Icma.az
close
up
RU
DAHİNİN İLK BÖYÜK GƏLİŞİ Rafael Hüseynov yazır

DAHİNİN İLK BÖYÜK GƏLİŞİ Rafael Hüseynov yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Rafael HÜSEYNOV
Akademik

Dil sözdən, millət dildən başlanır. Ona görə də tarix boyu xalqları əridib yoxetmənin ən kəsə yolu onun əlindən dilini, sözünü almaq olub. Elə həmin səbəbdən də millətə canı yananlar daxildən gələn ilahi fəhm və sədaqətliliklə xalqın sözünü və dilini qoruyub yaşatmağı həmişə ali vəzifələri saymışlar. Düz 100 il əvvəl o qəbil müstəsna Vətən yavrularından biri - gördüyü işin möhtəşəmliyi indinin hündürlüyündən oçağdakından qat-qat artıq görünən və dərin mənası onun özünün o vaxt fikirləşdiyindən də bu gün daha artıq dərk edilən - vur-tut 20 yaşlı bir gənc həyatındakı ilk böyük əsərini tamamlamışdı.

Adlar var ki, onların sahibləri xalq və yurd naminə gördükləri işlərə görə and yeri olmağa, müqəddəslər zümrəsinə daxil edilməyə layiqdirlər.

Üzeyir Hacıbəyli bəstəkar idi, müəllim işləmişdi, jurnalist, yazıçı, dramaturq, publisist, mühərrir olub, tarixə mədəniyyət, elm, təhsil təşkilatçısı, ictimai-siyasi xadim (məhz siyasi! Heç vəchlə yalnız "ictimai" yox! Çünki onun bütün fəaliyyətləri fəlsəfəsi ilə birbaşa milli siyasət idi! Milli Cümhuriyyətin təməlçilərindən və dayaqlarından olmuş fədakar təfəkkür adamının yeri, əlbəttə ki, yurdun üstün siyasət öndərlərinin uca məqamındadır) kimi düşüb və bu rəngarəng çalışma istiqamətlərinin siyahısını bir qədər də artırmaq mümkündür. Lakin ötənlərdə bu qəbil işlər görmüş və indi də oxşar səylər göstərən dəyərli insanlarımız olub və indi də var, söz yox, sabahlarda da mütləq yeniləri gələcək. Hətta keçmişlərdə olduğu kimi, mümkündür ki, yaxın və uzaq sabahlarda da belə çoxşaxəli millətəxeyir əməllərin məcmusunu öz istedadlı varlığında qovuşduran tək-tək parlaq universallara da rast gəlinsin. Üzeyir bəyinsə nəticə etibarilə bir məcraya yönələn müxtəlifyönlü çalışmalarının və gəncliyindən dahilik siqlətini daşımış şəxsiyyətinin fəlsəfəsini müəyyənləşdirən, onu fövqəladələşdirən, yaşadığı zaman çərçivəsinə sığmazlaşdıran, keçmişin və gələcəyinki edənsə odur ki, bu müstəsna kişi yolunun lap başlanğıcından ömrünün sonunadək Millət Quruculuğu, Milli Düşüncə və Milli Zövq Memarlığı ilə məşğul olmuşdur. Amma yalnız "olmuşdur" demək də azdır. Çünki Üzeyir bəy özünün Millət Mühəndisliyi əməklərini bu gün də fasiləsiz davam etdirməkdədir.

Biz nə qədər ki özlüyümüzü hifz etmək və məhz bu sağlam təməl üzərində yüksəlmək, çağdaşlaşmaq, sabahınkılaşmaq niyyətlərimizdə israrlı olacağıq, o qədər də Üzeyir bəy və onun irsi, ixtiraçısı, icadçısı olduğu ülgülər gərəkliyini, əvəzedilməzliyini qoruyub saxlayacaq.

Həmin bünövrələrdən ayrılsaq, özlüyümüzü də, özümüz qalaraq müasirləşməkdə davam etmək xüsusiyyətimizi də qeyb etmək təhlükəsi ilə qarşılaşacağıq.

Bunlar cavabını gələcək çağların verəcəyi ehtimallar deyil, artıq Vaxtın sınağından keçərək sübutları ortada olan həqiqətlərdir.

Üzeyir bəy peyğəmbər sinninə çataraq 1948-ci ilin noyabrında 63 yaşında bu dünyadan köçəndə sığımı, çəkisi baxımından yarım əsrdən qat-qat uzun sürəcək XX əsrin yarıdan çoxu və artıq ikinci onilini yaşadığımız yeni minillik, yarılamağa doğru irəlilədiyimiz XXI əsr qarşıdaydı.

Üzeyir bəy onsuzluğumuz dönəminin hər məqamında daim bizimlə birlikdə ömür sürüb, addımlayıb, yaşayışımıza və irəliləyişimizə bilavasitə təsir göstərib.

Azərbaycan xalqının mədəni, dünyaya açıq, ilhamlı, örnəklik bir toplum kimi tərəqqisi, kamilləşməsi, cilalanıb rövnəqlənməsi davam edirsə, əlbəttə ki, bu, yenə Üzeyir bəyin bizimlə yol yoldaşı olmasının, yönəldiciliyini elə əvvəlki tərzdə və nizamda irəlilətməsinin təsdiqi deməkdir.

Üzeyir bəy yalnız ruhumuzun əbədi dayağı əsərləriylə məcazi mənada canlı deyil, həm də gündəlik mənəvi həyatımıza bilavasitə təsirləri ilə diridir.

Milli operamızın ilki olan "Leyli və Məcnun"u yaradanda onun 22 yaşı vardı. Bu əsər 1908-in yanvarında səhnəyə çıxsa da, 1906-1907-ci illərdə yazılırdı. Həm də unutmayaq ki, Azərbaycan musiqisinin və bütövlükdə dünya operasının tarixində tam yeni və bənzərsiz olan bu əsərin müəllifinin yalnız ibtidai musiqi təhsili vardı. Lap doğrusu söylənirsə, həmin musiqi təhsili həcmi etibarilə ibtidaidən də kiçik idi.

Qori seminariyasında musiqi ümumi səviyyəni qaldırmaq məqsədilə tədris olunan fənn idi və ən yaxşı halda müasir ümumtəhsil məktəblərindəki nəğmə, musiqi təhsili dərsinə bərabər tutula bilər.

Həmin ibtidaidən-ibtidai musiqi savadı ilə Üzeyir bəy birinci muğam operamızı yaratdı.

Bu vəhdət həm muğamın, həm operanın tarixində yenilik idi. Çünki Azərbaycana Avropa musiqi janrını gətirməklə bərabər Üzeyir bəy məlum Avropa və dünya operaçılığında da ixtiraçılığa imza atmışdı, operanın o dövrəcən məlum olmayan çeşidini doğurmuşdu.

Ənənəvi dünya operası prinsiplərinə uyğun operaların nümunələrini sonralar həm Üzeyir bəy özü, həm də silahdaşları və ardıcılları yaratmaqla bərabər, operaçılıqdakı məhz Azərbaycanın ortaya qoyduğu muğam operası istiqamətini də həm Üzeyir bəy, həm də digərləri davam etdirdilər.

Beləliklə, 22 yaşlı bir gənc yalnız gözəl əsər deyil, həm də yaşayacaq ənənə yaratmağa nail olmuşdu.

Möcüzə deyilmi?! Bu hadisədə İlahi Əl, Haqdan açılmış vergi pəncərəsi, Dahinin öncəgörümü var.

Yaxud Üzeyir bəyin 1907-ci ilin 10 iyulunda işıq üzü görmüş "Türk-rusi, rusi-türk lüğəti".

Məzmundan, müəllifin istinad edib şərhini verdiyi "qəzet dili" kəlmələrinin ümumi mənzərəsindən aydın olur ki, bu əsər nəşr edildiyi vaxtdan 2 il öncə - 1905-ci ildə tərtib edilmiş, 1906-cı ildə hazır əlyazma üzrəində dəqiqləşdirmələr, cilalamalar aparılmşıdır.

Yəni Üzeyir bəyin 20-21 yaşlarında olduğu dövrdə. Tərtibçinin özünün - Üzeyir Hacıbəylinin bu kitabçanın təyinatının "Qəzetə və cəraidlə məşğul olanlardan ötrü pək lüzumlu bir dəstür ul-əməl" deyə təqdim etməsinə rəğmən heç vəchlə bu araşdırmanın gərəkliyi qəzet və jurnal oxuyub-yazanlarla məhdudlaşa bilməz.

Bu əsərin də ümummilli əhəmiyyəti var və XX əsrin başlanğıcının çətin şərtləri nəzərə alınarsa, həmin lüzumluluq birə-beş artar.

20-21 yaşlı bir gəncin belə düşünüb, belə hərəkətlər etməsi, bu qəbil məhsullar doğurması yenə adi məntiq meyarları ilə asanca izah edilə bilməyən hikmətlərdəndir.

1899-1904-cü illərdə Qori seminariyasında oxuyanda və təhsilini başa vuraraq Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilərək əmək fəaliyyətinə başlayanda başı çox qarışıq idi və hələ onun müstəqil yaradıcılığa ayırası vaxtı yox idi. Üzeyir bəyin ilk qələm təcrübələri 1905-ci ildə Bakıya gələrək Bibiheybətdə, bunun ardınca "Səadət" məktəbində dərs deməyə başladığı əyyamlara aiddir.

İlk yazıları - həm dövri mətbuatdakı məqalələri, həm "Hesab məsələləri" kitabı, həm mətbuatda işlənən siyasi, hüquqi, iqtisadi və hərbi sözlərin ikidilli lüğətləri, həm "Leyli və Məcnun" operası Üzeyir bəyin əvvəlinci qələm təcrübələri idi və müəllifin belə zəhmətlərə 20-21 yaşlarında ikən qatlaşmasını bir daha nəzərə çatdırmağa ehtiyac duyuram.

Seminariya təhsili almışdı və müəllimlik etməyə icazə verən sənədi vardı. Amma bu gəncin 20-22 yaşlarında etdikləri ilk qədəmlərini atan sütül bir məktəb müəlliminin deyil, yaşı iki-üç dəfə artıq ola bilən ağsaqqal Millət Müəlliminin əməlləri biçimində idi.

Allah xalqı oyandırmaq və yetkinləşdirmək missiyasını həvalə etdiyi seçkinlərdən olan Üzeyir bəyi ertə oyandırıb erkən yetkinləşdirmişdi.

Vaxtın və öz yaşının gerçək qəliblərinə yerləşməmək Üzeyir bəydə əslində daha əvvəllərdən, gənclik və yeniyetməliyindən qabaqlar da xas imiş.

İnsan sonradan dahi olmur ki! Dahilər elə dahi olaraq doğulur və illər artdıqca onların gördüyü müstəsna işlərin miqyasları da böyüyür.

1897-ci ildə Şuşada, Xandəmirov teatrında Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, Cabbar Qaryağdıoğlunun və xorun iştirakı ilə "Məcnun Leylinin qəbri üstündə" səhnəciyi oynananda Üzeyir bəyin yaşı 12 idi və o da xorda oxuyanlardan biri idi. Amma hamı kimi olmamaq, hər kəsin eyni şeyi oxuduğu xora tən gəlməmək bu uşaqda elə o çağlar da varmış və əhvalatın üstündən 31 il sovuşandan sonra, 1938-ci ildə yazdığı "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" adlı məqaləsində etiraf edirdi: "Leyli və Məcnun" necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam; amma məndə bu ideya xeyli əvvəl... uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında "Məcnun Leylinin məzarı üstündə" səhnəsini gördükdən sonra yaranmışdı. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim".

Üzeyir bəy elə binədən hər mətləbə ucalardan baxmağı bacarıb, məsələnin cövhərini dərk etməkçün onu panoramda seyr etməyə və gələcək üçün düsturlar cızmağa qadir olub.

Bu keyfiyyət onun zəhmətlərinin bəhrəsi olan lüğətdə də əksini tapmışdır. Lüğətə yazdığı qısaca "Bəzi bəyanat" adlı guya texniki səciyyə daşıyan, izahedici mahiyyətli önsözdə olduqca prinsipial məna yükü çəkən mətləb üzərində dayanır və bir lüğət çərçivəsində olsa da, tək Azərbaycanda deyil, digər ölkələrdə də qatışıqlığın hökm sürdüyü bir mühüm sahədə nizam yaratmaq təşəbbüsü edir: "Sair tayfalarda müşahidə olunduğu kimi, biz dəxi qəbul etmiş olduğumuz əcnəbi sözləri müxtəlif şəkildə yazıyoruz. Məsələn, latınca olan "gkonomiə" sözünü bəzi "ikonomi", bir paramız "ekonomi", digərlərimiz "eqonomi" və sairə tərzində yazıyorlar.

...Bu cürə müxtəlif şəkildə yazılan sözlər çoxdur. Biz isə o sözləri rusca yazılan kimi yazmışıq".

Zahirən işçi xarakterdə olan bu qeydindəcə mövcudluğu hamıya bəlli, amma əksəriyyətin bənd olmadığı ümumi problemdən Üzeyir bəyin vətəndaş və ziyalı narahatlığı, mətbuat dilimizdəki qatmaqarışıqlıq və pintiliyə dözməzliyi, bu təmayülə elmi yanaşması, pərakəndəlikdən qurtularaq sistem yaratmaq məramı var.

Daha püxtə vaxtlarında, 25-30 il sonra Üzeyir bəy vətənimizə çox qiymətli "Azərbaycan xalq musiqisinin əsasları" əsərini təhvil verəcək və bu araşdırmada milli musiqimizin nəzəri təməlləri, quruluş prinsipləri, özünəməxsus cəhətləri və mümkün inkişaf səmtləri bir yolgöstərici, dərslik səviyyəsində sistemləşdiriləcək.

XIII yüzildə Səfiəddin Urməvinin (1216-1294), ondan əsr sonra Əbdülqadir Marağayinin (1353-1436) öz risalələrində Azərbaycan xalq musiqi sənətini mükəmməl elmi şəbəkəyə bağlamaq təşəbbüslərini Üzeyir bəy əsrlər boyunca baş vermiş dəyişmələrdən sonra, yeni zaman içərisində davam etdirəcək, yüzillərin gedişiylə divarları, bürcləri uçulmuş, zədələnmiş sarayı bərpa edəcək, bütün sonrakı musiqiçi və musiqişünaslarımızdan ötrü yeni, kamil sistem yadigar qoyacaq.

Bu nöqtədə Millət Quruculuğu ilə məşğul, milli irsin Yiyəsi və Qoruyucusu kimi çıxış edən Üzeyir bəy Urməvilərin, Marağayilərin sələfi idisə, XX əsrin başlanğıcında tərtib etdiyi lüğətiylə ilk leksikoqraflarımız Məhəmməd ibn Hinduşah Naxçıvaninin (1293-1376), onun daha yaşlı müasiri Hüsaməddin Xoylunun davamçısı, məsləkdaşı idi.

Üzeyir bəyin XX əsrin əvvəlindəki əsəri ilə həmin yüzilin ortalarına doğru qələmə aldığı əsərinin elmi səviyyələri, sanbalları müxtəlif olsa da, hər ikisində yanaşma üsulu, münasibət eynidir. Müəllifin yaşına, təcrübəsinə, təfəkkürünə müvafiq olaraq miqyaslar seçilir, amma sistemləşdirmək, nizam yaratmaq, ümdə milli maraqlar naminə quruculuq etmək canatmaları eynidir, sabitdir.

Bu kitab vahid lüğət kimi təqdim edilsə də, əslində, bir-birindən fərqli 3 lüğətdən ibarətdir.

Birinci lüğət terminoloji, izahlı lüğətdir və söz tərkibi baxımından siyasi lüğət adlanmağa daha uyğun gəlir. Bunu biz əslində Azərbaycanın ilk siyasi terminlər lüğəti saysaq, yanılmarıq.

İkinci lüğət, kitabın sərlövhəsində göstərildiyi kimi, "Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlər"in rusca-azərbaycanca normal lüğətidir.

Üçüncü lüğət isə Azərbaycan mətbuat dilində işlək olan ərəb-fars sözlərinin lüğətidir. Onillər sonra bu tip, yəni klassik ədəbiyyatımızda rast gəlinən ərəb-fars kəlmələrini çağdaş oxucuya aydınladan bir neçə başqa lüğət yaransa da, Üzeyir bəy həmin səmtdə də ilkdir, yolaçandır.

Üzeyir bəyin birinci lüğətindəki siyasi terminlərin dairəsi və həmin kəlmələrə verilən izahlarda onun siyasi mövqeyi, siyasi rəğbətlərinin yönü, eləcə də artıq yetərincə şəkillənmiş siyasi təfəkkürü aşkarca duyulur.

Tutalım, "diktatura" kəlməsinə izahında "Diktatorun müvəqqəti olaraq hökumət-i keyfiyyəsi" yazan Üzeyir bəy hər halda bu şəkildəki idarəetmənin ötücü, ömürsüz, məhz müvəqqəti olduğunu vurğulamaqla demokratik düşüncə daşıyıcısı, hər növ istibdad və mütləqiyyətə əks cəbhədə dayanmağını izhar etmiş olur.

Yaxud Üzeyir bəyin "şovinizm" sözünə verdiyi izah sadəcə izah deyil, həm də bu anlayışla bağlı mövqe ifadəsidir, oxucusunu da bu sözü, bu məfhumu məhz bu cür qavramağa kökləmək fürsətidir: "Təkəbbür-i millidən ibarət olan cəli və yalan vətənpərəstlik".

Yəni "şovinizm" kəlməsinin izahı üçün, olsun ki, elə "milli təkəbbürlülük" yazmaq yetərdi. Lakin gənc müəllif əslində bu özündənrazı millətçiliyin saxta vətənpərvərlik olmasını qabardır, başqa millətlərə o sayaq hündürdən baxmaq istəyənlərin, zahirən öz millətlərini daha üstün tutanların mahiyyətcə heç öz xalqlarını da gerçək məhəbbət və sədaqətlə sevmədiklərinə inamını ifadə edir, bunu oxucusuna da aşılayır.

"Lüğət"in nəşr olunduğu ildə hələ Azərbaycan istiqlalı bir röya qədər əlçatmaz idi.

Üzeyir bəy padşahı olan bir dövlətin, Çar Rusiyasının təbəəsi idi və cümhuriyyət, respublika haqqında belə yazırdı: "Cümhur bir cür dövlətdir ki, orada padşah olmayıb, millət öz seçdikləri vəkilləri vasitəsilə öz-özlərini dolandırıyorlar".

Amma elə başlanmış əsrin əvvəlindəki qüvvətlənməyə üz qoyan milli tərəqqi, sağlam ruhlu yeni vətənpərvərlər nəslinin yetişməsi və onların əl-ələ olması işarə edir ki, əziz günün gəlişinə özül yaranmağa başlayıb.

Elə bircə bu "Lüğət"də adıkeçən şəxsiyyətləri və onların fəaliyyətlərini düşünün.

Bu kitabın rəmzi cəhətlərindən və böyük millət quruculuğu layihəsinə xidmət etməsinin dəlillərindən biri də odur ki, lap ilk səhifələrindəncə Azərbaycanın iki nurlu insanının adları qovuşur. Üzeyir Hacıbəyli ilə Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) adları. Üzeyir bəy tərtibçi, Məhəmməd Əmin Rəsulzadə naşir. Amma bununla da bitmir. Bir unudulmaz ad da var.

Müqəddimədə naşir daha bir silahdaşın adını xatırlayır və ona inanımlı mənbə, nişan verdiyi yolla irəliləməyin məsləhətli olduğu nüfuzlu şəxs kimi istinad edir: "Hal-hazırda türk lisanına girmiş ərəb və fars əlfazından başqa bir qədər əcnəbi təbirat-i siyasiyyəsi daxil olduğundan həman təbirlər dəxi əcnəbi tələffüzlə yazılıb mənası bəyan edilmişdir və bir çoxunun ədib-i şəhir Əli bəy Hüseynzadə həzrətləri tərəfindən dilimizə tətbiqi lüzumlu görülən ərəb və ya farsca müqabili yazılıbdır".

Diqqət edilsin ki, Məhəmməd Əmin Rəsulzadə son dərəcə həssas, ümummilli əhəmiyyətli bir məsələdə Əli bəy Hüseynzadənin (1864-1940) fikrini əsas kimi qəbul edir. Hansı məfhumu hansı kəlmə ilə ifadə etmək ixtiyarını, bütün xalqa hər hansı ümummilli məsələdə hamının qeyd-şərtsiz inanıb qəbul edəcəyi səviyyədə ağıl öyrətmək səlahiyyətini heç bir rütbə, vəzifə kürsüsü heç bir insana vermək iqtidarında deyil. Bu, Millət Atalarının, Millət Ağsaqqallarının, Millət Qurucularının qismətində olan haqdır. Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyətin bu haqqı Əli bəy Hüseynzadəyə tanıması Əli bəyin milləti üçün nə qədər önəmli bir sima olmağına nişanədir. Əli bəyin zamanca yaxın sələfləri arasında bu haqq Həsən bəy Zərdabiyə (1842-1907), Mirzə Fətəli Axundzadəyə (1812-1878) şamil edilmişdi.

Beləliklə, "Lüğət"in ərsəyə gəlməsində zəhmətləri və təfəkkürləri qovuşanların hər üçünün zahirən bu xırdaca işlə də mahiyyətcə millətin ziyasını artırmaq naminə daha bir dayanıqlı model doğurmaq istəyi növbəti dəfə təsdiqini tapır.

Azərbaycan dilinə atəşin sevgi və millətin varlığıının bel sütunu sayılmalı bu ilahi nemətə təmənnasız xidmət ömrü boyu Məhəmməd Əmin Rəsulzadənin mübarizələrinin əsas hədəflərindən oldu və 1917-ci il fevralın 27-də "Açıq söz" qəzetində dərc edilən "İslam dini və ana dilimiz" adlı məqaləsində hətta dini müstəvidə belə qeyri dilin - ərəbcənin azərbaycancadan üstün mövqe tutması ilə barışmayaraq belə yazırdı: "Diləkləri öz dilində diləmək, istədiklərini öz dilində istəmək, qulluq göstərildikdə öz dilində danışıb və söylədiyini bilərək qulluq göstərmək, ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək, bizcə, daha müqabil görünüyor".

Və ötkəm vətənpərvər islamın milli din kimi ürəkdən etirafının və qəbulunun da milli heysiyyata sayğıdan keçdiyini, ana dilimizə ehtiramla birbaşa bağlı olduğunu bəyan edirdi: "Dilimizə, millətimizə ögey nəzər ilə baxmayıb tamam hüquq versə, o zaman islamı "milli din" deyə qəbul edə biləriz".

100 yaşını arxada qoymuş, XX yüzildən XXI əsrə gəlib çatmış Üzeyir bəy "Lüğət"inin əlimizə gəlib çatan nüsxələrinin üzərində zamanın siyasi burulğanlarının düşündürücü izləri qalır.

Sovet onillərində rəsmi ideologiyanın Məhəmməd Əmin Rəsulzadənin adı və imzasına nifrətli münasibət bəslədiyini və həmin riyakar sistemin "xalq düşməni" damğası vurduqlarının imzalarını tarixdən, yaddaşdan silməkçün hansı məkrli üsullardan istifadə etdiyini yaxşı bildiyimdən, əminəm ki, bu lüğətin çox nüsxəsi elə həmin adın güdazına gedib - cırıb atıblar, yandırıblar, torpağa basdırıblar.

Elə dəhşətli dövrlər olub ki, üzərində Məhəmməd Əmin Rəsulzadə adı olan kitabı yalnız evində saxladığına görə insanı "düşmənin həmfikri" deyə həbs edə, sürgünə yollaya, güllələyə bilərdilər.

Nə qədər beləsi olub da!

Həmin qəbildən olan nəşrlərin Mirzə Fətəli Axundzadə adına Respublika kitabxanası, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitab xəzinəsi kimi nadir arxivlərdə və digər saxlanclarda qorunan nüsxələri də sovet dövründə hətta alimlərin belə açıq istifadəsi üçün qapalı idi.

Belə "düşmən" kitablarının tək-tək nüsxələri arxiv və fondların "Xüsusi mühafizə" bölməsi adlı dəmir qapılı guşələrində, seyflərdə gizlədilirdi. Hətta o qaranlıq seyflərdəki kitablarda belə düşmən adlarını, onların fotolarını kəsirdilər, qaralayırdılar.

Elə Üzeyir bəyin "Lüğət"inin Əlyazmalar İnstitutunun arxivindəki nüsxəsində də belədir. Üzqabığında və titul səhifəsində Məhəmməd Əmin Rəsulzadənin adını qara mürəkkəblə ört-basdır etməyə çalışıblar.

Lakin nə qara mürəkkəb, nə qara vaxt, nə qara məfkurələr millət və insanlıq naminə görülmüş parlaq işlərin ziyasını örtə, yox edə, soldura bilər.

Mirzə Cəlillə (1866-1932) birgə "Molla Nəsrəddin" dərgisinin qurucularından olmuş Ömər Faiq Nemanzadənin (1872-1937) qəzetin, mətbuatın cəmiyyət həyatındakı, xüsusən XX əsrin başlanğıcında yeni bir mədəni oyanış və yüksəliş yaşayan Azərbaycandakı əhəmiyyəti haqda bu mülahizələri Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli kimi məsləkdaşları ilə ortaq olan baxışın ifadəsidir: "Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cism-i həyatın ruhudur, qəzet ən nüfuzlu, təsirli vaizdir. Qəzet hər millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır".

Və Əli bəy Hüseynzadə 1905-1906-cı illərdə redaktoru olduğu, milli düşüncənin şəkillənməsində mühüm təsirləri olmuş "Həyat" qəzetində dərc etdiyi "Qəzetəmizin məsləki haqqında bir neçə söz" adlı yazısında ümummilli dəyərlər sırasında dil amilini təkidlə qabardırdı: "Ülum və maarif əksəriyyət beynində intişar etmək üçün lazımdır ki, millətin öz ana dili məlum və maarif təhsilinə alət olsun".

Elə oradaca Əli bəy Hüseynzadə milli dil siyasəti, dilin hansı istiqamətdə zənginləşməsi ilə bağlı qənaətlərini bölüşür və əslində bu ismarışlarıyla öz qəzetinə ana dilində məqalələr yazacaq şəxslərə dillə necə rəftar etməli təlimatını verirdi: "Dilimizi əcnəbi lüğətlərlə doldurmaqmı lazım, yoxsa dilimizdəki nöqsanları ikmal üçün bu dilə münasibət-i diniyyə, tarixiyyə və ədəbiyyəsi olan ərəb və fars dillərinə müraciət eləməkmi məsləhətdir? Əlbəttə, içimizdə öz lisan-i millimizin qədrini bilən hər fərd ikinci şiqqəyi tərcih edər".

1906-cı il martın 27-də Üzeyir bəy 21 yaşında idi, amma həmin ildə, həmin gündə "İrşad" qəzetində dərc edilən məqaləsində yolunu yeni başlayan bir gənc kimi deyil, millət qarşısında vəzifəsini dərk etmiş, böyük yolun yolçusu olduğunu özü üçün müəyyənləşdirmiş müdrik kimi düşünürdü: "Bu yol uzun yoldur və həm tikanlı yoldur. Bu yolu axıracan nə gedən var və nə tikanlardan təmizləyən var. Amma ikimcisi olsa, əvvəlimcisi də, ümidvaram, tapılar.

Yolu təmizləyin, yolu: vəqt əldən gedir, başlayın işin əslindən, fəri sonra da mümkündür".

Üzeyir bəy yolunun lap əvvəlindən işin "fəri"sindən - ikinci dərəcəlisindən deyil, əslisindən, ümdəsindən, təxirsizindən başladı.

Bu "Lüğət" belə əməllərin ilklərindən idi.

Yeni başlanan iyirminci yüzildə, Azərbaycanın ziyalı təbəqəsinin ədəbi-mədəni həyatda hər gün yeni bir irəliləyişə şahid olmağın fərəhi ilə yaşadığı coşqun mühitdə Üzeyir bəyin "Lüğət"i bayram sovqatı kimi qarşılanmışdı və həmin kitabın dünyaya gəlişini çeşidli qəzetlərdə dərc edilən bildirişlər, soraqlar müşaiyət etmişdi.

"Qəzetə oxucularına!

Qəzetə oxuyanda rast gəldiyiniz çətin sözləri bilmək üçün çarə tapılmışdır. Üzeyir bəy Hacıbəyovun siyasi, iqtisadi, hüquqi, əsgəri və qeyri sözlərə dair türk-rusi, rus-türki lüğəti bu yolda sizin köməyinizə çatar.

Qiyməti - Bakıda dörd abbası (80 qəpik), qeyri şəhərlərdə posta xərciylə onsəkkiz şahıdır (90 qəpik).

Abbasqulu Kazımzadədən, Mirzağa Əliyevdən və qeyri kitabfüruşlardan almaq olar.

Satmaq üçün xahiş edənlər naşiri Məhəmmədəmin Rəsulzadəyə rücu etməlidirlər.

Sifarişə görə yüzdə 20 və ya 25 prosent çıxılır.

Nəşrin adresi boylə: Bakı, "İrşad" qəzetinin redaksiyası. Məhəmmədəmin Rəsulzadə".

"İrşad" qəzetində 1906-cı ildə iki dəfə - noyabrın 25-də 119-cu, dekabrın 18-də 129-cu nömrələrdə dərc edilmiş bu sadə elanı sətirbəsətir, sözbəsöz ona görə köçürürəm ki, burada tarixin nəfəsi var. Hətta indi sanki mənasını itirmiş rəqəmlər - kitabın neçəyə satılması, hansı kitabçıların dükanında olması, topdansatış üçün hansı güzəştlərin nəzərdə tutulmasında da epoxanın cizgiləri, XX əsrin əvvəlindəki Bakımızın mədəni ab-havası duyulur.

Bu elansa rus dilində nəşr edilən "Bakinskiy denğ" - "Bakı günü" qəzetinin 1907-ci il iyulun 4-də buraxılmış 20-ci sayındandır: "Müsəlmanların nəzərinə!

"İrşad" qəzetinin əməkdaşı müəllim Üzeyir bəy Hacıbəyovun tatar dilində izahları ilə tərtib etdiyi siyasi, hüquqi, iqtisadi və hərbi terminlərdən ibarət rusca-tatarca, tatarca-rusca lüğətlər çap edilir, tezliklə işıq üzü görəcəkdir. Güman etmək olar ki, bu lüğətlər tatar qəzetlərinin oxucularına çox böyük fayda verəcəkdir, onlara yeni müsəlman mətbuatında rast gəlinən sözlərin başa düşülməsini asanlaşdıracaqdır".

Əslində bu xırda mətnin daxilindəki "tatar", "tatarca" sözlərini hər yerdə "türk", "türkcə" kimi verməliydim. Elə "İrşad"da dərc olunan elanda olduğu kimi. XIX yüzilin sonları, XX yüzilin başlanğıcında rusca mətnlərdə Azərbaycan xalqının adı "tatar", dilinin adı "tatarca" kimi göstərilir, amma elə həmin dövrün bütün anadilli mətnlərində "tatar" deyil, "türk" işlənir.

Əlbəttə, çoxmillətli imperiyaya ağalıq edən, müxtəlif türkdilli xalqları bir-birində əridib itirməkdə maraqlı olan çarizmin yürütdüyü siyasət baxımından bu ifadə sərfəli idi. Lakin terminin müəllifləri başqa və ortaya çıxmasının səbəbləri daha əski idi.

Həmin anlayışı elmə bir sıra tarixçilər və şərqşünas alimlər gətirmişdilər.

Bu qələt yanaşmanı elmi şəkildə təkzib edən Əli bəy Hüseynzadə anladırdı ki, tarixən nə "tatar" deyilən moğollar Tyan-şan dağlarından bəri tərəfə hicrət etmişlər, nə də Rusiya və Sibir çöllərindəki türklər tatardır: "Biləks, bunlar türklərin ən ziyadə türk olanlarıdır".

Bir sıra Qərb və Şərq alimlərinin, o cümlədən qayınatası - məşhur lüğətşünas, ensiklopediyaçı Şəmsəddin Sami bəyin (1850-1904) mülahizələrini yanlış sayaraq rədd edən türk təəssübkeşi Əli bəy Hüseynzadə xətalı adlandırmanın əsas baisinin slavyanlar olduğunu təsdiqləyirdi: "Türklərin "tatar" adlandırılması kimi səhvin mənbəyi islavlar olmuşlar. Belə ki, onlar Çingiz xanın türklərdən ibarət əsgərlərini deyil, onların sərkərdələrini nəzərə almışdılar. Halbuki fəth olunan ərazinin əhali-yi turaniyyəsi zatən minəlqədim türk, bu əraziyi fəth edən əsgərlər türk, bunları təqib edən mühacirlər türk, Çingiz özü türk, türkün bir qisminə, bir şivəsinə, bir dövr tarixinə namını verən oğlu Cığatay, yaxud özbək türklərinə nam verən oğlu Cuci kimi həp türk oğlu türk idilər. Çingizin ümur-i dövləti üçün moğolların deyil, uyğurların, yəni qədim türklərin xətt və lisanlarını qəbul etmiş olduğu da cümləcə məlum bir keyfiyyətdir".

Mətləbdən aralansaq da, xalqımızın və dilimizin bir dövrdə "tatar" adlandırılması ilə bağlı elə Üzeyir bəyin "Lüğət"inin rusca hissəsinin sərlövhəsində də keçən tarixi yanlışlığı izah etməyi gərəkli bildik.

Bu "Lüğət"i ən yüksək peşəkarlıqda tərtib etməkçün Üzeyir bəyə yardımçı olan vasitələrdən biri də o idi ki, tədqiqat üçün lazım olan ən azı 4 dilin dördünə də o, mükəmməl səviyyədə aşina olub.

Farsca və ərəbcəni hələ Şuşada aldığı ilk təhsili zamanı mənimsəmişdi və bəstəkarın arxivində, ayrı-ayrı əlyazmaları ilə işləyərkən şahid olmuşam ki, onun bu dillərdən istifadə imkanları sərbəst imiş.

Qori təhsili ruscanı Üzeyir bəyçün təxminən ikinci ana dili durumuna çatdırmışdı. Bunu təsadüfən qeyd etmirəm. Özü kimi millətçi olan bir sıra müasirləri, o sıradan qardaşı Ceyhun bəylə (1891-1962) məktublaşmaları çox öynə rusca idi. Öz aralarında da ünsiyyət vasitəsi kimi ruscanı tez-tez istifadə edərdilər. Bu, onların vəfalı və təmənnasız vətənsevərliyinə, millətpərvərliyinə qətiyyən mane olmur və xələl gətirmirdi.

XX əsrin əvvəllərində Rusiyada təhsil alaraq Azərbaycana qayıtmış bir sıra başqa yurdsevərlərimizin bioqrafiyasını və irsini araşdırarkən də eyni halı müşahidə etmişəm.

Bu, Azərbaycan ziyalısının yeni tipi idi, təbii ki, zaman keçdikcə daha da təkmilləşəcəkdi, onun ana dili səviyyəsində bildiyi, yararlandığı dillərin miqdarı da artacaqdı. Təəssüflər ki, o körpü olacaq aydınlarımızın əksəriyyətini 1930-cu illərin siyasi repressiya girdabları udaraq məhv etdi, bir ənənə də mərdümazar sovet rejiminin qəddar hökmü və məkriylə belə sındı.

XX əsrin ikinci yarısında formalaşan azərbaycanlı ziyalı nəsillərinin rusdilli kəsiminin əksəri öz ana dilində adam içərisinə çıxarıla biləcək abırlı səviyyədə nə danışa, nə yaza bildi.

"Lüğət"ində "kosmopolitizm" sözünü Üzeyir bəy belə yozur və bu baxışı ilə əslində aşırı millətçiliyin dardüşüncəlilik göstəricisi olması qənaətini ifadə edirdi: "Vətən oğlu olmayıb, "dünya oğlu" olmaq əqidəsi; bu əqidə sahibləri, bəzən kutahbinlikdən ibarət olan vətənpərvəri və millətpərəstliyi kənara atıb ümum-i insanlara bir nəzər ilə baxmağı əfzəl bilirlər və ümum-i insanları üxüvvət və qardaşlığa dəvət ediyorlar".

Üzeyir bəy belə düşünsə də, hər halda Vətən oğlu olmağı daha üstün tutdu. Dövrünün diktəsi ilə dünya oğlu olmaq şərtlərinin bir qisim tərəflərini əxz etsə də, milli maraqlara xidmət onun son nəfəsinəcən idealı olaraq qaldı.

Üzeyir bəyin ayrı-ayrı kəlmələrə verdiyi izahlarda bir çalar da diqqət çəkir ki, o, yalnız sözün mənasını açmır, həm də bəzi vacib kəlmələrdə onların fəlsəfəsini xırdalayır, milli təfəkkürdə yer almasını istədiyi mənaları oxucuya təlqin etməyə, aşılamağa can atır. Başqa sözlə, bu izahlar bir izahlı lüğətin tələb etdiyi minimumdan - fəqət dürüst mənanı bildirmək çərçivəsindən xeyli kənara çıxır. Bunu sezməkçün elə bircə "nasionalizm" - "millətpərəstlik" sözünə dair Üzeyir bəyin şərhinə baxmaq yetər: "Millətini sevmə".

Bəlkə elə burada saxlamaq olardı. Amma Üzeyir bəy dayanmır və yaxşı millətçinin necə olmasının tək izahını yox, düsturunu irəli sürür: "Millətinə məhəbbət yetirib tərəqqi və səadətinə çalışma".

Yəni burada millətpərəst olmaqçün sevginin hələ azlıq etdiyi, həmin məhəbbəti isbat edəcək faydalı əməllərin olması şərti də ortaya qoyulur.

"Lüğət" Üzeyir bəyin - bu gənc müəllimin müasiri olduğu siyasi tarixi, hüquq sistemini, dövlət quruluşunu incəliklərinə qədər bildiyini nümayiş etdirir.

Bir sıra terminləri izah edərkən Üzeyir bəy sanki haşiyəyə çıxır, tarixə ekskurs edir və elə ayrıntılara toxunur ki, nəticədə mütaliəçi XX əsrin başlanğıcının Rusiya imperiyası həyatındakı müəyyən təfərrüatlardan da xəbərdar olur.

Lüğətdə elə terminlər də var ki, onlar artıq arxaizmlərdir. Bu qisim terminlər və onlara verilmiş izahların hansılarısa keçmiş barədə məlumatımızı artırırsa, araşdırma aparırkən, XX əsrin əvvəllərinə aid mətbuatı vərəqləyərkən dadımıza yetirsə, elələri də var ki, hətta xiffət oyadır.

"Obrazovatelğnıy üenz" ifadəsini Üzeyir bəy "Ləyaqət-i elmiyyə", yəni elmi baxımdan layiqlik kimi çevirərək anladır: "Böyük bir işə (məsələn, Məclis-i əyana üzv olmağa) girməyə elm və mərifət cəhətincə rəsmən layiq olmaq şərəfi".

Bu deyim XX əsrin başlanğıcında cəmiyyətdə, idarəçilikdəki oturuşmuş bir prinsipi nişan verir. İbrəti də ondan ibarətdir ki, ətrafdan baxıb anlayanlara məhəl qoyulmadan ləyaqət-i elmiyyəsi uyğun gəlməyənlər, dayazlar, bəsitlər, göydəndüşmələr bir ucdan mühüm kürsülərə oturdulur, dürtülür və bunları gördükcə, heyhat, nəsə etməyə gücün çatmadıqca qəlb ağrısıyla arzulayırsan - nə olaydı, vaxtilə işlək olmuş həmin rəsmi qayda bərpa ediləydi.

Ya "Lüğət"də dilin dərinlərinə çökmüş, fəal işləklik dövriyyəsindən çıxmış öz türkcəmizdəki elə saf sözlərə rast gəlirsən ki, dərhal onları müasir dilimizə qaytarmaq və istifadə etmək məqsədəuyğunluğu barədə fikrə dalmalı olursan.

Məsələn, "qısqı" sözü. "Svoboda" - "Hürriyyət" kəlməsinə izahında Üzeyir bəy bu sözü "Azadlıq. Əhalinin hökumət qısqısından azad olması" kimi verir.

Bu gün kəmsavad qəzet işçilərinin tez-tez təhrif edərək gah "təziq", gah "təyziq" kimi yazdığı ərəbcədən gələn diləyatmaz "təzyiq" sözünün əvəzinə "qısqı" işlətsək daha yaxşı deyilmi? Onunla eyni köklü "qısnamaq" felini ki işlədirik. Həm də bu söz Türkiyə türkcəsindən alaraq ara-sıra işlətdiyimiz "basqı"dan həm səslənişi, həm də anlam əhatəsi ilə daha məqbuldur.

Yaxud, ərəbcədən gələn və bir zamanlar istifadəmizdə olmuş "dain" kəlməsinin - bu gün hüquq praktikasında "borc verən" kimi tətbiq edilən ifadənin əvəzinə Üzeyir bəyin lüğətindəki variantın - "alacaqlı" sözünün götürülməsi qat-qat münasib olardı və indi də məhz onun istifadəsi umulandır.

Üzeyir bəyin lüğəti həm də bunu müşahidə etməyə inkan yaradır ki, ümumən daha mühafizəkar, dəyişməyə az mail olan hüquqi və siyasi terminologiyamız XX əsrin başlanğıcından indiyədək hansı təkamülü adlayıb və ərəbizmlərdən nə dərəcədə azad ola bilib.

"İştə Rusiyyənin köhnə tərz-i idarə-yi əsiranəsini darbadağın edən hərəkət-i əhraranə mətbuata vəsi bir meydan açdı".

Bu da Məhəmməd Əmin Rəsulzadənin "qələm arxadaşı"nın "Lüğət"inə önsözündən bir cümlədir.

XX əsr başlananda yazı dilimiz indiki azərbaycanlıların yüzdədoxsanının dərk etməyəcəyi bu təhər kəsif havalı, bulaşıq bir kökdə idi və indi nə qədər duru, parlaq, şirin olduğunu  görərək onu hər fəsaddan qorumağa, qədrini bilməyə hər an hazır olun!

Bu lüğətin yaranması və nəşrinin zəruriliyini əsaslandıran Məhəmməd Əmin Rəsulzadə XIX yüzilin sonları ilə yenicə başlanan XX əsrin əvvəlindəki ziyalı nitqi və yazısını, mətbuat dilini müqayisə edərək müşahidəsini belə yekunlaşdırırdı: "Üsul-i məişət dəyişdikcə tərz-i lisan da dəyişir. On il bundan irəliki sözlərlə bugünkü əhval ü övza ifadə ediləməz".

Haqlıdır. Amma vaxtın axarında yalnız tərz-i lisan yox, tərkib-i lisan da xeyli başqalaşır. Məhəmməd Əmin Rəsulzadə 10 il əvvəllə içərisində yaşadığı günləri müqayisə edərək müqayisəyəgəlməz qədər dəyişikliklər görürdüsə, baxın ki, o vaxtdan bəri bir əsrdən artıq müddət ötəndən, üsul-i məişət 180 dərəcə dəyişəndən sonra "tərz-i və tərkib-i lisanda" fərq nə yekəlikdə olar.

Son illərdə hətta yüksək elmi dərəcələri olanların imzası ilə nəşr edilmiş bir para transliterasiyalarda elə naşılıqlar, məsuliyyətsizliklər və qaba səhvlərə tuş düşürük ki, bunları acı təəssüf və rişxəndlə qarşılamamaq olmur.

...Azərbaycan qamusçuluğunun, milli lüğətçiliyimizin 700 ildən artıq zəngin tarixi vardır.

Bu "Lüğət"i ilə dahi Üzeyir bəyin fəxr qaynağımız olan adı həmin möhtəşəm tarixin qoynunda da ehtiramlı yerini tutmaqdadır.

Yaxşı iş hansı dövrdə, hansı şəraitdə yerinə yetirilməsindən asılı olmayaraq köhnəlmir.

Xeyir əməl altuna bənzəyər ki, zaman ötdükcə torpar altında, gizlində qalsa belə, pas tutmaz, korşalmaz, əksinə, dəyəri artar.

Kitabınsa altundan da üstün məziyyəti budur ki, qızılı dar ayağın, qara günün yarağı saysalar da, yazı, qələm töhfəsi həm yaxşı, həm yaman günün gərəyi və bəzəyidir.

Yer üzündə miqdarı bilinməyən qədər dillərdə sayı-hesabı olmayan kitablar var. Ancaq bütün xalqlar və bütün dillərdəki bütün kitabları müştərək edən bir kitab da var.

Ellik kitabların başlanğıcı olan kitablar kitabı - "Əlifba".

Lakin hərfləri, sözləri öyrədən "Əlifba"dan daha yuxarıda millətlərin üstün övladlarının istedad işığıyla doğurduqları Yaxşı Millət Olmağın "Əlifba"sı da var ki, Üzeyir Hacıbəylinin də bütün ömrü həmin alidən-ali kitabın səhifələrini yaratmaqla keçdi.

Üzeyir bəyin hər ölməz əsəri Milli Düşüncə Memarlığının, Millət "Əlifba"sının bir parçasıdır və onun "Lüğət"i də Millət Quruculuğuna hesablanmış həmin silsilənin davamıdır.

Üzeyir bəyin dahi babalarından olmuş, həm astronom, həm riyaziyyatçı, həm təbib, həm ilahiyyatçı və həm də dilçi, lüğətşünas Hinduşah Naxçıvani gələcəyə göndərdiyi əsərlərindən birinə  "Təcarüb üs-sələf" - "Sələflərin təcrübələri" ünvanı qoymuşdu.

Sələflərdən xələflərə yetişən, yaşamağa (və yaşadılmağa) layiq təcrübələrin zənciri qırılmadıqca millət bütöv, güclü, inamlı, ötkəm olur.

Bütün çoxşaxəli çalışmalarında sələflərin əzəmətli təcrübələrinin sönməsinə macal verməyərək onları davam etdirmiş və xələflərə yeni, bir qədər də qüvvətli, sabahları tənzimləyəcək daha mükəmməl təcrübələri miras qoymuş nadir azərbaycanlı Üzeyir Hacıbəylinin az adama bəlli "Lüğət"i də onun hər kəsə məlum sevimli əsərləri kimi köhnəlməzdir, həmişə də gərəkli olaraq qalacaqdır.

4 iyul 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:21
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see214

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see130

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see126

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see124

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see118

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see118

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see118

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see116

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see116

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see114

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see113

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see113

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see112

Messi ardıcıl beşinci oyunda dubl etdi

13 İyul 2025 09:49see112

İsti havada arıqlamağın yolu

13 İyul 2025 01:01see112

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see111

Yığmamızdan növbəti qələbə

12 İyul 2025 20:13see110

Qərbi Azərbaycan Xronikası: İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb

13 İyul 2025 00:02see109

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri