Deputat: “Müxalifətin Novxanıda Avropa İttifaqının bayrağını qaldırması Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərinə ziddir”
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Radikal müxalifət Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarəti zamanı Azərbaycanın müstəqilliyi və suverenliyinə qarşı hərəkət etmələri qəbuledilməzdir. Avropa İttifaqının bayrağını qaldırmaları isə Məhəmməd Əmin Rəsulzadə, müsavatçılıq və Azərbaycan Xalq Cümhuriyyəti dəyərlərinə daban-dabana ziddir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Bababoğlu deyib.
“Avropa İttifaqının bayrağı həmin bayraqdır ki, Ermənistanda dalğandırılır, İttifaqa üzv olan ölkələrin monitorinq missiyası Ermənistanın leyhinə Azərbaycanın strateji mövqelərindən Ermənistana casusluq edir, hərbi xəfiyyə rolunu oynayır. Başda Fransa olmaqla, Avropa İttifaqının bəzi ölkələri hələ də Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmir. Halbuki AXC-nin, onun qurucularının idealları isə müstəqil Azərbaycan görmək idi və o Azərbaycanı qurmuşdular. Buna görə də radikal müxalifətin atdığı addımlar əslində Azərbaycan Xalq Cümhuriyyətinin ideallarına xəyanətdir, dəyərlərinin istismar edilməsidir. Radikal müxalifətin Avropa İttifaqının bayrağını qaldırdığı gün nə baş verdi? Azərbaycan bayrağı qardaş Türkiyə və Pakistanın bayrağı ilə birlikdə Laçının zirvəsində yeni tikilmiş hava limanının açılışında dalğalandı. Bu bayraqlar Azərbaycanın müstəqilliyinin, suverenliyinin və Cümhuriyyət dəyərlərinin yaradılması üçün qaldırılan bayraqlar idi. Çünki AXC varisi olaraq müstəqil Azərbaycan Respublikası ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə bu prosesdə dost və qardaş ölkələrin - Pakistanın və Türkiyənin də dəstəyinə arxalandı. Xalqımızın özgürlük ruhu, milli ruhu, bax, budur. Artıq bu gün ifşa olunmuş Avropa İttifaqının bəzi ölkələrinin Azərbaycana qarşı sərgilədiyi aqressiv davranışlar fonunda Bakıda İttifaqın bayrağının qaldırılması Azərbaycanı yenidən köləliyə sürükləmək kimi qiymətləndirilməlidir. Azərbaycan xalqı 44 günlük müharibədə öz gücünə, Ali Baş Komandanına inanıb və dostlarını da, düşmənlərini də çox yaxşı tanıyıb. 28 May günü işğaldan azad olunmuş ərazilərimizdə üç dost və qardaş ölkənin bayrağının dalğalandığını görən Azərbaycan xalqı Abşeronda Avropa İttifaqının bayrağının kölgəsinə sığınaraq milli maraqlarımıza qarşı mövqe nümayiş etdirən radikal müxalifəti əsla dəstəkləmir və dəstəkləməyəcək”, - deputat bildirib.
Aytəkin Qardaşova


