Dembele “Enfild”i şoka saldı
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çempionlar Liqasında 1/8 final arxada qaldı.
"Football-plus.az" xəbər verir ki, çərşənbə axşamı keçirilən oyunların üçündə heç bir sensasiya yaşanmadı. İlk oyunda qalib gələn “Bavariya”, “Barselona” və “İnter” uğurun davamını gətirdi. “Liverpul” isə ilk oyundakı qələbəni əldən verdi. Çərşənbə günü növbəti mərhələyə adlayanlar sırasına Dortmund “Borussiya”sı, “Arsenal”, “Real” və “Aston Villa” da qoşuldu. 1/4 finalda bu cütlər qarşılaşacaq: PSJ – “Aston Villa”, “Arsenal” – “Real”, “Barselona” – “Borussiya” (D), “Bavariya” – “İnter”. Bu mərhələnin ilk oyunları aprelin 8-9-da keçiriləcək.
“Barselona” – “Benfika” oyununda heç bir intriqa yaşanmadı. Lissabondan fərqli bu dəfə daha çox qol vuruldu. İlk 13 dəqiqədən sonra hesab 1:1 oldu deyə, çoxları qarşılıqlı qolların davam edəcəyini düşündü. Amma meydan sahibləri topa nəzarəti ələ keçirərək rəqibin bir daha qapıya zərbə vurmasında imkan vermədi. Düzdü Pavlidisin zərbəsi tirdən döndü, ancaq yunan forvard ofsaydda idi. İlk yarıda daha iki qol vuran kataloniyalılar intriqanı bitirdi. Xüsusən də hər şeyi özü edən Yamalın qolu çox gözəl alındı. 2-ci hissə daha sönük keçdi ki, bu da anlaşılandı. Lissabonlular ən azı üç qol vurmalıydı. Lajenin dəyişiklikləri də oyunu canlandırmadı. “Barselona” düşərgəsi isə artıq çempionluq yarışı baxımından böyük önəm daşıyan “Atletiko” ilə oyunu düşünürdü.
“İnter” – “Feyenoord” duelində də sensasiya baş vermədi. Milan klubu İnzaqinin qorumağa qərar verdiyi Lautaro ilə Barellanın yoxluğunda da debütdəcə üstünlüyünü möhkəmlətdi. Artıq 8-ci dəqiqədə Türam qapının yuxarı küncünə qarşısıalınmaz zərbə vurdu. Bundan sonra da oyunun axarına nəzarət edən meydan sahiblərinin qapısı önündə də arabir təhlükəli vəziyyətlər yaranırdı. Fasiləyə az qalmış Moder özü qazandığı penaltini qola çevirməklə hesabı bərabərləşdirdi. Amma 2-ci hissənin əvvəlində “Feye”nin də qapısına penalti təyin olundu. Taremiyə qarşı kobudluğa görə hakim “nöqtə”ni göstərdi. Çalhanoğlu qonaqların olan-qalan ümidini də “dəfn etdi”. “İnter” fərqi artırmağa da yaxın oldu – Mxitaryan yaxşı imkanı boşa verdi, Türam topu tirə vurdu. Əslində evdəki 0:2-dən sonra minimal şansa malik olan qonaqlar bu dəfə də qeyri-adi nəsə göstərmədi. Gözlənildiyi kimi, “İnter” 1/4 finala adladı. Amma “Bavariya” tam başqa səviyyədə olan rəqibdi. “Feyenoord” isə artıq diqqətini Niderland çempionatına, daha doğrusu, yenidən ÇL-ə vəsiqə qazanmağa yönəltməlidi.
“Liverpul”la PSJ arasındakı ilk oyunun nəticəsi hadisələrin axarına uyğun olmamışdı. Yəni Parisdə meydan sahibləri hücum etmiş, qonaqlar qol vurmuşdu. Təbii ki, PSJ cütün favoriti sayılmırdı. Ancaq qonaqlar 12-ci dəqiqədə Alissonla Konate arasındakı anlaşmazlıqdan ustalıqla yararlandı. Barkolanın qapıçı meydançasına ötürməsini qarşılamaq istəyən qapıçı ilə müdafiəçinin nə etmək istədiyi bəlli olmadı, belədə Dembele onların arxasından sıçrayıb hesabı açdı. İlk yarı ümumilikdə təhlükəli vəziyyətlərlə zəngin oldu. 2-ci hissədə isə PSJ daha səliqəli oyun göstərməyə başladı. “Liverpul” get-gedə təzyiqi artırsa da, yetərincə qol vəziyyəti yarada bilmirdi. Ən çətin anlarda da Donnarumma qonaqların köməyinə çatırdı. Belədə əlavə vaxta ehtiyac yarandı. Həmin zaman kəsiyində isə parislilər daha gümrah göründü, bir neçə təhlükəli vəziyyət yaratdı. Belə çıxır ki, onların 2-ci hissədəki sakitliyi yorğunluq və ya qorxu hissi ilə bağlı deyilmiş, taktiki gediş imiş. Ancaq yenə də qapılara qol vurulmadı. Qalibi penalti seriyasında müəyyənləşdirmək lazım gəldi. Donnarumma iki zərbəni dəf etdisə, Alisson bunu bacarmadı. PSJ kubok uğrunda mübarizəni davam etdirir. “Liverpul” isə göz yaşını saxlaya bilməyən Salahla çempionluğu və Liqa kubokunu qazanmağa çalışacaq.
Artıq iki mövsümdü “Bavariya” ilə “Bayer-04” arasında amansız rəqabət formalaşıb. “Aspirinlər” ötən mövsüm çempionluğu münhenlilərdən qopardı, cari mövsümdə isə çempionat oyunlarının heç birində bu komandaya uduzmamaqla yanaşı, ölkə kubokunda da mübarizədən kənarlaşdırıblar. Amma hegemonun səbrinin, dözümünün də bir həddi var. Çempionatdakı 8 xal fərqi öz yerində, ÇL-də hesablaşma daha acınacaqlı oldu. Münhendən 0:3 hesabı ilə dönən “Bayer-04” evdə nəsə etməyə çalışsa da, nə həvəsi, nə də mənəvi gücü çatdı. Virtsin yoxluğu da bir başqa problemdi. Keyn cavab görüşünün 52-ci dəqiqəsində hesabı açandan sonra oyunu davam etdirməyə dəyməzdi. Ardından ingilis ulduzun assistentlik etdiyi Devis də fərqləndi. “Aspirinlər” isə təsəlli qolunu da vura bilmədi.
1/8 final, cavab oyunları
Barselona – Benfika 3:1 (3:1)
Barselona (İspaniya): Şçensnı, Kunde, R.Arauxo, İ.Martines (E.Qarsiya, 87), Balde, F.de Yonq (Kasado, 81), Pedri, Olmo (Qavi, 70), Yamal (Lopes, 82), Levandovski (Torres, 70), Rafinya.
Benfika (Lissabon, Portuqaliya): Trubin, T.Arauxo (Reqo, 84), A.Silva, Otamendi, Dal, Eursnes, Florentino (Barreyro, 70), Kökçü (Belotti, 70), Aktürkoğlu (Sanşeş, 56), Pavlidis, Şelderup (Amduni, 56).
Qollar: Rafinya, 11 (1:0). Otamendi, 13 (1:1). Yamal, 27 (2:1). Rafinya, 42 (3:1).
Vərəqə: A.Silva, 48 – sarı.
Hakim: Fransua Letesye (Fransa).
11 mart. Barselona. 47111 tamaşaçı.
İlk oyun – 1:0.
İnter – Feyenoord 2:1 (1:1)
İnter (Milan, İtaliya): Zommer, Dyumfris, Pavar, Açerbi (Kokki, 84), Bissek, Auqusto (Bastoni, 61), Çalhanoğlu (Asllani, 61), Frattezi (Berenbruk, 84), Mxitaryan, Taremi, M.Türam, 71.
Feyenoord (Rotterdam, Niderland): Vellenroyter, Rid (Mitçell, 75), Beelen, Hantsko, Bueno, Moder, Small, İvanuşets (Redmond, 75), Hac-Mussa, Ueda (Karransa, 63), Sliti (Trauner, 63).
Qollar: M.Türam, 8 (1:0). Moder, 42-p. (1:1). Çalhanoğlu, 51-p. (2:1).
Vərəqələr: Small, 45+1. Asllani, 63. M.Türam, 69 – sarı.
Hakim: İvan Krujlyak (Slovakiya).
11 mart. Milan. 55536 tamaşaçı.
İlk oyun – 2:0.
Liverpul – PSJ 0:1 (0:1, 0:0, 0:0), p. – 1:4
Liverpul (İngiltərə): Alisson, Aleksander-Arnold (Kuansa, 73), Konate (Endo, 111), Van Diyk, Robertson, Qravenberx, Makallister (Cons, 91), Salah, Soboslai (Elliott, 105), Dias (Qakpo, 102), Jota (Nunyes, 73).
PSJ (Fransa): Donnarumma, Hakimi, Markinyos (Beraldo, 90+2), Paço, Mendeş, Neveş (Ramuş, 120+1), Vitinya, Ruis (Zair-Emeri, 90), Kvaratsxeliya (Li Kan İn, 101), Dembele, Barkola (Due, 67).
Qol: Dembele, 12.
Penalti seriyası: Vitinya – 0:1. Salah – 1:1. Ramuş – 1:2. Nunyes – 1:2 (qapıçı). Dembele – 1:3. Cons – 1:3 (qapıçı). Due – 1:4.
Vərəqələr: Markinyos, 46. Makallister, 90+2 – sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
11 mart. Liverpul. 59765 tamaşaçı.
İlk oyun – 1:0.
Bayer-04 – Bavariya 0:2 (0:0)
Bayer-04 (Leverkuzen, Almaniya): Qradetski, Artur (Bonifeys, 65), Ta, Ermoso (Andrix, 38), İnkapye, Frimponq, Palasios, Caka, Qrimaldo (Buendia, 84), A.Qarsiya (Adli, 66), Şik.
Bavariya (Münhen, Almaniya): Urbiq, Laymer (Stanişiç, 46), Upamekano, Kim Min Ce, Devis, Qoretska (Palyinya, 84), Kimmix, Olise (İto, 69), Musiala, Koman (Qnabri, 58), Keyn (Müller, 84).
Qollar: Keyn, 9 (1:0). Musiala, 54 (2:0). Keyn, 75-p. (3:0).
Vərəqələr: Laymer, 39. Mukiele, 39. Qoretska, 51. Tapsoba, 73. Ta, 74 – sarı. Mukiele, 62 – qırmızı (ikinci sarı).
Hakim: Maykl Oliver (İngiltərə).
5 mart. Münhen. 75000 tamaşaçı.
İlk oyun – 0:2.
Faktlar
* “Barselona” bütün turnirləri əhatə edən məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdırdı. Bu komanda sonuncu dəfə ötən il dekabrın 21-də “Atletiko”ya uduzub (1:2). Kataloniyalılar o vaxtdan bəri keçirdiyi oyunların 14-də qalib gəlib, 3-də heç-heçə edib.
* Rafinya “Barsa”nın braziliyalı futbolçuları üçün mövsüm ərzində qol sayına görə yeni rekord müəyyənləşdirdi. İndiyə qədər 11 qol vuran 28 yaşlı vinger Rivaldonun 1999/00, Neymarın isə 2014/15 mövsümündə müəyyənləşdirdiyi rekordu (10) yenilədi. Rafinya həminin ÇL-in bir mövsümündə 11 qol vurmağı bacaran ilk braziliyalı oldu. Rivaldo ilə Neymarı xatırlatdıq. Kaka (2006/07), Jardel (1999/00) və Firmino (2017/18) da vaxtilə 10 qol vurub. Rafinya ÇL-in cari mövsümündə 11 qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmə də verib. Braziliyalı ulduz klub tarixində məhsuldar hərəkətlərin sayına görə yalnız Messidən (2011/12 mövsümündə 19) geri qalır.
* Yamal ÇL-in tarixinə bir oyunda qol+ötürmə ilə yadda qalan ən gənc futbolçu kimi düşdü. Oyun günü 17 yaş 241 günlük olan cinah hücumçusu “Bazel”in sabiq hücumçusu Bril Embolonun 2014-də müəyyənləşdirdiyi rekordu (17 yaş 263 gün) yenilədi. Lamin həmçinin ÇL-də 5 məhsuldar ötürmə həddinə çatan ən gənc futbolçudu. Əvvəlki rekord bunu 19 yaşında bacaran Teo Uolkotta məxsus idi. Ümumiyyətlə, Yamal ÇL-də meydana çıxdığı 19 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
* Qol və məhsuldar ötürmə ilə yadda qalan Keyn ingiltərəli futbolçulardan yalnız Devid Bekhemin ÇL-də bacardığı həddə çatdı. Belə ki, Harri qitənin ən nüfuzlu klub turnirində “qol+ötürmə” sistemi üzrə artıq 50 xal toplayıb. 39 qolu və 11 məhsuldar ötürməsi olan Keyn yalnız 52 xala malik Bekhemdən geri qalır.
* Keyn ingiltərəli bombardirlər üçün yeni ÇL rekordu müəyyənləşdirdi. İndiyə qədər bu ölkədən olan heç bir futbolçu ÇL-in/ÇK-nın bir mövsümündə 10 qol həddinə çatmamışdı.
* “Liverpul” tarixində ilk dəfə ÇL/ÇK-da penalti seriyasında seriyasında uduzdu. “Qırmızılar” indiyə qədər üç seriyanın hamısından qalib ayrılmışdı. “Liverpul” həmçinin tarixində ilk dəfə pley-offda ilk oyunda qələbə qazanandan sonra bu turnirdə mübarizəni dayandırdı.
* PSJ Fransanın son 40 ildə ÇL/ÇK-da penalti seriyasında qalib gələn 2-ci komandasıdı. Sonuncu belə hadisə 1984/85 mövsümündə yaşanıb. 1985-ci ilin martında keçirilən oyunda “Bordo” “Dnepr”in müqavimətini qırıb (1:1, p. – 5:3). Fransa klubları həmin vaxtdan bəri 4 belə seriyanın iştirakçısı olmuş və hamısında uduzmuşdu.
* Dembele cari mövsümdə klub səviyyəsində 29-cu qolunu vurdu. Halbuki 27 yaşlı hücumçu PSJ və “Barselona”da keçirdiyi əvvəlki beş mövsümdə cəmi 28 dəfə fərqlənmişdi.
Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Çox razıyam. Əsl komanda olduğumuzu göstərdik. Bu böyük komanda ilə qürur duyuruq. Bu hələ başlanğıcdı! Mentallığımız ondan ibarətdi ki, daha yaxşı olaq. Hər iki komanda irəli getməyə layiq idi. Biz Parisdə daha yaxşı oynadıq, rəqib burda. Komandam “Enfild”də xarakter və şəxsi keyfiyyətlər göstərdi. Atmosfer həm möhtəşəm idi, həm də ağır”.
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Nə vaxtsa iştirak etdiyim ən yaxşı oyun idi. İlk 20-25 dəqiqədə meydanın rəqibə aid hissəsində olduq, qol vəziyyətləri yaratdıq və qəfil hesabda geri düşdük. 90 dəqiqədən sonra məğlubiyyətdən daha artığına layiq olduğumuzu hiss edirdik. Qol vuracağımızı gözləyirdim. Qol vurmamağı çıxmaq şərti ilə ideal oyun keçirdik. PSJ də ötən həftə eyni aqibəti yaşamışdı”.
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:
“İlk növbədə bu gün meydanda can qoyan futbolçularımın haqqını verməliyəm. Əlbəttə, bu iki qələbə bizim üçün vacibdi. Bu qələbələr mövsümün sonu deyil, istənilən halda “Bayer-04”ə hörmətimiz böyükdü. Hesab arasında fərq sizi yanıltmasın. Amma iki yaxşı oyun keçirdik. Hədəf ilk yarıda qalib gəlmək idi. Fasilədə 2-ci hissədə qalib gəlməyi hədəf qoyduq. “Bayer-04”ü keçmək gurultulu açıqlamalar vermək üçün əsas deyil. Hələ ki heç nə qazanmamışıq”.
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“İlk yarıda qola yaxın olduq, çoxlu standart vəziyyət yerinə yetirdik. “Bavariya”nın ilk qolundan sonra vəziyyətimiz daha da çətinləşdi. Çempionlar Liqası elə turnirdi ki, burda səhvə yol verə bilməzsən, biz isə hədsiz çox səhvə yol verdik. Nəsə möhtəşəm bir iş ortaya qoymalıydıq ki, bunu da bacarmadıq. Ustalıq səviyyəsi yox, effektivlik baxımından problem yaşadıq. Realist olmaq lazımdı. Dünyanın ən yaxşıları fonunda rəqabətədavamlı komanda olmaq istəyirik. Öz yolumuzla getməliyik. Bu gün hansısa faciənin baş verdiyini düşünməyə dəyməz”.
Bruno Laje, “Benfika”nın baş məşqçisi: “
Gerçəklik budu ki, biz turniri təəssüf hissi ilə tərk edirik. Hər iki oyunda daha yaxşı oynaya bilərdik. Bizi səhvlərimizə görə cəzalandırdılar. Meydana təhlükəli vəziyyətlər yaratmaq, qol vurmaq niyyəti ilə çıxmışdıq. Müəyyən mənada mümkün oldu, amma müdafiədə “Barselona”ya istədiyini etməyə imkan verdik. Hər şey belə alındığına görə təəssüflənirəm. Çempionlar Liqası bizim üçün burda bitdi, indi artıq qalan iki turnirə köklənə bilərik. Bərpa olunmaq, növbəti çağırışları qarşılamaq lazımdı”.
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Benfika” çox çalışdı, işimizi çətinləşdirdi. Yamal son vaxtlar az fərqlənir, ancaq bu gün həm özü, həm də komanda üçün vacib qol vurdu. Bu turniri qazanmaq hər şeydən çətindi, ancaq biz bunu bacara bilərik. “Benfika” çox yaxşı komandadı, baş məşqçisi möhtəşəm işlər görüb. Rafinya ÇL-də qələbəyə iddialı olduğumuzu deyirsə, yaxşı əlamətdi. Deməli, oyunçular etdiklərimizə inanırlar. Ancaq mənim işim sakitliyi qorumaq və növbəti oyun haqda düşünməkdi”.
Robin van Persi, “Feyenoord”un baş məşqçisi:
“Oyunçular ürəkdən çalışdılar, yaxşı müdafiə olundular. Bəzi məqamlarda daha yaxşı oynaya bilərdik, ancaq rəqibimiz də çox güclü idi. Rəqib pressinq tətbiq edən kimi işimiz çətinləşdi. Belə erkən qol buraxmaqdan pis heç nə yoxdu. Oyunçular onlardan asılı olanı etdilər, bundan artığını istəyə bilməzdim. Fasilədən sonra da yenə erkən qol buraxdıq. Bu acı mənzərə idi”.
Simone İnzaqi, “İnter”in baş məşqçisi:
“Növbəti mərhələyə adlamağı çox istəyirdik, oyunçular da özünü ən yaxşı tərəfdən göstərdi. Onlar bütün çətinliklərin öhdəsindən gəlirlər. “İnter”in baş məşqçisi olmağın mənasını anlayıram. Bu, komandanın “sükanı arxasındakı” 200-cü oyunum idi. Geridə çoxlu sevinc və məyusluq anları qalıb. Ancaq mən hər oyunda “İnter”in adını ucaltmağa çalışıram”.
