Icma.az
close
up
RU
Deputatlar sağlam tənqiddən qorxmamalıdır Naqif Həmzəyevlə MÜSAHİBƏ

Deputatlar sağlam tənqiddən qorxmamalıdır Naqif Həmzəyevlə MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev Modern.az redaksiyasının qonağı olub. O, deputatın fəaliyyəti, gənclər sektoru, Gəncədə görülən işlərdən danışıb.

Müsahibəni təqdim edirik:

- Milli Məclisə ilk seçildiyiniz vaxtdan mediaya açıq deputatsınız, bu sizin üçün hansısa problem, narahatlıq və yorğunluq yaradırmı?

- Siyasətə başlamaşdan əvvəl – dövlət qulluğunda çalışanda, universitetdə adminstrativ vəzif tutanda həmişə çalışmışam ki, ictimaiyyətə açıq olum. İlk vaxtlar, xüsusi ilə də dövlət qulluğunda çalışdığım vaxtlar bu, müəyyən problemlər yaradırdı, çünki daha çox Gəncə şəhərinin mövcud durumu, baş verən proseslərlə bağlı qərəzli suallarla qarşılaşırdıq. Bəzi problemlər var idi ki, onun həllini biz həyata keçrə bilmirdik. Ancaq mərhələli şəkildə bu cür qərəzli suallara necə cavablandırmaq lazım olduğunun yollarını öyrəndik, daha doğrusu müraciətlər özü öyrətdi. Sonrakı mərhələdə deputat olduqda anladım ki, nə qədər çox ictimaiyyətə yaxın olsan və olduğun kimi görünsən, proseslər daha rahat olur. Çünki reallığı danışmaq çox asandır, amma nəyisə gizlətmək, müəyyən şeyləri qapalı formada saxlamaq insanın əlavə enerji itirməsinə gətirib çıxarır, bu da nəticə etibari ilə problemlər yaradır. Xüsusilə indiki dövrdə jurnalistlər özü də nəyin düz olduğunu, nəyin səhv olduğunu çox yaxşı bilirlər. O baxımdan da həqiqətləri paylaşmaq, bölüşmək və öz mövqeyində sonuna qədər durmaq ən düzgün yoldur, bu baxımdan ciddi problemlər və narahatlıqla qarşılaşmıram. Bəzən isə xarici qüvvələrin təsiri altına düşən media qurumları, başqa məqsədlərlə sual ünvanlayan şəxslər olur, bu halda belə öz mövqeyimizdən əl çəkmirik, qarşımızdakı və o fikirdə olan insanları da həqiqətə çağırmağa çalışırıq.  

- Beynəlxalq təcrübəni bilən deputat kimi dəyə bilərsinizmi, azərbaycanlı deputatlarla xarici deputatların oxşar və fərqli tərəfləri nələrdir və praktikaya baxdıqda hansın daha uğurlu hesab etmək olar?

- Düzü, indiyədək belə müqayisə etməmişəm, çünki hər bir dövlətin, eyni zamanda hər bir parlamentin özünün reallığı var. Bu baxımdan müqayisə düzgün nəticəyə çıxmağımıza kömək olmaz. Amma bir məsələni xüsusilə qeyd etməliyəm ki, hər ötən dönəm Azərbaycan parlamentində təmsil olunan deputatları hər tərəfli olaraq gücü artır. Üçüncü dönəmdir ki, parlamentdə təmsil olunuram və bunu hiss edirəm. Çox sevinirəm ki, parlamentdə gənc, enerjili, işini yaxşı bilən millət vəkillərinin sayı artır və hərə öz sahəsini bilir, buna uyğun olaraq da prosesə töhfə verir. Biz bu günləri istənilən parlamentdə, istənilən beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmək gücündəyik, nəinki təmsil etmək, hətta açıq deyim ki, Milli Məclis vasitəsilə təşkil edilən beynəlxalq tədbirlərdə xarici həmkarlarımız Azərbaycan parlamentinə, təşkilatçılarına dərin təşəkkürlərini bildirilər ki, siz yeni yanaşmalar ortaya qoyursunuz və biz bu yeni yanaşmalardan sonra növbəti dəfə ev sahibi olarkən bunları praktikada da tətbiq edəcəyik. Bu baxımdan 15-20 il öncəki Azərbaycan olmadığı kimi, parlament və burada təmsil olunan millət vəkilləri də güclənib, inkişaf edib və inanıram ki, gələcək nəsillər də bu ənənəni davam etdirəcəklər. Biz çalışacağıq ki, bütün sahələrdə olduğu kimi parlamentdə də gücümüzə-güc qataq, daha savadlı, bilikli, cəmiyyətin sayılan-seçilən fərdləri parlamentdə regionları təmsil etsin.

-    Bu gün parlamentdə təmsil olunan əksər deputatlar Yeni Azərbaycan Partiyasının (YAP), yəni iqtidar partiyasının üzvüdür. Maraqlıdır iqtidar deputatları hökuməti tənqid edə bilirmi?


-    Hökumətin hesabatlarını izləsəniz görərsiniz ki, daha çox Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar çıxış edir və onlar seçildikləri ərazinin problemləri ilə bağlı seçicilərinin narahatlıqlarını hökumət qarşısında  açıq şəkildə dilə gətirirlər. Elə məsələlər də var ki, onları ictimaiyyətin xəbəri olmadan, rəsmi müraciətlər, şəxsi əlaqələrimiz varsa, birbaşa telefonla həll edirik. Əvvəlki illərdən fərqli olaraq indiki nazirlərə, hökumət nümayəndələrinə çıxmaq çox asandır. Açığı deyim, bəzən rəsmi sənədlərə də ehtiyac olmur, çox vaxt Votsap, digər mesenger vasitələrlə vətəndaşların problemlərini anında çatdırıram və günlər çəkmədən problem həllini tapır. Nazirliklərlə qarşılıqlı olaraq bu xidməti həyata keçiririk. Özümüzü hökumət nümayəndələrindən ayırmaq fikrimiz, niyyətimiz yoxdur. Çünki biz birlikdə üzərimizə öhdəlik götürmüşük ki, cənab Prezidentin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasının gücünə-güc qataraq, xalqımıza, vətəndaşlarımıza xidmət edəcəyik. Azərbayan dövlətinin də əsas məqsədi soial rifahı yaxşılaşdırmaq və vətəndaşlarımızı məmnun etməkdən ibarətdir. Biz hökumət qarşısında məsələlər qaldırırıq, o da bizim qaldırdığımız məsələləri həll edir, aidiyyatı qurumlar çalışırlar ki, fəaliyyətlərində bunlar nəzərə alınsan, ancaq indi elə bir proseslər gedir ki, bəzən biz demədən belə, hökumət məsələləri özü həll edir. Ümumilikdə düşünürəm ki, qarşılıqlı fəaliyyət bütün problemlərin aradan qalxmasına kömək edəcək. İstənilən halda biz xalqın görən gözüyük və mən cənab Prezidentin əsgəriyəm. Bizim işimiz problemləri, narahatlıqları görmək, eşitmək və bunu aidiyyatı qurumlara çatdırmaqdan ibarətdir və biz də bunu edirik.

-    Əvvəlki illərə baxdıqda görürük ki, müəyyən müddət deputat olanlar nazirliklərə keçid edib, vəzifə tutdular. Siz bu praktikaya necə baxırsınız, özünü nə dərəcədə doğrulda bilir?


-    Bu, dünya praktikasında da var. Biz deputatların hökumətdə təmsil olunduğunu görürük, hətta səfirlər hansısa şəhərin rəhbəri təyin olunur və ya şəhər başçısı nazirlikdə təmsil olunur. Kadrların yerdəyişməsi nəticə etibarilə həmin ərazinin inkişafına gətirib çıxarır və həmin sahənin daha da güclənməsi ilə nəticələnir. Bəzən də uğursuz işlər olur ki, kadr orada özünü doğrultmur, amma böyük çoxluqda biz müsbət nəticələr verdiyini görürük. Parlamentdə də kifayət qədər şəxsin hökumətdə, diplomatik korpusda təmsil olunduğunu və kifayət qədər uğurlu karyeralarının olduğunu görmüşük. Mən inanıram ki, bu ənənə davam etdirilməlidir, çünki parlamentdə insanların siyasi cəhətdən yetişdiyini, inkişaf etdiyini görürmək mümkündür. Öz üzərində çalışan insan istənilən yerdə özünü inkişaf elətdirə bilər və gücünə-güc qata bilər. Bu da lazım olan anda aidiyyatı qurumların həmin şəxsin imkanlarından istifadə edə bilməsinə imkan yaradır. Xüsusi ilə gənclərimiz düşünməlidirlər ki, parlamentdə təmsil olunmaq, hökumətdə vəzifə tutmaq, məsuliyyətli işlərin altına girmək o qədər də çətin deyil, yetər ki, sən bunu istə, çalış və ən əsası əqidəndə düz və sədaqətli ol.

-    Sizə belə təklif gəlibmi, yaxud gəlsə, necə qiymətləndirərdiniz?


-    Cənab Prezidentə öz təşəkkürümü bildirirəm ki, göstərdiyi etimad sayəsində partiyamızın namizədi olaraq seçkilərdə iştirak edərək, Gəncə şəhərinin namizədi kimi parlamentdə təmsil olunuruq. Bizim üçün ən böyük etimad, ən böyük təklif də budur. Bizdə öz növbəmizdə həmişə partiyamızın, cənab Prezidentimizin yanındayıq. Yeni seçilmişik, hələ qarşımızda yeni missiyalar, çoxlu işlər durur və çalışmalıyıq ki, ilk növbədə bu missiyaların üzərindən gələk. Düşünürəm ki, yeni seçildiyimiz üçün bu cür təkliflərin gəlməyi ehtimalı da azdır, açığı belə təkliflərlə bağlı gözləntilərimiz də yoxdur. Bir daha qeyd edirəm ki, biz əsgərik, bu gün buradayıq, sabah hara etimad göstərilsə, orada dövlətimizə, millətimizə, partiyamıza, Prezidentimizə, Ulu Öndər siyasətinə xidmət etməyə hazırıq, çünki biz bu yolu seçmişik və sağolsun dövlətimiz və Cənab Prezidentimiz də bizə etimad göstərib. Açıq deyim ki, şəxsən məndən qat-qat savadlı, bilikli, bacarıqlı gənclər var ki, onları yox, məni seçiblər. Bu artıq böyük məsuliyyət, yük və etimaddır. Bu baxımdan mən özümə hər gün hesabat verirəm və hər gün çalışıram ki, bu etimadı doğruldum, çünki qətiyyən rahatlaşmaq olmaz. Bəzən insanlar qəflət yuxusuna gedir, onları eqo təsiri altına alır, düşünürlər ki, bu yerdədilərsə, demək hər şeyə qadirdilər və beləliklə özü-özlərinin məhvinə gətirib çıxarırlar. Xüsusilə gənclərdən xahiş edirəm ki, qətiyyən rahatlaşmaq olmaz. Gecə-gündüz çalışın, əməlinizdə, işinizdə fərqlilik yaratmağa və sizə göstərilən etimadı doğrultmağa çalışın. Unutmamalıyıq ki, keçmişdəki xidmətlərə görə bu gün sənə dəyər verən deyillər. Hər günün öz xidməti var. Hər gün yeni nələrsə etməlisən ki, sənin bu yerə aid olduğunu anlasınlar, görsünlər. Ən azından bizə verilən səlahiyyətlər çərçivəsində ədalətli və ləyaqətlə işlərimizi həyata keçirək. 

-  Bir neçə gün əvvəl Milli Məclisdə Səbinə Əliyeva Ombudsmanın hesabatını təqdim etdi. Sizcə, bu hesabat bütün sahələri əhatə edirmi? 


- Hesabat çox dolğun, geniş hazırlanmışdı, həmçinin əvvəlki dövrlərlə müqayisədə biz hesabatın hazırlanma metodikasında da fərqlilikləri görürük. Ən əsası isə hesabatla yanaşı Ombudsman təsisatı tərəfindən təkliflərin ortaya qoyulduğunun şahidi olduq ki, bu da çox yaxşı haldır. Xüsusi ilə təkliflərin reallaşması üçün də Ombudsman əlindən gələni etməyə çalışır. Onlar bunu tez-tez dilə gətirirlər, aidiyyatı qurumlarla bu təkliflərin reallaşması üçün danışıqlar aparırlar və bəzən bu təkliflərlə deputatların təklifləri üst-üstə düşür, bu da çox yaxşı haldır. İstənilən halda bəzi nüanslar var ki, onların da hesabatda olmasını istəyərdik. Xüsusilə səhhətində problem olan, 25 ildən çox məhkumluq yaşayan məhbuslar var, səhvlərindən kifayət qədər dərs çıxardıblar ki, onların əfv olunması ilə bağlı müəyyən güzəştlər olsun. Eyni zamanda icbari tibbi sığortanın bütün məhkumlara tətbiq edilməsini təklif etdim. Bununla bağlı bir araşdırılma aparılsın, bəlkə də var biz bilmirik, çünki bizim hər yerə çıxış imkanımız və səlahiyyətimiz yoxdur. Açığı desək, yalnız aidiyyatı qurumlar birbaşa olaraq bu sahə ilə məşğul olurlar. Həmçinin bilirsiniz ki, Azərbaycan dövləti tərəfindən məhbusların şəraitinin yaxşılaşdırılması ilə bağlı təxirəsalınmaz işlər görülür – yeni həbsxanalar tikilir, Lənkaranda ötən illərdə böyük kompleksin açılışında iştirak etdik və bu da bizi çox sevindirir. İnanın ki, 4-5 ulduzlu hotellərdə olan şərait həmin həbsxanalarda var. Bu da onu göstərir ki, bizim dövlətimiz insan haqlarını hər yerdə, o cümlədən həbsxanalarda da qoruyub-saxlayır və hər cür şərait yaradır. Bundan əlavə uzun illərdir Azərbaycanın Qərb bölgəsində - Gəncə şəhərin yaxınlığında ona bənzər kompleks tikilir, ancaq hələ ki, həmin kompleksin açılışı baş tutmayıb. Həmin iclasda onu da xahiş etdim ki, bu məsələ araşdırılsın. Çünki təmir yekunlaşmadığı zaman xərc daha da artır. Nəticə etibari ilə Qərb bölgəsində olan, yaxınları həbsə düşən insanların doğmaları heç olmasa ayda bir dəfə Bakıya gəlmək məcburiyyətində qalırlar. Təsəvvür edin ki, onların xərci nə qədər artır. Yeni həbsxana Gəncə yaxınlığında fəaliyyətə başlasa, bütün Qərb bölgəsindən olan məhbuslar və onun yaxınları daha rahat olar. Bu sahəyə dövlət kifayət qədər xərc çəkib, bu problemi də həll etsək çox yaxşı olar, həm Bakıdakı həbsxanaların sıxlığı azalar, həm də şərait daha da yaxşılaşar. Gəncədə hazırda olan həbsxana şəhərin mərkəzindədir və şəraiti yaxşı deyil. Yeni həbsxananın yaradılması ilə o həbsxana da sökülərək yerində böyük park salınması planlaşdırılır. 

- Hökumətin, deputatın, cəmiyyətin gənclərdən müəyyən gözləntiləri var, sizcə, Azərbaycan gənci bu gözləntilərə cavab verirmi?


- Tarix boyu yaşlı nəsil gəncləri, gənclər də yaşlıları qınayıb, həmişə nəsillər arasında mübarizə gedib. Sağlam mübarizə isə qarşılıqlı inkişafa gətirib çıxarır. Biz gəncləri qınayırdıq ki, siz kitab oxumursunuz, vətənpərvər deyilsiniz. Xatırlayıram gənclərdən soruşurduq ki, işğal tarixlərini bilirsinizmi və çoxları bilmirdi. Amma nəticədə nə oldu, 44 günlük müharibədə Qarabağı görməyən, cənab Prezidentin hakimiyyəti dövründə yetişən gənclər qələbə tarixini yazdılar. Bu baxımdan gənclərimiz sağ olsunlar ki, dar məqamda millətinin, dövlətinin, ailəsinin yanındadır. Ancaq istənilən halda biz qətiyyən rahatlaşmamalıyıq ki, qələbə çaldıq, vətənpərvərik, milli ruhda yetişmişik. Bununla iş bitmir. Bizim qarşılaşdığımız çoxlu problemlər var. İlk növbədə gənclərimiz müasir dövrün tələblərinə uyğun peşələrə sahiblənməsini təmin etməliyik. Əvvəllər belə bir səhv yanaşma var idi ki, universitet bitirib diplom sahibi olmalısan, hətta qızlarımıza diplomu cehiz kimi verirdik. Bu yanaşmanı dəyişmək lazımdır, onların qarşısına universitet bitirməlisən öhdəliyi qoymaq əvəzinə cəmiyyətə yararlı, faydalı peşə sahibi olmalısan öhdəliyi və ideyasını beyinlərinə yeritməliyik ki, gənclər ilk vaxtlardan ailədən iqtisadi asıllıqlarını qurtarsınlar. Təəssüf ki, valideynlərimizdə, böyüklərimizdə belə bir yanaşma var ki, ölənə qədər övladıma, nəvəmə ev alım, onu evləndirim, onun bu və ya digər problemini həll edim. Biz imkan vermirik ki, gənclərə öz ayaqları üzərində dayansın. Gənclər də deyir ki, yaxınlarım, doğmalarım onsuz mənim üçün hər şeyi təmin edəcək. Biz bu yanaşmanı dəyişməliyik. Gəncləri yararlı vətəndaşa çevirmək üçün ailələr də, dövlət də əl-ələ verib iş görməlidir.  Problemləri görməliyik, hiss etməliyik və gənclər haradan informasiya alırsa, biz orada olmalıyıq, həmin yerdə biz düzgün informasiya verməliyik. Gəncləri qətiyyən tək qoymaq olmaz və bu yolu onlarla birlikdə getməliyik, onlara sahib çıxmalıyıq. Savadlı, bilikli o qədər gəncimiz var, onları küsdürüməməliyik. 

- Parlamentdə çıxışınızda qeyd etmişdiniz ki, Gəncədə gənclər təşkilatı qalmayıb. Gənclərlə bağlı regionlarda görülən işlər nə qədər effektivdir?


- Mən də gənclər sektorunda böyümüşəm və bu gün də gənclərdən bir an belə ayrılmıram. Gəncə şəhəri Azərbaycanın ilk gənclər paytaxtı, daha sonra Avropa gənclər şəhəri oldu. Hansı ki, yeganə MDB ölkələrindən olan şəhər Gəncə idi ki, bu titulu qazandı. Tək bir ildə 1000-dən çox layihə həyata keçirilmişdi ki, onun da 70-i beynəlxalq layihə idi. Gəncədə hara baxırdın xarici gəncləri görürdün. İndiki dövlət də həminkidir, gücümüz azalmayıb, əksinə resurslar daha da çoxalıb. Bizdə çatışmayan cəhət gəncləri səfərbər edən, bir yerə yığan gənc liderlərin sayının azalmasıdır. Çünki gəncləri proseslərə cəlb edən liderlər yenilərini yerinə yetişdirib qoymayıb. Bizim yanaşmamız orada səhvdir. Mən buradayamsa, həmişə burada qalacam, yerimə kimisə hazırlamayım kimi fikirlər tamamilə səhvdir. Qeyri Hökumət Təşkilatlarına da lider ruhlu gənc gəlir, oranı inkişaf etdirir və sabah başqa vəzifəyə gedən kimi həmin təşkilat çökür. Biz boşluqlar doldurmalıyıq. Çox təəssüflər olsun ki, Gəncəyə aşağı bal toplayan gənclər gedir. Yüksək bal toplayan gənclər daha çox maddi bazası və imkanı olan universitetlərdə təhsil alırlar və ya bir çoxu dövlət proqramı ilə xaricdə təhsil almağa gedirlər. Biz çalışmalıyıq ki, o savadlı, bilikli gəncləri məhz region universitetlərinə cəlb edə bilək. Buna görə də region universitetlərindəki müəllimlərin sosial həyatını yaxşılaşdırmalıyıq. Orada elə savadlı müəllimlər işləməlidir ki, tələbələr başa düşsün, həmin müəllimlərdən hər şey öyrənə bilərlər. O cür müəllimlərə görə Gəncədə yaşayan gənclər lider kimi yetişirdi. İndi isə həmin müəllimlər yaşlanıb eyni ruhda, eyni enerjidə deyillər, yeni gələn müəllimlər də o biliyə, savada malik deyil. Bakıdakı universitetlərə isə bir çox hallarda xaricdə oxumuş, işləmiş müəllimləri işə götürürlər, çünki lazımi maaşla müəllimləri təmin edə bilir. Müəllim, maddi-tekniki baza gücləndikcə gənclərin təhsil keyfiyyəti, lider olmaq istəyi də bir o qədər güclənir. Region universitetlərin ixtisasları, dərs prosesi dəyişməli, müəllimlərə lazımi şərait yaradılmalıdır.

Təkliflərimdən birində qeyd etmişdim ki, universitet müəllimlərinin ipoteka şərtləri azaldılmalıdır və xüsusilə universitetlərin şöbələrində çalışan, müəllim olmayan şəxslər də müxtəlif güzəştlər edilməlidir. Siz təsəvvür edin, universitetdə çalışan kadrlar 5 il sonra görür ki, aldığı maaşla nəsə edə bilmir və gedir bankda işləməyə. Universitetdə savadlı kadr yetişir, formalaşır və sonra da gedir başqa yerə.

Qarabağ Universitetində yaradılan imkanlara baxdıqda görürük ki, praktikada bu təcrübə özünü nə qədər doğruldur. Savadlı, bilikli kadrlar, müəllimlər, tələbələr hamısı Qarabağ Universitetinə getdi. Təşviq birdən-birə universiteti ölkənin ən populyar ali təhsil mərkəzi etdi. Biz eyni işləri Gəncə və digər regionlarda da etməliyik. Universitetin gücü müəllimlərin elmi araşdırmalarından, xaricdə çap olunan məqalələrindən, labarotoriyalarındakı tədqiqatlarında və ən əsası da tələbələri ilə tanınır. Həmin universitetin tələbələri işlə təmin olunursa, demək o universitetin reytinqi yüksəkdir. Universitet diplom verməklə işinin bitdiyini zənn etməməlidir. Universitetlərə işlə təmin etmə, karyera mərkəzlərinin nəticələrinə görə dövlət əlavə vəsait ayırmalı, stiumul verilməlidir ki, universitet özü bu prosesdə maraqlı olsun. İndi isə görünən odur ki, universitetlərdə bir rahatlıq var və düşünürlər ki, tələbə gəlir, oxuyur, diplomun alır bunla da işi bitdi amma belə deyil. 

- Gənclərlə işləyən nazirliyimiz də var, amma Gənclər və İdman Nazirliyi dedikdə ağlımıza demək olar ki, sadəcə idman sahəsi gəlir. Sanki bu nazirlik gəncləri diqqətdə o qədər də saxlaya bilmir. Siz bu nazirliyin, nazirin fəaliyyətini necə qiymətləndirirsiniz və əsas problemi nədə görürsünüz?


- Nazir Fərid Qayıbova böyük hörmətim var. Bu insan məmurlar içərisində fərqli mövqe tutub, sadə insandır, sadəliyini qoruyub saxlaya bilir, ulduz xəstəliyinə tutulmadı, başqa məmurlar kimi özünü dartıb dağın başına qoymaydı. Şəxsən mən bir problem qaldıran kimi operativ, hətta votsapdan mesaj vasitəsi ilə əlaqə saxlaya bilirik, daha məktub yazmağa ehtiyac qalmır. Amma tək nazirlə bu məsələni əlaqələndirmək olmaz. Düşünürəm ki, Gənclər və İdman Nazirliyinin regionlaşdırılmasından sonra biz regionlarda gənclər sahəsində müəyyən boşluqların olduğu gördük. Təsəvvür edin ki, əvvəl bütün rayonlarda nazirliyin nümayəndəlikləri var idi, indi isə bu regionlaşdı və bunun nəticəsində həm işçilərin sayı azaldı, həm də gənclər sahəsində yetişmiş kadrlar başqa sahələrə getdi. İdman sahəsini çox yaxşı bilən, ancaq gənclər sahəsini bilməyən insanlar indi həmin vəzifələri tuturlar. İlkin gördüklərim odur ki, həmin adamlar çox yaxşı idmançıdır, amma gənclər sektoru tamam fərqlidir, biz bu gün həmin balansı itirmişik. Regional idarələrdə o balansı qorumaq lazımdır. Baxırsan ki, gənclər və idman sahəsində çalışan şəxslər də artıq müəyyən yaşa gəlib çatıblar, hər şeydən doyub, həyatları ilə barışıbdılar. Yeni ruh, nəfəs gəlməlidir ki, həmin kadrlar iş görməkdə maraqlı olsun və anlasın ki, bu sektor inkişaf etdiyi təqdirdə ona nə veriləcək. İstənilən dövlət orqanlarına baxsanız görərsiniz ki, orada əmək haqqı ilə yanaşı mükafatlandırma, təşviqetmə var, ancaq gənclər və idman sektorunda bu təşviqi regional idarələrdə görə bilmirik. Burada çalışan dövlət qulluqçuları sadəcə maaş alır, onlar da deyir ki, mən burada qalsam nə əldə edəcəm. Ancaq gənclərə imkan və şərait yaradılmalıdır ki, həmin gənclərin QHT-ləri olsun, onlar vətəndaş cəmiyyətinə töhfə versinlər, proseslərə yad qalmasınlar. Proseslərə töhfə verdikləri təqdirdə daha yüksək vəzifələrə aparılması ehtimal olsun. Gənclər sektorunda çalışan insanları bir də görürdün ki, icra başçısı, millət vəkili olurdu.

İndi artıq o alətlər yoxa çıxıb və bu səbəbdən həmin sahələrdə müəyyən bir düşüş yaranıb. Bu baxımdanda həm Gəncə, həm də digər rayonlarda QHT-lərin, gənclər təşkilatının sayı da azalır və yaxud da olan təşkilatların sədrləri dəyişmir, 20 il bundan qabaq gənclər təşkilatının sədri olan biri bu gün də o sahədə çalışır. Təbii ki, belə olan halda həmin sahə inkişaf etməyəcək. Bu tək nazirlə bağlı olan məsələ deyil, bu prosesə köklü yanaşmalıyıq. Gəncədə - yarım milyonluq şəhərdə 10-12 idman zalı var. Cənab Prezident böyük idman sarayının açılışında özü də iştirak etdi, amma yarım milyonluq şəhər üçün təbii ki, bu çox azdır və ora da ancaq idmançılar gedirlər. Mən tərəfdarıyam ki, idmanı kütləviləşdirə bilək, amma biz bunu hələ də edə bilməmişik. Bu gün növbə apteklərin qarşısındadır idman zallarının deyil. Məktəblərdə bədən tərbiyəsi dərsinin yerinə əsas saydıqları ədəbiyyat, riyaziyyat, ingilis dili dərsləri keçirilir. Bizə sadəcə savadlı gənclərmi lazımdır? Sağlam olmayan savadlı gənc bizim nəyimizə lazımdır? Burada valideynlərin də, bizim də günahımız var. 


- Yeni deputatlar sizin qədər gözəçarpan deyil və sizin qədər tanınmadı. Bunu media olaraq belə dəyərləndirdik, siz öz yeni həmkarlarınızın fəaliyyətini necə qiymətləndirirsiniz? Hansıların fəaliyyəti daha yaxşıdır, hansılarının daha pis? 

- Yeni seçilən deputatların içərisində kifayət qədər tanınmış şəxslər var. Sadəcə elə deputatlar var ki, biz onları təzə-təzə tanıyırıq. 5 ay tezdir, amma onların missiyası əsasdır. Onlar seçiciləri ilə görüşlərin davam etdirirlər və seçicilərinin çağırışlarını həyata keçirirlər. Birdən birə onların hər gün televiziyalarda qalmaları da yaxşı olmazdı. Parlament elə də asan yer deyil. Çıxış etmək özü ağır məsuliyyətdir. Təsəvvür edin ki, illərini siyasətə həsr etmiş əjdahaların, qocaman deputatların qarşısında çıxış edirsiniz. Bu baxımdan gənc deputatları qınamayın ki, onlar niyə populyarlaşmadılar. Bundan öncə tez tanınan, populyarlaşan deputatların uğursuz nəticələri də olub.  Gənc və yeni seçilən deputatlar da bunu yaxşı bildiklərinə görə tələsmirlər. Zamanında aktiv olan və buna görə də seçilən deputatlar var ki, eyni işlərini davam etdirirlər və kifayət qədər də tanınırlar.

- Gəncədə İcra başçısının birinci müavini olmusunuz. Hazırda deputatsınız. Əksəriyyət icra hakimiyyəti, icra başçıları ilə parlament arasında soyuq münasibətlərin olduğunu düşünürlər. Sizcə, münasibətlər həqiqətən yaxşı tənzimlənirmi?

- Fəsillərə görə münasibətlər də dəyişir (gülür). Həmişə soyuq və ya həmişə isti ola bilməz. Deputat tənqid etməkdən çəkinmirsə və tənqidindən əmindirsə, düşünürəm ki, qarşı tərəf ondan inciyə də, küsə də bilər. Nə qədər güclü olsa da, insanlar tənqidi sevmirlər. Mənim Gəncə İcra Hakimiyyəti və orada təmsil olunanlar münasibətlərim yaxşı səviyyədədir. Millət vəkili qətiyyən sağlam tənqiddən qorxmamalı və çəkinməməlidir. İcra başçıları da, hökumət nümayəndələri də sağlam tənqiddən nəticə çıxarmalıdırlar. Tənqid varsa, deməli problem var. Tənqid inkişafa və problemin həllinə gətirib çıxarır. Biz parlamentdə problemləri dilə gətirməsək, hökumət nümayəndələri Gəncə şəhərindəki problemlərdən xəbərdar olmaz. Mənə də bəzən irad tuturlar ki, problemlərdən az danış. Mən də deyirəm ki, problemlərin həllinin yeganə yolu budur. Əgər büdcə müzakirələrində problemlərdən danışmıramsa, demək problemlərin həllinə dair büdcə vəsaitlərinin ayrılması reallaşmayacaq. Buna görə də düşünürəm ki, deputatlar qətiyyən tənqiddən çəkinməməlidirlər. Sağlam tənqid həmişə olmalıdır. Məmur da  bilməlidir ki, onun deputatı güclüdür, aidiyyəti qurumlar qarşısında problemi qaldıra bilir. İcra başçıları, məmurlar deputat xalq içərisində olanda narahat olur. Cənab Prezident bizim qarşımıza öhdəlik qoyub ki, biz gedək vətəndaşların problemləri ilə məşğul olaq və  yanında olaq. Yerlərə və şəxslərə görə vəziyyət dəyişir. Amma  bizim ağı qaradan seçən cənab Prezidentimiz, hökumət nümayəndələrimiz var. Onlar kim yaxşı, kim pis işləyir, yaxşı bilirlər. Şükürlər olsun ki, hələlik  hər şey yaxşıdır. Amma qətiyyən qane olmaq olmaz. 


- Gəncədə əsas şikayətlər nələrdən ibarətdir?

- Gəncədə birinci problem yeni iş yerlərinin yaradılmamasıdır. Yeni iş yerləri olmadığına görə də, xüsusən, gənclərin məşğulluq  problemi öz həllini tapmır. Qınamıram, yaşlı nəsil də iş yerlərini itirmək istəmir. Bu baxımdan yeni iş yerləri yaranmır. Buna görə də Gəncənin bilikli, savadlı gəncləri Bakı və başqa yerlərə üz tuturlar. Ona görə də Gəncənin gənc, savadlı kadrlarını, düşünən beyinlərini itiririk. BU gün Gəncədə beyin köçü var. Bu da yaxşı hal deyil. Gəncədə əhali arasında yaşlanma gedir. Qeydiyyatı Gəncədə olsa da, gənclərin əksəriyyəti burada yaşamır. Xüsusilə sosial həyat yoxdur. Dövlət tərəfindən flarmoniya, teatr, mədəniyyət ocaqlarının yaradılmasına baxmayaraq, bu ocaqlar öz missiyalarını təəssüflər olsun ki, yerinə yetirə bilmirlər. Teatrların sayı azlıq təşkil edir, konsertlər əlçatan deyil. Gənclər o konsertlərə bilet alıb gedə bilmirlər. Yalnız konsertlə iş bitmir. Amma Bakıda geniş seçim imkanları var. Onu biz yarada bilmirik. Gənclər üçün əyləncə mərkəzləri yoxdur. Gəncə sən istirahətə getmə, həftə sonu əylənmə deyə bilmərik. Gəncin istəyini ona verməliyik. Gəncədə təəssüflər olsun ki, əyləncə mühiti yoxdur. 31 dekabrda gənclər Gəncə İcra hakimiyyətinin binasının qarşısına toplaşdı. Özləri ilə də qanunsuz partlayıcı vasitələri gətirirlər. Bununla da əyləncə bitir. Biz çalışmalıyıq ki, gənclərin istədiklərini onlara verək. Bunu edə bilməyəndə, gənclər Bakıya üz tutur və ya çıxır xaricə gedir. Gənclərin məşğulluq problemlərini həll etməli, sahibkarların gəlişini təmin etməliyik. Təbliğatlar etməliyik ki, sahibkarlar, gənc iş adamları, yaxud böyük şirkətlər gəlib öz filallarını, bazarlarını yaratsınlar. Beləliklə də iş yerləri olsun, ancaq bu proses yoxdur. İkinci məsələ gənc ailələrin ev sahibi ola bilməmələridir. Gəncədə çoxlu sayda ev tikilmir. İpoteka imkanları da  çox deyil. Sosial evlərin sayı da çox deyil. Ona görə də düşünürəm ki, Gəncə şəhərində sosial evlərin tikintisinə geniş yer ayırmalıdır ki, Qərbdə Gəncə şəhəri bufer rolunu oynasın. Yəni Qazaxdan, Şəmkirdən, Gədəbəydən, Goronboydan yetişən gənclər şəhər deyəndə Gəncəyə getsinlər, Bakıya gəlməsinlər. Əks təqdirdə, Bakıda əhalinin sayı artır, digər şəhərlərdə əhalinin sayı azalır. Sumqayıt şəhəri əhalisinin sayı niyə Gəncəni ötdü. Çünki şəhər Bakıya yaxındır. Bakının hesabına Sumqayıt şəhəri inkişaf etdi. Amma düşünürəm ki, Gəncəni 1 milyonluq şəhərə çevirməliyik ki, artıq Gəncə də yaxşı mənada Bakıya rəqib olsun. Biz Bakını təkləşdirməməliyik, tək Bakını inkişaf etdirməməliyik, Gəncə, Lənkəran, Naxçıvan, Xankəndi şəhərləri də inkişaf etməlidir. 1 milyonluq əlavə şəhərlər yaratmalıyıq. Gənclər Gəncəni sürətli şəkildə tərk edirlər və demoqrafik problem yaranır. Bu problemi indidən görüb həll etməliyik əks halda sonra çox əziyyət çəkəcəyik. 

- Bu gün Azərbaycanın xarici siyasət prioritetlərindən biri də məhz Qərbi Azərbaycandır. Siz bu prosesi 10-20 il sonra harada görürsünüz?

-10-20 il uzun dövrdür. İstərdim və düşünürəm ki, tezliklə nəticələr əldə edəcəyik. Mən Qərbi Azərbaycanda doğulmuşam, qaçqın düşmüşəm. 5 yaşında qaçqın düşməyimlə uşaqlığım bitib. Mənim kimi yüz minlərlə adam var ki, uşaqlıq həyatı yaşamayıblar. Qaçqın olmaq hər şeyini itirib, yenidən gəlib həyat qurmaq elə də asan deyil. Bu gün hamı Qərbi Azərbaycanlı olmaq istəyir. Sağ olsunlar hamı Qərbi Azərbaycana dəstək olur. Lakin o vaxt açığı deyirəm ki, elə də yaxşı münasibət yox idi. Bizə deyirdilər ki, nəyə gəlmisiniz, qalıb döyüşüb torpaqlarınızı qoruyardınız. Sevərək, yox məcburən o torpaqlardan çıxmışıq. O zamanki rəhbərlik düzgün addımlar atsa, bizi ən azı Şərqi Zəngəzurda, Qarabağda yerləşdirsəydi, ən azından Qarabağı itirməzdik. 

İndi Qərbi Azərbaycan İcması yaranıb. Cənab Prezident İcmanın qərargahına gəldi, öz ailə üzvləri ilə danışırmış kimi mövqe sərgilədi və hamımıza ümid verdi ki, vaxt gələndə öz dədə-baba torpaqlarınıza qayıdacaqsınız. Tək 1988-ci ildən deportasiya olunan mənim kimi 300 min qaçqın yox, 45-48-ci illərdə və ondan əvvəlki deportasiyalar zamanı qaçqın düşənlərin də xeyli varisləri var ki, öz torpaqlarına qayıtmaq istəyirlər. Heç kimə sirr deyil ki, indiki Ermənistan Azərbaycan torpaqlaırnın əsasında yaranıb. O zamankı hakimiyyət tarixi şəraitə əsasən İrəvanı Ermənistana verdi. Lakin ermənilər 9 min kvadrat kilometrlə kifayətlənmədilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olduqca demokratik oldular. Düşündülər ki, ermənilər haqq yoluna gələcək, amma gəlmədilər. Silahlanaraq, beynəlxalq güclərin də dəstəyi ilə digər ərazilərimizi ələ keçirdilər. Erməniləri hücumları sayəsində  müstəqilliyimizi itirdik. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, ən azında insan hüquqları kontekstində Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışı təmin edək. Cənab Prezident sağ olsun, qətiyyət və iradə ortaya qoyur, Beynəlxalq təşkilatlar qarşısında bu məsələ qaldırılır. Bütün danışıqlarda Qərbi Azərbaycan məsələsi masadadır. Qərbi Azərbaycan İcması öz fəaliyyətini yüksək səviyyədə qurub. Artıq BMT-nin bir çox sənədlərində Qərbi Azərbaycan sözü keçir. İslam Əməkdaşlıq Təşkilatında ilk dəfəydi ki, Qərbi Azərbaycan məsələsinə toxunuldu. Ən sonda Asiya Parlament Assemblyasiyasının (APA) Bakıda keçirilən 15-ci sessiyasında  nümayəndə heyəti olaraq Bakı Deklariyasının imzalanmasına və burada Qərbi Azərbaycan  məsələsini də beynəlxalq  sənəddə görürük. Bu böyük uğurdu. APA-dakı bütün ölkələr bunu dəstəklədilər. Qərbi Azərbaycanlılar beynəlxalq aləmdə bir tərəf olaraq qəbul edilir və tanınırlar. Nəyin bahasına olursa-olsun Qərbi Azərbaycana qayıdacağıq.

- Media Rəsulzadə haqqında 2015-ci ildə səsləndirdiyiniz fikirləri geniş müzakirəyə çevirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində, dövlətçilik ənənəsində rolunu necə qiymətləndirirsiniz? Sizin üçün Rəsulzadə kimdir, hələ də 10 il əvvəl dediyiniz fikirlərin üzərində qalırsınız?
 

- Bu mövzu haqqında həmin dövrdən sonra heç danışmadım. 10 il əvvəl mənə qarşı "informasiya terroru" həyata keçirildi ki, bunun da obyektiv və subyektiv tərəfləri var idi. Açığını deyim ki, gənc siyasətçi üçün bu intihara bərabər idi. Mən hədəf seçilmişdim və siyasət sahəsindən məni tamamilə silmək, mənim vasitəmlə də çirkin niyyətlərini həyata keçirmək istəyirdilər. Sağ olsun dövlətimiz, ziyalılarımız, düşünən beyinlərimiz bu prosesdə məni tək qoymadılar, mövqeyimi müdafiə edən kifayət qədər insan tapıldı və yəqin ki, mən bunun  sayəsində ayaqda qaldım.
Şükürlər olsun ki, bu gün də siyasi fəaliyyətimi davam etdirirəm. Sizin suala gəldikdə isə mən o vaxt nə düşünürdümsə, bu gün də eyni düşüncələrdə qalmışam. Çox təəssüflər olsun ki, o vaxt mənim adımdan deyilməyən fikirləri tirajladılar. Mən tarixçiyəm və Azərbaycan Xalq Cümhuriyyəti tarixini, xüsusi ilə də 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli dönəmini araşdıran tədqiqatçıyam. Həmin dönəmdə hansı proseslər baş verib,  onları tarixçi olaraq bilirəm və bildiklərimin bəlkə də 90 faizi ümumiyyətlə heç Azərbaycan oxucusuna, vətəndaşlarını bəlli deyil. Azərbaycan vətəndaşları onları biləcəyi təqdirdə heç o reallıqları qəbul etməyə hazır da deyil. İnanıram ki, mən bildiklərimi də həmişə az sayda insan bilmiş olacaq.
Bəzən elə informasiya, məlumatlar var ki, onun cəmiyyət tərəfindən bilinməsinə heç ehtiyac yoxdur. Çox təəssüflər olsun ki, bizim yanaşmamız Cümhuriyyət liderlərini müxalifət liderləri qismində görməkdən ibarət olub və bu gün də elə görülür. Biz Cümhuriyyət qurucularını qətiyyən müxalifətçi kimi qələmə verməməliyik. Onlar bizim aydınlarımız, ziyalılarımız və siyasi liderlərimiz olub. Onlar da Azərbaycanı qurmaq, yaratmaq və müstəqil bir ölkəni qorumaq istəyiblər. Bunu nə dərəcədə edib-etmədikləri artıq başqa məsələdir və bu haqda danışmağa bizim haqqımız çatmır ki, onları tənqid və ya təhqir edək. Biz sadəcə onların fəaliyyətini öyrənə, tədqiq edə, doğru-düzgün nəticələr çıxara bilərik ki, o səhvləri indiki dövrdə buraxmayaq.
Bizim səhv yanaşmamız Cümhuriyyət qurucuları ilə bağlı insanları iki yerə bölməsinə səbəb oldu. Məhəmməd Əmin Rəsulzadəni, Cümhuriyyət yaradıcılarını tanımayan şəxslər belə, bu məsələdə bizə qarşı çıxmağa başladılar. Sanki iqtidarda olduğumuz üçün bizi günahlandırırlar və bizə imkan vermirlər ki, Cümhuriyyət qurucuları haqqında fikirlərimizi deyək. Biz Nəriman Nərimanovla Rəsulzadəni müqayisə edə bilərik. İkisi də eyni dövrdə, fərqli siyasi cərəyanın davamçıları olub, hərəsinin də öz inancları, özünə görə xidmətləri, səhvləri və düzü olub, amma bizə, şəxsən mənə düşməz ki, onların səhvlərindən və ya düzlərindən danışım. Əgər biz Azərbaycanı həmişə güclü görmək istəyiriksə, istənilən azərbaycanlıya sahib çıxmalıyıq.
Hansısa gənci məhv etmək, onun üstündən xətt çəkmək və ya istənilən tarixi şəxsiyyəti qınamaq çox asandır. Bu baxımdan biz Cümhuriyyət qurucularına həmişə minnətdarıq. Xüsusi ilə də bizim əlavə səhvimiz ondan ibarətdir ki, Məhəmməd Əmin Rəsulzadəni digər Cümhuriyyət qurucularından üstün tutmuşuq. Mən Cümhuriyyət qurucularının hər birinə dərin təşəkkür edir və hamısını bərabər hesab edirəm. Digər Cümhuriyyət qurucuları var ki, onlar sürgün, terror qurbanı oldular, mühacirət həyatı yaşadılar. Hər birinin həmin dönəmdə və ondan sonrakı vaxtda oynadığı müxtəlif rolları olub. İlk dönəmlərdə müsbət rol oynayıblarsa, sonradan müəyyən səhvlər buraxıblar və yaxud da ilk dönəmdə müəyyən səhvləri olubsa, sonra müsbət obrazda olublar. Bu baxımdan da biz yalnız onların fəaliyyətlərini öyrənmək, müasir gənclərə öyrətməklə kifayətlənməliyik və qətiyyən onları iqtidar-müxalifətə bölməməliyik. Keçmişdəki Müsavatla indiki Müsavatı eyniləşdirmək düzgün deyil.

Kaş 2015-ci ildəki o hadisə olmazdı, mənim də orada müəyyən günahım və səhvim oldu ki, həmin məclisdə iştirak etdim. Lakin bu mənim sadəliyim və sadəlövhlüyüm, jurnalistlərin səmimi olmağına inanmağımdan qaynaqlanırdı. Həmin dövrdə sosial medianın da mövzunu səhv yönləndirməyi vəziyyəti o hala gətirib çıxardı. Sonunda siz də başda olmaqla doğru, həqiqəti yayan media mənim fikirlərimə də hörmət edərək, onları yaydılar. İlk andan sonuna qədər də mən fikrimdən çəkinmədim. Hamının haqqı çatır ki, öz liderinin kim olduğunu desin. Mən orada qəbahət edib deməmişdim ki, mənim liderim Heydər Əliyevdir. Bunu da səhv və qınaq obyektinə çevirmişdilər, hansı ki, bunun özü də səhv yanaşmadır. Mən durub nə varsa, nə hiss edirəmsə, onu deməliyəm.
Yeni Azərbaycan Partiyasının deputatıyam və ona sevərək üzv olmuşamsa, demək onun yaradıcısını da özümə lider bilirəm. Amma demokratiyadan dəm vuran qüvvələr mənim seçimimə hörmətlə yanaşa bilmədilər. Başlığa da mənim heç demədiyim fikirləri çıxarmışdılar. Mən yenə də deyirəm ki, Cümhuriyyət dövründə İrəvanın hədiyyə edilməsinin əleyhinəyəm, edilməməli idi. Döyüşməli idiki, vuruşmalıydıq, ən azından verirdiksə, bunu sənəddə göstərərdik. Orada subyektiv və obyektiv tərəflər də var, həmin dövrdə bizim siyasi rəhbərlərin seçim haqqı yox idi və o çətin vəziyyətdə razılaşmaq məcburiyyətində qalmışdılar, nəticədə öz qoynumuzda ilan yetişdirməli olduq. Halbuki, o dövrdə ilanın başın kəsməli idik. Mənim bunu deməyim o demək deyil ki, mən Cümhuriyyət qurucularını tənqid edir, qılınclayıram. Sadəcə olaraq o dövrün reallığı belə idi və başqa ediləsi nəsə yox idi. İndiki dövrdə tənqid daha rahatdır, həmin vaxt orada mən də olsaydım nə qərar verəcəyimi hələ də bilmirəm. 


-    Siz ağlımızda gənc deputat kimi qalmısınız və görünüşünüz də yanılmadığımızı göstərir. Bir az maraqlananda gördük ki Yoqa ilə məşğul olursunuz, başqa hansı fəaliyyət növləriniz var, sağlamlığınızı necə qoruyursunuz?


-    Hər bir insan öz-özünün həkimi olmalıdır. Müasir dövrdə insan sağlam qalmırsa günahkar özüdür. Kifayət qədər qida, günlük qrafik seçimi var. İnsan seçim edə, sağlam həyat seç biləcəyi təqdirdə həmişə cavan qalacaq. Mənim cavan yox, sağlam qalmaq istəyim var və qarşımda qoyduğum məqsəd də xəstələnməməkdir. Xəstələnəndə də bilirəm ki, mən nəyə görə xəstələndim və artıq həkimə getməyimə ehtiyac olmur. Mütamadi olaraq ildə ən azı iki dəfə tibbi müayinələrdən keçirəm, bilirəm nə artıqdır, nə azdır, harada nə problem olma ehtimalı var. Gözləmirəm ki, problem olandan sonra müayinəyə, müalicəyə gedəm. Dövlətimiz də bu baxımdan hər cür şərait yaradıb, İcbari tibbi sığorta var, həmçinin müayinələr elə də bahalı deyil ki, ildə heç olmasa bir dəfə, iki dəfə özümüzü tibbi müayinə etdirmək əlçatandır. 

Həmçinin sağlam qidalanmaya fikir vermək lazımdır. 30 yaşdan sonra nə yediyimizə diqqət etməliyik. Onu da unutmamalıyıq ki, biz tək bir bədəndən ibarət deyilik. Bundan başqa görmədiyimiz başqa bədənlər də var – aura, enerji, əsl mən. Bu da sırf ruhla, enerji ilə bağlıdır. Biz əsl ruhu qoymuşuq kənara bədən dediyimiz “məni” inkişaf etdiririk. Çalışırıq həmişə bədənimizi qoruyaq, amma ruhumuzu yadımızdan çıxarırıq. İnsan böyüdükcə gülmək hissini itirir serotonin olmadıqca melatonin ifraz olunur, o olmadıqca insan artıq yuxusunu itirir. İnsan xoşbəxt deyilsə, yaxşı yatmırsa nəticə etibari ilə digər həyatı funksiyalarında da narahatlıq yaranır. Ona görə də insan sağlam yaşamaq üçün həm bədənin, həm də ruhun yaxşı saxlamalıdır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uçan maşınların kütləvi istehsalı başlayır Tarix açıqlandı

09 Mart 2025 02:22see302

Pakistan Taliban`ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir

09 Mart 2025 02:24see179

ABŞ də Avropanı təsəlli edəcək mümkün liderin adı açıqlandı

09 Mart 2025 02:49see141

Musa Qurbanlının “qırmızı” səhvi…

09 Mart 2025 09:32see140

Azyaşlıları erkən yaşda hazırlığa qoymaq onlara necə təsir edir? EKSPERTLƏRDƏN VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

09 Mart 2025 08:32see139

Avokadonun faydalarını iki qat artırmaq istəyirsinizsə, bu qidalarla birlikdə yeyin

09 Mart 2025 04:31see137

DSMF filial müdirinin piyadanı vurması ilə bağlı açıqlama yayıb FOTO YENİLƏNİB 1

09 Mart 2025 01:12see136

Renat yeni klubu üçün növbəti qolunu vurdu

09 Mart 2025 00:46see130

Pomidor bir neçə xərçəng növünə qarşı faydalıdır

10 Mart 2025 05:16see127

Trabzonspor da istefa səsləri

09 Mart 2025 11:01see126

Gəncədə doğuş zamanı iki körpə ölümü qeydə alınıb

09 Mart 2025 12:16see125

“Tottenhem” qanalı vingerə 40 milyon verməyə hazırdır

09 Mart 2025 14:00see125

Qalatasaray səfərdə geridönüş etdi VİDEO

10 Mart 2025 00:55see124

PKK qurultay keçirib özünü BURAXACAQ KONKRET

09 Mart 2025 16:37see119

Novosibirskdə nadir Chevrolet Caprice satılır

09 Mart 2025 22:43see117

Niyə ruslar yeni avtomobilləri daha az alırlar?

09 Mart 2025 23:05see116

İsrailin siyasi rəhbərliyi Qəzza zolağında hərbi əməliyyatları bərpa etməyə hazırlaşır

08 Mart 2025 22:56see115

Martın 10 da qaz OLMAYACAQ KONKRET

09 Mart 2025 12:53see115

Üç BÜRC üçün mart ilin ən pis ayı olacaq

10 Mart 2025 00:04see112

Süni intellekt oruc zamanı qəbizliyin qarşısını almağın ən optimal üsullarını söylədi...

10 Mart 2025 06:24see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri