Icma.az
close
up
RU
Deputatlardan yüzminlərin müraciətinə reaksiya Hökumətə çağırış

Deputatlardan yüzminlərin müraciətinə reaksiya Hökumətə çağırış

Icma.az, Ayna saytına istinadən bildirir.

Bir milyona yaxın insanın problemi Milli Məclis üzvlərini narahat edir: “Vətəndaşların haqlarını özlərinə qaytarmaq lazımdır”

Xəbər verdiyimiz kimi, “Facebook”da 42 min ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupu adından Milli Məclisin spikeri Sahibə Qafarovaya və bütün deputatlara açıq müraciət ünvanlanıb. Müraciət edən şəxslər deputatlardan xalqa kömək edilməsini, xalqa qarşı düşmənçiliyə və korrupsiyaya son qoyulmasını istəyiblər.

Onlar bildirirlər ki, uzun illərdir Ulu Öndər Heydər Əliyev tərəfindən qanunla verilmiş Özəlləşdirmə Paylarını (çeklərini) - əmlak paylarını satmayıb, haqlarının bərpa olunmasını ümüdi ilə gözləyən yüzminlərlə ailə var: “Hörmətli spiker və deputatlar, onların adından sizdən xahiş edirik: bu problemi Milli Məclisdə müzakirə edəsiniz, öz fikirlərinizi ictimayətlə bölüşəsiniz və cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edəsiniz. Sizə müraciət edərək, Müzəffər Ali Baş Komandan Cənab Prezidentin siyasətinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, korrupsiyaya və xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edirik”.

Vurğulanıb ki, son illərdə 30-dan çox deputat, onlarla hüquqşünas alim, iqtisadçı ekspert, YAP ağsaqqalı, yüzlərlə müxtəlif sahələr üzrə tanınmış şəxs xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “Youtube” kanalları vasitəsilə müraciətlər ediblər: “Ancaq nə Milli Məclisdə açıq müzakirələr aparılır, nə də Ali rəhbərliyə birbaşa çıxışı olan Milli Məclis üzvləri cənab Prezidentə tam və aydın məlumat verirlər. Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib. Hörmətli deputatlar! Bu, sadəcə Konstitusiya və qanunların pozulması deyil – korrupsiya və dövlət cinayətidir! Xalqa və Prezidentə qarşı düşmənçilikdir. Sizlərdən həm qanunverici orqanda xalqı təmsil edən millət vəkili, həm də bir vətəndaş kimi xalqa kömək etməyinizi xahiş edirik. Sizlərdən bu müraciətdə olan rəsmi dövlət orqanlarının sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumağınız, cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulması üçün, hüquqi səhvlərin aradan qaldırılmasının təmin edilməsi üçün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil”.

“Konstitusiya və qanunlara əsasən, mülkiyyət hüququna, cənab Prezidentin də öz fərmanında yazdığı kimi, qanunvericiliklə qoyulmuş qaydalar – yəni ancaq Qanunda göstərilən qaydalar əsasında xitam vermək olar. Lakin oliqarx məmurlar 01.01.2011-ci ildən sonra cənab Prezidentin Fərmanını – Konstitusiya və qanunların qoyduğu qaydada İcra etmədilər. İndi isə “cənab Prezident öz Fərmanı ilə Dövlət Özəlləşdirmə Paylarını dövriyyədən çıxarıb”, - deyərək, qəsdən cənab Prezidentə böhtan atırlar. Bu isə qanunla korrupsiya cinayətidir. Bu yolla həmin məmurlar, bəzi hakimlərin vasitəsilə, öz qanunsuz əməllərini dövlət başçısının üzərinə atmaq istəyirlər. Hətta eşitdiyimiz məlumatlara görə, Prezident Adminstrasiyasında çalışan bəzi məmurlar bu məsələ ilə bağlı məhkəmələrə, işə baxan hakimlərə təzyiq də göstəriblər. Hesab edirik ki, bu durum onların cənab Prezidentə və dövlətə olan riyakar münasibətlərindən xəbər verir”, - deyə müraciətdə vurğulanıb.

Qeyd etmək yerinə düşər ki, bugünlərdə barəsində həbs qərarı çıxarılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin böyük cinayətlərinin ortaya çıxması, onun dövlətə xəyanət və qanunsuz sərvət toplamaq kimi əməllərinin ifşa olunması özəlləşdirmə çekləri probleminin nə qədər aktual olduğunu, çek sahiblərinin tələblərinin nə dərəcədə haqlı olduğunu bir daha sübut edir. Belə ki, haqları əllərindən alınmış çek sahibləri illərdir bu problem piramidasının başında birbaşa Ramiz Mehdiyevin dayandığını, məhz onun cənab Prezidentin etibarından sui-istifadə edərək qanunsuz fərman imzalatdığını bəyan və isbat edirlər.

Bu gün keçmiş PA rəhbəri dövlətə xəyanətdə və əldə etdiyi qanunsuz sərvəti leqallaşdırmaqda ittiham olunur. Çek sahibləri illərdir bəyan edirlər ki, özəlləşdirmə çekləri ilə bağlı qəbul edilmiş qərar böyük qanun pozuntusu, bununla əlaqədar oliqarx-məmurların atdığı addımlar dövləti cinayətdir. İndi baxın PA rəhbəri və onun çətiri altında olmuş məmurların cinayətlərinə, dövlətə xəyanətlərinə, Mehdiyev ailəsinin nəhəng sərvətinə...

Bəli, yuxarıda xatırlatdığımız kimi, haqqı tapdanmış yüzminlərlə vətəndaşın təmsilçisi kimi Özəlləşdirmə Çekləri Qrupu parlamentə müraciət ünvanlayıb. Pay sahibləri intizarla deputatların reaksiyasını gözləyirlər. Axı, millət seçdiyi vəkillərinə millətin problemlərinin həlli üçün mandat verib. AYNA.AZ sözügedən müraciətə millət vəkillərinin münasibətini öyrənib.

Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc deyib ki, hüquqları pozulan vətəndaşların haqlarının bərpası mütləqdir: “Özəlləşdirmə payları ilə bağlı dəfələrlə Milli Məclis tribunasından hökumətə təkliflər vermişəm, çağırışlar etmişəm. Milli Məclisin payız sessiyası yeni başlayıb, bu məsələ ilə bağlı fürsət düşən kimi fikirlərimi səsləndirəcəm, dövlətin Ali rəhbərliyinə şağırış edəcəm. Çünki həqiqətən də özəlləşdirmə çekləri ilə bağlı problem qalmaqdadır və burada insan hüquqları pozulmaqda davam edir. Hesab edirəm ki, bu məsələ birdəfəlik həllini tapmalıdır”.

“Düşünürəm ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması iqtisadi sahədə canlanmaya səbəb olacaq. Azərbaycan müstəqillik qazanandan sonra elan edilmiş özəlləşmə proqramında əhalinin prosesdə iştirakı üçün ümumi mülkiyyəti dəyərləndirildi. Onun 60 faizə qədər hissəsinin özəl sistemə keçiriləcəyi elan olundu və nəticədə vətəndaşlar qeyd etdiyimiz çeklər vasitəsilə onun ifadə etdiyi dəyər mənasında mühüm işlərdə hüquqi cəhətdən iştirak etmək imkanı əldə etdilər. Lakin doğru-düzgün şəkildə istifadə edilmədiyindən nəticədə çeklər yararsız kağız parçasına çevrildi. Ona görə də hökumət tərəfindən onların hüquqi qüvvədə olması müddəti 2012-ci ilə qədər artırıldı. 2015-ci ildən başlayaraq isə bütün verilən qərarlarla çeklər tam olaraq tədavüldən çıxmadı. Onlar yenə də insanların evlərində qalmaqda davam edir, amma dəyərsiz halda. Bu, yolverilməz haldır”, - deyə deputat bildirib.

Komitə sədrinin sözlərinə görə, ədalətli hal o olardı ki, çeklər bütünlüklə əhalidən yığılsın, qarşılığında ədalətli kompensasiya ödənilsin: “Bununla ədalət bərpa olunar, əllərində çekləri qalmış vətəndaşların haqları təmin edilər”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa da özəlləşdirmə çekləri ilə bağlı problemin birdəfəlik həllinin tərəfdarıdır: “Əllərində qiymətli kağızları, yəni çekləri qalmış insanların problemləri ilə tanışam. Onlar hüquqlarının pozulması iddialarında qanunla haqlıdırlar. Görünən odur ki, bu problemin həllində maraqlı olmayanlar var. Sözügedən problem dəfələrlə qaldırılıb. Mətbuat səhifələrində də, Milli Məclisin iclaslarında da deputat həmkarlarım bu barədə danışıblar, təklif və çağırışlarını səsləndiriblər. Problem həllini tapanadək yəqin ki, təkliflərimizi zaman-zaman səsləndirəcəyik”.

“Bilirsiniz, vətəndaş ona çatacaq özəlləşmə payından faydalanmaq istəyir və bunun qarşısındakı əngəl aradan qaldırılmalıdır. Vətəndaş üçün faydalı olan istiqamətdə addımlar atılmalıdır. Özü də bu proses şəffaf şəkildə həyata keçirilməlidir. Çox yaxşı olardı ki, çeklər problemi tezliklə aradan qaldırılsın, insanların pozulan hüquqları bərpa olunsun. Bunun da yolu var. Hesab edirəm ki, məsələyə birdəfəlik nöqtə qoyulması üçün müvafiq komissiya yaradılmalıdır. O komissiya tez bir zamanda araşdırma aparmalı, çeklər məsələsi ilə bağlı təkliflərini hazırlamalı və dövlətə təqdim etməlidir. Müvafiq qərarla isə problemə nöqtə qoyulmalıdır”, - deyə F.Mustafa vurğulayıb.

Milli Məclisin üzvü Aqil Abbas da hökumətə, ölkə rəhbərliyinə çağırış edib ki, özəlləşdirmə hüququndan istifadə etməyən, yaxud da edə bilməyən vətəndaşların haqqı özünə qaytarılmalıdır: “Mənə də müraciətlər edirlər, hökumətə çağırış etməyimi istəyirlər. Dəfələrlə çağırış etmişəm ki, araşdırma aparılsın, həqiqətən də insanların haqqı pozulubsa, müvafiq addım atılsın. Özü də onlar haqlıdırlar. Yadımdadır ki, bir neçə il əvvəl bir vətəndaş dedi: “Aqil müəllim, dövlət mənə Ulu Öndər Heydər Əliyevin vaxtında çek verib, mən də onu uzun illər saxladım. O vaxt çox adam “qara bazar”da satdı, bəziləri çekləri qamarladılar, özəlləşdirmədə istifadə etdilər. Çeklərin qiyməti iki “şirvan”a düşəndə dedilər ki, sat, amma satmadım. Çek müddətsiz olduğu üçün saxladım ki, gələcəkdə özəlləşdirmədə iştirak edərəm. İndi mənə deyirlər ki, bu çekin müddəti bitib, yararsız kağız parçasıdır”. Haqlı olaraq vətəndaş deyir ki, Ulu Öndər tərəfindən verilən, üzərində müddət qoyulmayan qiymətli kağız qiymətsiz ola bilərmi?! Ona görə də, düşünürəm ki, hökumət bu məsələyə bir əncam çəkməlidir, insanımızın pozulan hüququ bərpa olunmalıdır”.

“Biz hüquqi dövlətdə yaşayırıq, ədalətli dövlətdə yaşayırıq. Belə xırda məsələyə görə qalib dövlətin ədalətinə kölgə düşməməlidir. Özü də mən bilirəm ki, bu məsələnin həlli hökumətin əlində “iki vur ikidir”. Əllərdə qalan çeklər də çox deyil. Onlar ya özəlləşdirmədə iştiraka buraxılmalı, ya da qərar verilməlidir ki, kompensasiya ödənilsin. Düzdür, biz azad Qarabağda, Şərqi Zəngəzurda abadlıq-quruculuq işləri aparırıq, dövlət olaraq maliyyəyə böyük ehtiyacımız var. Amma digər tərəfdən də vətəndaşın haqqını verməliyik. Bir daha aidiyyəti qurumlara, bu işlə məşğul olan şəxslərə çağırış edirəm ki, məsələni müvafiq formada həll etsinlər”, - deyə həmsöhbətimiz fikrini tamamlayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da öz növbəsində əmindir ki, özəlləşdirmə paylarının istifadə müddətinin artırılmasına böyük ehtiyac var: “Dövriyyəyə buraxılmış çeklərin 80 faizi istifadə olunub, 20 faiz isə istifadə olunmayıb, necə deyərlər, çeklər əllərdə qalıb. Bu isə həmin 20 faiz insanın bir növ, hüquqlarının pozulmasıdır. Mövcud qanunlara görə, bütün özəlləşdiriləcək dövlət əmlakının 65 faizi özəlləşdirmə payı sahibləri olan vətəndaşlara məxsusdur. Amma bundan indi əlində çek olan vətəndaşlar yararlana bilmirlər. Təklif edirəm ki, özəlləşdirmə paylarının yenidən istifadəsi ilə bağlı hökumət tərəfindən müəyyən mexanizmlər işlənib hazırlansın, praktikada həyata keçirilsin”.

“Məlumdur ki, özəlləşdirmə payları vətəndaşlara dövlət tərəfindən verilib. Bir müddət sonra müəyyən illər ərzində özəlləşdirmə paylarının istifadəsi üçün şərait yaradıldı, amma vətəndaşlardan bir qismi bundan yararlana bilməyib. Düşünürəm ki, çeklərindən istifadə edə bilməyən vətəndaşlar üçün şərait yaradılmalıdır. Özəlləşdirmə çeklərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür. Zaman-zaman bu məsələni aidiyyəti orqanlar qarşısında həm iqtisadçılar, həm də hüquqşünaslar qaldırıblar. Milli Məclisdə mən də, həmkarlarım da problemə toxunublar. Sizin saytınız vasitəsilə yenə də çağırış edirəm ki, problemə biganə yanaşılmasın. Gələn ilin dövlət büdcəsi müzakirələrində fürsət yaranarsa, problemi bir daha gündəmə gətirməyə çalışacam. Ümid edirəm ki, hüququ pozulan insanların haqqı özlərinə qaytarılacaq”, - deyə millət vəkili vurğulayıb.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see287

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see182

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see168

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see151

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see136

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see135

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see130

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see126

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see125

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri