Cümhuriyyəti təbrik edən xanımlar Vilayət Quliyev yazır
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vilayət QULİYEV
106 il bundan əvvəl, 1920-ci il yanvarın 10-da Paris Sülh konfransının Ali Şurası Azərbaycan Cümhuriyyətinin müstəqilliyini de-fakto tanıyıb.
1920-ci ilin yanvarında xalqımızın əzmi, iradəsi, qurucu babaların millət sevgisi və fədakarlığı sayəsində yaranmış Azərbaycan Cümhuriyyət qısa müddətli mövcudluğunun şərəfli, məsud günlərini yaşayırdı. Ayın 10-da Paris sülh konfransının Ali Şurası Rusiya əsarətindən azad olmuş Azərbaycanın müstəqilliyini de-fakto tanımışdı. Yanvarın 12-də Bakıya çatan xəbər xalq arasında hədsiz sevinc, qeyri-adi coşqunluq və qürur doğurmuşdu. Qışın oğlan çağı olmasına baxmayaraq, şəhərdə yalnız siyasi hərarət yüksəlməmişdi. İnsanların gözlərinə işıq, ürəklərinə istilik və təpər gəlmişdi. Bakının mərkəzi iki günün içində Novruz bayramı günlərində olduğundan daha şux bahar təravətinə qovuşmuşdu.
Cümhuriyyət Parlamentinin yanvarın 14-də keçirilən təntənəli iclasında dövlət və hökumət nümayəndələrinin, siyasi partiya liderlərinin biri-birindən inamlı, qətiyyətli çıxışları səslənmişdi. Ölkənin xoşbəxt, firavan gələcəyi ilə bağlı ümidlər, vədlər dilə gətirilmişdi. Azərbaycan vətəndaşlarından, dost ölkələrin ictimai-siyasi qurumlarından, diplomatik dairələrdən alınan teleqramlar oxunmuşdu.
Onlardan birinin mətnini aşağıda olduğu kimi verirəm:
"Zəhmətkeş müsəlman qadınlarının bir dəstəsindən.
Gənc Azərbaycanı qazandığı müstəqilliyin möhkəmlənməsi bayramı münasibəti ilə salamlayır və ümid edirik ki, nəhayət, müsəlman qadını da bu azadlığın kölgəsində çoxəsrlik cəhalət və hüquqsuzluqdan qurtarmağa nail olacaq.
Eynülhəyat Usubbəyova
Səlimə Yaqubova
Sara xanım Xuramoviç
Məryəm xanım Muxtarskaya
Gülsüm Sübhanqulova
Fusa Dudarova
Q.S.Məlikova".
Bu yazıda millətin və dövlətin qürur günündə bir araya gəlib səmimi təbrik sözlərini uca Parlamentin, xalqın diqqətinə çatdıran "müsəlman qadınlarının" kimliyini məhdud materiallar əsasında da olsa, araşdırmağa çalışacağam.
Azərbaycan Cümhuriyyətinin dünyanın bir çox inkişaf etmiş, demokratiya ənənələrinə malik dövlətini qabaqlayaraq hələ 1918-ci ildə qadınlara seçki hüququ vermişdi. Təbi ki, açıq fikirli, ziyalı xanımlar bu tarixi hünər qarşısında borclu qala bilməzdi. Ona görə də sevinc və sevgilərini birincilər sırasında bölüşmüşdülər.
Kim idi Cümhuriyyət sevdalısı xanımlar?
Siyahıda birinci dayanan Eynülhəyat Usubbəyova (1888-1955) daşıdığı soyaddan da göründüyü kimi, Baş nazir Nəsib bəy Usubbəyovun ailə üzvü, daha doğrusu, 1916-cı ildən birlikdə yaşadığı ikinci xanımı idi.
Qızlıq soyadı Baişeva olan Eynülhəyat Məhəmmədcan qızı 1888-ci ildə Penza şəhərində, Kazan tatarı ailəsində doğulmuşdu. Ailədə altı bacı idilər, hamısı dövrünə görə mükəmməl təhsil almışdı. Bacılardan üçünün sonrakı həyatı, taleyi və uğurları isə Azərbaycanla bağlı olmuşdu. Mənbələrdəki məlumatlara əsasən, Eynülhəyat 1905-ci ildə II Penza gimnaziyasını qızıl medalla bitirmişdi. Balaşov qadın gimnaziyasının universitetlərə daxil olmaq hüququ verən VIII sinfini də tamamlayıb mürəbbiyə, yəni ev müəllimliyi səlahiyyəti qazanmışdı. 1909-1910-cu illərdə isə Peterburq Ali Qadın kurslarında riyaziyyat üzrə təhsil almışdı. Bir müddət Saransk qadın gimnaziyasının yuxarı siniflərində dərs demişdi. 1912-ci ilin oktyabrında Qafqaz Təhsil Dairəsinin dəvəti ilə Azərbaycana gəlib Gəncə Müqəddəs Nina qız məktəbinə fizika-riyaziyyat müəllimi kimi işə başlamışdı.
Həmin dövrdə burada yaşayan digər ziyalı tatar xanımı - "Tərcüman" naşiri İsmayıl bəyin qızı Şəfiqə Qaspıralı və onun əri - Gəncənin tanınmış şəxslərindən Nəsib bəy Usubbəyovla tanış olmuşdu. Heç gözləmədikləri halda tezliklə "məhəbbət üçbucağına" çevrilən tanışlıq patriarxal qaydaların hökm sürdüyü əyalət Gəncəsində üçünün də həyatını kökündən dəyişmişdi. Sevgi öz işini görmüşdü. Nəsib bəy həm də ideya dostu, məsləkdaşı olan xanımını, iki körpə övladını atıb imam nikahı ilə Eynülhəyatla yaşamağa başlamışdı. Şəfiqə övladları Zəhra ilə Niyazini götürüb Bağçasaraya, atasının yanına qayıtmaqdan başqa çıxış yolu görməmişdi. Sonralar bu tanışlığa özünün şərait yaratdığını yada salıb təəssüflənirdi.
1918-ci ildə, Cümhuriyyət hökumətində nazir vəzifəsi tutduğu vaxt Nəsib bəy qanuni arvadı ilə iki övladını anarxiya və xaosun hökm sürdüyü Krımdan Bakıya gətirmişdi (Bu haqda "Baş nazirin xanımı" kitabımda geniş məlumat verildiyi üçün təkrara lüzum görmürəm). Amma bir yerdə yaşamırdılar. Nəsib bəy Usubbəyov 1919-1920-ci illərdə iki dəfə Baş nazir olmuşdu. "Birinci xanım" isə təbii ki, artıq Baişeva soyadını dəyişib Usubbəyova kimi tanınan Eynülhəyat xanım idi. Çox güman, elə buna görə də Cümhuriyyətin beynəlxalq uğurunu təbrik edən xanımların siyahısında adı birinci yazılmışdı. Başqa əsas da vardı - yəni vəzifə iyerarxiyası da öz təsirini göstərməmiş deyildi. Çünki teleqramın göndərildiyi vaxt Xalq Maarifi Nazirliyinin orta məktəblər şöbəsinə rəhbərlik edirdi. Yəqin ki, özünü xoşbəxt, uğurlu qadın saya bilərdi. Sevimli işi ilə məşğul olurdu. Yeni, müstəqil Azərbaycan hökumətinə rəhbərlik edən əri vardı. Ailədə Bəhiyyə adlı qızları böyüyürdü.
Cümhuriyyətin süqutu, Nəsib bəy müəmmalı şəkildə qətlə yetirilməsi bu xoşbəxtliyin üstündən qalın, qara xətt çəkdi. Ən böyük sevinci olan kiçik Bəhiyyə öldü. Özünü isə keçmiş müsavatçı arvadı kimi təqib etməyə, incitməyə başladılar. Bacardığı qədər duruş gətirməyə, müqavimət göstərməyə çalışdı. Həyatı bahasına başa gələcəyini bilsə də, bəzən haqsızlığa meydan oxumaqdan belə çəkinmədi. Amma insan dözümü hüdudsuz deyil. Artıq Bakı universitetinin hazırlıq kurslarında müəllim kimi çalışmasına baxmayaraq, Eynülhəyat da sonda yoruldu, bezdi, günün birində hər şeyi atıb Daşkəndə, bacısı Zeynəbin yanına köçdü. Burada yerli Maliyyə-İqtisad İnstitutunda ixtisası üzrə çalışmağa başladı.
Həyatı nisbətən qaydaya düşsə də, Bakı sehrli bir qüvvə ilə onu özünə çəkirdi. 1944-cü ildə müharibənin hər şeyi unutdurduğunu, hamının başını qatdığını düşünüb geri qayıtdı Qiyabi Pedaqoji İnstitutda işə düzəldi. Amma tezliklə anladı ki, burada kim olduğunu yaddan çıxarmayıblar. Unudulmaq üçün yenə fırfıra kimi fırlanmalı idi. Moskvada, ata yurdu Tatarıstanda, təzədən Daşkənddə yaşadı.
1952-ci ildə sanki siyasi ab-havanın tezliklə dəyişəcəyini hiss edib neçənci dəfə Bakıya qayıtdı. Çünki burada yalnız həyatının unudulmaz dövrü ilə bağlı xoş xatirələri deyil, canı canından, qanı qanından olan yaxınları, doğmaları vardı. Bacısı, Bakıda ilk qadın həkimlərdən biri kimi tanınan Güləndam Baişeva-Zeynalova Azərbaycan Tibb İnstitutunun professoru idi. Digər bacısı, dost-tanışlarının "canlı ensiklopediya" adlandırdığı Şəms-Qəmər xanım xalq maarifi sahəsində çalışırdı. Qəribədir ki, Şəfiqə Qaspralı İstanbulda, Eynülhəyat Baişeva-Usubbəyova isə Bakıda xatirələrində ağlı-qaralı izlər qoymuş Nəsib bəyi unutmadan yaşadılar. Eynülhəyat 1955-ci ildə, Şəfiqə xanım 20 il sonra - 1975-ci ildə vəfat etdi.
Səlimə Yaqubova (1894-1982) Cənubi Qafqazda doğulub-böyüyən, əvvəl Tiflisdə, sonra Bakıda yaşayan Kazan tatarı ailəsindən idi. Haqqında ilk dəfə nisbətən geniş, əhatəli məlumat Misir Mərdanov və Ədalət Tahirzadənin "1920-ci ilə qədər ali məktəblərdə oxumuş azərbaycanlılar" çoxcildliyində (10-cu cild, səh. 210-219, Bakı, 2025-ci il) verilib. Ərinin soyadı ilə həm də Osmanzadə kimi tanınan Səlimə xanım 1894-cü il (bəzi mənbələrdə 1890-cı il kimi də göstərilir - V.Q.) doğumludur. Atası Xeyrülislam Yaqubov XIX əsrin 80-ci illərindən Tiflisdəki tatar məscidinin imamı idi. Səlimə Yaqubova Tiflis qızlar gimnaziyasında səkkiz illik tam təhsilini başa vurandan sonra H.Z.Tağıyevin maddi dəstəyi ilə Peterburq Ali Qadın kurslarının fizika-riyaziyyat fakültəsini bitirərək gimnaziya və orta ümumtəhsil müəssisələrində dərs demək hüquq qazanmışdı. Müəllim kimi pedaqoji fəaliyyətə 1916-cı ildən başlamışdı. Növbəti ildən həm də soydaşları - Volqaboyu tatarları arasında maarifi yayan cəmiyyətin işində yaxından iştirak etmişdi.
Bakı quberniyası və Dağıstan vilayəti 2-ci rayonunun xalq məktəbləri direksiyasının müfəttişi Sultan Məcid Qənizadə direksiyanın rəhbəri İ.Y.Radetskiyə 4 sentyabr 1916-cı il tarixli məktubunda onun irəli çəkilməsini tövsiyə edərək yazırdı: "Səlimə Yaqubovanın Bakı Aleksandrinski rus-müsəlman qız məktəbinin müdirəsi və məktəb nəzdindəki ikiillik pedaqoji kursların nəzarətçisi vəzifəsinə təsdiq olunmasını xahiş edirəm. Xanım Yaqubova Petroqrad ali qadın kurslarının fizika-riyaziyyat fakültəsini biologiya ixtisası üzrə bitirib".
Yeri gəlmişkən, Səlimə xanım H.Z.Tağıyevin qız məktəbinin 4-cü rəhbəri idi. Ona qədər spesifik təhsil ocağına Hənifə xanım Məlikova, Məryəm xanım Sulkeviç və Adilə xanım Şahtaxtinskaya başçılıq etmişdilər.
Səlimə Yaqubova qısa müddət ərzində məktəbə himayədarlıq edən Tağıyevlər ailəsinin, eləcə də valideyn və şagirdlərin böyük hörmətini qazanmışdı. Tarix elmləri doktoru Fərhad Cabbarovun "H.Z.Tağıyevin qız məktəbinin tarixindən adlı" kitabında epizodik də olsa, onun barəsində xatirələrə təsadüf edilir. Keçmiş şagirdi Törə Həşimova təxminən 50 il sonra müəllimin belə xatırlayırdı: "Mən oxuduğum vaxtı məktəbin müdirəsi Adilə xanım Şahtaxtinskaya idi, ondan sonra Petroqradda fizika-riyaziyyat və pedaqoji fakültələri bitirən Səlimə xanım Yaqubova oldu. O, çox ağıllı və ciddi qadın idi. S.Yaqubova həmçinin məktəb nəzdində fəaliyyət göstərən ikiillik pedaqoji kurslara rəhbərlik edirdi".
1917-ci il Fevral inqilabından sonra adı yalnız Cənubi Qafqazda deyil, keçmiş Rusiya imperiyası ərazisində qadın hərəkatının fəal nümayəndələri sırasında çəkilirdi. Həmin il 24-27 aprel tarixlərində müsəlman qadınlarının Kazanda keçirilən Ümumrusiya qurultayının qərarı ilə yeni təsis edilən Rusiya Müsəlman Qadınlarının Müvəqqəti Mərkəzi Təşkilat bürosunun sədri seçilmişdi. Eyni ilin may ayında Səlimə Yaqubova həmkarı, pedaqoq və yazıçı Şəfiqə Axundzadə ilə birlikdə Ümumrusiya müsəlmanlarının Moskvada açılan qurultayının (1-11 may 1917-ci il) iştirakçıları sırasında idi. Üstəlik də, qurultayın Rəyasət Heyətinə seçilən yeganə qadın nümayəndə idi. Burada Rusiya türk-müsəlman hərəkatının Əlimərdan bəy Topçubaşov, Ayaz İshaki, Əhməd Salikov, Cəfər Seyidəhməd, Musa Cərullah Bigiyev və b. görkəmli təmsilçiləri ilə yan-yana oturması 25-26 yaşlı tatar qızının qısa müddətdə hansı yolu keçdiyinə, ictimai-siyasi həyatda hansı nüfuz və inamı qazandığına əyani sübut idi. Səlimə xanımın haqsızlığa qarşı kəskin etiraz, barışmazlıq dolu, gəncliyə xas maksimalist ruhlu çıxışı qurultay günlərinin yaddaqalan hadisəsinə çevrilmişdi. Mövcud müsəlman cəmiyyətinin modeli sayıla biləcək qurultayın ən atəşin tribunlarından biri də Səlimə Yaqubova olmuşdu.
Mayın 7-də keçirilən iclasdakı çıxışında o, türk-tatar və müsəlman qadınlarının ümumi iradəsini ifadə edərək kişilərə müraciətlə demişdi: "İndi bizdə azadlıqdır. Hamımız ondan yararlanmağa can atırıq. Amma aydın başa düşmək lazımdır: bu müqəddəs nemətdən istifadə edə bilməyimiz üçün siz qadınlarla bərabər olmalısınız. Yalnız bu halda irəli gedə bilərsiniz. Baxın, bayrağınızda "Ədalət" sözü yazılıb. Amma biz qadınlara münasibətinizdə ədalət varmı? Yoxdursa, o zaman qaldırdığınız o bayraqdan da imtina edin. Bizə haqq-hüquq verməkdən qorxursunuz. Bu yolla da millətin hüququnu əlindən alırsınız. Axı qadın millətin anasıdır. Əgər millətin anasına öz halal haqqı verilmirsə, deməli, əslində milləti əzmiş olursunuz. Belə çıxır ki, milləti inkişafını istəmirsiniz. Axı millət yalnız tam hüquqlu analardan tərbiyə görən vətəndaşlar sayəsində irəli gedir. Millətin inkişafı, tərəqqisi sizin idealınızdırsa, bizim üçün də idealdır. Qərarlarımıza əməl etməsəniz, tələb etdiyimiz hüquqları verməsəniz, onsuz da onları alacağıq. İndiyə qədər Nikolay istibdadı hökm sürürdü. Sonda xalqın arzularına qarşı durmaq gücündə olmadığını anlayıb rədd olub getdi. Sizin də istibdadınız dağılacaq. Bizə hüquq verməyən istibdadınız yıxacağıq. Tezliklə bizim küçəmizdə də bayram olacaq".
Təbii ki, bu sözlər ilk növbədə qurultayın gerilikçi kəsiminə, fanatik din xadimlərinə, şəriət hökmlərini danışıqsız qoruyub saxlamaq istəyən molla və işanlara xitabən deyilmişdi. Həm də açıq fikirli, tərəqqipərvər nümayəndələrin cəmiyyətin bütün təbəqələri arasında yaymaları üçün bir mesaj idi...
Mesaj elə qurultayın gedişində müəyyən əks-səda doğurmuşdu. Səlimə xanımdan sonra çıxış edən Orenburq müsəlman ruhani idarəsinin qazısı Hasan Ata Qabaşi həmkarlarına müraciətlə demişdi: "Üzüaçıq müsəlman qadından qorxmayın, ürəyi hamıya qapalı olan insanlardan ehtiyat edin!"
Geniş biliyə, böyük təcrübəyə malik maarif xadimi kimi tanınan Səlimə xanım Cümhuriyyət dövründə ictimai və pedaqoji fəaliyyətini daha böyük şövqlə davam etdirmişdi. Müstəqil Azərbaycanda biliyinə, təcrübəsinə xüsusi ehtiyac duyulmuşdu. Xalq maarifi və dini etiqadlar naziri Rəşid xan Kaplanovun sərəncamı ilə 1919-cu il sentyabrın 4-də Bakıdakı Müqəddəs Nina qız məktəbi Birinci Azərbaycan Qadın gimnaziyasına çevriləndə Səlimə Yaqubova onun direktoru, məşhur Smolnı İnstitutunun yetirməsi Xədicə xanım Ağayeva isə inspektoru təyin edilmişdi.
Əslində bu qərar Azərbaycan müəllimlərinin həmin ilin 20 avqust-1 sentyabr tarixlərində Bakıda keçirilən III (Cümhuriyyət dövründə birinci!) qurultayının tövsiyəsi əsasında qəbul olunmuşdu. Müəllimlərin ali forumunun digər tövsiyəsi isə məktəb islahatı və təhsilin məzmun baxımından milliləşdirilməsi prinsiplərini işləyib hazırlayan komissiyanın təşkili ilə bağlı idi. Nazir müavini Həmid ağa Şahtaxtlının sədrliyi ilə həmin il noyabrın 7-də yaradılan komissiyanın tərkibinə Azərbaycan təhsilinin korifeyləri ilə bir sırada Səlimə Yaqubova, Sara Xuramoviç-Talışinskaya və Xədicə Ağayeva kimi gənc nəsli təmsil edən, amma xalq maarifi sahəsində yaxşı tanınan xanım pedaqoqlar da daxil idi.
Misir Mərdanov və Ədalət Tahirzadənin araşdırmalarından aydın göründüyü kimi, Səlimə Yaqubova sovet hakimiyyəti dövründə də pedaqoji sahədən uzaqlaşmamışdı: 1920-ci ilin oktyabrından etibarən biri-birinin ardınca Bakı darülmüəllimatında (qadın seminariyası), Azərbaycan Qadın Məktəbəqədər Tərbiyə İnstitutunda, Volqaboyu tatarları üçün 6 aylıq pedaqoji kurslarda, Bakı Ali Zükur (kişi) Pedaqoji İnstitutunda müəllim kimi çalışmış, əsasən biologiya və zoologiya fənlərini tədris etmişdi. Ali Pedaqoji İnstitut bağlandığı üçün 1927-1928-ci tədris ilində vəzifəsindən uzaqlaşdırılmışdı. Vəfat tarixini çıxmaq şərti ilə sonrakı həyatı haqda hələlik konkret bilgilər əldə etmək mümkün olmayıb.
Sara xanım Xuramoviç (1890-1971) - Talış xanlarının nəslindən olan general Mir Kazım bəy Talışinskinin (1855-1932) qızı, ana tərəfdən isə Azərbaycanın ilk universitet təhsilli ziyalılarından Ağa bəy Yadigarovun (1823-1892) nəvəsi idi. 1918-ci ildə əslən Polşa tatarı, Cümhuriyyət xarici işlər nazirliyi Dəftərxanasının direktoru və Tiflisdəki Azərbaycan diplomatik nümayəndəliyinin əməkdaşı kimi çalışmış İsmayıl bəy Xuramoviçlə (1883-1942) ailə qurmuşdu. Təhsilini fərqlənmə diplomu ilə bitirdiyi Tiflis qadın gimnaziyasında və müəllimlik hüququ verən xüsusi fransız dili kurslarında almışdı. Hazırda ABŞ-da yaşayan nəvəsi Zərifə Eberlinin Ədalət Tahirzadəyə yazdığına görə, "16 yaşından Tiflisdə müsəlman qızları üçün məktəbdə dərs deyib. İsmayıl bəyə ərə gedərək 1919-cu ildə Bakıya köçüb və o zamandan təqaüdə çıxana qədər müxtəlif məktəblərdə dərs deyib".
Cümhuriyyət dövründə uzun illər boyu Bakının ən nüfuzlu qadın təhsili ocağı sayılan Mariininsk, milliləşdiriləndən sonra isə Birinci Azərbaycan qız gimnaziyası adlanan tədris müəssisəsinin müfəttişi olmuşdu.
Sovet rejimi də onun bilik və bacarığına ehtiyac hiss etmişdi. 1922-1923-cü illərdə Sara xanım Bakı Ali Pedaqoji Qadın İnstitutunun birinci və sonuncu direktoru kimi çalışmışdı. Sovet hakimiyyətinin ilk dövrlərində müxtəlif idarə və təşkilatların sürətlə açılıb-bağlandığı bir şəraitdə milli təhsilə fayda gətirə biləcək İnstitutun naməlum səbəblərdən fəaliyyətini tam şəkildə ortaya qoymağa imkan vermədən bağlanması təbii ki, Sara xanımın günahı deyildi.
Zərifə Eberlinin dediyinə görə, nənəsi Azərbaycanda milli təhsil ocaqlarının açılmasından istifadə edib Bakı universitetinin şərqşünaslıq fakültəsini bitirmiş, Leninqradda isə Şərq dilləri üzrə aspirantura təhsili almışdı. Pensiyaya çıxdığı 1960-cı ilə qədər Azərbaycan Dövlət Universiteti və Pedaqoji İnstitutda dərs demişdi. Dövrü mətbuatda çap edilmiş məqalələrin müəllifi idi. Ana dili olan Azərbaycan dili və ruscadan başqa, gürcü, fransız, fars dillərini də yaxşı bilirdi.
Təbrikə imza atan Məryəm xanımın soyadı 1920-ci ilin yanvarında ilk öncə bu materialı dərc edən "Azərbaycan" qəzetində, sonra isə digər mənbələrdə səhvən Muxtarskaya şəklində gedib. Əslində Məryəm Muxranskaya olmalı idi. Mənşə etibarı ilə Polşa-Litva tatarları ilə bağlılığı şübhə doğurmur. Məryəm xanım Sulkeviçin məktəbə rəhbərliyi dövründə şagirdlər arasında imperiyasının Qərb vilayətlərində yaşayan bu türk soyunun təmsilçilərinə təsadüf etmək mümkün idi. Siyahılarda konkret olaraq Məryəm Muxranskaya adına rast gəlməsək də, məktəbin yetirmələri sırasında eyni soyadı daşıyan, bacısı, yaxud əmisi qızı olduğunu ehtimal edə biləcəyimiz Cənnət Muxranskaya var. O, əvvəl Hacının qız məktəbində oxumuş, sonra bir müddət burada müəllimlik etmişdi. Məktəb yoldaşlarının xatirələrindən 1920-ci illərdə yenicə açılmış Bakı universitetinin tibb fakültəsini bitirib həkim ixtisasına yiyələndiyini öyrənirik.
Təbrik məktubundakı növbəti imza - Gülsüm Sübhanqulova haqqında məlumatlar da çox məhduddur. Səhihliyi çox da inam doğurmayan bir sənəddə 1895-ci ildə doğulduğu qeyd edilir. 1906-1911-si illərdə Tağıyevin qız məktəbinin şagirdi olan, təhsilini tamamlayandan sonra bir müddət burada müəllim kimi çalışan, sonralar isə tibb sahəsini seçən həkim Şərəbanı Şabanova 17 iyun 1956-cı ildə qələmə aldığı xatirələrində müəllimləri sırasında Gülsüm xanım Sübhanqulovanın da adını çəkmişdi: "Məktəbin bütün personalı bir qayda olaraq, qadınlardan ibarət idi: müdirə - Məryəm xanım Sulkeviç, sonra isə Gülbahar xanım Axrıyeva, müəllimələr - Rəhilə xanım Hacıbababəyova-Terequlova, Gülsüm xanım Sübhanqulova, Mavilə xanım Palovandova (əslində acar aristokratiyasını təmsil edən Palvandova olmalıdır - V.Q.), Səriyyə xanım Axmetyeva, Adilə xanım Şahtaxtinskaya və b. Dairə müfəttişi Soltan Məcid Qəniyev (Qənizadə - V.Q.), məktəbin həkimi (o illərdə azərbaycanlı qadın həkimlər yox idi) və qoca qarovulçu tatar Cəmaləddin istisna idilər"
Azərbaycan Cümhuriyyətinin 1919-cu ildə növbəti il üçün çap olunan, hökumət idarələrinin əməkdaşları və dövlət qulluqçuları` ilə bağlı müxtəsər məlumatı özündə ehtiva edən "Ünvan-təqvim" kitabındakı qısa bir məlumatdan isə Gülsüm Sübhanqulovanın pedaqoji fəaliyyətdən uzaqlaşaraq həmin dövrdə Nazirlər Şurası İşlər İdarəsinin Dəftərxanasında azsaylı qadın məmurlardan biri kimi çalışdığını öyrənirik. Bununla da necə deyərlər, dairə qapanır.
İlk baxışdan qəribə görünən Fusa Dudarova adı da bizə konkret heç nə demir və bu təsadüfdə də ehtimallara əl atmaq zərurəti yaranır. 1919-cu ilin yayında Bakı qəza hərbi rəisinin idarəsinə şəxsi heyət üzrə işlərə rəhbərlik poruçik Adil Girey Dudarova həvalə olunmuşdu. O, soy-kök etibarı ilə Şimali Osetiyadan, müsəlman osetinlərdən idi. 1850-1917-ci illərdə rus ordusunda Dudarov soyadı daşıyan, dördü general rütbəsinə yüksəlmiş 21 nəfər osetin əsilli hərbçi xidmət etmişdi. Təbii ki, Adil Girey də onlardan idi. Dudarov soyadının məhdud dairədə yayıldığını və Cümhuriyyət sənədlərində eyni soyadı daşıyan başqa şəxsə təsadüf edilmədiyini nəzərə alsaq, təbrikə imza atmış Fusa Dudarovanın poruçik Adil Gireyin yaxın qadın qohumu - bacısı, yaxud xanımı olduğunu düşünməyə əsaslar yaranır.
Nəhayət, təbrik məktubundakı sonuncu ad - Q.S.Məlikova. Təbii ki, söhbət Həsən bəy Zərdabinin qızı, xalq müəllimi Qəribsoltan Məlikovadan (1886-1967) gedir. Azərbaycanda az-az təsadüf olunan qəribə adı ona anası Hənifə xanım sevimli qardaşı Soltan Abayevin şərəfinə vermişdi. Sonbeşik qızına bu adı qoymaqla sanki qəriblikdə də Soltanın daim yanında olması, qürbət məmləkətdə bacısına hayan durması təəssüratını, yaxud illüziyasını yaratmaq istəmişdi.
Təəssüf ki, Zərdabi ailəsinin digər üzvləri kimi, Qəribsoltan xanım haqqında da səhih bilgilər əldə etmək müşkül məsələdir. İnternet şəbəkəsindəki məlumatlar əksərən qüsurludur, yoxlanmamış mənbələrdən götürüb, bəzi hallarda biri-birini təkzib edir, yaxud sadəcə şayiə, uydurma xarakteri daşıyır. Doğum tarixi həm 1886, həm də 1896-cı il kimi göstərilir. Tam əminliklə ikinci versiyanın kökündən yanlış olduğunu deyə bilərik. Əgər bu tarixə inansaq, onda belə çıxır ki, Həsən bəy vəfat edəndə Qəribsoltanın 11 yaşı vardı. Və belə çıxırdı ki, bu yaşda artıq gimnaziya təhsilini başa vurub, pedaqoji kurs bitirib müəllimliklə məşğul olurdu. Atası haqqında yetkin, detallı xatirələri, Həsən bəyin vəfatı və dəfni ilə bağlı diqqət yetirdiyi məqamlar da ikinci versiya tərəfdarlarının bu rəqəmi havadan götürdüklərini, özlərindən uydurduqlarını isbat edir.
Təbii ki, yazının məqsədi teleqram müəlliflərindən birinin tərcümeyi-halını incəliklərinə qədər araşdırmaq deyil. Sadəcə Qəribsoltan Məlikovanın o sənədə imza atmağa hamıdan çox mənəvi haqqı olduğunu diqqətə çatdırmaq istərdim. Çağdaş siyasi düşüncəyə və mütəşəkkilliyə malik millət olmağa, müstəqil dövlətini qurmağa aparan yolun binasını qoyanlardan biri, bəlkə də birincisi atası, "yorulmaz Əkinçi" Həsən bəy Zərdabi idi. Uzaq Parisdə necə deyərlər, "aslanlar arasından tac götürüb" Azərbaycanın de-fakto müstəqilliyini təmin edən heyətin başında böyük bacısı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşov dayanırdı. Parisə qədər gedib çıxa bilməsə də, kiçik qardaşı Səfvət nümayəndə heyətinin tərkibində çalışmışdı. Bacısı uşaqları Ələkbər bəy və Rəşid bəy gənc yaşda Cümhuriyyət yolunda əziyyət və fədakarlıqdan çəkinməmişdilər. Nəhayət, Cümhuriyyətin sevinc və qüruru qədər əzab və məşəqqətini də həyatını tənhalıq içində başa vuran, bəzən dərdini deməyə adam tapmayan bu köməksiz, amma qətiyyətli qadın özü yaşamışdı.
Bir neçə sətirlik sənədin və onun arxasındakı mürəkkəb insan talelərinin doğurduğu təəssüratın təsiri altında qələmə alınmış yazıya burada nöqtə qoyuram.
Sadəcə onu əlavə etmək qalır ki, Cümhuriyyət həmişə bizimlə olan bayramdır. Bir yaşı olanda da, yüz yaşını arxada qoyanda da eyni dərəcədə milli qürur mənbəyi və "Var millətimin xətti bu imzalar içində!" inancının təntənəsidir.
Bu böyük hadisənin 105-ci ildönümündə Cümhuriyyət quran Kişilərin xatirəsi önündə təzim etmək hamımızın vətəndaşlıq borcudur.
Sarayevo, yanvar, 2026-cı il
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Yanvar 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















