Icma.az
close
up
RU
Demokratik ənənələrin tam oturuşmadığı ölkədə uzun illər siyasətlə məşğul olmaq məni hədsiz yorub QÜDRƏT HƏSƏNQULİYEV

Demokratik ənənələrin tam oturuşmadığı ölkədə uzun illər siyasətlə məşğul olmaq məni hədsiz yorub QÜDRƏT HƏSƏNQULİYEV

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə 60 illik yubileyi ərəfəsində  “AzPolitika”-nın suallarını cavablandırıb.

Gununsesi.info həmin söhbəti təqdim edir:

– Qüdrət bəy, yubileyinizi təbrik edirik. Elə buradan başlayaq, Azərbaycanda ömrünün böyük bir hissəsini siyasətə həsr edən siyasətçi üçün 60 yaş nə deməkdir?

– İnsanlar çox vaxt yaşın gətirdiyi problemlərdən danışmaq istəmirlər. Allah Əbülfəz Elçibəyə rəhmət eləsin. O, deyirdi ki, “insan yaşlandıqca müdrikləşir”, amma yaşlandıqca insanın səhhətində problemlər də yaranır, insan yorulur. Müdriklik insana xas olan bir keyfiyyət kimi ancaq yaşla gəlir. İstedadlı, çox oxuyub bilikli ola bilərsən, amma müdrik olmaq üçün mütləq müəyyən bir yaşa çatmalısan. Məni siyasətə tale gətirdi. Əslində, orta məktəbdə oxuyanda prokuror olmaq arzusundaydım. Xalq hərəkatı başladı və ondan kənarda durmaq sadəcə mümkün deyildi.

Şərqi Sibirdə hərbi xidməti başa vurandan sonra Sverdlovsk Hüquq Universitetində ali təhsil almaq istədim, amma sənədlərimi qəbul etmədilər ki, SSRİ Təhsil Nazirliyinin əmri var, Qafqazdan olanların sənədlərini götürmək olmaz. Başa düşdüm ki, biz ikinci növ müstəmləkə xalqıyıq. Ona görə BDU-da Xalq Cəbhəsinin şöbəsini yaradan təşəbbüs qrupunun, sonra isə İdarə Heyətinin üzvü oldum. Bakının 12 ali məktəbinin ictimai fəal tələbələrini birləşdirən Şimali Azərbaycan Azad Tələbə İttifaqının sədri seçildim. Elçibəyin AXC-də hüquq məsələləri üzrə müşaviri oldum.

Demokratik ənənələrin tam oturuşmadığı ölkədə uzun illər siyasətlə məşğul olmaq məni hədsiz yorub. Partiyamızın adını dəyişdiyimiz axırıncı qurultayında bəyan etdim ki, növbəti qurultayda yeni sədr seçmək haqqında düşünün. Allah ömür və imkan versə, yəqin ki, parlamentdə də artıq mənin üçün axırıncı müddətdir. Çünki 65 yaş artıq pensiya yaşıdır. Siyasətdə olduğum dövrdə dövlət müstəqilliyimizi qazandıq, onu qoruyub saxlaya bildik, ən başlıcası torpaqlarımızı işğaldan azad etdik, bütün ərazimizdə dövlət suverenliyini bərpa etdik. İnşallah, tezliklə Naxçıvana da maneəsiz gediş-gəlişi təmin edərik. Qaldı bizim üçün siyasi əhdimiz, şüarımız olan ədalətli cəmiyyət, hüquqi dövlət qurmaq, demokratiyanı inkişaf etdirmək. Bu, uzun zaman alan prosesdir. Bunun üçün gərək əhalinin siyasi dünyagörüşü, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, iqtisadiyyatın inkişaf səviyyəsi, insanların sosial vəziyyəti xeyli yüksələ və cəmiyyətdə keyfiyyət dəyişikliyi baş verə, əlverişli beynəlxalq şərait yarana.

– Resursların ən çox olan dövrü yəqin ki, ömrün gənc yaşlarına təsadüf edir. Potensialı realizə eləmək baxımından 60 yaşdan dönüb geriyə baxanda hansı mənzərə var? 

– Müstəqillik əldə etdikdən sonra xalqımız ağrılı, acılı, keşməkeşli bir həyat yaşadı. Torpaqlarımız işğal olundu, minlərlə şəhid verdik, bir milyon vətəndaşımız ev-eşiyindən qovuldu, qaçqın-köçkün həyatı yaşamalı oldu. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi. Ona görə ki, cəmiyyətimiz böyük demokratik dəyişikliklərə hazır deyildi. Erməni separatizmi və işğalı regionun və dünyanın böyük gücləri tərəfindən dəstəklənirdi. Biz totalitar cəmiyyətdə böyümüş, formalaşmışdıq. Bu cəmiyyətin dağılmasıyla Qərb demokratiyasını Azərbaycana gətirmək faktiki həlli mümkünsüz bir vəzifə idi. Biz ona cəhd elədik, amma çox böyük uğursuzluğa düçar olduq. Ona görə ki, insanlar dövlət həyatı ilə bağlı məsuliyyəti öz üzərinə götürmək istəmirdilər.

70 illik sovet dönəmində insanlarda totalitar cəmiyyətə xas olan keyfiyyətlər yaranmışdı. İstəyirlər ki, iqtidar qərar qəbul etsin və həmin qərara görə də o özü məsuliyyət daşısın. Məsuliyyət hissi qorxu yaradır və insanlar da qorxduqlarından dövlət həyatı ilə bağlı məsuliyyəti öz üzərinə götürmək istəmirdilər. Bunun üçün bir dövr yaşamalıydıq. Bu dövrdə, əlbəttə, hakimiyyət dəyişiklikləri baş verdi, hərbi çevriliş cəhdləri oldu. Yəni, çox çətin proseslərdən keçdik. Şükür Allaha, indi açıq qeyd eləmək lazımdır, Heydər Əliyevin böyük xidmətləri sayəsində dövlət müstəqilliyini qoruyub saxlaya bildik və sonra da İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdik. Amma yenə də deyirəm, müstəqillikdən sonrakı illər çətin bir dövr kimi yaddaşlarda qalacaq. Baxmayaraq ki, bu dövrdə, Allah Heydər Əliyevə rəhmət eləsin, “Əsrin müqaviləsi”ni imzaladı və bu gün də həmin müqavilənin sayəsində insanlar nisbətən yüksək maaş ala bilirlər. Bir çox abadlaşma işləri görüldü, yollar çəkildi, binalar tikildi, Ordu quruldu və s.

– Ölkənin siması dəyişdi…

– Bəli. Güclü, şaxələndirilmiş bir iqtisadiyyat qura bilməsək də, müəyyən işlər görüldü.

– Qüdrət bəy, 2003-cü ildən bəri 5 dəfə prezidentliyə namizəd olmusunuz. Altı çağırış da Milli Məclisə üzv seçilmisiniz. Uzun illərdir, partiya sədrisiniz, taleyini sizə, partiyaya bağlayan çoxlu insanlar var. Bəs həmin insanlar ötən dövrdə nə qazandılar, nə əldə etdilər?…

– Deməzdim mümkün olan hər şeyi, amma çox şey qazandılar. Ölkəmizin əldə etdiyi bütün uğurlarda onların da payı var. Birincisi, partiya parlamentdə təmsil olundu, parlament tribunamız oldu. İkincisi, sərgilədiyimiz siyasi mövqe ilə ortaya alternativ ideyalar qoyduq. Seçkilərə qatılmaqla həmin ideyaları cəmiyyətə çatdırdıq. Cəmiyyətin maariflənməsində iştirak etdik və partiyanın özünün mövcudluğunu qoruyub saxladıq. Bir təşkilat kimi beynəlxalq əlaqələr qurduq, Azərbaycana olan hücumların dəf edilməsində rol aldıq, bu prosesdə iştirak elədik. Reallıqları bəzən çılpaqlığı ilə insanlara deməkdən çəkinmədik. Bu zaman bizdən çox narazı qalanlar oldu. Təkcə daxildən yox, bizə həm də xarici dövlətlərin, onların əlaltılarının vasitəsilə təzyiqlər oldu. Prezidentin iradəsi olmasaydı, qonşu dövlətlərin təzyiqi ilə bizi çoxdan siyasi sistemdən sıxışdırıb çıxarmışdılar. Bu günə qədər siyasi sistemdə mövcudluğumuzu qoruyub saxlaya bilməyimiz bizim və hər kəsin böyük uğurudur. Axırıncı seçkilərdən sonra partiyadan iki nəfər parlamentdə təmsil olunur. Məncə, bu özü də bir uğurdu.

Ən böyük uğurumuz isə Qələbəmiz, Qarabağın işğaldan azad olunmasıdır. Bizim üçün əsas hədəf xalqımızın təhlükəsizliyi və inkişafı olub. Hakimiyyəti həmin hədəflərə çatmaq üçün vasitə saymışıq. Bizdən fərqli olaraq başqaları hakimiyyətə gəlmək üçün demokratik dəyərləri istismar ediblər, gözdən salıblar. Baxın qardaş Türkiyəyə. MHP hakimiyyət istəmədən Ərdoğanı müdafiə edir, çünki anlayırlar ki, bu tarixi mərhələdə onu dəyişmək olmaz. İlham Əliyevin bizim dəstəyimizə ehtiyacı olmasa da, bütün ümummilli məsələlərdə, ölkəmizə təzyiqlər olanda onu dəstəkləmişik. Ölkədə daxili sabitliyin qorunub saxlanmasına ciddi töhfə vermişik. Çünki belə qəbul etmişik ki, hazırda Prezidenti qorumaq, elə Azərbaycanı qorumaqdır. İstər Qərbin indiki təzyiqləri zamanı, istər 2013-cü ildə Moskvadan qidalanan Rüstəm İbrahimbəyov avantürası zamanı, istər İrandan olan təzyiqlər zamanı partiyamız həmişə öndə olub. Xalqımızı bir yumruq kimi kənar müdaxilələrə qarşı Prezidentin ətrafında birləşməyə çağırıb. Amma həm də o zərurəti qəbul etmişik ki, inkişafımız üçün parlamentdə müxalifət və fərqli fikir olmalıdır. Əgər biz inkişaf etmək və demokratik bir ölkə olmaq istəyiriksə.

İstədiyimiz mülki cəmiyyəti qurmaq üçün həqiqətən də zamana ehtiyac var. Geosiyasi və ölkə daxilindəki vəziyyət müəyyən islahatları qaçılmaz edəndə, bu islahatlar da aparılacaq.

– Qeyd etdiniz ki, ədalətli cəmiyyətin qurulmasına hələ nail ola bilməmişik, xeyli problemlər var. Bu yolda hansı zəruri addımlar atılmalıdır? Onu da nəzərə alaq ki, geosiyasi vəziyyət dəyişir, yeni çətinliklər yaranır, ölkənin resursları azalır. Ölkənin həll olunmayan daxili problemləri kifayət qədərdi. Bunların həlli üçün yeni bir yol xəritəsi lazımdır. Deputat həmkarınız Zahid Oruc deyir ki, yeni Konstitusiya qəbul edilsin. Sizin təklifiniz nədir? 

– Bizim partiya yarandığı vaxtdan ölkəmizin gələcəyini parlamentli respublika modelində görür. Bütün seçkilərdə bu platformadan çıxış edirik ki, ölkədə parlamentli respublika olsun. Bundan sonra dövlət hakimiyyətinin həyata keçirilməsində ifrat mərkəzləşmədən qaçmaq lazımdır. Biz çalışmalıyıq ki, Azərbaycanda 15 region yaradılsın və hər regionun özünün Məclisi olsun, orada seçki yolu ilə 25-35 nəfər arası yerli deputat təmsil olunsun. Onlar regionun rəhbərini seçsin. Milli Məclisə seçkilər proporsional seçki sistemi əsasında həyata keçirilsin ki, çoxpartiyalı sistem inkişaf etsin. Güclü məhkəmə hakimiyyəti olsun ki, mülkiyyət toxunulmazlığına təminat verə bilsin. Belə olanda biz ölkəyə investisiya da cəlb edə biləcəyik. Öz sahibkarlarımız da ölkə iqtisadiyyatına pul qoymaqdan çəkinməyəcək ki, sabah məmur özbaşınalıqları ilə üz-üzə gələndə məhkəmədə hüquqlarını qoruya bilsinlər. Daha sonra dövlət əmlakının tamamilə özəlləşdirilməsini təklif eləmişdik. Neft şirkəti daxil olmaqla, bütün dövlət müəssisələri, xidmət sahələri özəlləşdirilsin. İqtisadiyyatda dövlətin rolu yalnız tənzimləyici xarakter daşımalıdır. Dövlət bizneslə məşğul olmamalıdır. Dövlət yalnız hamı üçün bərabər şərait və rəqabət mühiti yaratmalıdır. Proteksionizmin qarşısı alınmalıdır. Biz təklif etdirik ki, yerli hakimiyyət orqanlarına geniş səlahiyyətlər verilsin.

– Bəs hakimiyyətin bölünməsi priniplərində hansı dəyişikliklərə ehtiyac var? Məsələn, Prezidentin, Nazirlər Kabinetinin, Milli Məclisin…

– Mən qeyd etdim, biz parlamentli respublika tərəfdarıyıq. Hazırda daxili intiriqalara baxmayaraq, hakimiyyət güclüdür. Ölkədə sabitlik, ictimai asayiş ciddi şəkildə qorunur. Prezidentə xalqın dəstəyi var. Maliyyə ehtiyatlarımız mövcuddur, bu da çox önəmlidir, xaricdən kreditlər cəlb etməyə zəmin yaradır. İqtisadi islahatların ardınca idarəetmədə də islahatlar həyata keçirmək olar. Bəzilərindən fərqli olaraq mən hesab edirəm ki, birinci iqtisadi islahatlardan başlamaq lazımdır. Daha sonra digər sahələrdə islahatlar həyata keçirilməlidir.

– Yeri gəlmişkən, ötən ay Prezident maliyyə nazirini vəzifədən azad edib, Baş nazirin müavini təyin edib, bu posta isə hələ ki, təyinat yoxdur. Mətbuat yazır ki, Dövlət Gömrük Komitəsi, Vergi Xidməti və Maliyyə Nazirliyinin bəzi səlahiyyətlərinin birləşdirildiyi Dövlət Gəlirləri Nazirliyi yaradıla bilər. Eləcə də əmlak sektorunda fəaliyyət göstərən qurumların vahid orqanda birləşdirilməsi barədə xəbərlər yayılır. Bu adddımlar atılarsa, indiki şəraitdə uğurlar əldə etmək mümkündürmü? 

– Hər bir halda təşəbbüskarlığı mən çox yüksək qiymətləndirirəm. Yəni biri var, heç nə eləməyəsən, sakit oturasan, biri də var, təşəbbüskarlıq göstərirsən, nələrisə dəyişirsən. Amma mənim şəxsi yanaşmam bundan ibarətdir ki, dövlət aparatı üçdə bir qədər kiçildilməlidir. Dövlət əmlakı özəlləşdirilməsə və əlverişli biznes mühiti yaradılmasa ciddi nəticələr olmayacaq. İnkişaf etmiş xalqların təcrübəsi də bunu göstərir. Bütün dövlət müəssisələrini, metropoliteni, AZAL-ı, kommunal xidmət sahələrini, universitetləri özəlləşdirməliyik. İndi deyəcəklər ki, imkansız ailələrin uşaqları necə təhsil alsınlar? Qəbul haqqında bir arayış təqdim etmək yetərlidir ki, 25 il müddətinə faizsiz kredit götürəsən. O kredit götürən uşaq da məcbur olacaq ki, yaxşı oxusun, yaxşı mütəxəssis olsun ki, krediti gələcəkdə ödəyə bilsin. Dövlət bu yolla getsə, qısa müddətdə, ölkənin potensialı çox böyük olduğundan, ciddi nəticələr ortaya qoya bilərik.

– Bu yolla gediləcəyinə nə qədər inanırsız?

– Təsadüfi hallarda hökumət könüllü islahatlara gedir. Gərək şərait məcbur etsin. Tramp dedi ki, neftin qiymətini 40 dollara salacaq. O, Səudiyyə Ərəbistanına səfər edəcək, İsrailə olduğu kimi, ona da təhlükəsizlik zəmanəti versə, bu ola bilər. Bizim də büdcə gəlirləri əsasən neftdən formalaşır. Neft sektorunda qiymətlər düşsə, maliyyə sıxıntıları ilə üz- üzə qalacağıq. Bunun üçün indidən müəyyən addımlar atılmalıdır. – Azərbaycanın hazırda yürütdüyü xarici siyasəti qısaca necə xarakterizə etmək olar? Bizim əsas xəttimiz nədən ibarətdir? – Hesab edirəm ki, biz Qərblə münasibətlərin tam korlanmasına imkan verməməliyik və Prezident də bu istiqamətdə səy göstərir. Ölkə başçısı mediaya verdiyi açıqlamalarda dəfələrlə bildirib ki, biz Qərb ölkələri ilə, ABŞ ilə münasibətləri tənzimləməyə hazırıq. Avropa Birliyinə gəlincə, Fransa Ermənistanın müttəfiqi olaraq bu qurumda əsas söz sahiblərindən biridir. Qərbin bizə münasibətinin dəyişməsi Ermənistana görədir. Biz bilirik ki, onlar zaman-zaman Azərbaycanın problemlər içərisində çabalayan, geridə qalmış bir müsəlman ölkəsi olmasını istəyirdilər. Çünki Azərbaycan güclənsə, torpaqlarının 20 faizinin işğal altında olması ilə barışmayacaqdı. Burada xristian həmrəyliyi faktoru da var. Məsələn, Tramp seçkiqabağı çıxışında dedi ki, orada xristianlar sıxışdırılır, özü də Qarabağı “artsax” adlandırdı. Qərbdə din faktoru çox önəmlidir. 30 il ərzində torpaqlarımız işğal altında olanda Fransa və ABŞ-də nə qədər prezidentlər dəyişdi. Amma həmin dövlətlərin münaqişəyə münasibəti dəyişmədi. Çünki dəyişməz qalan bir faktor var – erməni diasporu. Bunlar bəzilərini şantaj edir, bəzilərini pulla ələ alır, bəzilərinə ictimai, siyasi dəstək verirlər.

Belə olanda bir çox siyasətçilər fikirləşir ki, tutaq ki, Azərbaycana görə mən niyə bu diaspor ilə münasibətləri korlamalıyam, pis olmalıyam. Bizə pis münasibət həm də qonşularımızla əlaqələrimizə görədir. Əsas məsələ odur ki, Qərbdəki tərəfdaşlarımızı inandıraq ki, Azərbaycanın Rusiya ilə əməkdaşlığını anlayışla qarşılasınlar. Rusiya da Azərbaycanın Qərblə əməkdaşlığına normal yanaşmalıdır. Rusiyada səkkiz türk respublikası var, 20 milyondan artıq müsəlman, 2 milyona yaxın azərbaycanlı yaşayır. Rusiya kənd təsərrüfatı məhsullarımız üçün, əmək miqrantlarımız üçün əsas bazardır, oradan Azərbaycana pul gəlir. Ölkəmizdə sosial gərginliyin yumşaldılmasında Rusiyanın böyük rolu var. Bu faktorları biz gərək Qərb insanına çatdıraq ki, bizim coğrafiyanın çətinliklərini anlaya bilsinlər. Cəhd eləməliyik ki, həyati əhəmiyyət daşımayan məsələlərdə Qərblə qarşıdurmadan yayınaq.

– Qarşıdurmanı davam etdirmək potensialımız nə qədərdir? 

– Biz müdafiə olunuruq. Azərbaycan tək özünə yox, müttəfiqlərinə də güvənir. Türkiyə faktoru var. İnanırıq ki, Türkiyə bizi heç vaxt yenidən tək buraxmaz. İnanırıq ki, ikinci dəfə belə bir hal baş verməz. Türk Dövlətləri Təşkilatı var, Rusiya ilə müttəfiqlik münasibətlərinə dair saziş imzalamışıq. Amma qonşunun şamına ümid olan işıqsız qalar. Çalışmalıyıq ki, güclü olaq, daxili həmrəylik, milli birlik və harmoniya olsun. 44 günlük müharibədə bir balaca xaricdən təzyiq olan kimi xalq prezidentin ətrafında bir yumruq kimi birləşdi. Eyni vəziyyət bütün dövrlərdə olmalıdır.

– Rusiya ilə Azərbaycan arasında hazırkı gərgin münasibətlər nə qədər dərinə gedə bilər? Bunlar cari problemlərdir, yoxsa qarşıda müttəfiqlik münasibətlərini zədələyən addımlar gözlənilir?

– Azərbaycan Qərb yönümlü medianın total bir basqısı altındadır. Qərbin bütün təbliğat maşını bu istiqamətdə çalışır ki, Azərbaycan torpaqlarını azad elədi, amma Rusiyadan asılı vəziyyətə düşdü. İndi söhbət Qroznı üzərində vurulan təyyarənin qiymətindən, ödəniləcək kompensasiyanın məbləğindən getmir, beynəlxalq qaydalar var və Rusiyanın bu qaydalara uyğun davranışından gedir. Azərbaycan tələb edir ki, biz səmimi dost, müttəfiqiksə, sən bunu eləməlisən. Çox təəssüf ki, Rusiya bunu gecikdirir və bu da istər-istəməz münasibətlərə təsir edir. Dövlətlərarası münasibətlərdən çox insanlararası münasibətlərə təsir edir. Bu yaxınlarda müsahibələrimin birində demişdim ki, insanlar arasında münasibətlər zədələnəndə, bunu bərpa etmək çox çətin olacaq. Birinci Qarabağ savaşı dövründə bizdə Rusiyaya qarşı etimadsız münasibət var idi, çünki Ermənistanın arxasında durmuşdu. 44 günlük savaşda Rusiya qismən öz neytrallığını saxlayandan sonra bu ölkə ilə münasibətlər yaxşı mənada dəyişmişdi. Amma indi yenidən Rusiyanın bu inadkarlığı bizim insanlarda bir şok yaşadır. İnsanların bu reaksiyası həm də bizim Prezidentə təsir edir. Prezident də öz xalqının əhval-ruhiyyəsini görür, nəzərə alır. Ona görə də Prezident də tələb edir ki, bu adi etik davranış qaydası yerinə yetirilsin.

– Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, “Kreml qüllələri” arasında dərin konflikt, çəkişmə var, onlar təyyarəmizin vurulması hadisəsindən öz məqsədləri üçün istifadə etməyə cəhd edirlər. Azərbaycanla münasibətləri gərginləşdirmək də onun bir hissəsidir… 

– Xeyli öncə mən demişdim ki, bu təyyarə qəzası çox böyük ehtimalla ehtiyatsızlıqdan, cinayətkarcasına səhlənkarlıqdan törədilmiş hadisədir. Əgər bu cinayət qəsdən törədilibsə, burada məqsəd Putinin özünü zərbə altında qoymaq, onunla səmimi münasibətləri qoruyub saxlayan Azərbaycan arasında münasibətləri korlamaqdır. Elə burada əsas hədəf Azərbaycandan çox, Putinin özüdür. Ona görə biz istintaqın nəticəsini gözləməliyik. İstintaq dəqiq müəyyənləşdirməlidir ki, bu, doğrudan da ehtiyatsızlıqdan törədilən bir cinayətdir, yoxsa onlar açıq-açığına sərnişin təyyarəsini vurmaqla bağlı əmr veriblər? Bu, qəsdən törədilibsə, burada əsas hədəf elə Putinin özü ola bilər. Məntiq var, təyyarənin vurulması Rusiya Prezidentinə nə verə bilər? Ona görə bu hadisənin Putinə qarşı olmasını tamamilə istisna etmək olmaz.

Gərək Rusiya tərəfi ciddi istintaq apara və həqiqəti ortaya qoya ki, Azərbaycan insanı sakitləşsin, münasibətlərə ziyan dəyməsin.

– Artıq gec deyilmi?

– Azərbaycanda Rusiya haqqında xoş söz deyəndə, bu, bəzilərində qıcıq yaradır. Keçmişlə yaşamaq olmaz. Bizim Rusiya ilə tarixi, iqtisadi, humanitar əlaqələrimiz var. Avropada bir-biri ilə döyüşməyən və ya hansısa imperiyaların tərkibində olmayan neçə xalq, ölkə var? Mən dəfələrlə təkrarlamışam, yenə deyirəm, Rusiyada hansı rejim və kimin hakimiyyətdə olmasından asılı olmayaraq, böyük qonşumuz kimi və öncə qeyd etdiyim səbəblərə görə biz Rusiya ilə həmişə münasibətlərimizin yüksək səviyyədə qalması üçün özümüzdən asılı olan nə varsa, etməliyik. Amma bu o demək deyil ki, biz öz milli maraqlarımızdan, dövlətin nüfuz və qürurundan imtina hesabına bu münasibətləri qoruyub saxlamağa çalışaq. Rusiya ilə ciddi iş aparılmalı, real vəziyyət onların diqqətinə çatdırılmalıdır ki, siz bu addımı atmalısınız. Deyilməlidir ki, doğrudan da, biz müttəfiq ölkələriksə, siz bunu edin.

– Sonda ABŞ-nin yeni Prezidentinin cəhdlərini nəzərə alsaq, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin dayanma perspektivini necə görürsünüz? 

– Mən bu müharibə başlayanda demişdim ki, Bayden istəsəydi, onun qarşısını ala bilərdi. Müharibə başlamaya bilərdi.

– Bu günlərdə Zelenski də bunu dedi… 

– Putin və Tramp da dedi. Bunun qarşısını ala bilərdilər. Bəzən yarı ciddi-yarı zarafat deyirdim ki, nə vaxtsa Rusiyada arxivlər açılsa, bəlli olsa ki, Bayden rus kəşfiyyatına işləyib, onda gərək heç kim təəccüblənməsin. Ona görə müharibə başlayandan dərhal sonra Bayden Zelenskini Ukraynadan qaçırmaq istədi ki, məsələ bununla da bitsin. Qərb hazır idi ki, Zelenski gedir, Ukraynada hakimiyyət dəyişir və Medvedçuk prezident seçilir, o da Rusiyanın istədiyi formada Ukraynanın böyük bir hissəsini Rusiyaya verir. Bununla da məsələ bitirdi. Zelenski təcrübəsiz, siyasi baxımdan yetkin olmayan bir gənc idi, ölkəsini müharibədən qoruya bilmədi, amma cəsarətli idi. Britaniyanın və Amerikanın bütün basqılarına baxmayaraq ölkədən çıxmadı və çoxlarının gözləmədiyi halda ordu ciddi müqavimət göstərdi. Yəni, vəziyyəti dəyişən bu oldu. Müharibəyə başlamaq çox asandır, amma ondan çıxmaq çox çətindir. İndi Tramp deyir ki, mən bu münaqişəni həll edəcəm.

– Tramp münaqişəni necə həll edəcək?

– Burda zəif tərəf Ukraynadır, onu məcbur edəcəklər ki, ərazi güzəştinə getsin. Tramp gözləyir ki, tərəflər tam əldən düşsün, ondan sonra Ukrayna cəmiyyyəti və Rusiya özləri sülhlə bağlı çağırış etsin. Amma bu nə Ukraynada, nə də Rusiyada hakimyyət dəyişikliyinə yol açmasın. Hər iki tərəf atəşkəsi qələbə kimi qəbul etsin. Məncə, artıq razılıq da var. Sadəcə, bunu xalqlara qəbul elətdirmək mərhələsi başlayıb.

– Daha sonra Rusiya üzərindən sanksiyalar götürüləcək?

– Bəli

– Ukrayna üçün təhlükəsizlik zəmanəti veriləcək?

– Ukraynaya istədiyi formada olmasa da, müəyyən təhlükəsizlik zəmanəti veriləcək.

Gununsesi.info

seeBaxış sayı:32
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri