhid qalan Osmanlı - Salyan şəhidlərinin qəbri ziyarətinə gedəcəyini əhalimizə ixtar buyurdular. Həman gün saat 1-də camaat axın-axın qəbiristana doğru gedərək qəbir üstündə qonaqları bəkləməyə başladılar. ...Axund molla Hüseyn cənabları qərra bir səslə sureyi-şərifə oxuyaraq fatihə edildi. Bundan sonra Rüstəm İskəndərzadə ərkani-məclisin müsaidəsi ilə məqami-xitabətə gələrək Azərbaycan istiqlaliyyətinin nə kimi xunin təzyiqata məruz qaldığını, şimdiki istiqlaliyyətin pək də ucuz mal olmadığını bütün təfsilatı ilə zikr etdikdən sonra, türbələrə xitabən müəssir bir nitq irad etdi. Nitq bə'dində qaimməqam Yusifzadə Əliheydər bəy əfəndi şühəda türbələri təmiri üçün xüsusi bir ianə dəftəri açdığını general həzrətlərinə ərz və bəyan etdi. General həzrətləri isə bu məqsədə 1000 manat və vali cənabları isə dəxi 1000 manat ianə etdiklərini izhar etdilər" (İsgəndərzadə. Salyandan. Bakı: Azərbaycan qəz., 1919, 9 may, № 176, s.2).

Bakının, bütövlükdə Azərbaycanın azad olunmasında canını fəda etmiş Osmanlı və azərbaycanlı şəhidlərin ruhununa "sureyi-şərifə" oxunması, onların türbələrinin qayğısına qalmaq, təmirini həyata keçirmək məqsədilə ianə toplanması missiyası Sadiq bəyin nə qədər milli ruha, kökə, ənənələrə bağlı olduğunu təsdiqləyən faktlardır.

Milli mətbuatda eyni mövzuya həsr edilmiş Molla Abdulla Hüseynovun "Göyçaydan" adlı yazısında da rast gəlinir. Yazı müəllifi başlanmış gözəl bir təşəbbüsün yarımçıq qalmasından, bəzi məmurların, vəzifə sahiblərinin biganəliyindən, astagəlliyindən daxiliyyə nazirinin müavini, general Sadiq bəy Ağabəyov cənablarına şikayət edir. Müəllif narahatçılıq və təəssüf hissi ilə yazmışdır: "Keçən may ayında daxiliyyə naziri müavini general Ağabəyov cənabları özünün Göyçaya vürudu əsnasında camaatın bir xeyli dərdlərinə əlac aradığı kimi, müsəlman qəbiristanının ayaqlar altında tapdalanıb mal yatağı olduğu nəzər-diqqətlərini cəlb etmişdilər. General həzrətlərinin binagüzarlığı ilə həman qəbiristanlığa hasar çəkməkdən ötrü hökumət bir ianə dəftəri açıb, şəhər əhalisindən qırx min manatdan ziyadə ehsan toplamışdı. Bu pulları sabiq Göyçay qaimməqamı Xankişi bəy Qafarov cənabları (bu halda Bakı vali müavinidir) müvəqqəti olaraq Göyçay xəzinəxanasına tapşırıb vermişdi. Həman qəbiristan hasarından ötrü toplanan pulları şimdi camaatdan bir neçə tacir kooperativ açacayıq bəhanəsilə xəzinədən çıxarıb, öz əllərində saxlayıb, bərk alış-veriş etməkdədirlər. Bu keyfiyyətə idarənin diqqətini cəlb etdiyim gibi, Daxiliyyə Nəzarəti müavini general Ağabəyovun da etinasını təmənna edirəm.

Bundan əlavə, Göyçayda mədfun olan qəhrəman türk zabitlərinin məzarlarının üstündə bir nişangah yapmaqdan ötrü Göyçay qaimməqamı Zülqədərov cənablarının binagüzarlığı ilə iki ay bundan müqəddəm toplanan otuz beş min manat ianə pulları bu qədər müddətdə Göyçay qazısı Axund Mirmahmud ağanın cibində hərəkətsiz qaldığını" (Molla Abdullah Hüseynov. Göyçaydan. Bakı: Azərbaycan qəz., 1919, 21 təşrini-əvvəl (oktyabr), № 301, s.6) xəbər vermişdir.

Bu yazıda da xüsusilə iki məqam qabardılmışdır. Birincisi, general Sadiq bəyin təşəbbüsü ilə Göyçay qəbiristanlığına hasar çəkilməsi üçün rəsmi ianə toplanmasının təşkili, ikincisi, "qəhrəman türk zabitlərinin məzarlarının üstündə bir nişangah yapmaq". Hər iki niyyət xalqın ürəyindən xəbər verən məsələdir. Şübhəsiz ki, ilk ianəni də general vermiş, 40 min manatdan çox müvafiq xərclər üçün vəsait toplanmışdır. Təqdim etdiyimiz son iki istinadda general Sadiq bəyin xalqa, onun müqəddəs saydığı şəhidlər nişangahına, mənəviyyata, adət-ənənəyə bağlı olduğunu isbatlayan və mətbuat səhifələrinin yaddaşında yaşayan faktlardır.

Məhəmməd Əmin Rəsulzadənin bir məqaləsində general Sadiq bəyin adının xüsusi vurğulandığının da şahidi oluruq. Generalın fəaliyyətini birbaşa təqdir etməsə də, dolayısı ilə onun obyektivliyi, peşəkarlığı, işgüzarlığı vurğulanmışdır. Cümhuriyyət dövründə məlumdur ki, "İttihad", "Sosialistlər" ilə "Müsavat" firqələri arasında çəkişmələr, konfliktlər həmişə davamlı olmuşdur. Tez-tez "Müsavat" partiyasına və onun yüksək məqama yetişmiş məmurlarına böhtanlar atılmışdır. Məhəmməd Əmin Rəsulzadə "Məşhur şayiələr" məqaləsində müsavatçılara böhtan atanlara, xüsusilə "Daxiliyyə Nəzarətinin bütün məmurları "Müsavat"dandır. Daxiliyyə Nəzarətində bir məmuriyyət almaq üçün əvvəlcə "Müsavat"a yazılmaq lazım imiş" - deyənlərə tutarlı cavab verərək demişdir: "Daxiliyyə Nəzarəti müsavatçıdır, deyə tənqid edənlər eyni zamanda da deyirlər ki, Nəsib bəy pək eyi siyasidir, yeni kabinə təşkilinə o layiqdir, fəqət heyfa ki, Daxiliyyə işlərinə baxmağa vaxtı olmadı da, işi yalnız müavini  Ağabəyova buraxdı. Fəqət Ağabəyov da müsavatçımıdır, firqə ilə bir əlaqəsi varmıdır? - deyə sorunuz. O zaman münəqqidlərin nə kimi kəndiləri uydurduqları şayiəyə söyləyə-söyləyə nəhayət kəndilərinin də inanmaya başladıqlarını görərsiniz!" (M.Ə.Rəsulzadə. "Məşhur şayiələr". Bakı: Azərbaycan qəz., 1919, 22 eylül (sentyabr), № 279, s.2).

M.Ə.Rəsulzadə bu yığcam fikrində tam açıqlığı ilə bəyan etmişdir ki, daxiliyyə naziri Nəsib bəy Yusifbəyli olsa da, nazirliyin bütün ağırlığı nazir müavini Ağabəyovun çiyinlərinə düşmüşdür. O, öz işini ləyaqətlə və peşəkarlıqla yerinə yetirdiyinə görə "Müsavat" firqəsinin üzvü olmasa da, cəmiyyətin və dövlətin etimadını qazanmışdır. Məqalənin önəmli cəhətlərindən biri də odur ki, M.Ə.Rəsulzadə cəmiyyətə açıq mesaj verirdi - məmurlar firqə mənsubiyyətinə görə deyil, işgüzarlığa, peşəkarlığa və müsbət şəxsi keyfiyyətlərinə görə yüksək vəzifələrə seçilirlər.

Azərbaycan Cümhuriyyətinin daxiliyyə nazirinin müavini, general-mayor Sadiq bəy Ağabəyov (Ağabəyzadə) istiqlal məfkurəsinə, mənəvi dəyərlərə sadiq böyük dövlət xadimi idi. Onun əziz xatirəsi sevdiyi və xidmətində sərvaxt dayandığı xalqının yaddaşında əbədi yaşayacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Mart 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see222

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see219

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see218

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see217

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see203

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see182

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see179

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see178

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see171

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see165

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see164

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri