Dərmanların kəskin bahalaşmasının səbəbi: “Gömrük rüsumu və ƏDV dən azad olunmalıdır”
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan məhsullar arasında ən çox bahalaşan mallar dərman vasitələri olub. Belə ki, əczaçılıq məhsullarında 55 faiz bahalaşma qeydə alınıb.
Bəs ölkəmizdə dərman idxalında bahalaşmanın əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu proses dünya bazarında qiymətlərin bahalaşması ilə əlaqəli bir məsələdir:

“Rusiya-Ukrayna münaqişəsindən sonra dəyər zəncirində müəyyən problemlər ortaya çıxdı. Paralel olaraq nəzərə almaq lazımdır ki, sanksiyalar bu istiqamətdə Ukrayna və Rusiya kimi böyük istehsalçıların bazarda aktiv iştirakçılığını bu və ya digər şəkildə zəiflətdi və təklifin qismən azalmasına səbəb oldu. Bu da Azərbaycana idxal olunan məhsulların idxal coğrafiyalarının dəyişməsinə gətirib çıxardı. Eyni zamanda son dövrlərdə ümumilikdə yüksək inflyasiya tempi müşahidə olunur ki, bu da məhsulların istehsalına və maya dəyərinə birbaşa təsir göstərir. Nəticədə dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalının maya dəyərində, eləcə də çatdırılma xərclərində ciddi artımlar baş verib. Bu artımlar isə, təbii ki, müvafiq istiqamətdə idxaldan 96-97 faiz asılı olduğumuz üçün Azərbaycan bazarına ciddi şəkildə təsir göstərir. Yəni idxal olunan məhsulların bahalaşması Azərbaycan bazarında da qiymət artımını şərtləndirir və artımlar birbaşa istehsal bazarlarında baş verən qiymət dəyişikliklərindən qaynaqlandığı üçün Azərbaycan bu istiqamətə birbaşa təsir göstərə bilmir. Bu baxımdan, böyük ehtimalla idxalçılar alternativ bazarlar üzərində işləməli, məhsulların daha əlverişli qiymətlərlə alınması üçün tədbirlər görməlidirlər”.
Ekspert qeyd edib ki, əhalinin sağlamlığı və dərman vasitələri ilə təminatı məsələləri vətəndaşların konstitusion hüquqlarıdır və bu istiqamətdə bir çox ölkələr dövlət olaraq öz üzərlərinə ciddi yük götürürlər:
“Məsələn, Türkiyə nümunəsinə baxsaq görərik ki, milli valyutanın dəyər itirdiyi dövrdə vətəndaşları qiymət təzyiqindən qorumaq üçün hökumət əczaçılıq məhsullarının idxalı zamanı valyuta məzənnəsinin təxminən 50 faizini subsidiyalaşdırırdı. Yəni bazarda 1 dollar 30 TL idisə, hökumət dərman idxalçılarına dolları 15 TL-dən təqdim edirdi ki, kəskin qiymət artımları baş verməsin”.
İqtisadçı vurğulayıb ki, Azərbaycanda bu istiqamətdə yerli istehsal yoxdur və istehsalın olmadığı bir şəraitdə bu məhsul növünə münasibətdə ən yüksək rüsumların tətbiq edilməsi çox ədalətsiz yanaşmadır:
“Nəzərə alsaq ki, əhali il ərzində təxminən 2 milyard manata yaxın dərman vasitəsi idxal edir, bu, ümumi istehlakın deyək ki, strukturunda kifayət qədər ciddi göstəricidir. Bu baxımdan, qiymət artımı və yerli istehsalın olmaması faktorlarını nəzərə alaraq dərman vasitələrinin və əczaçılıq məhsullarının idxalı həm gömrük rüsumundan, həm də ƏDV-dən azad olunmalıdır. Yəni bu istiqamətdə hökumət ciddi şəkildə əlində olan alətlərdən istifadə etməklə xərclərin aşağı düşməsinə və nəticə etibarilə bazarda daha optimal qiymətlərin formalaşmasına şərait yaratmalıdır.
Yerli istehsalın təşviqi və dəstəklənməsi isə uzunmüddətli prosesdir və aydındır ki, Azərbaycan bu sahədə qısa müddətdə ciddi nailiyyət əldə edə bilməz. Çünki dərman istehsalı mürəkkəb və geniş ekosistemdən asılıdır və hazırda bu ekosistem Azərbaycanda mövcud deyil. Lakin digər alətlərdən istifadə etməklə ən azından qiymətlərin optimallaşdırılması təmin edilə bilər”.
Rəşad Həsənov sonda vurğulayıb ki, əczaçılıq məhsullarının əlçatanlığının təmin edilməsi hökumətin öhdəliyidir və bu, eyni zamanda vətəndaşların sağlamlıqla bağlı konstitusion hüquqlarının təmin olunması baxımından zəruri birməsələdir.
Lalə, BakuPost
Baxış sayı:94
Bu xəbər 08 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















