Icma.az
close
up
RU
David Poladov: Azərbaycanda psixoterapiya hazırda postformativ mərhələdədir MÜSAHİBƏ

David Poladov: Azərbaycanda psixoterapiya hazırda postformativ mərhələdədir MÜSAHİBƏ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 noyabr, Sevda Cəfərova, AZƏRTAC

Müsahibimiz David Poladov eklektik psixoterapiyanın supervayzeri, beynəlxalq təşkilatlarda layihə və proqram rəhbəri kimi fəaliyyət göstərmiş, “Web of Science” və “Scopus” indeksli jurnallarda məqalələri dərc olunmuş tədqiqatçı, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi və SOS Uşaq Kəndləri Azərbaycanın supervayzeridir. AZƏRTAC müsahibəni təqdim edir:

-Psixoterapiyaya, xüsusilə eklektik yanaşmaya marağınız necə yarandı?

-Psixoterapiyaya marağım insanın daxili aləminin yalnız bir nəzəri çərçivə ilə izah edilə bilməyəcəyini dərk etdiyim andan formalaşdı. İnsan psixikası çoxqatlı, dinamik və struktur baxımından çevik bir sistemdir. Bu səbəbdən onu tək bir yanaşma ilə anlamağa çalışmaq həm elmi, həm də praktik baxımdan məhdudiyyət yaradır.

Mənim üçün psixoterapiya, sadəcə metodlar toplusu deyil, şəxsiyyətin restrukturlaşması və sosial adaptasiyası prosesidir. Bu, insanın öz daxili sistemini yenidən təşkil etdiyi, davranış, emosiya və idrakın harmonik şəkildə tarazlandığı bir yenidənqurma mexanizmidir. Psixoterapevt bu prosesi müşahidə edən deyil, restrukturlaşmanı mümkün edən sistem qurucusudur.

Psixoterapiya anlayışı yalnız nəzəri baza ilə məhdudlaşmır - o, psixoloji təhsilin üzərinə alınan xüsusi təlim və superviziya mərhələləri ilə formalaşır. Eklektik psixoterapiya bu prosesin konseptual çərçivəsini yaradır, sistematik-eklektik psixoterapiya isə bu çərçivənin praktik tədris və tətbiq modelidir.

Dünyada hazırda 400-dən çox psixoterapiya növü mövcuddur, lakin bunların içərisində 17 əsas - baza terapiya sistematik-eklektik modelin təməlini təşkil edir. Bu baza terapiyaların texnikaları və prinsipləri inteqrativ şəkildə birləşdirilərək fərdi və sosial kontekstə uyğun kombinasiyalar yaradılır.

Bu modeldə peşəkar inkişaf mərhələləri də sistematik şəkildə izlənir. Bakalavr psixologiya təhsili üzərinə birillik təlim və superviziya prosesi ilə mütəxəssis terapevt statusu qazanır. Üçillik mərhələdə yəni dərinləşdirilmiş superviziya, təlim və fərdi seans təcrübələri tamamlandıqda, o, master terapevt səviyyəsinə yüksəlir. Beşillik mərhələni uğurla bitirən, həm elmi-nəzəri, həm də praktik izlənməni tamamlayan mütəxəssis isə supervayzer statusuna çatır.

Bu ardıcıllıq təsadüfi deyil - çünki sistematik-eklektik psixoterapiya peşəkar kimliyin formalaşmasını və elmi məsuliyyətin təcrübə ilə birləşməsini əsas prinsip kimi qəbul edir.

Hazırda eklektik psixoterapiya üzrə supervayzer olaraq məqsədim bu modeli yalnız terapiya sahəsində deyil, həm də elmi və institusional müstəvidə formalaşdırmaqdır. Azərbaycanda bu istiqamətin sistemli şəkildə qurulması, inkişaf etdirilməsi və bu fəaliyyət çərçivəsində onlarla yeni psixoterapevtin hazırlanması prosesi həyata keçirilir.

-Eklektik psixoterapiya sahəsində sizi ən çox cəlb edən nə olub?

-Məni bu sahədə ən çox cəlb edən - elmi azadlıqla etik məsuliyyətin harmonik şəkildə birləşdiyi balansdır. Eklektik psixoterapiyada terapevt artıq bir nəzəri məktəbin sərhədləri ilə məhdudlaşmır; o, fərqli yanaşmaları elmi sübutlara əsaslanaraq inteqrasiya edən sintez yaradıcısına çevrilir. Bu, eyni zamanda? “therapist-as-researcher” modelinin təzahürüdür — yəni praktik fəaliyyətin özü tədqiqatın davamıdır.

Bununla yanaşı, mən paralel olaraq beynəlxalq səviyyədə proqram və layihə rəhbəri kimi də fəaliyyət göstərirəm. Bu təcrübə mənə göstərdi ki, eklektik model yalnız terapevtik deyil, həm də idarəetmə və korporativ mühitdə son dərəcə funksional bir yanaşmadır. “Evidence-based management” prinsipləri ilə işləyərkən eklektik yanaşma komandaların daxili şəxsiyyət strukturunu və qarşılıqlı münasibətlər sistemini çoxşaxəli şəkildə təhlil etməyə imkan verir. Bu model idarəetmədə insan amilini psixoloji və davranış səviyyəsində daha dərindən anlamağa şərait yaradır və komanda dinamikasının elmi əsaslarla formalaşmasına xidmət edir.

Eklektik psixoterapiya çərçivəsində əsas qayə - pasiyentin real ehtiyacına uyğun, empirik cəhətdən təsdiqlənmiş metodların çevik istifadəsidir. Bu yanaşmada Arnold Lazarus-un “Multimodal Therapy” konsepsiyası xüsusi yer tutur. Bu modeldə insanın yeddi əsas komponenti — davranış, emosiya, təsəvvür, idrak, qarşılıqlı əlaqə, fizioloji proses və dəyərlər sistemi nəzərə alınır və terapiya bu struktur əsasında formalaşdırılır.

İndi qeyd edəcəyim konsept mənim fəaliyyətimdə əsas istinad nöqtəsidir: hər bir pasiyent özünəməxsus psixoloji “modal profilə” malikdir və terapiya onun daxili strukturuna uyğunlaşdırılmalıdır. Eyni prinsip komandalarla işləyən mühitlərdə də effektiv tətbiq edilir. Bu uyğunluq, əslində, psixoterapiya ilə idarəetmənin bir-birini tamamlayan iki tərəfini formalaşdırır - biri fərdi transformasiyanı, digəri isə strukturun inkişafını təmin edir.

-Eklektik psixoterapiya nədir və onu digər yanaşmalardan fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

-Eklektik psixoterapiya - psixoterapiyanın çoxillik nəzəri inkişafının və metodoloji sintezinin təbii nəticəsidir. Bu model bir məktəbin ideoloji sərhədlərini deyil, insanın mürəkkəb psixi strukturlarını əsas götürür. O, monoteoretik yanaşmalardan fərqli olaraq, insanın dəyişkən təbiətinə cavab verən dinamik, multiteoretik və empirik əsaslı sistemdir.

Eklektik psixoterapiyanın əsas məqsədi fərqli məktəblərin qarşıdurmasını aradan qaldırmaq yox, onların elmi əsaslarını funksional şəkildə birləşdirərək interaktiv sintez yaratmaqdır. Əgər psixoanalitik ənənə (Freyd, 1923) psixikanın dərin strukturunu — arxetipik və simvolik qatlarını araşdırır, koqnitiv-bihevioral yanaşma (Bek, 1967) isə düşüncə strukturunun rasional rekonstruksiyasına fokuslanırsa, eklektik psixoterapiya bu iki istiqaməti metodoloji körpü vasitəsilə əlaqələndirir.

Qoldfrid və Norkross qeyd edirlər ki, eklektizm “additive” deyil, “interactive” bir prosesdir — yəni metodların sadəcə toplanması deyil, onların qarşılıqlı təsir mexanizmlərinin elmi əsaslarla uyğunlaşdırılmasıdır. Bu yanaşma insanın şəxsiyyət strukturunu, müdafiə mexanizmlərini, davranış və emosional reaksiya sistemlərini paralel şəkildə nəzərə alır. Məhz bu sintez insanı tək bir nəzəri bucaqda deyil, bütünlüklə — bioloji, koqnitiv, emosional və sosial aspektlərdə dərk etməyə imkan verir.

Eklektik psixoterapiyanın fərqləndirici xüsusiyyəti onun sabit nəzəriyyəyə deyil, dəyişən insana adaptasiya olunmasıdır. O, pasiyentin şəxsiyyət modelini terapiyanın mərkəzinə çəkir və hər bir fərdin daxili sisteminə uyğun texniki yanaşma yaradır. Burada terapevtin əsas rolu, insanın strukturuna ən uyğun texnikaları elmi əsasla seçmək, onları inteqrativ şəkildə tətbiq etmək və şəxsiyyətin restrukturlaşmasına şərait yaratmaqdır.

Bu modelin üstünlüyü ondadır ki, o, təkcə terapevtik praktikada deyil, həm də idarəetmə və komanda psixodinamikasında uğurla tətbiq oluna bilir. Adaptiv və çevik struktura malik olduğuna görə, eklektik yanaşma həm fərdi, həm də sistem səviyyəsində davranış dəyişikliklərini izləməyə, onları ölçüləbilən nəticələrə çevirməyə imkan verir.

Beləliklə, eklektik psixoterapiya – həm elmi əsaslı, həm də humanistik mahiyyət daşıyan canlı bir sistemdir. O, insanı yalnız anlamaq üçün deyil, onunla birlikdə transformasiya prosesi qurmaq üçün nəzərdə tutulmuş ən çevik psixoterapevtik modeldir.

-Eklektik yanaşmanın üstünlükləri və çatışmazlıqları nələrdir?

-Eklektik psixoterapiyanın ən əsas üstünlüyü ondadır ki, o, psixoloji reallığı nəzəriyyəyə tabe etmir, əksinə, nəzəriyyəni reallığın dinamikasına uyğunlaşdırır.

Bu, terapevtə hər bir pasiyentin psixoloji strukturuna uyğun çevik və adaptiv yanaşma seçmək imkanı verir. Eklektik model, mahiyyətcə, psixologiyanın “canlı laboratoriyası”dır — burada metodlar məqsəd deyil, insanın inkişafına xidmət edən vasitələrdir.

Bu çeviklik sayəsində eklektik psixoterapiya kompleks hallarda — şəxsiyyət pozuntuları, travma sonrası restrukturlaşma, dissosiativ simptomatika və affektiv disbalans kimi çoxqatlı vəziyyətlərdə — daha təsirli nəticə verir. Bötler və Konsoli (1992) tərəfindən aparılmış geniş tədqiqatlarda da göstərilib ki, eklektik modellərin pasiyent-mərkəzli uyğunlaşma göstəriciləri monoteoretik terapiya modellərindən statistik cəhətdən daha yüksəkdir. Bu, təsadüfi deyil, çünki eklektik yanaşma pasiyentin fərdi mexanizmlərini, onun koqnitiv, affektiv və sosial təcrübəsini eyni vaxtda qiymətləndirməyə imkan yaradır.

Eklektik modelin elmi dəyəri həm də onun metodoloji inteqrasiya qabiliyyətindədir. Bu yanaşmada terapevt tək bir məktəbin “dilində” danışmır; o, müxtəlif psixoloji dilləri bir “semantik sistemdə” birləşdirərək daha universal və funksional bir ünsiyyət yaradır. Bu da insan psixikasının çoxsəviyyəli strukturunu həm nəzəri, həm empirik, həm də ekzistensial səviyyədə dərk etməyə şərait yaradır.

Lakin bu üstünlüyün içində müəyyən bir paradoks da gizlidir. Eklektik psixoterapiya yalnız yüksəksəviyyəli təlim və superviziya mühitində effektiv ola bilər. Çünki bu yanaşmanın elastikliyi, eyni zamanda, risk yaradır: nəzəri bilik zəif olanda, bu çeviklik metodik xaosa çevrilə bilər. Eklektik modelin “azadlığı” yalnız elmi əsas üzərində mənalı olur. Bu səbəbdən də beynəlxalq elmi çevrələrdə o, “advanced stage model” — yəni yalnız nəzəri yetərlilik və praktik təcrübə səviyyəsinə çatmış terapevtlər üçün uyğun sistem kimi qəbul edilir.

Beləliklə, eklektik psixoterapiya həm azadlığın məsuliyyətini, həm də biliklərin sintezini tələb edən bir modeldir. Onun əsas gücü sərhədsizlikdə deyil, sərhədləri elmi şəkildə tanıyaraq onlardan məqsədyönlü şəkildə istifadə etməkdədir.

-Sizcə, Azərbaycanda psixoterapiya mədəniyyəti hansı mərhələdədir?

-Azərbaycanda psixoterapiya hazırda postformativ mərhələdədir — yəni ilkin tətbiq və fərdi təşəbbüslər dövründən çıxaraq, sistemli inkişaf və institusional sabitlik mərhələsinə daxil olur. Uzun illər ərzində psixoterapiya praktikası əsasən fərdi təşəbbüslərə söykənirdi, lakin son illərdə bu sahə strukturlaşma prosesinə qədəm qoyub. Xüsusilə superviziya mədəniyyətinin formalaşması, universitetlərdə akademik psixoterapiya kurslarının açılması və elmi konfransların artması artıq bir transformasiya mərhələsinin başlanğıcını göstərir.

Bu dəyişiklik təkcə peşəkar mühitdə deyil, həm də cəmiyyətin psixoloji savadlılıq səviyyəsində özünü göstərir. Artıq insanlar psixoterapiyanı yalnız “problemlərin həlli xidməti” kimi deyil, şəxsiyyətin inkişafı və sosial uyğunlaşma prosesi kimi qəbul etməyə başlayıblar. Bu, cəmiyyətin humanitar şüurunda baş verən keyfiyyət dəyişiminin göstəricisidir — insanın psixi rifahı artıq fərdi məsələ deyil, sosial kapitalın bir hissəsidir.

Son illərdə Azərbaycanda psixoterapiyanın sistematik-eklektik model əsasında inkişafı da bu mədəniyyətin elmi dayaqlarını möhkəmləndirir. Superviziya sistemlərinin tətbiqi, terapevtlərin mərhələli şəkildə formalaşdırılması və beynəlxalq metodoloji standartlara inteqrasiya prosesi göstərir ki, artıq psixoterapiya “informal praktikadan” “strukturlaşdırılmış elmi fəaliyyətə” keçid dövrünü yaşayır.

Mənim müşahidəmə görə, ölkəmizdə psixoterapiya mədəniyyəti getdikcə idarəetmə, təhsil və sosial rifah sahələri ilə daha sıx əlaqələnir. Bu, yalnız peşəkarların məsuliyyətini deyil, həm də cəmiyyətin psixoloji sağlamlığa olan kollektiv münasibətini dəyişir. Gələcək mərhələ - psixoterapiyanın təkcə yardım xidməti kimi deyil, elmi, institusional və strateji inkişaf sahəsi kimi möhkəmlənməsi olacaq. Bu istiqamətdə aparılan elmi işlər və superviziya proqramları artıq həmin mərhələyə keçidin təməlini formalaşdırır.

-Eklektik psixoterapiyanın gələcəyini necə görürsünüz?

-Eklektik psixoterapiya artıq sadəcə terapevtik metod deyil — o, psixologiyanın yeni paradiqması kimi inkişaf edir. Bu modelin dəyəri ondadır ki, o, psixoterapiyanı “nəyi tətbiq edirik?” sualından “insanı necə dərk edirik?” səviyyəsinə daşıyır.

Müasir dövrün əsas tendensiyası insanın psixi sistemini yalnız bir nəzəriyyənin kontekstində deyil, biliklərin qarşılıqlı əlaqəsi şəklində anlamaqdır.

Bu mənada XXI əsrin psixoterapiyası “epistemoloji sintez” dövrünə qədəm qoyur — burada süni intellekt, neyroelm və davranış elmləri bir-birini tamamlayan bilik sistemlərinə çevrilir. Psixoterapiya artıq yalnız emosional sağalma prosesi deyil, həm də idarəetmə, qərarvermə və sosial qarşılıqlı təsirin dərin kognitiv modeli kimi dəyərləndirilir.

Norkross və Qoldfridin (2019) tədqiqatları da göstərir ki, yaxın onillikdə inteqrativ və eklektik yanaşmalar psixoterapiyanın dominant istiqamətlərindən birinə çevriləcək. Bu, təsadüfi deyil — çünki bu model həm elmi sübutlara, həm də insan təcrübəsinin çoxqatlı təbiətinə əsaslanır.

Gələcəyin psixoterapevti artıq yalnız empatik dinləyici deyil; o, analitik düşüncə, elmi təfəkkür və multimodal baxış tərzinə malik intellektual terapevtdir. Belə bir mütəxəssis üçün insan davranışı bir sistem kimi dərk edilir — fərdin daxili dinamikası, sosial rolu və mədəni konteksti bir-biri ilə qarşılıqlı əlaqədə öyrənilir. Bu transformasiya artıq qlobal miqyasda başlayıb və mən bu prosesi Azərbaycan psixoterapiyasının intellektual xəritəsində mühüm dönüş nöqtəsi kimi görürəm.

Eklektik modelin gələcəyi yalnız psixoterapiya sahəsi ilə məhdudlaşmır. O, fərd və təşkilat səviyyəsində restrukturlaşma proseslərində də nəzəri və praktik çərçivə kimi dəyərləndirilə bilər. Çünki bu yanaşma hər bir sistemdə eyni əsas prinsipə söykənir: insanı çoxlaylı struktur kimi anlamaq və onun daxili mexanizmlərini çevik şəkildə adaptasiya etmək.

Beləliklə, eklektik psixoterapiya gələcəyin yalnız müalicəvi deyil, həm də elmi, sosial və idarəetmə baxımından sintez yaradan konseptual platformasına çevriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri